19.07.2012

Tomris ana

Zaur Ağalaroğlu


Qədim yunan tarixçiləri öz tarixlərini yazarkən hadisələrin izi ilə Azərbaycana, Araz-Massaget hökmdarlığına gəlib çıxmışlar. İran şahı Kirin (Keyxosrovun) aqibəti onlar üçün xüsusilə əhəmiyyətli idi, çünki Kir ləyaqətli yunan hökmdarı kimi tanınan Qrezi əsir almış, yunanları məğlub etmişdi. Buna görə də yunan xalqı özünü yenilməz hesab edən Kirin Azərbaycanın qüdrətli qadın hökmdarı tərəfindən necə yenildiyini, başının necə kəsildiyini və ordusunun necə məğlub olduğunu görmək istəyir, tarixi sənədlərlə təsdiq olunmasını arzulayırdılar.
«Tarixin atası» sayılan Herodot Tomrisi ağıllı və cəsur dövlət başçısı kimi xarakterizə edərək Kirin Tomris tərəfindən məğlub edildiyini, amansız döyüş səhnələrinin qanlı epizodlarını təsvir etmiş, təkcə Tomrisi yox, bütün massaget xalqını «cəsur xalq» adlandırmışdır.
Ümumiyyətlə, yunan tarixi əfsanələrə deyil, əsl həqiqətlərə söykənən tarix kimi bizə gəlib çatmış və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuşdur.

