06.07.2012

“Vətənə gələndə ilk aradığım keçmiş həyat yoldaşım olur”

Nuridə Atəşi: “17 ildir ki, bir qəpik belə almadan Azərbaycana işləyirəm”


P.E.N. Almaniya mərkəzinin üzvü, Alman Jurnalistlər Birliyinin Berlin şöbəsində komitənin sədr müavini, yazar və tədqiqatçı Nuridə Atəşi ilə müsahibə

Nuridə xanım, gəlin söhbətə ən son uğurlu tədbirinizdən başlayaq. Mayın 23-də Almaniya Xarici İşlər Nazirliyində Almaniya Jurnalistlər Birliyinin Berlin şöbəsi ilə bərabər möhtəşəm bir tədbir keçirdiniz. Tədbirin təşəbbüskarı siz oldunuz və Almaniya Xarici İşlər Nazirliyi (XİN) ilk dəfə bir Azərbaycan cəmiyyəti ilə müştərək tədbir keçirdi...
-Haqlısınız. Bu il Alman Jurnalistlər Birliyi Berlin bölməsində bərabər haqqlar komitəsinə sədr seçildim və ilk işimə belə bir müştərək layihə hazırladım. Layihə həm Almaniyə Xarici İşlər Nazirliyi, həm də Alman Jurnalistlər Birliyi tərəfindən maddi və mənəvi dəstəklə həyata keçirildi. Bu mənə olan böyük etimad idi və məncə mən bu etimadı doğrulda bildim. 

Dünyada əzilib susdurulan həbs olunan jurnalistlərə, yazıçılara dəstək olan beynəlxalq təşkilat P.E.N.-ə üzv seçilmisiz. Amma bu sahədə aktivlik göstərmirsiz... 
-Tam haqlısınız. Bu barədə hələlik müşahidələr aparır, bəzi layihələr hazırlayıram. Əslində. Azərbaycanda P.E.N.-in sədri Çingiz Abdulayevdir. Bu onun birbaşa vəzifəsidir. Lakin onun bu sahədə fəal olacağına heç ümid etmirəm. Ona görə də bu sahədə öz üzərimə düşən öhdəlikləri yerinə yetirəcəyimə qəti əmin ola bilərsiniz. Mən hər şeyi zamanında və yerində etməyi bacarıram.

Azərbaycan Yazıçılar Birliyini necə görmək istərdiniz və bugünkü ədəbi mühiti necə xarakterizə edərdiz? 
-Yazıçılar Birliyini dünyanın bütün sivil ölkələrinin yazıçılar birliyi kimi görmək istərdim. Mən bir neçə illərdir ki, Yazıçılar Birliyinin üzvüyəm. Hətta bu kartı heç yerdə göstərməsəm də AYB-nin Almaniya və Avropa üzrə təmsilçisiyəm. Hələ indiyə qədər nə bir tədbir, nə də fəaliyyət haqqında yazılı və şifahi dəvət, məlumat almamışam. Azərbaycanda güclü ədəbi nəsil yetişir. Lakin bunlar xarici dilə tərcümə olunmurlar. Onların xaricə çıxışları zəifdir, beynəlxalq forumlara qatılma şansları isə çox azdır. Çox arzu edərdim ki, intriqalara, ədəbi düşmənçiliklərə son qoyulsun və ümumilikdə ədəbiyyatımızın inkişafına dəstək ola biləcək işlər, dəyişikliklər edilsin.

Həmişə əksər mental dəyərlərin qadınlarımızı sıxmasını dilə gətirirsiz. 1995-ci ildə ölkəni tərk edərkən gördüyünüz Azərbaycan qadını ilə bu gününkü qadınlarımız arasında hansı fərqi hiss edirsiz? 
-Doğrudur. Mən illərlə həm cəmiyyət, həm ailə, həm də ər evi tərəfindən bütün əzablara, məşəqqətlərə, hətta fiziki işgəncələrə belə (həyat yoldaşım tərəfindən) məruz qalmışam. Lakin məhv olmadım. Sıyrılıb çıxmağı bacardım və qalib gəldim. Mən arxamda minlərlə mənim kimi əzilən, bədbəxt qadınları qoyub azad Avropaya çıxa və xöşbəxtliyimi qazana bildim.
Ona görə də, mən qadınların azadlığı, onların güclü olmaları, əzilmiyə, zülmlərə necə dirənə və sonda qalib gələ bilmələri üçün yazıram. Mənə gələn məktublardan bilirəm ki, yazılarımda minlərlə qadınlar özünü tapır və məndən güc alır.

