06.07.2012

FÜRUZƏ QAŞLI XƏNCƏR

 Elçin HÜSEYNBƏYLİ


Gecə yarısı fişəng atıldı. Elə bil, bu fişəngə bənd imişlər. Xocalının göylərində od-alov saçdı. Güllələr qəsəbənin üstünə yağış kimi yağmağa başladı.
Tofiq keşikçi postundan təzəcə qayıtmışdı. Çörəyini yeyib qurtarmışdı, yatmağa hazırlaşırdı. Bu səsdən diksindi, eyvana çıxdı.
-Xəyanətkarlar! –Tofiqin ilk sözü bu oldu.
***
İki gün əvvəl ermənilərlə azərbaycanlılar öz aralarında razılığa gəlmişdilər. Danışıq belə olmuşdu: umu-küsüyə, dava-dalaşa son qoyulsun.
Amma sən saydığını say, gör fələk nə sayır.

Həmin danışıqdan sonra Keşiş Arsen həmyerlilərinə belə demişdi: Türkdən dost olmaz, türk bizim əğədi düşmənimizdir. Söz də bizimdir, əməl də. Sözü vermişik , əməlimizi də həyata keçirməliyik.
Qurd İsmayıl isə həmyerlilərinə bunları anlatmışdı: İtlə dost ol, çomağı yerə qoyma. Erməniyə bel bağlamaq olmaz.
***
Xocalıların çəkindiyi yer aeroport tərəfiydi. Ona görə də keşikçi postu orada qurulmuşdu. Ermənilər oradan hücum edə bilərdilər. Elə də oldu.
Tofiq qorxusundan ağappaq ağarmış arvadı Zeynəbə baxdı:
-Qorxma, öhdələrindən gələrik. Mən uşaqların yanına gedirəm, sən burda qal, vəziyyət pisləşsə, məni gözləmə, Ağdama tərəf get, orda yol açıqdır.
Bu sözlərdən sonra Tofiq dörd yaşlı qızı Gülərin yatağının başına gəldi, bir anlığa qızına baxdı. Uşaq məsumcasına yatmış, oyuncaq dovşanını bağrına basmışdı. Atası əyilib onun üzündən öpdü və avtomatını götürüb çıxdı. Çıxarkən Zeynəbə tərəf döndü:
-Özün nə edəcəyini yaxşı bilirsən, Gülər amanatı,-dedi və qapını arxasınca örtdü.
Zeynəb hələ də yerində quruyub qalmışdı, nə edəcəyini bilmirdi. Özünə gələndə qapıya tərəf qaçdı:
-Tofiq!-deyə çığırdı, amma əri cavab vermədi, o, qəsəbənin qaranlığında itmişdi.
Xocalıda hamı bir-birinə qarışmışdı, ağız deyəni qulaq eşitmirdi, top-tüfəng səsi aləmi bürümüşdü, havadan barıt və qan iyi gəlirdi.
Ermənilər heç kimə aman vermirdildər. Dünən özünü dost kimi göstərənlər düşmənə, mehriban qonşu kimi göstərənlər amansız qatilə çevrilmişdilər.
Zeynəb müəlliməydi. Bu axşam uşaqların inşa dəftərini yoxlayacaqdı. Amma nəsib olmadı. İnşanın adı beləydi: «Gələcəkdə mən kim olacağam». Dəftərlər stolun üstündə onu gözləyirdi. Hər dləftərdən günahsız bir uşaq baxırdı. «Görən, onların taleyi necə olacaq?»-deyə düşündü, ürəyindən qara qanlar axdı. Gecikmək olmazdı. Nəsə bir iş görmək lazımıydı. Əvvəlcə istədi ki, aeroport tərəfə, ərinin yanına getsin. Sonra fikrini dəyişdi. İndi o, ərinin yadigarını qorumalıydı. Tofiq gedəndə Güləri ona tapşırmışdı. Əmanətə xəyanət yoxdu.
