04.07.2012

Bu gün təkrar içəcəyəm

Arzu Hümbətova


Bu gün təkrar içəcəyəm
sənsizliyin şərəfinə.
Zəhər töküb qədəhimə,
bu gün təkrar içəcəyəm.


Ağlayaraq göz yaşını silənlərə,
Özgəsinin dərd-sərini
özününkü bilənlərə,
Öz yarını qüruruyla,
mənliyiylə sevənlərə
bu gün təkrar içəcəyəm.


Məni qoyub getdiyin gün yadındamı?
Ay insafsız, axı mən heç unutmadım.
Qəlbimdən sevgimi atdım,
lakin şərəfi atmadım.
Bax elə bu mənliyimin,
bu şərəfin şərəfinə
bu gün təkrar içəcəyəm.

Siqaramın dumanına
qərq edəcəm dərd-kədəri,
sənsiz qaldığım illəri,
mənə dediyin sözləri.
Rəsmini qarşıma qoyub
təkrar baxacağam sənə.
“Niyə bu qədər dəyişdin,
nə dəyişdi səni birdən?”
-deyəcəyəm,
sonra isə güləcəyəm
dönük bəxtsiz taleyimə.


Güləcəyəm öz-özümə,
səni görən cüt gözümə,
“səni sevirəm” sözümə,
özümdə olan dözümə.
Əgər hələ də sağamsa,
bu sağlığım sağlığına
bu gün təkrar içəcəyəm.


Bir əlimdə qədəh, birində qələm...
vəsf edəcəyəm səni
olduğun kimi,
necə varsansa, elə.
Təkrar xatırlayacağam
itirilən o illərdən
mənə qalan misgilləri,
vurduğun zərbələri.
hətta bilərəkdən içib
dəm olduğum gecələri,
ayıqbaşla gəzişdiyim
o vəfalı küçələri
təkrar xatırlayacağam.
Şərəfin olmasa belə,
şərəfinə içəcəyəm.
mənimçün ölmüş olsan da,
sağlığına içəcəyəm.
bu gün təkrar içəcəyəm...

Комментариев нет:

Отправить комментарий