06.07.2012

Qopuz üstə dinənimiz yaşayır

Ədalət SALMAN


Çıxmayın
tərif yarışına,
Baxın,
boyuna, yaşına,
Yalandan qaldırmayın
dağbaşına...
...Yazığınız gəlsin ona!
***
Övladını öyməyə
yer tapmadınmı, atam,
Bildinmi,
nələr çəkdi
göz yaşları içinə tökülən
sonsuz adam?!

***
Söyüd əkməyin
meyvə ağacının yanında,
O ağacı əyəndə barı,
söyüdü yıxacaq
içindən çəkdiyi
qübarı!..


NƏ XOŞDUR


Şeytanla bardaş qurub,
üzünə üz çəkənlərdən,
üzülə-üzülə
üz vurub
üzümün abrını
tökənlərdən
biryolluq əlimi üzdüm,
üzü sənə gəldim.
Göy üzünə,
üzü qəlbiyə yüksəldim.
Üzünün nuruna
üz tutduğum insan,
nə xoşdur,
nurlu adamlarla
üz-üzə,
çiyin-çiyinə olasan!


İLAHİ...


Elə bil
gül topasıdı
bu toppuş qızcığaz
güllü donunda.
Şıltaqlıq edib
hamını güldürür
metro vaqonunda.
Duası dilində
bir gəlin də
əllərin qoyub qoynuna,
köksünü ötürə-ötürə
baxır ona...


...Nə çəkdiyini
bir sən bilirsən,
İlahi!..


Quru budağı da
çiçəkləndirən,
cansız ağacı da
sevindirən Sən.
Mərhəmət edənsən,
sevindirənsən.
İlahi,
nə ola,
bu gəlini də sevindirəsən!


ÇAL, AY BACI, TAMARZIYIQ LAYLAYA


Layla üstə qəfil dindin nə yaman,
Bir yanıqlı neyə döndün, ay aman.
Bir ah qopdu ürəyimin başından,-
Çal, ay bacı, tamarzıyıq laylaya.


Ovundurub olmayanda çörək, su,
Laylalardı nəğmələrin ulusu.
Çal, dinləyək ürəyimiz dolsu,
Çal, ay bacı, tamarzıyıq laylaya.


Layla səsi qərib durna harayı,
Sığınmağa beşik başı arayır.
Baxma bizi oda, közə qalayır,
Çal, ay bacı, tamarzıyıq laylaya.


Laylalarda dünənimiz yaşayır,
Qopuz üstə dinənimiz yaşayır,
Qıratları minənimiz yaşayır,-
Çal, ay bacı, tamarzıyıq laylaya.


Yuxusunda körpən Araz görəcək,
El yolunda sinəsini gərəcək.
Harayına Misri qılınc gələcək,-
Çal, ay bacı, tamarzıyıq laylaya.


Nadan çətin söz anlaya, yol qana,
Susma bir an, laylan açsın qol-qanad.
Nənələrin ruhu olsun bu gün şad,
Çal, ay bacı, tamarzıyıq laylaya.


Laylalarla uyumayır balamız,
Gündən-günə unudulur laylamız.
Gör haçandı eşitmirik layla biz,-
Çal, ay bacı, tamarzıyıq laylaya.


SƏN HARDAN BİLƏSƏN


Əlləri qoynunda durub tənha, tək,
Oyaq qalmamısan gecə sübhədək.
Hələ sevməyirsə sinəndə ürək
Sən hardan biləsən məhəbbət nədir?


Narahat, yuxusuz günün olmayıb,
İçin sıxılmayıb, gözün dolmayıb,
Ayrılıq odundan rəngin solmayıb,
Sən hardan biləsən məhəbbət nədir?


Ömrünün eşq adlı piri yoxdusa,
Qəlbində sevginin yeri yoxdusa.
Həsrətin çəkdiyin biri yoxdusa,
Sən harda biləsən məhəbbət nədir?


Baxıb sevənlərə köks ötürmədin,
Sevib, kipriyinlə od götürmədin,
Kiminsə ömrünə yaz gətirmədin,
Sən hardan biləsən məhəbbət nədir?


BU XƏBƏR SEVGİMİN “QARA KAĞIZI”


Sarsıldım içimdə boğdu səsimi,
Dəldi ürəyimi, dəldi bu xəbər.
Sənin gözlərində mənim əksimi
Məgər görmədimi gələn elçilər?


Olanım, qalanım bircə qəlbim var,
Onu da köksümdən dərib getmişdin.
Bəs sənin “hə”yini necə aldılar,-
Sənki ürəyini verib getmişdin?!


Dilindən çıxanda özgənin adı,
Duydunmu kənardan sənə kim baxır.
Bu gecə qəlbində sevgim ağladı,
Onu ovutmadın, ögeydi axı...


İndi aramızda uçurum boşluğu,
Ümid sükançısız ömrüm yol azır.
Bu xəbər kiminsə könül xoşluğu,
Mənimsə sevgimin “qara kağızı”.


Qoymadım söz gələ sevdiyim ada,
Dövrənə sədd çəkdim kipriklərimdən.
Əlinlə yazdığın ünvanını da,
Daha köçürmüşəm ürəyimə mən!


Daha nə söyləyim, daha nə deyim,
Xətrinə dəyməyə dilim də gəlmir.
Hamıya təsəlli verən ürəyim,
Dərdə bax, özünü ovuda bilmir.


Qoy xəsis desinlər, eybi yox, səni,
Yuvan gözlərimdə gizlədəsiyəm.
Səni aparmağa gələn maşının,
Yolunda qırmızı işığa dönüb,
“İnsafı” üstündə gözlədəsiyəm...

Комментариев нет:

Отправить комментарий