Zeynəbi qarlı çöllər, azğınlaşmış düşmən, amansız şaxta gözləyirdi. O, dərhal isti paltarları götürdü. Sonra yola azuqə hazırladı. Çörək, pendir və axşam yeməyindən qalma ət parçalarını ağzıbağlı qaba qoydu. Çayı termosa tökdü. Bərayi-ehtiyat bir bardaq su götürdü. Plasmas bardaqda su donmazdı. Altdan-üstdən geyindi, sonra qızının isti paltarlarını hazırladı. Sandığa tərəf getdi. Sandıq onun cehizliyiyidi, ən müqəddəs və qiymətli şeyləri orda saxlayırdı. Öncə gəlinlik paltarını götürdü, düşmən əlinə düşməsin deyə, sonra füruzə qaşlı xəncəri. Xəncəri nənəsi ona vermişdi, «yaman gündə yarağın olar deymişdi». Bu bir adət idi. Gəlin köçənə xəncər bağışlayırdılar. «Dara düşəndə ya özünü öldür, ya düşməni». Xəncəri şalının altından belinə bağladı. Nişan üzüyü olan mücrünü də götürdü. Onu düşmənə saxlamaq olmazdı.
Bir anlıq gözlədi. Bəlkə yuxarıdan kömək göndərdilər. Amma gecikirdilər. Düşmən isə yaxınlaşırdı. Yuxarı başdakı evlər od tutub yanırdı. Qaçmaq lazımıydı.
Zeynəb Güləri astaca durğuzdu. Uşağı qorxuzmaq istəmirdi. Gülər şirin-şirin yatırdı, yuxulu-yuxulu gəlinciyini əzizləyirdi.
-Qalx, qızım, gözəl balam, nənəgilə gedirik.
Zeynəb Ağdamnan gəlin köçmüşdü. Ata evi ordaydı. Dəfələrlə onu aparmaq istəmişdilər. Demişdilər ki, ara sakitləşəndən sonra qayıdar. Amma o, ərini qoyub getməmişdi. Kişi harda, arvadı da orda.
Gülər tənbəl-tənbəl gözlərini açdı, anasına baxdı. Onun geyinikli olduğunu görəndə dediklərinə inandı. O, çox istədiyi nənəsigilə gedəcəkdi.
Qalxıb yerinin içində oturdu. Zeynəb balasını tələm-tələsik, ancaq incitmədən, şirin sözlər deyə-deyə geyindirirdi: «Qaşları qara balam, gözləri ala balam, belə hara gedirsən, saçını dara, balam...»
Ana balasını geyindirirdi, amma fikri ərinin yanındaydı. Bilirdi ki, əri düşmənə asanlıqla can verən deyil. Bəlkə bir az da gözləsin. Geciksəydi, erməni əlinə düşərdi. Xəncərini yoxladı, yerindəydi. Uzaqbaşı özünü öldürərdi. Bəs, Gülər? O, necə olsun? Getmək lazımıydı.
Qızını qucağına alıb çölə çıxdı. Qəsəbənin arası ilə Ağdam yoluna tərəf qaçdı. Həmyerliləri çoxdan yola çıxmışdılar. Bəziləri ocağından ayrılmaq istəmirdi. Çimnaz arvad onu görcək:
-Müəllimə, indi hara gedək, yuvası viran olanlar ocağımızı kor qoyacaqlar,-deyə vaysındı.
-Ağdam yoluna qaç, Çimnaz xala, ora açıqdır,-dedi.
-Bəs atam gəlməyəcək?-deyə Gülər anasından soruşdu.
-Gələcək, qızım, gələcək.
Qəsəbənin qırağına çatdı. Ağdam yoluna çıxanların çoxu geri qaçırdı. Gecənin qaranlığında ağappaq qarlı yolda qaçışan və yıxılan adamları sezmək mümkünüydü. Bəziləri özünü meşəyə vurdu. Könüllü döyüşçülərdən biri Zeynəbə çatdı, al-qan içindəydi.
-Hamıya deyin ki, Ağdam yolu bağlıdır, ermənilər oranı tutublar, bizi aldatdılar, hamını qırırlar,-döyüşçü zarıya-zarıya dedi və yerə yıxıldı.
Zeynəb onun başının üstünə əyildi. Döyüşçünün ağzından son buxar çıxdı. Ona heç nə ilə kömək eləmək olmazdı.
Ağdama dolayı yolla getmək olardı, meşənin içiylə. Qırılan qırılmış, sağ qalanlar isə öz canının hayındaydı. Ermənilər kimi harda tutdu, orda da işini bitirirdilər.
