05.07.2012

Gülüş mənim tərəfimi tutur

Bugün kompüterimin bəzi hard disklərinə format atmağa hazırlaşırdım. Mənim kompüterim də lap tozlu otağa oxşardı, yığışdırmağa qərar verəndə rəflərin arasında hardansa çoxdan oxumadığın bir kitab tapanda işin yadından çıxır. Mən də çoxdan unutduğum elektron kitablarımı tapdım – Soren Kierkegaard‘ın “Gülüş mənim tərəfimi tutur” kitabını. Ekzistensializmin banilərindən olan Kierkegaard mənim bu yerlərə gəlib çatmağımda önəmli rola malikdir. Sizə onun bu kitabından bəzi hissələri tərcümə edəcəyəm.


Başıma möcüzəvi bir şey gəldi. Göyün yeddi qat yuxarılarına çəkildim. Tanrılar orada düzülüb otururdular. “Nə diləyirsən?” dedi Merkuri, “gənclikmi, gözəllikmi, gücmü, uzun bir ömürmü, ən gözəl bakirəmi, yoxsa sandığımızda olan o biri nemətlərdən birimi?”… “Yalnız bir dənəsini seçəcəksən amma.” Bir an çaşdım qaldım. sonra tanrılara bu şəkildə xitab etdim:

