10.07.2012

Pulların söhbəti

 Rəşad Ələkbərov


10 Avro: Salam 20 qəpik. Necəsən?
20 Qəpik: Dəmir kimi, elə sürətlə əldən - ələ gəzirəm ki, sanki Formula bir yarışıdır. Düzü bir balaca başım da hərlənir. Amma yenə də eybi yox. Dünən yaşlı bir kişi məni verdi, qarşılığında bir dondurma aldı. Fikirləşdim, dedim yəqin dondurmanı evdə rəngli kitablar oxuyan nəvəsinə alır. Kişi elə sevinirdi ki, az qalırdı əsasını əlindən atsın, evə qaça – qaça getsin. Elə duyğulandım, elə duyğulandım, gəl görəsən. Bir neçə saata ancaq özümə gələ bilmişəm. Zarafat, zarafat kişinin sevinməsində mənim də rolum olub axı. Mən olmayandan sonra, gör sevinə bilərdi. Əlbəttə yox...

Amma bir balaca şikayətim də var. Özün bilirsən axı, bizdə ammasız keçinmək olmur.
10 Avro: What’s happened?
20 Qəpik: Məsələ bundadır ki, insanlar hərdən ehtiyatsızlıq edib, məni itirirlər. Bax onda kefim pozulur. Ata – anasız, sevgi – nəvazişsiz yaşamaq nəyə lazım? 
10 Avro: Hmmm, that’s true.
20 qəpik: Əlbəttə true. Amma sənə deyim, belə hallar çox çəkmir. Kimsə məni yerdə görür, götürür, qoyur cibinə. Əyilib məni yerdən götürəndə, elə sevinclə atılıram ki, qollarına. Cibində də isti yerimdə, özümçün qəşəng xumarlanıb yatıram. Bircə o bulaşıq cib dəsmalı olmasa, lap əla olar. Amma yenə buna da şükür. Çöldə əl – ayaq altda qalmaqdansa cibdə qalmaq min dəfə yaxşıdır.  Hərçənd sənə deyim elələri var ki, məni yerdə görür, heç veclərinə də almır. Keçən dəfə yekəqarın kişinin biri xarici avtomobilindən düşüb nə etsə yaxşıdır?
10 Avro: What?
20 Qəpik: Ombamdan elə təpik vurdu ki, az qaldı ürəyim ağzıma gəlsin. Hələ bu nədir ki. Zərbənin gücündən diyirlənib kanalizasiya xəttinə düşdüm. İndi bu yayın cırhacırında döz bu üfunət qoxusuna görüm necə dözürsən. Elələri ancaq sənin kimilərə qarşı mehriban olurlar ay Avro qardaş.
20 Qəpik: Bıyyy, bayaqdan ağzım qızışıb, heç səni soruşmuram. How are you avro qardaş?
10 Avro: So, so.
20 Qəpik: Niyə yaxşı yox, so so.
10 Avro: Deyim də, bilirsən ki, sizin ölkəyə gələndən başım çox çəkib. Həm də dilinizi öyrənməkdə çətinlik çəkirəm.
20 Qəpik: Nətər olur əəəə, biz sizin dilinizi öyrənə bilirik, amma siz bizim dilimizi yox?
10 Avro: Qəpik o ayrı söhbətdir, gəl qanımızı qaraltmayaq.
Qəpik: Ok
10 Avro: Sağ ol qəpik, ingilis dilində məndən yaxşı danışırsan....
Bax əvvəllər mən səni fikirləşəndə ürəyim ağrıyırdı. Deyirdim bu qəpik qardaş, sürücülərin, fəhlələrin, kirli – mazutlu, alverçilərin tərli əllərində sığınacaq tapır. Mən isə ətirli, ağappaq bulka kimi toppuş ovuclarda oluram. Amma indi görürəm ki, yanılmışam. Bu həyatda azadlıqdan gözəl nemət yox imiş. Heyif bunu gec anlamışam. Görmürsən rəngim, ruhum saralıb. Bir soruş görüm niyə saralmışam.
20 Qəpik: Soruşdum Why?
10 Avro: Çünki bu qansızlar bizi havasız, susuz seyfdə saxlayır. Düz 2 ay o dəmir seyfdə qalmışam. Ona görə də rəngim saralıb – solub.
20 Qəpik: Сan ay avro, can.
10 Avro: Dünən də yuxumu qarışdırmışam. Tərin – qanın içində yataqdan qalxmışam. Görürəm yazıq anam o dəmir seyfdə əriyib çöpə dönüb. Qışqırır ki, oğlum mənə kömət et. Mən də azad olmaq istəyirəm. Ay qəpik, məni ancaq sən anlayarsan. Nə olar gəl dua edək. Dua edək ki, anam da tezliklə azadlığa çıxsın.
20 Qəpik: Let’s pray.
10 Avro: Bəs harda pray edək?
20 Qəpik: Necə yəni harda. Aid olduğumuz yerdə. Sən kilsədə, mən məsciddə.
10 Avro: Elə isə arzu edək ki, hansısa iki mələk üzlü insan, səni məscidə, məni də kilsəyə aparacaq...

Комментариев нет:

Отправить комментарий