Zeynəb özünü meşəyə vurdu. Qar meşədə dizə çıxırdı. O, yıxıla-dura xeyli getdi. Sonra dayandı, şalını açıb qızını belinə şəllədi. Belə getmək daha asanıydı. Qaranlıq meşədə ağaclar ona vahiməli görünürdü. Sanki hər ağacın dibində bir düşmən dayanmışdı. Ürəyində yalvarırdı ki, yolu azmasın. O, uşaq vaxtı buralara çox gəlmişdi. Amma günəşli günlərdə, yerkökü, göbələk, cənnət alması yığmaq üçün...Ağdamla Xocalının arasında uzanan meşə hamınınydı. Ayrı-seçkilik yoxuydu. Qarlı günlər kişilərin payına düşürdü: ov-ovlamaq, quş-quşlamaq üçün...Tofiq də onların içində. «Görən necədir, yaralanmayıb ki...»-ürəyində fikirləşdi. Bu fikirdən betərini özünə yaxın buraxmadı. Onlar hökmən yenə də görüşəcəklər.
Zeynəb qar bata-bata gedirdi. Birdən uzaqdan maşın səsi gəldi. Əvvəlcə sevindi, istədi maşına tərəf qaçsın, sonra fikrindən daşındı və qoca palıd ağacının dibinə sığındı.
Gələnlər maşından düşdülər və ermənicə öz aralarında nəsə danışdılar. Sonra maşının yük yerindən bir bölük adam çıxardılar. Onların çoxu arvad-uşağıydı. Zeynəb qızını belindən açıb, sinəsinə sıxdı. Yaxşı ki, Gülər yatmışdı. Bu səhnəni görmürdü.
-Çalalar hazırdı?-saqqallı soruşdu.
-Hazırdı, komandir,-əsgər ona cavab verdi,-ötən həftədən qazmışıq.
-Soyundurun bu türk...
Zeynəb son sözü eşitmək istəmədi, qulaqlarını yumdu. O, Xankəndidə institutu bitirmişdi, ermənicə az-çox bilirdi. Tofiqlə də orda tanış olmuşdu.
Əsirləri soyundurdular.
-Komandir güləlləyək?
-Yox, gülləni onlara səfr etməyin, lazımımız olacaq.
-Bəlkə yandıraq?
Axmaq!-deyə saqqallı onun üstünə çımxırdı. Benzin heyif deyil?! Üstlərinə su tökün, qoy donsunlar, sonra atın çalaya, üstlərini örtün. Müsəlmanlar elə bilsinlər ki, biz öldürməmişik, özləri itkin düşüblər...
Uşaqlardan biri saqqallıya yalvardı:
-Əmi, qurban olum...
Saqqallı onu təpiklə vurdu.
Uşağın «əmi» dediyi adam Aşot adlı qalayçıydı, onlarda çox çörək kəsmişdi.
Zeynəb əlini xəncərin qəbzəsinə atdı. Amma dayandlı. «Bəs, Gülər?!»-deyə düşündü.
Ermənilər əsirləri çalaya atdılar, üstlərinə su tökdülər. Arvad-uşağın ah-naləsi, yalvarışları göyə qalxdı. Amma onlara fikir verən olmadı. Bir azdan hamının səsi kəsdi. Düşmənlər onları diri-diri basdırmışdılar, üstlərinə də suyu ona görə tökmüşdülər ki, tez donub ölsünlər.
Ermənilər bir az gözləyəndən sonra maşına minib getdilər.
Zeynəb hamının getdiyinə əmin olandan sonra Güləri ehmalca yerə qoydu, üstünü şalla örtdü, çalanın yanına gəldi, oranı qazmağa başladı, amma bacarmadı, əlləri donmuşdu, dırnaqları buz bağlamış torpağa dəyib ovulurdu...
***
Ermənilərin maşını bir neçə yüz metr gedəndən sonra dayandı. Saqqallı erməni komandiri:
-Dayan,-deyə sürücüyə əmr elədi,-biz onların qızıl dişlərini çıxarmamaşıq, müsəlmanlar qızıl dişləri sevirlər. Siz gedin, bir azdan sizə çataram. O, qəniməti heç kimlə bölüşmək istəmirdi.
***
Zeynəb başının üstündə hənirti hiss elədi. Arxaya döndü. Saqqallı erməni başının üstündə dayanmışdı.