Çox hörmətli tanrılar, diləyim budur ki, gülüş həmişə mənim tərəfimi tutsun


Tanrılardan heç biri tək kəlmə demədi; hamısı gülməyə başladı. Bundan diləyimin qəbul edildiyi nəticəsinə gəldim və tanrıların özlərini necə zövqlü bir şəkildə ifadə etdiklərini kəşf etdim: Çünki ciddi bir rəftarla “diləyin qəbul oldu” demək onlara yaraşmazdı.
***
Hər kəsin maskasını çıxarıb atmaq məcburiyyətində qalacağı bir gecə yarısının gələcəyini bilmirsənmi? Həyatın hər vaxt özünə lağ etdirəcəyinimi sanırsan? Bundan qaçmaq üçün gecə yarısından bir az əvvəl sıvışabiləcəyinimi zənn edirsən? Yoxsa ondan dəhşətə qapılmırsan? Gerçək həyatda insanlar gördüm, elə uzun zaman başqalarını aldatmışlar ki, ən sonunda gerçək üzləri ortaya çıxmaz olmuş; gizlənpaç oynayan insanlar gördüm, o qədər uzun zaman oynamışlar ki, ən sonunda havalanıb o ana qədər qürurla saxladıqları gizli düşüncələrini iyrənc bir şəkildə başqalarının gözünün içinə soxmuşlar. Yaxşı, sonunda tək olan üzünün bir çoxluğa çevrilməsindən, açıqcası çox sayda olmaqdan, o bədbəxt şeytanlar kimi bir legion meydana gətirməkdən və bu şəkildə bir insanda olan ən içdəki, ən müqəddəs şeyi, şəxsiyyətin birləşdirici gücünü itirmiş olmaqdan daha qorxunc bir şey düşünə bilirsənmi? Doğrusu ciddi olduğu qədər dəhşət verici olan o şeyə lağ etməməlisən…
***
Bir-iki istisna xaricində dostlarımın mənim üzərimdə müəyyən bir təsiri olmadı. Özü haqqında dəqiq olmayan bir həyat qaçınılmaz olaraq nahamar bir səth göstərər; müəyyən faktları və aşkar uyğunlaşmazlıqlarını gözə almaqdan qaçındılar; bunları daha yüksək bir anlaşmada həll etməyi sınayacaq ya da bunun iç gərəkliliyini qəbul edəcək qədər mənimlə maraqlanmadılar. Buna görə mənim haqqımda fikirləri həmişə tək tərəfli oldu, mən də, bunun nəticəsi olaraq onların sözlərinə lap çox ya da çox az bir ağırlıq verdim. Artıq onların təsirindən və həyatım üzərindəki olabiləcək yanıldıcı təsirindən qurtuldum. Beləcə bir dəfə daha həyatıma başqa bir şəkildə başlamağım lazım olan nöqtədə dayanıram. İndi özümə sakitcə baxıb ciddi hərəkət etməyə başlayacağam; çünki ancaq bu şəkildə, uşağın ilk şüurlu hərəkətiylə özünə “mən” deməsi kimi, özümə daha dərin bir mənada “mən” deyə biləcəyəm.
Lakin bunun üçün səbr lazımdır, insan əkən kimi biçə bilməz. Müridlərinə üç il susqun dayanmalarını əmr edən, bu müddətin sonunda hər şeyin yoluna girəcəyini söyləyən filosofun üsulunu ağlımda tutacağam. İnsan mərasimə şəfəqdə deyil günəş batanda başlar. Mənəvi aləmdə də belədir, işığın parlayıb meydana çıxması və günəşin bütün ehtişamıyla parlayıb çıxması üçün əvvəlcə bir az çalışmaq lazımdır. Hər nə qədər tanrının günəşi yaxşının üstünə də, pisin üstünə də doğurduğu, yağışı haqlının üzərinə də, haqsızın üzərinə də endirdiyi deyilsə də mənəvi aləmdə vəziyyət belə deyil. Və pərdələr atıldı – bu yolun dönüşü yoxdur artıq! Bu yol qəti olaraq mübarizəyə aparar amma imtina etməyəcəyəm. Keçmiş üçün yas tutmayacağam – niyə yas tutum ki? Enerjiylə çalışacağam, o arada daha da dərinə getdiyini unudub nə qədər basdırıldığını hesablamaya başlayan bataqlığa batmış adam kimi yas tutaraq zamanı boşa xərcləməyəcəyəm. Kəşf etdiyim yol üzərində sürətlə gedəcəyəm. Lutun arvadının etdiyi kimi dönüb ardıma baxmadan, yolumda qarşıma çıxanları salamlayacaq; lakin mübarizəmizin yoxuş yuxarı olduğunu unutmayacağam.
***
Dostluq təhlükəlidir, evlilik daha da betər; çünki kişi qadınla davamlı bir əlaqəyə girər girməz qadın kişinin məhvi olar və elə də qalar. Bir ərəb atı kimi qızdırmalı bir gənc kişini alın, evlənsin, məhv olar. Qadın əvvəl qürurludur, sonra zəifləyər, sonra huşunu itirər, sonra kişi huşunu itirər, sonra bütün ailə huşunu itirər. Qadının eşqi riya və zəiflikdən başqa bir şey deyil. Lakin bir kişinin evlənməməsi həyatının erotik ünsürdən bütündən məhrum olması mənasını vermir. Erotik olanın da sonsuz olması lazımdır; lakin bir saatla ya da bir ayla məhdudlaşdırıla biləcək poetik bir sonsuzluq. İki insan aşiq olub da bir-birləri üçün yaradıldıqlarını düşünməyə başladıqlarında, ayrılma cəsarətini göstərmə vaxtı gəlmişdir; çünki davam etsələr hər şeyi itirib heç bir şey qazana bilməyəcəklər. Paradoks kimi gələ bilər, duyğu baxımından elədir, lakin anlayış baxımından elə deyil. Bu sahədə insanların öz ruh hallarından faydalanması xüsusilə lazımlıdır; bu ruh hallarının köməyiylə insan bitib tükənməyən müxtəlif kombinasiyaların fərqinə vara bilər.
***
Təcrübə sahibi insanlar bir qanundan yola çıxmağı çox ağıllı bir yol kimi görürlər; mən də onların könlü xoş olsun olsun deyə, ‘bütün insanlar darıxdırıcıdır’ qanunuyla başlayıram. Bu mövzuda mənə qarşı çıxacaq qədər darıxdırıcı biri yoxdur yəqin ki. Bu qanun, hərəkət qanununu təmin edən ‘mənfinin əsas şərti olan təkan gücünə ən yüksək dərəcədə malikdir. Yalnız təkan deyil, son dərəcə qorxuducudur da və bu qanunu əsas götürən adamın kəşflər edəcək sonsuz bir təkan gücünə sahib olması qaçınılmazdır. Çünki, əgər mənim qanunum doğrudursa, darıxmanın insanlıq üçün nə qədər dağıdıcı olduğunu belə düşünüb, bu təməl həqiqət üzərindəki sıxlaşmanızı uyğun şəkildə nizamlayaraq istədiyiniz dərəcədə bir momentum əldə edə bilərsiniz. Əgər hərəkət gücünün özünə zərər vermə bahasına son sürət getmək istənsə, insanın özünə bunu söyləməsi kifayətdir:


