19.07.2012

HEYDƏR BABADAN HEYDƏR ƏLİYEVƏ

Həmid Herisçidən yaxın tariximizə dair sensaional yazı


“Ağaye-Qeybi” Əsğər Fərdinin  xatirələri əsasında


(Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi İranda olub. Bakıya dönəndən sonra indi oxuyacağınız bu yazını yazaraq, qəzetimizə təqdim edib. Həcmi böyük olduğu üçün onu musavat.com-da dərc etdik.)
****
Mənim həyatımda məşhər gününün, axırzamanın dekorasiyaları çoxdan hazırdı. Təbrizdəki nəhəng dədə-baba yurdumuzda buna tam şərait var. Götür kinokameranı, get bu viranəliklərdə axirzaman barədə bir film çək.
Cilvəsi solmuş, novrağı göyə sovrulmuş bu qədim həyətə hər dəfə qədəmlərimi basarkən, bax bu axırzaman barədə düşünmüşəm mən. Həmin bax, bu həyətdən 1941-ci ildə İranın ilk milli qəhrəmanı böyük əmim İbrahim Herisçi çıxıb. Xürrəmşəhr tərəflərdə ingilislərlə döyüşlərdə qəhrəmancasına həlak olub. Atam Qafar Herisçi  - Pişəvəri hökumətinin ən parlaq nümayəndəsi, - bax, bu həyətdə dünyaya gözünü açıb...
Bizim bu axırzaman dekorasiyaları lap axırda həqiqətən gedib düşdü İmam Axırzamanın ixtiyarına. Təbrizin düz mərkəzində, Məqsudiyyə məhəlləsində yerləşən bu mülkümüzə üç-dörd ay əvvəl adına “Setate İcraiyyeye Fərmane İmam” qurumu hakim çıxdı. İranda uzun zaman istifadəsiz, sahibsiz qalmış mülklər bax bu cür sonunda gedib düşür Qeyb İmamın ixtiyarına. Yəni bizim işimiz, mal-mülkümüz barədə fərmanı indi məhz axırzamanda Qeyb İmamın özü verəcək...
Həyətimiz artıq bir amanat kimi Axır İmamın ixtiyarındadır sanki...Qəribədir, indi mən onunla məşhər gününədək ata malına şərikəm...
Bədii-fəlsəfi yozumlara kifayət qədər yem verən bu əhvalat başıma gəlincə, mən tez, hövlnak özümü əvvəlcə Tehrana, sonra Təbrizə  çatdırdım. Mövzu ətrafında İranın bəzi rəsmi qurumlarıyla görüşüb danışıqlar apardım.
Onların sırasında Bakıda yaxşı tanınan məşhur yazar, ustad Şəhriyarın sevimli tələbəsi Əsğər Fərdi də vardı. Bəli, bu imza sahibinə qarşı Bakıda münasibət birmənalı deyil. Ancaq, mənimçün Əsğər Fərdinin xatirələri çox maraqlı göründü. Həmin xatirələrin ən ilginc hissələri 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Əsğər Fərdinin Heydər Əliyevlə keçirdiyi görüşlər barədədir. Düzü, bu xatirələr mənə hələ də azca fantastik görünür...Ancaq neynək, Əsğər Fərdi xatirələrini məhz bu cür  nəql etdi mənə.
Mən də onları indi sizlərə çatdırıram...Xatirələrin azca bədii səslənməyi xatirinə mən Əsğər Fərdiyə bu yazımda “Ağaye-Qeybi” adını vermişəm. Düzü, indi tanış olduğunuz bu məqaləmə siz Əsğər Fərdinin bədii portreti kimi də baxa bilərsiniz.
****
QORXULU TEHRAN


