06.07.2012

Qəbirlərin belə kafir sayıldığı bu şəhərdə qumar günah sayılmır

Məscidlə qumarxananın bitişik olduğu Mahaçqalada çarşabsız gəzmək qadınların həyatı üçün təhlükəlidir

“Əvvəllər - təxminən 10 il qabaq buralar belə deyildi. İnsanlar indikindən çox sərbəst idilər. Elə ki təriqətçilər bura ayaq açdı, onlarla “OMON”çuların mübarizəsi başladı, Mahaçqalada həyat da çətinləşdi. İndi burda az qala rahat nəfəs də almaq olmur. İndi hansısa dəbdəbəli gözəllik salonu, diskoteka, pivəxana və s. əyləncə yeri açılırsa, uzağı bir gün sonra oranı partladıb, külünü göyə sovururlar. Hadisənin məsuliyyətini də hansısa radikal qrup (vəhhabilər) üzərinə götürüb deyir ki, İslama ziddir, kafir yuvasıdır. Ertəsi gün isə partlayış törədənlərin izinə düşən hökumət qüvvələri - “OMON”çular əməliyyat keçirir, atışma olur, həmin yer yerlə-yeksan olur. Burda indi vəziyyət belədir, yaşa görüm, necə yaşayırsan...”

Bunları bizə Mahaçqalada ilk oturduğumuz taksinin sürücüsü dedi. Adı Xəmildir, milliyətcə kumukdur, 27 yaşı var. Söhbətindən hiss olunurdu ki, onu yaşadığı yerə bağlayan sadəcə buranın vətəni olması və ailəsidir: “Mən sakit ölkədə yaşamaq istəyirəm, hansı ki, orada kimsə kimsənin həyatına müdaxilə eləməsin, şərt qoymasın...”
Burada belə düşünən təkcə Xəmil deyil. Dağıstanın ucqar bölgələrini heç demirəm, təkcə paytaxt Mahaçqalanı gəzdikcə hər addımbaşı müxtəlif dini təriqətlərin, daha doğrusu özlərini “fundamentalist” (vəhhabi) adlandıranların öz təriqətlərinin təbliğatını və təsirini asanca müşahidə etmək olur. 

“Bu, bizim qadınların həyatı üçün təhlükəlidir...” 

Məsələn qaldığımız Qonaq Evində (Mahaçqalada otel yoxdur, sakinlər deyir ki, vəhhabilər “şeytan yivasıdır” deyə, tikilən otelləri də partladırlar-M.A.) inzibatçı xanımların hamısı hicablı, yaxud da örtüklü idi, xadimədən tutmuş inzibatçı xanıma kimi...
Bu, mən və mənimlə Bakıdan Mahaçqalaya gedən dostumun dərhal diqqətini çəksə də təbii ki, ilk andan soruşa bilməzdik. Çünki bizə elə gəldi ki, hansısa dini təriqətə məxsus Qonaq Evindəyik. Səfərimizin ikinci günü inzibatçı xanımla söhbətimizdə bu məsələni açdıq. Məlum oldu ki, bura hansısa dini təriqətə mənsub deyil, üstəlik sahibi də rusdur. Qonaq evinin işçiləri isə müsəlmandır. “Nədən buradakıların hamısı çarşabda gəzir?” - deyə soruşduqda, inzibatçı qadının cavabı belə oldu: “Burada adət belədir. Düzdür əvvəllər belə deyildi. Onda milli baş yaylıqlarımız vardı, o yaylıqları məmnuniyyətlə örtürdük. Lakin indi məcburən hicaba keçmişik və artıq buna da öyrənmişik. Əks halda küçədə sərbəst gəzmək olmur, neçə ildir, “fundamentalist”lər peyda olublar, başı açıq qadınları güllələyirlər. Küçədə sərbəst dolaşmaq olmaz, əks halda bu, bizim qadınların həyatı üçün təhlükəlidir. Bir müddət əvvəl işçilərimizdən ikisi işə çarşabsız, amma milli yaylıqla gəlirdi. Üç gün sonra “otelin” qapısını “kalaşnikov”dan bərk atəşə tutdular, xeyli ziyan oldu. Axırda şef tapşırdı ki, işə qətiyyən örtüksüz gəlməyək, yoxsa buranı da partladarlar. Çünki onlarla heç hökumət də bacarmır. “OMON” bu gün burda basqın edib, birini tutursa, sabah başqa yerdə peyda olurlar. Demək olar, şəhərdəki əksər məscidə də “fundamentalist”lər nəzarət edir”.