Darıxmaq, bütün pisliklərin anasıdır


Elə sakit və sabit olan çətinliyin belə hərəkətə keçirici bir gücə sahib olması təəccübləndirici bir şeydir. Darıxmağın və bezmənin yaratdığı təsir tamamilə sehrli bir şeydir, halbuki cazibədarlığın deyil, təkanın gətirdiyi bir təsirdir.
***
Torpağı işləmə üsulunu dəyişdirməkdə nə qədər bacarıqlı olunsa o qədər yaxşıdır; lakin hər növ dəyişiklik daim ‘xatırlama’ və ‘unutma’ kateqoriyaları altında toplanacaq. Həyat bir bütün olaraq bu iki axınla hərəkət edər, bu halda onları idarə altına almaq şərtdir. İnsan ümidini kəsmədən sənət olaraq yaşaya bilməz; çünki ümid insanın özünü məhdudlaşdırmasına mane olar. Ümidin gözəl küləyiylə dənizə açılmış insanı görmək nə xoş bir mənzərədir, insan ehtiyatda çəkilmə fürsətini belə qiymətləndirə bilər; lakin ümidin gəmiyə çıxmasına əsla icazə verməmək lazımdır, hələ bələdçi kapitan olaraq heç; çünki ümid sədaqətsiz bir sükançıdır. Ümid Prometeyin etibarsız hədiyyələrindən biri idi; ölümsüzlərin öncədən görmə qabiliyyəti yerinə insanlara ümidi verdi.
***
İnsanın elastikliyi həqiqətən unutma gücüylə ölçülə bilər. Unuda bilməyən adamdan bir şey olmaz. Bir unutmaq çayının (Lethe) axdığı yer vardırmı, bilmirəm; lakin bildiyim bir şey var ki, unutmaq sənəti inkişaf etdirilə bilər. Lakin bunun yolu, təəssüratların tamamilə itməsindən keçmir; unutqanlıq başqa şeydir, unutma sənəti tam fərqli bir şeydir. İnsanların bu sənətdən çox anlamadıqlarını görmək asandır, çünki yalnız xoş olmayan şeyləri unutmağı diləyirlər, xoş olanları deyil. Bu tam bir tək yanlılıqdır. Unutmaq, yaşanılanın, əks-səda lövhəsinə sadələşdirildiyi ideal bir assimilasiya əməliyyatının gerçək ifadəsidir. Təbiətin möhtəşəmliyi, bir zamanlar xaos olduğunu unutmuş olmasından gəlir; lakin bu düşüncə hər an yenidən canlana bilər. Bir çox insan yalnız xoş olmayanı unutmağa çalışmağının nəticəsində unutmağı, keçmişi səs-küyüylə öküzün saxlanılmayan bir gücü hesab edər. Lakin unutmaq həqiqətən səssiz-sakit bir işdir, lakin xoş olmayanla olduğu qədər xoş olanla da praktikasının edilməsi lazım olan bir işdir. Keçmişdə qalan xoş bir şeyin bir də xoş olmayan yanı vardır ki, o da bir məhrumluq duyğusunu oyandırmasıdır; bu xoş olmayanın öhdəsindən unudaraq gəlinər.
***
‘İnsan heç bir zaman cəsarətini itirməməlidir, talehsizliklər ən qorxunc şəkildə üstünə yığışsa belə, göydə ona uzanan bir kömək əli meydana çıxar.” Belə buyurdu Müqəddəs Ata Jesper Morten keçən xütbəsində. Mənim hava açıqkən gəzmə vərdişim var, amma heç belə bir şey görmədim. Lakin bir neçə gün əvvəl gəzintilərimin birində belə bir hadisə cərəyan etdi. Tam olaraq bir əl deyildi, lakin səmada uzanmış bir qol kimi idi. Baş yormağa başladım: Kaş ki, Jesper Morten burda olsaydı deyə keçdi ağlımdan, bəhs etdiyi şeyin bu olub olmadığına qərar verə bilərdi. Orada düşüncələrə dalmışkən yoldan keçən biri səsləndi. Göyü göstərərək, “bu burulğanı görürsünüzmü?” dedi, ‘’Bu bölgədə çox nadir olur, bəzən böyük evləri belə alıb-aparar.” “Tanrı bizi qorusun” deyə keçirdim içimdən, “bu burulğandır deməli?” sonra da var gücümlə qaçmağa başladım. Müqəddəs Ata Jesper Morten mənim yerimdə olsa nə edərdi görəsən?


cavidaga.wordpress.com

Комментариев нет:

Отправить комментарий