14.07.2012

İNGİVİNO VENİTOS (HƏQİQƏT ŞƏRABDADIR)

 Günel Eyvazlı


Şərabın nə vaxt meydana gəlməsi bizə dəqiq mə`lum deyildir. Hal-hazırda mövcud olan Tövrat, İncil, Quran kimi müqəddəs kitablarda da şərab haqqında danışılmışdır. Bundan əlavə, qədim Misir və Babil aşurilərindən əldə qalan əsərlərdə, müxtəlif millətlərin əfsanələrində, o cümlədən yunanların, rumların qədim əfsanələrində şərabın adı çəkilmişdir.
Hətta Herodotun Tarix kitabında Massagetlərin həyat tərzi canlandırılarkən bu nüansa diqqət çəkilmişdir. Onlar yay aylarında ağaclardan dəymiş meyvələr yığıb ehtiyat üçün saxlayırlar.
Guya burada xüsusi növ meyvələr gətirən ağaclar da var idi. Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonar onun ətrafında oturaraq həmin meyvələri oda atırlar. Ellinlər çaxırdan necə sərxoş olurlarsa, bunlar da yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox meyvə atdıqca özləri də o qədər artıq sərxoş olurlar ki, axırda ayağa qalxıb oynamağa və mahnı oxumağa başlayırlar.
 Bə`ziləri üzüm şərabının meydana gəlməsini belə nəql edirlər: Həzrət Adəm (əleyhissalam) üzüm ağacını əkir. Bu səhnəni görən Şeytan gəlib onun dibində tovuz quşunu kəsir. Üzümün yarpaqları açıldıqdan sonra isə dibində meymun kəsərək onun qanını ağacın dibinə tökür. Amma ağac bar gətirdikdən sonra, Şeytan onun dibində bir şir kəsir. Meyvə kamil yetişdikdən sonra isə bu dəfə onun dibində bir donuz kəsir. Deyilənə görə, həmin səbəbə görə şərab içən şəxsdə bu dörd heyvanın xasiyyəti zahir olur.
Diqqət etsək görərik ki, islam dini 1400 il bundan əvvəl müqəddəs Qurani Kərimdə içkinin daxili və xarici ziyanları haqda camaatı agah etmişdir. Bir halda ki, içki nəticəsində yaranan bəzi xəstəlikləri dünya alimləri yeni kəşf ediblər. Bu bizə Quranın möcüzəvi bir kitab olduğunu bir daha sübut edir. Allah içkiyə, müqəddəs kitabın bir neçə surəsində işarə edib. Nisa surəsində Uca Tanrı belə buyurur: Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın.
Uca Tanrı Islam dinini Həzrət Peyğəmbərimiz (s)-ın vasitəsi ilə insanlara çatdıranda müsəlman ümmətinin içərisindən bir çox zərərli adətləri haram buyurdu. Qurani Kərimin bir çox ayələrində haram buyurulmuş şeylərə rast gəlmək olar. Əlbəttə  ki, əgər insanlar onlara əməl etsələr yalnız axirət səadətinə yox bəlkə maddi və cismi sağlamlığa da nail ola bilərlər.
 Spirtli içki ərəb yarımadadasında islamdan öncə var idi. Orada yaşayan insanlar bu içkiyə adət etmişdilər. Əlbəttə ki, elə indiki zamanda da dünya əhlinin bir çoxu içki içməyə adi bir iş kimi baxırlar amma onun ziyanları haqda zərrə qədər də olsa belə düşünmək istəmirlər. Vəziyyət o yerə gəlib çatıb ki, camaat toy və ya digər məclislərdə bədən sağlamlığının bir başa düşmənı olan içki vasitəsi ilə bir birilərinə can sağlığı arzulayırlar.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, xərçəng xəstəliyinə yoluxmuş 58 nəfərdən 51-i spirtli içkiyə adət edən insanlar olur. 1400 il öncə cahil insanlar spirtli içkinin ziyanlarını dərk edə bilməzdilər. Çünki, o zamanlar tibb elmi inkişaf etməmişdir. Ən azı spirtli içkinin insanın daxili orqanlarına vurduğu ziyanları dərk etməyə qadir deyildilər.