Məscidə bitişik qumarxana... 

Mahaçqalada “Şimal avtovağzal” deyilən yer var və vağzalın yanında isə böyük ticarət mərkəzi yerləşir. Təxminən bizim “Sədərək” bazarına oxşar bu ticarət mərkəzində işləyən qadınların hamısı hicablı, kişilərinin əksəriyyəti isə saqqallıdır. İlk baxışdan belə təsəvvür yaranar ki, bura Rusiya Federasiyasının hansısa subyekti yox, şəriət qanunları ilə idarə olunan bir ölkənin əyalətidir. Bazarda satılan hər şey – pal-paltar, qab-qacaq, digər əşyalar radikal dini qrupların istəyinə uyğun olmalıdır.
Şəhərdə tez-tez rast gəlinən audio və video kaset satış məntəqələrinin əksəriyyətində Quran ayələri oxudulur.
Lakin bir maraqlı məqam bundan ibarətdir ki, Mahaçqalanın çox yerində içki və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsi qeyri-mümkün olduğu halda, canlı mikrofonla loto oyunları sərbəst şəkildə keçirilir. Bu vəziyyətə dediyim ticarət mərkəzinin yanındakı məscidin yaxınlığında rast gəldim. Həyətində ucadan quran səsi gələn məsciddən təxminən 3 metr aralıda 2 kv.m-lik köşkdə loto oyunu keçirilir və audio-kasetdə qadın rus dilində insanları loto oyununa - qumara dəvət edir. Əvvəlcə elə bildim bu təsadüfdür (hansı ki, belə təsadüf Mahaçqalada ağlabatan da deyil-M.A.), lakin cəmi yarım saat sonra Dağıtsan Dövlət Universiteti ilə üzbəüz rast gəldiyimiz məsciddə bundan da betəri qarşımıza çıxdı - loto köşkü düz məscidə bitişik idi və ucadan oxunan Quran ayəsi ilə yanaşı, qadın rus dilində sıra nömrələrini sayaraq insanları qumara dəvət edirdi.
Ərazidən hansısa sərxoş bir adamın keçməsinə təəccüblə baxan insanlar (hansı ki, buna da rast gəlmədik, sadəcə sakinlərlə söhbətdən bu qənaətdəyəm - M.A.), bu hala çox adi yanaşırdılar. 
Məsciddən çıxan Abdulla adlı orta yaşlı bir kişidən loto oyunlarına münasibətini soruşdum. “Bizə qətiyyən mane olmurlar. Daha doğrusu, mən heç nə deyə bilmərəm” – cavabını verib, yanımızdan tələsik uzaqlaşdı....

“Kafirlərə layiq olduqları verilir!...” 

Şəhərdə spirtli içki içilən yerlər, əyləncə mərkəzləri nadir hallarda gözə dəyir, axşam 21:00-dan sonra isə tamam yığışdırılır. İçkiyə meylli insanlar bu ehtiyaclarını kvassla ödəməyə çalışırlar. Kvass satılan köşklərin satıcıları isə baş örtüklü qadınlar, qızlardır.
Müştərisi olduğumuz köşklərin birində satıcı xanım “Mahaçqala deyəsən kvassın məskəndir?” sualımıza belə cavab verdi:
- Hər-halda şeytan içkisi deyil, insanların ağlını başından almır. Vaxtı ilə içirdilər, qızlar oğlana qarışırdı, oğlanlar qızlara... Şükür Allaha ki, spirtli içkilər yığışdırılır, insanlar haqqın yoluna qayıdır... Hər kəs əməli-saleh olmalıdır, kvass da ona görə çoxdur ki, bizim insanlar spirtli içkidən çox, buna üstünlük verirlər.
- Amma maraqlanmışıq, pivə və digər spirtli içki içənlər az deyil, sadəcə tapa bilmirlər...
- Onlar yolunu azanlardır! Getdikcə imana gələrlər İnşallah! Ümumiyyətlə, indi bütün dünya İslama gəlir, hər kəs İslamı anlayacaq İnşallah! Anlamayanlar isə cəzasına çatacaq...
- Güllələnməklə, yoxsa partladılmaqla?
Acıqla “siz çox sual verirsiniz oğlan! Kafirlərə layiq olduqları verilir” - deyib, yanımda duran orta yaşlı qadına kvass süzməyə başladı...
Onun reaksiyası məndə təəccüb doğurdu, belə qənaətə gəldim ki, bu qadının şəhərdə “meydan sulayan” vəhhabilərlə bağlılığı var. Şəhərdə təsadüfən rastlaşdığımız, illərdir orada yaşayan bir həmyerlimiz bunu təsdiqlədi: “Onlar bir qrupdurlar, şəhərin müxtəlif yerlərində kvass “toçka”ları var”.
Həmyerlimiz dedi ki, şəhərdə rus qızların işlədiyi masaj salonları merin göstərişi ilə bağlanıb: “Çünki bağlanmamışdan bir həftə əvvəl salonlardan birinə əl qumbarası atılmışdı. Ardınca da vəhhabilərdən ibarət bir qrup internetdə müraciət yaydı ki, şəhərdə əxlaqsızlıq yuvaları (masaj salonları) yığışdırılmasa, Maxaçqalada cihad elan olunacaq. Ondan sonra mer belə göstəriş vermək məcburiyyətində qaldı”.