Bu oda uzun, dolanbac dəhlizlərin bitdiyi məchul nöqtədə yerləşir. İran diplomatiyasının tam məxfi söhbətləri mütləq ancaq bu odada aparılar. Ən müasir dinləmə cihazlarını belə burda quraşdır, xeyri yoxdur, məqsədinə çatammazsan. Uzaq fəzalara uçan kosmik gəmini xatırladan bu supermüasir odada qoruma sistemləri buna əsla icazə verməz.
1988-ci ildə həmin odada növbəti bir toplantı keçirilirdi.
Danışıqlar masasının yuxarı başında, ABŞ-ın Con Hopkins universitetində uşaq xəstəlikləri ixtisasını əla dərəcəylə bitirmiş, tarixi ovcunun içi kimi bilən doktor Əli Əkbər Vilayəti oturmuşdur. Digər səndəllərdə oturanlar kimlərdi bəs? Deyim kim- İran sovetşünasları. Aralarında köhnə solçular, millətçilər də var. Bizim indi barəsində danışdırdığımız ağaye Qeybi də, Əli Əkbər Vilayətiyə çox yaxın səndəldə əyləşib. İlk söz ona verilir- “20 dəqiqə vaxt sürəniz var ağaye Qeybi”.
Dolu-dolu cümlələr quraraq nitqinə başlayır o. Söhbətinin hər maddəsində zəngin bilgilər dalğalanır. 20 dəqiqə bitir. Nazir xahiş edir: - “Mənə ayrılmış vaxt limitini də sizin istifadənizə verirəm. Davam edin.”
Söhbət əsnasında nazir önündəki telefonun dəstəyini qaldırır, katibinə nəsə pıçıldayır. Bir-iki dəfə içəri girib-çıxır həmin işgüzar katib. Nazir üçün ağaye Qeybinin nitqi bəsdi. Başqalarına söz verilmir. Ancaq nəzakət xatirinə onlarla qısa məsləhətləşmələr aparılır. Nazir, dəvətlilərlə xudafizləşir. Ağaye Qeybinin isə qolundan tutaraq onu bir fincan qəhvə içməyə saxlayır. İndicə imzaladığı sənədi ona uzadır: “Ağaye...Geniş bilgilərinizi nəzərə alaraq Sizi, Sovet İttifağı üzrə özümə müşavir təyin edirəm. Sizə bu vəzifədə... İran İslam.... Cümhuriyyətinin... ulu qayələri....  nailiyyətlər diləyirəm. İran İslam Cümhuriyyəti Xarici İşlər Naziri Əli Əkbər Vilayəti”.
Aralarındakı rəsmi məsafəni qısaltmaq üçün ağaye Qeybiylə türkcə cümlələr, ifadələr qurmağa çalışır cənab nazir:
-Keyf əhval? Təbrizdə nə var, nə yox? Allah rəhmət eləsün, ustad Şəhriyarın ətrini sizdən alırıq...
***
Müşavir ona ayrılmış otağına yerləşir. Nazir odasının sağ çiynindədir bu oda. Bürokratik avadanlıq yarımca gündə odaya yerləşdirilir. Tehranın şimalında yerləşən “Evin” hotelində ona iqamətgah ayrılır. O isə, yəni ağaye Qeybi, otelinə çəkilib ordan uzaqda görünən Evin zindanını müşahidə edir hər gecə:
-Allah, o zindan kamerasından bu hotel dairəsinə aparan yol nə qədər həm uzun, həm də qısaymış.
Səhər dan yeri ağararkən ağaye Qeybi o kral dairəsindən çıxır. Nazirlikdəki odasına girincə masası üzərində təyyarə bileti, bir də diplomatik pasport görür. Uçuş ünvanı Moskvadır.
***
HEYDƏR BABADAN HEYDƏR ƏLİYEVƏ