Spirtli içki istifadəsi nəticəsində bədənə olan ziyanların bəzilərini bunlardır:
Şərab və ümumiyyətlə spirtli içkilərin insanın əsəb sistemində və beynində mənfi təsirlər yaradaraq baş və beyin içərisində müxtəlif zərərlər yaradır.
Spirtli içki yalnız əsəb sisteminə zərər vurmur bəlkə boru daxili xərçəngi, boğaz xərçəngi, mədə iltihabı və mədə xərçəngi, mədə altı vəzinin iltihabı, ağ ciyər xərçəngi kimi xəstəliklər yaradır. Bağırsaqları qida prosesi zamanı zəiflədir və qara ciyərə bir başa mənfi təsir göstərir. Bunlardan əlavə digər gastrointestinal xəstəliklərin yaranmasına gətirib çıxarır.
Şərab içmək cinsi fəaliyyəti zəiflədir. Valideynləri şərab içən uşaqlarda da spirtli içki öz mənfi təsirini göstərir. Alman alimlərindən biri sübut edib ki, hər kəs spirtli içkidən istifadə etsə özündən sonra üç nəslə kimi təsir göstərəcəkdir.
Bu deyilənlər haram buyurulmuş içkinin bəzi ziyanları idi. Mümkündür ki, yaxın gələcəkdə digər ziyanları da aşkar ediləcək.
Bugünkü Tövrat və İncildə şərab haqqında bir-birini inkar edən fərqli fikirlər mövcuddur. Bir tərəfdən şərabın haramlığını göstərən, digər tərəfdən isə şəraba qarşı şövq yaradan fikirlər səslənir. Misal üçün, Tövratda (Əhdi-ətiqdə) “İkinci qanunçuluq“ kitabında (fəsil. 14, ayə. 26) şərab, məstedici içkilər üçün gümüş xərcləmək təkidlə tövsiyə olunur.
Matfey İncilində (fəsil. 26, ayə. 29) artıq Allah dərgahında yeni şərab içincəyə qədər şərab içməmək tapşırılır.
Matfey (fəsil. 11) və Luka (fəsil. 7) İncillərində həzrət Məsihin şərab içməkdə ifrata vardığı bildirilir.
Tövratda (çarlar, fəsil. 10) İbadətgaha məst halda girmək qadağan olunur.
Luka İncilində (fəsil.1) həzrət Yəhya mədh edilərəkən onun heç zaman şərab və digər məstedicilərə dil vurmadığı bildirilir.
Spirtli içkinin Insan cisminə olan ziyanlarını istər müsəlman istərsə də qeyri müsəlman alimlər təsdiq ediblər. Onlar şərab içmək nəticəsində insan bədəninin bir çox daxili orqanlarının pis xəstəliyə düçar olduğunu bildiriblər.
İçki yeganə vasitədir ki, insana müvvəqqəti cəsarət verir. Onun təsiri altında olan kəs hətta cinayət törətməyə belə qadirdir. Bu  yaxınlarda öz övladlarının qatili olmuş atanın timsalında, yenicə qurulan ailədə öz həyat yoldaşının ölümünə səbəb olmuş ərin timsalında müşahidə edə bilərik. Cəmiyyətin bəlası olan içki və narkotik vasitələrin şər mənbəyi olduğunu görə bilirsinizmi?
Ümumiyyətlə, girişi bir rəvayətlə başlamışdım. Əgər özünə hörmət edən şəxş gülüş mənbəyi olmaq, meymun kimi atılıb-düşmək, ən azından qədim Romalıların dediyi kimi daxilində olan həqiqəti üzə çıxarmaq istəmirsə o zaman şər gətirən alkaqoldan özünü uzaq tutmalıdır. Çünki həqiqət şərabdadır. Daxilimizdə yatan qatil, pozğun, davakar şəxs yalnız içkinin təsiri altında oyanır. Onu oyatmayın, lütfən.

Комментариев нет:

Отправить комментарий