04.07.2012

Elliot Vaynberqer. Lakandonlar belə nəql edirlər

Meksikanın Çiapas meşələrində qamışdan düzəldilmiş, divarı olmayan komalarda yaşayan Lakandonlar yellənən asma yataqlarda yatırlar. 


Əgər yuxunda eşşək görsən, güclü külək olacaq deməkdir.
Əgər yuxunda takos yediyini görsən, bir qarışqayeyən görəcəksən.
Əgər yuxunda qarışqa görsən, aşkarda yaquar görəcəksən.
Əgər yuxunda yaquar görsən, deməli insanlar gəlir.
Əgər yaquar səni dişləsə, gələn insanlar deyil.
Əgər yuxundan oyandığını görsən, meşədə qorxudulacaqsan.
Əgər yuxunda güzgü görsən, bəyaz daşlar görəcəksən.
Əgər yuxunda dilini görsən, ehtiyatlı ol.
Çoxlu quş bədənində atəş, çoxlu balıq mədəndə ağrı deməkdir.
Əgər yuxunda itirdiklərinə görə kədərləndiyini görsən, itirdiklərinə görə kədərlənməli olmayacaqsan.
Əgər yuxunda şənlik görsən, uzun zaman çarəsiz dərdlərlə əlləşəcəksən.
Yuxuda balqabaq görmək yaquar başına, köhnə bir qayıq bir timsaha yozulur.

Əgər yuxunda ev görsən, demək aşkarda bir çöl donuzu görəcəksən.
Əgər yuxunda saqqal görsən, bir çöl donuzu görəcəksən.
Əgər yuxunda süpürgə görsən, yenə bir çöl donuzu görəcəksən.
Əgər yuxunda radio görsən, yenə də bir çöl donuzu görəcəksən.
Əgər yuxunda şair görsən, demək kimsə ağlayacaqdır.
Yuxuda tüfəng, heyvan dişi deməkdir.
Lobya dənələri qurdcuqlardır, qurdcuqlar lobya dənələri.
Əgər yuxunda yazı yazdığını görsən, demək bir ilan səni vuracaq.
Əgər yuxunda göl görsən, bunun heç bir mənası yoxdur.
Əgər yuxunda qurbağa görsən, bunun da mənası yoxdur.
Əgər yuxunda çiçək görsən, bunda da bir məna axtarma.
İşdir yuxunda cənnəti görsən, bunun da mənası yoxdur.
Əgər yuxunda yarpaqları görsən, bunun da mənası yoxdur,
amma külək yarpaqları tərpədirsə demək çəyirtkələr qarğıdalıları yeyəcək.
Əgər yuxunda sis görsən, kədərli və xəstə insanlar gəlir deməkdir.
Əgər yuxunda bir şeyi bildiyini görsən, onu bilmirsən.
Əgər yuxunda ayın çevrəsində parıltı görsən, dünyanın sonu gələcək.
Yuxuda nazik olan qalın olacaq.
Yuxuda mütləq olan, həyatda olmayacaq.


Lakandonlar Meksikanın Çiapas meşələrində qalan sonuncu maya nəsilləridir və maya dilində danışırlar. Lakandonlar özlərini “Doğru İnsanlar” anlamına gələn “Hak Vinik” adlandırırlar. Sayları 400-dən azdır.


Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий