09.07.2012

Görməmişlik dərdi

Arzu Abdulla


Bizdə bir azar var ki, quş qripindən daha dəhşətlidir. Bu xəstəliyin çarəsi hələ ki axtarılmadığından bulan da yoxdur. Çünki xəstəlikdən nə bizim, nə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbəri var.
Bu görməmişlik xəstəliyidir. Bizdə, yəni məmləkətimizdə hər şey aşırı dozadadır. Tutaq ki, kimsə qəfil qısa geyinməyi düşünür. Bu zaman ətək dizdən azacıq yuxarı deyil, beldən azacıq aşağı olur. Və ya kimsə evini təmir etdirir, mütləq o evin başına katolik üslubuna oxşar dəmir parçaları düzdürüb, həyətinə də beş-altı ceyran, pələng fiquru alıb qoyacaq. Eyni zamanda qapının girişində gözmuncuğu, “Bismillah” yazılmış əşya, at nalı, qapıdan içəridə, düz girişdə isə yarıçılpaq uzanmış qadın tablosu asacaq.
Guya adam həm dünyəvi, həm dindar, həm avropalı, həm abstrakt, həm də incə dünya görüşünə sahibdir. Amma bu adam heç vaxt qanmaz ki, qapıda asılan göz muncuğunu vaxtilə peyğəmbərimiz dəvənin boynundan qırıb yerə atmış və “Biz ancaq tək Yaradana, Allaha ibadət edirik, gözmuncuğuna yox. Bizi qoruyan bu qaş-daş deyil, Allahdır” deyib. Yox, adam əgər gerçəkdən Allaha deyil, gözmuncuğuna inanırsa, o zaman qapıdan asılan “Bismillah” nəyə işarədir? Aha, deməli, ev yiyəsi dindar olduğunu sərgiləmək istəyir. Bəs qapıdan içəridəki yarıçılpaq qadın tablosu nəyə işarədir?
Bizim manıslar gəlişmiş dünyada estetik cərrahiyə deyilən bir sahədən çox gec xəbər tutdular. Amma xəbər tutan kimi bu sahədən yararlanmaq əvəzinə, özlərini elə dəhşətli görkəmə saldılar ki. Bir dəfə bu barədə estetik cərrahlardan birinə sual verəndə qəribə cavab aldım. O dedi ki, bizim şou-biznes əhli hər şeyin irisini xoşlayır. Məsələn, mən onlara “dodağına 1 qram gel bəs edər” deyəndə, mənə dirəniş göstərirlər ki, 4 qram istəyirəm. 4 qram gel isə adamın dodağını, əsl inək dodağına bənzədir. Və ya sağlam, gur saçlarını kəsdirib, saç əkdirirlər ki, Türkiyədə belə edirlər. Bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim camaatın “niyə?” sualı ilə qətiyyən arası yoxdur.
Qonşuluğmuzda yaşayan orta yaşlı qadının əyri dodaqlarını daim əlləşdirdiyini görürdüm. Bir gün soruşanda dedi ki, dodaqlarına gel vurdurub, lakin geli orqanizm qəbul etmədiyindən çox böyük problem yaradıb. Baxın, bu qonşumda görməmişlik xəstəliyindən əziyyət çəkənlərdəndir.
Bütün bu problemlərin yaranmasının bir səbəbi var, fərd çatışmazlığı. “Qonşudan qalma geri” prinsipi kütləni dalınca aparan çox əcaib ifritəyə bənzəyir ki, bu ifritənin yolu bataqlıqdan keçir. Batmamış geri dönmək, qayıtmaq və özün olmaq heç zaman gec deyil.
Söz yox, bizdə telekanallar bu işdə camaata deyil, sırf ifritələrə xidmət göstərir. Telekanallar adamları fərd olmaqdan çıxarıb kütləyə çevirir. Kütlə isə qabaqda gedənin arxasınca düşən sürüyə bənzəyir. Kütlə qabaqda gedəndən hara getdiyini soruşacaq təfəkkürə sahib deyil. İndi toylarda bəylə gəlinin başına çiçək səpmək üçün 10-11 yaşlı qızlar restoranlarda işə götürülür. Bu uşaqlar üç-beş manatdan ötrü saatlarla ayaq üstə dayanıb bəylə gəlini gözləyir. Bu azyaşlıların əməyindən bəhrələnənlər nə qədər dəllaldırsa, onların səpdiyi gül ləçəklərinin xoşbəxtlik gətirəcəyinə inananlar o qədər gerizəkalıdırlar. Yenə də “niyə” sualını verməyək. Çünki cavabsız qalacaq.
Bütün bunlar, sadəcə, görməmişlik xəstəliyinə səbəb olan fərd çatışmazlığından ortaya çıxır.


teleqraf.com                                                                            arzuabdulla@inbox.ru

Комментариев нет:

Отправить комментарий