1980-ci illərin axırları. Şurəvi ilə ABŞ arasında 40 il sürən “soyuq savaş”, İslandiya paytaxtı Reykyavikin soyuq sularında isinməyə başlayır. “Yenidənqurma” kəlməsi dünya mətbuatına sıçrayır. Moskva küçələrində “Coca-cola”, “Pepsi-cola”, “Makdonalds” brendləri gözlərə soxulur. Dünya çaşaraq mat-məəttəl qalıb. Hər kəs bu “Qeysəriyyə bazarındakı yanğın”dan, yəni SSRİ-nin çöküşündən, öz başına bir kulah, yəni papaq qapmaq istəyir.
İran İslam Cümhuriyyəti, sərhədlərində duyulan bu “taqqatuk”a qulaq verir. Axı, onun bu alovlanan “Qeysəriyyə bazarı”yla müştərək min kilometrlərlə ölçülən ortaq sərhəd hüdudları var. O da bu arada başına çarə qılmaq istəyi ilə bizim Ağaye Qeybini  Moskva səfərinə göndərir.
Yaxşı, bayaqdan barəsində danışdığımız ağaye Qeybi kimdir belə bəs?
Sırf, köklü təbrizlidir. Təcrübəli qocaman təbrizlilərdən nəhəng bilgilər toplayıb. Cibində gəzdirdiyi dəftərçədə belə bir qeyd var- “Nizami, Xaqani, Saib, Fizuli...bunlar gəlir ənənə şəklində, bir zəncirin son halqası kimi, Şəhriyarda müasirləşir”. Bunu nəzərə alan ağaye Qeybi, Təbrizin Heydər babası, yəni ustad Şəhriyarla uzun illər sıx təmasda olub. Təbrizdə gizli saxlanılan sirli piyalədə, yəni “Cami-cəm”də Şəhriyarla birgə gələcəyi görüb o. Sufilərin təbirincə “mükaşifə”də görüb ki, Heydər babadan sonra tale onu Heydər Əliyevlə görüşdürəcək nə vaxtsa Moskvada.
***
Moskvaya Heydər Əliyevlə görüşmək məqsədiylə gələn ağaye Qeybi, əvvəlcə  “Novodeviçi” qəbirstanlığındakı Zərifə xanım Əliyevanın məzarını ziyarət edir. Orda Quran oxuyan bir talışdan Heydər Əliyevin təzə ünvanını öyrənir. Gəlib o soyuq qapını taqqıldadır.
***
Öyrəndiyi, alışdğı təntənəni hələ də qorumağa çalışan, tez-tez daxilindən sızıb üzünə vuran məyusluğu qapazlayıb gizlətməyə çalışan bir sovet təqaüdçüsü- Heydər Əliyev, tərəddüd etmədən qapını ağaye Qeybinin üzünə açır. Verdiyi “siz kimsiz?” sualına:
-İran hökumətinin xarici siyasət rəhbərləri sizə salam göndərir, - cavabını alınca xəfifcə təəccüblənir. Qarşısındakı qonağa sanki zərrəbinlə baxır. Ağaye Qeybi də hələ çaşqındı-simasını xəyallarında bir əfsanə kimi cızdığı Heydər Əliyev özüdü ki var, qarşında durub.
Ev sahibi, dodaqlarını yuvarlayaraq bir azacıq gülümsəməyi bacarır:
-Oooo....xoş gəlibsiz...Narahat olmayın. Evdə təkəm....Yoldaşım vəfat edib, uşaqlar da evdə yoxdur, - deyincə, divardan asılmış mərhum yoldaşının şəklinə işarə vurur. - Keçin içəri, sizə çayı özüm süzəcəyəm.
Mülkü geyimli KQB generalı əvvəlcə bircə sual verir bizim ağaye Qeybiyə:
- Sən fədai balasısan?
- Xeyir. Sadəcə təbrizliyəm.
-Həəə....