“Bunun harası İslam oldu?!...” 

Mahaçqaladan kənarlaşdıqca Dağıstanın aullarında bu vəziyyət daha qabarıq şəkildə özünü göstərir. Biz Dağıstanın qərbinə doğru - Uxilka, Gimri, Qunib, Serub və digər aullara doğru dağlara qalxdıqca yol kənarında hər kilometrdən bir sancılmış qısa lövhələrdə dini çağırışlar, quran ayələri və s. əks olunmuşdu. Diqqət etdikcə gördük ki, “OMON” postları xüsusilə belə çağırışların çox olduğu yerlərdə fəaliyyət göstərir.
Aullarda bizə dedilər ki, yerlilərdən ibarət bəzi gənclər də ruslara olan aqressiv düşüncələrinin ucbatından dağlarda gizlənən yaraqlılara qoşulublar, baxmayaraq ki, milli dəyərlərə üstünlük verən aul sakinləri dağlarda gizlənən yaraqlıların düşüncələrini qəbul etmirlər...
Məsələn, Gimri aulunun başçısı Əli Əsad Maqomedov deyir ki, aullarında 5 məscid var və bütün sakinlər İslamın buyurduğu müvafiq yaşdan sonra həvəslə ibadət edirlər: “Bizim kənddə İmam Şamilin vaxtında olduğu kimi İslam qaydaları eynilə qalır: kəndimizdə nəinki spirtli içki, siqaret belə satılmır (hərçənd Gimri aulu kifayət qədər geniş infrastruktura malikdir-M.A.). Buna baxmayaraq, “fundamentalist”lər, hansı ki, onlar da bizim camaatdandırlar, bizi qınayırlar. Onların fikrincə, biz müasir avadanlıqlardan - kompüterdən, mobil telefondan, yeni inşaat qurğularından və sair istifadə etməməliyik, bu, haramdır. Əgər mən elmin yeni nailiyyəti olan mobil telefondan istifadə etmirəmsə, bunun harası müsəlmançılıq oldu?! Əgər onlar bizə irad tutub özləri internetdən, kompüterdən istifadə etməklə hədə dolu müraciətlərini yayırlarsa, bunun harası İslam oldu? Təəssüf ki, bizim kənddən də ruslara qarşı sərt mövqedə olan bəzi cavanlar radikalların toruna düşürlər. Onlara qoşulub silaha sarılırlar, hara gəldi basqın edirlər...”
Başçı deyir ki, əvvəllər aullardan yaraqlılara qoşulan gənclər gecələr evlərinə qayıdırlarmış. “Bunu bilən “OMON”çular da gecələr kəndə basqın edib, onları tuturdular, atışma düşürdü. Nəticədə aula xeyli ziyan dəyirdi, dinc sakinlərin həyatına təhlükə yaranırdı. Vəziyyətdən çıxmaq üçün iki ay əvvəl Ağsaqqallar Şurasını yığıb qərara gəldik öz aulumuzdan olsalar belə, həmin gəncləri aula buraxmayaq. O vaxtdan “fundamentalist” dəstələri aula buraxmırıq. Çünki nə onların baxışları bizim baxışlarımızla üst-üstə düşür, nə də “OMON”çulara edilən silahlı basqınlar bizə xeyir verir”.