Görkəmli tarixçi R.S.Kollinqvud «İdeya istorii» əsərində yazır ki, «yunanlar, həm tarix elmdir və ya elm ola bilən fikrini, həm də insan fəaliyyətinin predmeti olduğu fikrini aydın və qəti dərk etmişdilər. Yunanların tarixi əfsanə deyildi, bu tədqiqatdır, onda din yox, insanlıq tədqiq olunur. Daha dürüst desək, o mif deyildir. Öyrənilən hadisələr keçmişdə olmayan yox, məhz olan hadisələrdir, şeylərin ilk mərhələsi keçmişdə, ondan bir qədər əvvəldə baş vermiş hadisələrdir».
Miladdan əvvəl 530-cu illərdə Azərbaycanda tam müstəqil Massaget – qədim türk hökmdarlığı mövcud olubdur.  Midiyanın süqutu və fars dövlətinin təşəkkülü dövründə yenilməz və qüdrətli dövlət olan Massagetin ərazisi Azərbaycanın hüdudlarını aşaraq şərqə tərəf uzanıb gedirdi. Massagetlər haqqında Herodotun yazdıqları:
«Massagetlər, necə deyərlər, saysız-hesabsız və cəsur xalqdır. Onlar Şərqdə, Günəşin çıxdığı istiqamətdə Araz çayının o tayında issepodlarla üzbəüz yaşayır. Araz tək bircə ağzı açıq yerdə Kaspi dənizinə tökülür. Kaspi dənizi tamamilə xüsusi növ – heç bir başqa dənizlə əlaqəsi olmayan qapalı göldür.
Massagetlər iskitlər kimi geyinir və onlar kimi həyat tərzi sürürlər. Onlar atlı və piyada (həm elə, həm də belə) vuruşurlar. Adi qaydada onların həm də yay, ox və hərbi baltaları var. Onların bütün şeyləri qızıldan və gümüşdəndir.
Massagetlər taxıl əkmir, onlar maldarlıq və balıqçılıqla yaşayırlar (Araz çayında həddən çox balıq olur). Həmçinin süd içirlər. Onların yeganə ehtiram etdiyi Tanrı Günəşdir. Onlar Günəşə atdan qurban verirlər. Qurbankəsmə adətini belə əsaslandırırlar ki, «cəld Tanrının özünə dünyada ən cəld canlını qurban vermək lazımdır».
Bəziləri massagetləri də iskit tayfalarından sayırlar. Ellinlilər söyləyir ki, massagetlərin adətləri daha çox iskit adətlərinə aiddir».
Herodot fars dövlətinin banisi Kirin massagetlərə qarşı müharibəyə başlamasını və amansız döyüşləri belə təsvir edir:
«Massagetlərin çariçası mərhum çarın arvadı idi. Onu Tomris çağırırdılar. Kir ona elçi göndərir, bildirir ki, onu özünə arvad etmək niyyətindədir. Amma Tomris başa düşür ki, Kir onunla evlənmək istəmir, sadəcə Massaget hökmdarlığını ələ keçirməyə can atır. Buna görə Tomris onu rədd edir.  Kir hiylə yolu ilə məqsədinə nail ola bilmədiyindən açıq müharibəyə başlayır. Çar öz qoşununu keçirmək üçün çay (Araz) üzərində üzən körpülər qurmağı əmr edir və həmin gəmi-körpülərin üzərində qalalar ucaldır.
Kirin qoşunu bu işlərlə məşğul ikən cəsur Tomris carçı vasitəsilə ona bu sözləri çatdırmağı  əmr edir: «Midiyalıların çarı! Öz niyyətindən əl çək.  Axı, sən əvvəlcədən bilə bilməzsən ki, bu körpülər sənə xoşbəxtlik gətirəcək, ya bədbəxtlik.  Bunu burax, öz ölkəndə padşahlığını elə və paxıllıq eləmə ki, biz öz hakimiyyətimizi sürürük. Əgər sən massagetlərə qarşı ehtirasla hücum çəkmək niyyətindəsənsə, onda çay üzərində körpü salınması işini dayandır. Sakitcə keç gəl bizim ölkəmizə, biz çaydan üç günlük məsafəyə çəkilərik. Əgər sən bizi öz torpağına buraxmağı daha münasib sayırsansa, onda o cür hərəkət elə».
Lakin Kir Tomrisin təklifinə əməl etmir, yenə hiyləyə əl atır. Əsir etdiyi hökmdar Qrezin tədbiriylə Tomrisin qoşununun bir hissəsini qırdırır və əsir alır. Hətta hökmdarın yeganə oğlu da əsir düşür.
Tomris yenidən carçıya əmr edir ki, bu sözləri Kirə çatdırsın: «Qaniçən Kir! Bu qələbənlə qürrələnmə. Sən silah gücünə mərd-mərdanə yox, məkrlə mənim oğlumu məğlub etdin. İndi mənim xeyirxah məsləhətimə qulaq as: Mənim oğlumu ver və sağ-salamat mənim torpağımdan çıx get. Onsuz da Massaget ordusunun üçdə birini həyasızlıqla məhv etmisən. Əgər sən belə etməsən, onda Tanrı Günəşə and içirəm ki, mən Massaget hökmdarı, həqiqətən də sənə qan içdirəcəyəm, çünki sən hələ qandan doymamısan».
Bununla belə Kir yenə carçının sözünə əhəmiyyət vermir. Doğrudur, hökmdarın oğlu əsirlikdən azad olur. Lakin o, anasının üzünə çıxa bilmir, intihar edir.
Tomris vəziyyəti belə gördükdə bütün qoşunu ilə farsların üzərinə hücuma keçir. Tarixdə misli görünməmiş qanlı döyüş başlanır.
Mən belə hesab edirəm ki, barbarlar arasındakı bütün döyüşlərin ən dəhşətlisi bu döyüş olmuşdur. Mən, yeri gəlmişkən, öyrəndim ki, vuruşmanın gedişi, bax, belə imiş:
Deyildiyinə görə, əvvəlcə qarşı-qarşıya dayanmış müqabil tərəflər uzaqdan yay ilə atışırmışlar. Ox ehtiyatı tükəndikdə, onlar xəncər və nizələrlə əlbəyaxa döyüşlərə atılırmışlar. Tərəflər uzun müddət vuruşmuş və heç kəs geriyə çəkilmək istəməmişdir. Nəhayət, massagetlər güc gəlmişlər. Demək olar ki, bütün fars qoşunu döyüş meydanında qalmışdı. Kir özü də məhv olmuşdu.
Tomris çaxır tuluğunu insan qanı ilə doldurtdurmuş və əmr etmişdir ki, döyüş meydanından Kirin cəsədini axtarıb tapsınlar. Elə ki, Kirin cəsədini tapırlar, hökmdar əmr edir ki, onun başını tuluğa soxsunlar və sonra istehza edərək deyir: Mən üzbəüz vuruşmada mərd-mərdanə qələbə çaldım. Lakin mən sağ qalsam da, yenə sən məni məhv etdin, çünki mənim oğlumu hiyləgərcəsinə tutdun. İndi mən necə ki, səni hədələmişdim, səni bax qanla beləcə doydururam».
Deyəsən, bu, Kirin ölümü haqqındakı çoxlu hekayələrdən daha mötəbərlisidir» (1, 214).