Ağaye Qeybi, ev sahibinin nigarançılığını söndürməyə əvvəlcə səy göstərsə də, aradakı şəkk-şübhə bir müddət onların ikisini də narahat edir. Bayaq “Novedeviçi” məzarlığında əsən soyuq hava gəlib indi bu mənzildə davam edir.
Heydər Əliyevin dilində bir kəlmə tez-tez hallanır-“xalbaş” kəlməsi. Ağaye Qeybi az sonra dərk edir ki, bu kəlməni işlədərkən ev sahibi öz düşməni Mixail Qorbaçovu nəzərdə tuturmuş. Qonaqlar Sovetin yaxın gələcəyini qızğın müzakirə edirlər. Qədim əfsanələr diliylə danışsaq əgər, bu gələcəyi onlara sərgiləyən bir amanat antiq əşya var süfrədə. Təbrizdən gətirilib. “Came-cəm” deyərlər bu sehirli piyaləyə. O deyir ki, tezliklə yer-göy toqquşacaq bir-biriylə. Heydər baba....səsləyəcək. Tələsmək, siyasətə qayıtmaq lazımdır indi...
 Bayaqkı təqaüdçü simasının izi-tozu belə qalmır tezliklə ev sahibinin canında.
-Siyasəti az sonra bax bu üzük kimi barmağımıza keçirəciyik,- Qeybinin barmağındakı gümüş üzüyə işarə vuran ev sahibi, axırda bütün şəkk-şübhələrə nöqtə qoyur.
Həəə...artıq nə varsa aydın oldu...Heydər Əliyev siyasətə qayıdır...
***
Qocaman Heydərin soyumuş ürəyinə qığılcımlar səpən ağaye Qeybi ordan tez  - birbaşa Tehrana dönür. Paytaxta dönüncə Mehrabad hava alanının VİP odasından nazir Vilayətinin görüşünə tələsir. Doktor Vilayətinin başı üstəki Səfəvi dövrü İran xəritəsi hər nədən daha böyük gözə çarpır- Özbəkistan, Qazaxıstan, Əfqanistan, İrak, Qafqaz orda bir rəngə boyanıb.
Nazir isə ara sıra stulundan qalxaraq arxaya dönür. Uzun-uzun baxışlarla o xəritəni izləyir. Və ağaye Qeybini gözləyir. İran-İrak müharibəsindən bilavasilə sonra İran ilk dəfə qeyri-savaş diplomatiyasına start verir. Ağaye Qeybi:
-Heydər Əliyev işə hazırdı- deyir.
Ardı arası kəsilməyən iclaslarda İranın SSRİ üzrə yeni strateqiyası təşəkkül tapır.
***
Dünyanı silkələyən gözlənilməz bir xəbər İranla SSRİ arasındakı tikanlı məftillərin sökülməsindən söz açır. Bakı camaatı gecənin xain vədəsində sovet tanklarının səsinə oyanır. Səhər, sərhədyanı əhalinin Arazı üzüb İrana keçməsi ilə açılır. Ağaye Qeybi bu gözlənilməz hadisələrlə üzləşir. Bir daha Moskvaya uçmağa məcbur qalır.
-Salam cənab Əliyev. Vədə gəlib çatdı. Həm də daha tez. “Mir” prospektindəki məsciddə namaz qılmağa getdiyim vaxt bir tatar ziyalısı ilə dost oldum. Sabah tezdən Azərbaycan SSR nümayəndəliyində bir toplantının keçəcəyindən xəbər verdi o. Sizin siyası arenaya daxil olmağınızın altun fürsətidir bu. Oraya  bir rəhbər kimi gedib  Azərbaycanın atası, ağsaqqalı olaraq başsağlığı verməyinizi məsləhət görərdim. Sabah sizin münasib tərzdə oraya müşayət edilməyinizin təşkilatı ilə məşğul olacam.
Heydər Əliyev əvvəllər katibi işləmiş Camalı və digər vəfadar tanışlarının da ətrafına yığılmasını xahiş etdi. Artıq bu tarixi rolu necə məharətlə ifa etmək Heydər Əliyevə qalmışdı. Öz qabiliyyətlərini bir-bir saymağa başladı o:
-Əzizim, sən kaş ki, rus dilini biləydin və mənim xitabələrimi dinləyicisi olaydın və görəydin ki, dostun nə ovsunlayıcı dillə nə əjdahaları yuvasından çıxarar. Dostunun  sehirkar nitqinə bütün sovet rəhbər təbəqəsi qısqanardı bir zamanlar. Sən baxma ki, atdan düşmüşük indi.
- Yox, elə deyil cənab prezident...
-Hə? Sən nə dedin? Prezident?
Bəli. “Koneçno prezident”. Gördüz ki, ruscam da var. Bu müraciətin səslənməsi o qədər də gec deyil, əziz Heydər Əliyev. Mən bax bu “came-cəm”də görürəm o mübarək günü. Bizim aynada gördüyümüz o “gələcək günü”, siz çiy kərpic üzərində görərsiniz.
-Ooooo...Siz bizim müasir ədəbiyyata da bələdsiniz.
-Bəli. Çünkü onun da yaradıcısı sizsiniz. “Həsrət ədəbiyyatı”, “cənub həsrəti”, vahid Azərbaycan teoriyası sizin Siyasi Büroya yüksəlişinizi təmin və təyin etməyibmi?
Dodağının bir ucuyla gülümsəyən ağsaqqal mat-məəttəl qalmışdı ki, qonağı onun həyatının ən xəlvət pərdələri arxasına hardan belə baxmağı bacarıb.
Ağaye Qeybi ona yaxın bir səfərə hazırlaşmasını təklif edir. Səfərin məzmunu bütün incəliklərinə qədər müzakirə olunur. Bununla da İran, Heydər Əliyevi tam dəstəkləyəcəyini bildirir. Bizim ağaye Qeybi planın müqəddiməsini hazırlamaq əzmiylə Tehrana qayıdır. İndi Təbriz hadisələrin cərəyan etdiyi meydana çevrilmişdir. Ağaye Qeybi Bakıdan Təbrizə gəlmiş meydan aktyorlarıyla görüşə tələsir. Nemət Pənəhov, Rəhim Qazıyev sərhəddi qanunsuz pozaraq İrana keçmək suçuyla nəzarətdə saxlanılır. Nardaran dindarları ayrıca bir xətlə Təbrizə gəliblər. Müsafirlər arasında şübhəlilər də az deyil. Hər kəs son illərdə səsiylə tanınan ağaye Qeybinin ünvanına gəlir. Bu səbəbdən Qeybi tək Tehranda deyil, Təbrizdə də olmalı və qonaqlarını qəbul etməlidir.
Nemət Pənahov, Təbriz mehmanxanalarının birinə köçürülür. Özüylə bir çamadan sovet “qızıl onluğu” gətirib o. Nemət və Rəhimlə uzun-uzadı müzakirələr cərəyan edir. Axşamlar isə onlar Heydər Əliyevlə telefon əlaqəsi yaradılmasını xahiş edirlər. Hər gecə Moskvayla danışırlar. Ancaq onlar İrandan gözlədikləri sadəlövhanə xeyirləri görməyincə İranı Türkiyyəyə dəyişmək istədilər. Onlar İrana pasportsuz keçmişdilər. Bu səbəbdən Türkiyəyə də qanunsuz getməliydilər. Və bu onların öz işləri idi. Beləliklə Rəhim Bakıya, Nemət isə hansısa gizli bağlantıları vasitəsiylə dağ yolları ilə Türkiyəyə keçdilər. Nemət Pənahov İranda olduğu günlər gecə-gündüz namaz qılsa da, ağaye Qeybi və onun dostlarının güvənini qazana bilmədi. Sünnü Rəhim Qazıyev isə gələcəkdə İrandan hələ çox xeyirlər görəcəkmiş. Qoy hələ Müdafiə naziri olsun, sonrasına baxarıq.