Çox vaxt müsahibələrinizdə qeyd edirsiz ki, yetəri qədər ağıllı, güclü və zəkalı qadınsınız. Güclü olmaq üçün nələrdən keçmişsiniz?
-Ağıllı olmaq üçün əlbəttə xətalar, səhvlər etmək və bu səhvlərdən öyrənmək lazımdır. Güclü olmaq üçün isə çətinliklərdən çıxmaq, sənə edilən pisliklərdən qorxmayaraq daha da inadkar olmaq lazımdır. Mənə şair, ictimai xadim, xüsusən də, qadın kimi hər cür pisliklər, intriqalar, böhtanlar atıldı. Yollarım bağlandı, qəsdən manelər edildi. Lakin bunların hamısı məni daha güclü, daha inadkar və daha mətin etdi. Artıq atılan daşlar mənə çatmır.

Ailə həyatınızda olan eniş-yoxuşlardan sonra bu gün demək olarmı ki, Nuridə Atəşi xoşbəxtdir?
-Bəli, mən çox səmimi insanam. Nə şerlərimdə, nə yazılarımda nə də müsahibələrimdə heç vaxt maskalanmıram. Mənim hər zaman öz bəlli imicim olub. Heç vaxt bu imici dəyişməyə çalışmamışam. Sevib qəbul edilməyin və yaxud inkar edilməyin tərəfində olmuşam. Məni anlamayan insanlara da hər zaman hörmətim var. Zatən hər kəsdən məni anlamasını, dərk etməsini heç bir zaman gözləməmiş buna səy göstərməmiş və arzulamamışam da.

Xoşbəxtliyin meyarı nədir?
-Xöşbəxtlik azadlıqdadır. Yaza bilmək, yarada bilmək, həm maddi həm mənəvi asılı olmamaq. Öz həyatını istədiyin kimi qura və yaşa bilmək. Mən doğrudan çox xöşbəxt qadın və xöşbəxt anayam. Yazar kimi də xöşbəxtəm.

Həyatda uğur qazanmaq üçün mütləq nələrdənsə keçməlisən. Nuridə Atəşi uğurları üçün nələrdən keçib? 
-Əlbəttə qurbanlardan keçməlisən. Itkilər verməlisən. Mənim verdiyim birinci ən böyük qurban vətənim oldu. Vətəni atıb xaricə köçməyə məcbur oldum. İkinci itkimsə, dünyalar qədər sevdiyim ailəm oldu. Mən ərimi doğrudan sevirdim və onu sevə-sevə atıb qaçdım. Qaçmasaydım, ər evindəki o məhbəs həyatda bir yazar, bir qadın və bir ana kimi çürüyərək məhv olardım. Bilirsiz ki, mənim övladıma həkimlər tərəfindən ölüm hökmü oxunmuşdu. O zamana qədər mən hər şeyə dözürdüm. Lakin bu hökmə həyat yoldaşım baş əyərək “Uşaqdır, ölər yenisini doğarsan, hələ cavansan!” dediyi zaman mən üsyana qalxdım. Onu yatdığı yerdəcə qoyub gizlincə pasport, viza alaraq Almaniyaya qaçdım. Bu addımımdan heç peşman da deyiləm və bu gün də belə edərdim. Deyirlər ərsiz yaşamaq olar, ama övladsız yox. Bu doğrudur. Mən indi vətənə gələndə ilk aradığım insan keçmiş ərim olur. Biz yaxşı dostuq. Hər zaman balaları ilə görüşür. Layiq olsa da, olmasa da ata sevgisini hər zaman balalarımın ürəyində yaşatdım. Ər-arvad ayrıldıqları zaman uşaqları valideynlərdən məhrum edən ata analar çox böyük səhvlər edirlər. Onların uşaqları mənən yaralı böyüyür və bu onların inkişafında, psixikasında heç zaman düzəldilməsi mümkün olmayan yaralar açır. Ər-arvad artıq bir birlərini sevməyə bilərlər amma onlar birlikdə övladladlarını hər zaman sevməli və bu sevgidən onları məhrum etməməlidirlər. Layiq olsalar da olmasalar da bunun heç bir əhəmiyyəti yoxdur.