Çox maraqlıdır ki, Herodot İskit hakimiyyəti haqqında da əhəmiyyətli fikirlər söyləmiş. İskit mədəniyyətini ən qədim mədəniyyətlərdən hesab etmişdir. İskit hökmdarlığı b.e.ə. 623-595-ci illərdə mövcud olmuş, bütün Asiya boyu öz hakimiyyətini genişləndirmiş, 28 il olsa da, qüdrətli dövlət kimi tanınmışdır. Amma Herodot nədənsə, İskit hökmdarının adını çəkməmişdir. Görünür, bu ona lazım olmamışdır. Amma İskit hökmdarından təxminən 65 il sonra, b.e.ə. 530-cu ildə Tomrisin hökmdar olduğu Massaget padşahlığı haqqında geniş məlumat verir və o yerlərin Arazdan şimalda olduğunu vurğulayır ki, bu da Azərbaycan ərazilərinə, daha dəqiq desək, Beyləqan ərazisinə uyğun gəlir.   Herodot Tomrisdən sonra gələn Massaget hökmdarı haqqında da məlumat vermir. Əlbəttə, biz bunun səbəblərini bilmirik. Lakin həqiqət ondan ibarətdir ki, Herodot Tomrisin qəhrəmanlığını bir tarixçi kimi qəbul edir və onu tarixin şanlı səhifələrinə qızıl hərflərlə həkk edir.
Göründüyü kimi «tarixin atası» Tomris ananın qürurlu və mərd davranışına real qiymət verərək, nəinki bu qadın hökmdarın, hətta bütün Massaget xalqının cəsarətinə heyran qaldığını gizlətmir. Hökmdarın oğlunun intihar etməsini də qəhrəmanlıq kimi qəbul edir.
Herodot Kirin ölümü ilə bağlı müxtəlif versiyaların və ehtimalların dolaşdığını söyləsə də, ən həqiqətə uyğun olanının məhz özünün dediyi kimi olmasını göstərir.
2500 il bundan əvvəl mövcud olmuş müstəqil Azərbaycan dövlətinin hökmdarı Tomris ana güclü düşmən qarşısında əyilməmiş, biabırçı şərtləri qəbul etməmiş, əvvəlcə düşmənə sülh və mehribançılıq təklif etmiş, bu qəbul edilmədikdə mətanətlə və cəsarətlə düşmənin üzərinə gedərək qeyri-bərabər döyüşə girmiş və onu məğlub etmişdir.  Öz doğma oğlu döyüşdə həlak olsa da, Tomris bundan sarsılmamış, intiqamını almışdır. Səbirli, təmkinli və ağıllı məsləhətlər verən bir qadın, qüdrətli və müdrik hökmdar, qürurunu və əzəmətini saxlayan bir ana, qəhrəman və cəsur döyüşçü kimi tanınmışdır.

Комментариев нет:

Отправить комментарий