MOSKVAYA FİNAL SƏFƏR


Heydər Əliyevin Azərbaycana qayıtmasının vaxtı artıq gəlib çatmışdı. Fəqət necə? Burda İran, SSRİ hakimiyyətinin inciməsinə zərrə qədər səbəb yaratmamalıydı.  Sovetlər öz tərkibindəki cümhuriyyətlərə istiqlaliyyət bağışlamayana qədər İran, Moskva maraqları xaricində hərəkət etmək istəmirdi. Ancaq burda əsərin baş qəhrəmanı Heydər Əliyev müstəsna şəxsiyyət idi. Bu səbəbdən onun böyük siyasət səhnəsinə qayıdış marşrutu belə təyin edildi: Moskva-Tehran-Naxçıvan-Bakı.
Canlı “sirlər xəzinəsi”, şifrəli seyf olan Heydər Əliyevin xarici pasportu bütün digər vəzifə sahibləri kimi özündə deyil, SSRİ Xarici İşlər Nazirliyindəydi. Moskvada İran təyyarəsinə ( sabiq İran şahının bacısı Əşrəf Pəhləvinin təyyarəsinə) minən Heydər Əliyev, Tehran hava limanında hərhansı bir rəsmi şəxsiyyət tərəfindən qarşılanmadan öz iqamətgahına doğru müşaiət olunur. Burda Heydər Əliyevin sadiq fədaisi Əjdər Xanbabayevin əməyi əsla unudulmamalıdır. Onu Tehranda qarşılayan akademik Ziya Bunyadovun da xatirəsi burda ayrıca qeyd edilməlidir. Tehranda müəyyən şəxslərlə görüşüb onların himayəsini bir daha qazanan Heydər Əliyev təyyarə ilə Təbrizə müşayiət  olunur. “Gəncliyimdəki Təbriz xatirələrimi bir daha yaşamaq istəyirəm”, arzusunu dilə gətirən Heydər Əliyev, Təbrizin dolanbalan küçələrində gəzdirildikdən sonra doğma Naxçıvanına doğru yola düşür. Yolüstü onu Mərənd qubernatoru Rza İbadi qarşılayır. O, qubernatorun adını uğurlu təsadüf kimi qəbul edib arada xeyli gülür...
Səbəbi isə sizə sonra aydın olacaq.
Cəbhəçilərinin köməyi ilə sərhəddi maneəsiz keçən Heydər Əliyev Naxçıvan hökumət mehmanxanasında dincəlməyə çəkilir. Şəhərdə elektrik yoxdur. Araz üzərində qızarıb batan günəş çox tezliklə öz yerini Naxçıvanı saran qatı zülmətə təslim edir.
***
Az əşyalı hökumət mehmanxanası zalında qara bir royal... Ağaye Qeybi royalın arxasına keçib onun qapağını qaldırır. Yorğunluğunu və həyəcanını gizlətməyə çalışan Heydər Əliyev yavaşcana royala söykənir. Ağaye Qeybi isə sabah pərdəsi açılacaq operanın ariyasını çalmaq üçün bayatı-Şirazda gəzişir. Kişi ona “Alagöz”ü ifa etməsini xahiş edir. Heydər Əliyev burda həmin nəğməni zümzümə etməyə başlayır. Həmin bu həyəcanlı anı Heydərin simasında sezmək, inanın, nadir fürsətdi...
***
Artıq dincəlmiş müsafirlər  tarixin yeni səhifəsini yazmağa hazırdırlar.  Cəbhəçi uşaqlar ağsaqqal rəhbərlərini qarşılamağa, onun ətrafını sarmağa, onu son nəfəsə qədər qorumağa gəlmişlər. Qonaqlara qəhvəaltı hazırlanır. Siyasi Büronun sabiq üzvü hələ də həyəcanını gizlətməyə çalışır. Ağaye Qeybini sakin və hüzurlu halda Naxçıvanda gəzdirmək istəyir. İstəyir ki, qonağına göstərsin-bax bu da mənim büstüm, şəhər bağlarının birində ucaldılıb. Görürsən?


 “DUZ ADAM”


- Mən “duz adamam”...həm də “düz adamam”...-müəmmalı, tapmacalı cümləsini yarımçıq kəsən ağaye Qeybi, burda xatirələrinə ara verib, bir başqa mövzuya keçir.
-İkicə həftə öncə Zəncanın Həmzəli kəndində bizim arxeoloqlar qədim duz mədəni aşkarladılar. Eramızdan 1700 il əvvəl bu mədəndə qəza baş verib...Mədəndən duz çıxaran 27 nəfər zavallı insan övladı duz qatları arasında qalaraq həlak olublar...Həmin 27 biçarənin cəsədləri duzlandığından day çürüməyib, indiyədək qalıb...Üst-başlarındakı pal-paltarları, çarıq-patavaları da, lap möcüzədi eee, həmin duz qatları arasında zamanın dağıdıcı təsirindən qorunub...
Ağaye Qeybi, əyləşdiyi Təbriz xalısı üzərindən qalxaraq sakitcə, səs-səmir salmadan eyvana şıxır. Ordan görünən füsünkar, qarlı dağ zirvələrinə zillənir.
-Mən də bax o cürə “duz adam”lardan biriyəm. Zaman məni də bir başqa duz layları arasında saxlayır. Siz...
Ağaye Qeybi bu dəfə tamam fərqli baxış süzgəcindən keçirir məni...Tanış simamı digər rakuslardan görməyə xəfifcə səy göstərir. İstəyinə çatınca:
-Siz “duz adam” kimi tanıyın məni...”Duz adam”dan düz sözləri eşidin barı heç olmasa bircə dəfə...
Təbrizin iki qərib övladı burda, qarlı dağlar ətəyində tam sükuta qapılır...Day aradan dörd min ilin keçməyinə ehtiyac qalmayıb. Zəmanəmiz bizim kimi “duz adam”ların həqiqətini bu dəfə daha tez eşitməyə məhkumdu...


Həmid Herisçi, Bakı, 11 iyul, 2012                         musavat.com

Комментариев нет:

Отправить комментарий