“Vətənə gələndə ilk aradığım keçmiş həyat yoldaşım olur”Qızınız da yaradıcılıqla məşğuldur. Olurmu heç bəzən sizin yazmaq istədiklərinizi qızınız qələmə alır? Ümumiyyətlə özünüzü görə bilirsinizmi onda?
-Qızım Ayanın hazırda 22 yaşı var. Çox hallarda mənə deyir ki, mən səndən daha çox amazonam. Və onun yaşındakı Nuridəni xatırlayanda görürəm ki, məndən daha güclü, daha ağıllı və daha inadkardır. Gözəl qələmi var. Almanca, ingiliscə yazır. Lakin mənim davamçım olmaq istəmir. “Dünyaya bir Nuridə Atəşi yetər mənsə, Ayan Atəşiyəm öz yolum olacaq” deyir. Bu yol tez-tez haçalanır, sonunu görə bilmirəm. Amma arzu edirəm ki, mənim yollarım kimi dəhşətli, qaranlıq və daş-kəsəkli olmasın. Onun zərif vücudunun bu keşməkeşlərə dözə bilməyəcəyindən çox qorxuram. Amma istəməsə də hər zaman əlimdə məşəl onu qorumaq üçün özümü ölümə atacaq qədər hazır dayanmışam.

Kifayət qədər oxucularınız var. Nə üçün Azərbaycanda köşə yazıları yazmırsız? 
-Mənim yazmaq istədiyim qəzetlərin mənə qonarar verməyə imkanı yoxdur. Qələmimi ucuz edib qonararsız heç bir yerə yazmamağa söz vermişəm. Doğrusu heç vaxtım da yoxdur.
Bakıya hansısa ədəbi tədbirə qonorarsız şer oxumağa gələrsiz?
-Əlbəttə gələrəm. Mən 17 ildir ki, bir qəpik belə almadan Azərbaycana işləyirəm. Lakin qələmimin və öz istedadımın dəyərini bilirəm. Bir də məndən çoxları çəkinirlər. Zaman gələcək məni anlayacaqlar. İnşallah ki, bu gec olmaz.

Sizin şeirlərinizə bir neçə məşhur bəstələr olub. Son vaxtlar şerlərinizə müraciətlər olunmur... 
-Niyə ki, olunur. Məsələn, Elza Seyidcahan, İmruza Hüseynova və başqaları sözlərimə mahnılar bəstələyiblər. Lakin sonda bu mahnılara klip çəkdirməyi sanki mən etməliyəm. Əksinə, onlar mənə qonarar verməlidirlər. Mənim belə ucuz şöhrətə ehtiyacım yoxdur ki, özüm pul verib klip çəkdirim ya müğənnidən xahiş edim mənim mahnımı oxusun. Bunlar mənim qəbul edə bilmədiyim nüanslardır.

Almaniyada diaspora fəaliyyətiniz niyə dayandı?
-Mən diaspora fəaliyyətinə 17 il qabaq başlamışdım. Gördüyüm işlər göz qabağındadır. İndiki şoular mənlik deyil. Mən artıq daha ciddi proyektlər üzərində işləyir və dünyaya açılıram.

16 ildir ki, üzərində inadkarcasına işlədiyiniz Amazon proyektindən nə gözləyirsiniz?
-Bu proyekt dünya elmini möhkəm silkələyəcək. Qafqaz və Azərbaycan tarixinin qaranlıq səhifələrini üzə çıxaracaq. Azərbaycanı mən Amazonlar ölkəsi olaraq dünyaya tanıdacağam. Hazırda bütün sevgimi, zamanımı, enerjimi, gücümü bu projeyə yönəltmiş və gecə-gündüz özümə inamla və inadla çalışıram. Əminəm ki, istədiyim nəticəni alacağam. Amma çox yalnızam. Kaş ki, bircə dənə də Nuridə Atəşi olaydı və məni dəstəkləyəydi. Onda min artıq işlər görə bilərdim. Amma zoru bacarmaq gözəldir. Asanı hamı bacarar.

Portalımıza arzu və təklifləriniz...
- Nə qədər portallar var. Çox gözəl ideyadır belə bir adda internet portalı yaratmaq. Arzu edərdim qeyri-adı, bənzərsiz və dinamik olsun. Saytınız bir tərəfə işləməsin, çox yönlü, objektiv, dürüst, rəngarəng və uzun ömürlü olmağını diləyirəm. Qələminiz iti olsun!


Könül İbrahim                    veteninfo.az

Комментариев нет:

Отправить комментарий