-Ax, səni, türk ləçəri, -erməni yaraqlısı bağırdı və Zeynəbi təpiklə vurdu. Zeynəb arxası üstə yıxıldı, qalxmaq istədi, saqqallı özünü onun üstünə atdı. O, Zeynəbi zorlamağa çalışırdı. Sanki azğınlaşmış pələng ceyranı parçalamaq istəyirdi. Zeynəb onu üstündən atmağa çalışırdı, amma bacarmırdı, saqqallı çox istəkliydi. Gülər ayılmasın deyə Zeynəb səsini çıxarmırdı, dişini-dişinə sıxıb, müdafiə olunurdu, saqqallının üz-gözünü cırmaqlayırdı. Birdən Zeynəb nənəsinin xəncərini xatırladı. Özünü elə göstərdi ki, guya təslim olmaq üzrədir... Hər şey bir anda baş verdi. O, xəncəri çıxarıb, saqqallının boynuna bir neçə dəfə zərblə vurdu, axırda isə qəbzəsinə kimi boynuna sapladı. Düşmən ağrıdan bağırdı. Qan Zeynəbin üstünə fısqırdı. Saqqallı ayağa qalxdı, xəncəri boğazından çıxardı, qan fəvvarə vurdu. O, Zeynəbin üstünə gəldi, yarı yolda səndirləyib, arxası üstə yerə yıxıldı. Xırıldaya-xırıldaya düşməninin qarasınca nəsə dedi.
-Boğul öz qanında, əclaf!-deyə Zeynəb qışqırdı.
Saqqallı bir az xırıldayandan, qan qusandan sonra susdu. Zeynəb xəncəri götürdü, çalanın yanına gəldi, qulağını ora dirədi, çalada həyat əlaməti yoxuydu. Ayağa qalxdı...
Hardasa qurd uladı. Zeynəbin canından üşütmə keçdi.
-Ana,-Gülərin səsi gəldi. O səsə oyanmışdı, qorxudan əsim-əsim əsirdi.
Zeynəb özünü uşağın üstünə atdı:
-Qorxma, qızım, bu saat gedirik.
***
Meşə qurtarmaq bilmirdi. Zeynəb azmamaq üçün yola yaxın gedirdi. Onun əlləri və ayaqları donmuşdu. Ayaqlarını hiss eləmirdi, az qala sürünürdü. Tez-tez Gülərin əl-ayağını ovxalayırdı ki, uşağı don vurmasın.
Susuzlamışdı. Termosu açıb, çayı qapağına süzdü və qızına uzatdı. Qızı başını buladı, yəni istəmirəm. Özü içdi. Canı isindi.
Zeynəb gözəl günlərini xatırlayırdı. Güllü-çiçəkli uşaqlığını, vağzalı altında gəlin köçməsini, bəy paltarı geymiş Tofiqi, onu ər evinə yola salan gözüyaşlı anasını. O, sanki yuxu görürdü. Doğrudanmı, bu o idi və indi qarlı meşədə yol gedirdi, düşmənlərdən qaçırdı? Gözlərini ovuşdurdu, əlini qara vurdu. Əlləri üşüdü. Gerçəklik onun bədənindən sopsoyuq ox kimi keçdi. Uzanıb elə buradaca qalmaq istədi. Tofiqsiz, yurdsuz-yuvasız onun nə həyatı.
-Ana,-qızının səsi gəldi,-ana, dovşanımı istəyirəm.
-Dovşanın evdə qaldı, qızım, qayıdanda verərəm. Sənə çoxlu oyuncaq alaram.
Səhər açılırdı. Zeynəb yola çıxdı. Uzaqdan qüllə görünürdü. Ağdama az qalırdı...
O, mənzil başına çatmışdı, amma gözü yenə də geridə - əri Tofiqin yanındaydı.
Onu atası Bəhram qarşıladı. Əvvəlcə nəvəsini, sonra da qızını bağrına basıb ağladı.
-Gecədən burda dayanmışıq. Yuxarıdan bir vertalyot göndərmişdilər, onu da ermənilər vurdular. Dığa köpək uşaqları söz vermişdilər ki, hücum eləməyəcəklər, axırda da ratsiya ilə xəbər verdilər ki, Xocalı - Ağdam yolu açıqdır. Əclaflar, sən demə, yalan deyirmişlər. Pusqu qurublarmış. Hamını qırıblar. İndi danışmışıq ki, heç olmasa, meyitləri götürməyə imkan versinlər.
-Ata!-Zeynəb hıçqırdı.
-Bilirəm,qızım, bilirəm! Allaha təvəkkül, bəlkə Tofiq də sağ-salamat gəlib çıxdı. Nə bilmək olar!
-Ata, bilirsən ermənilər orda neylədilər?
-Bilirəm, qızım, bilirəm, allah bəlalarını versin! Qisas qiyamətə qalmaz!
Zeynəb ağlamağını kəsdi, geri - doğma yurduna, ərinin qaldığı səmtə baxdı, sonra atasına tərəf dönüb, soyuqqanlı şəkildə dedi:
-Məni evə apar, ata, mən yuyunmalıyam. Bu murdar qanı yumaq lazımdır...

Комментариев нет:

Отправить комментарий