Qəbirlər belə kafir elan olunur... 

Gimri aulunun 104 yaşlı sakini Maqomednəbi Maqomedov deyir ki, indiyə kimi Dağıstanda belə bir islamçı qruplaşmaların, həm də yeniliklərlə barışmayan qruplaşmaların olmasını eşitməyib: “Bizim böyük İmamımız Şamil olub, onun da daim dediyi bu olub ki, bütün avarları elmli görmək istəyir, cahil yox”.
Auldakı İmam Şamil muzeyinin rəhbəri, orta məktəbdə ingilis dilini tədris edən və eyni zamanda məscidlərdən birinin imamı olan Hacı Sultan Abdulxanov deyir ki, radikal qruplar nədənsə hər aulda dağlara bələd olan adamları özlərinə çəkirlər: “Bu yaxınlarda bizim auldakı mağarada 8 nəfər “fundamentalist” (vəhhabi) gizlənmişdi. Hüquq-mühafizə orqanları bunda xəbər tutdu, vertolyot və ağır texnika ilə silahlanmış “OMON”çuları bura tökdülər. Günortadan axşama kimi o mağaranı atəşə tutdular, darmadağın etdilər. Amma heç nə əldə edə bilmədilər, çəkilib getdilər. Onlar gedəndən bir-iki saat sonra 8 nəfər mağaradan sağ-salamat çıxdı, köməyə gələn başqa dəstəyə qoşulub getdi”. 
Hacı Sultan deyir ki, aula buraxılmayan yaraqlılar gecələr qəbiristanlığa da basqın edirlər. Üzərində şəkil olan, müasir mərmərdən tikilən və s. qəbirlər “kafir” elan olunur, dağıdılır. O, bizi aulun qəbiristanlığına (aulun 400 yaşı var-M.A.) apararaq, vəziyyəti orada izah elədi: “Bu qəbiristanlıqda Şeyx Şamilin vaxtında şəhid olanların məzarı var. Bu gün də vəfat edənlər burada basdırılır. Yəni, aul yarananadan indiyədək dünyasını dəyişənlər burada dəfn olunub. Köhnə qəbirlərin arasında, Şamilin vaxtında həlak olanların qəbirlərinin arasında üzərində “David ulduzu” olanlar da var. Ona görə yox ki, onlar yəhudidirlər, bizim yerlərdə ümumiyyətlə, yəhudilər yaşamayıb. Sadəcə Quranda da Davud peyğəmbər kimi qəbul olunur və biz müsəlmanlar ona rəğbətlə yanaşmalıyıq. Bu məsələ Şamilin dövründə xüsusilə diqqət mərkəzində olub və əksər qəbirlərin üzərində ona rəğbət məqsədilə “David ulduzu” həkk olunub. Amma indi aullarda ortaya çıxan bu radikal islamçılar “David ulduzu” həkk olunan qəbirləri varsa, dağıdırlar. Biz bu ulduzlu qəbirləri onlardan güclə qoruyuruq”.
Hacı Sultanın sözlərinə görə, vəhhabi qruplaşmalarının onlardan başlıca tələbi odur ki, bütün yeniliklərdən, xüsusilə qeyri-islam aləmindən gələn yenilikləri tətbiq etməsinlər: “Bu necə mümkün ola bilər ki, inkişafdan kənarda qalaq? İslamda belə bir şey yoxdur. Bu təriqətçilər özlərini radikal islamçılar adlandırsalar da, islamın şərtlərinə əməl etmirlər.”
Aulda söhbət etdiyimiz mömin insanlar da radikal qrupların, yaraqlıların əməlləri ilə razılaşmırlar, onları qınayırlar. Bütün aulların sakinləri də vəhhabilərin əleyhinədir. Buna baxmayaraq, yaralıların təhdidi nəinki Dağıstanın ancaq getdiyimiz aullarında, keçdiyimiz hər yerdə, bütün yaşayış məntəqələrində hiss olunur...

Mübariz Aslanov                   Bakı – Dağıstan - Bakı                  lent.az





Комментариев нет:

Отправить комментарий