16.07.2012

Roman sənəti və nəslin davamı

Namiq Hüseynlinin tərcümələri

Milan Kundera 

“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni qəribə bir hiss bürüdü, məgər bütün böyük roman qəhrəmanları övladsız olur. Gerçək həyatda əhalinin cəmi bir faizinin uşağı olmadığı halda, məhşur roman qəhrəmanlarının minimum əlli faizi özündən sonra nəsil qoymadan səhifələr arasında itib gedir. İstər Pantaqruel olsun, istər Panurq, istər Don Kixot, heç birisinin övladı yox idi. Təkcə onlarınmı? Heç “Təhlükəli Əlaqələr” filmindəki Valmonunun da, Markiza de Merteyin də, xeyirxah prezident arvadı madam de Turvelin də uşağı yoxdur. Ya da Henri Fildinqin ən məhşur personajı olan Tom Consun, həmçinin Hötenin gənc Verterinin də uşaqları yox idi.

Stendalın az qala bütün roman qəhrəmanları uşaqsızdır (ya da heç vaxt uşaqlarının üzünü görməyiblər), eyni şeyi Balzakın və Dostoyevskinin qəhrəmanlarının əksəriyyətinə aid etmək olar. Əgər keçən əsrə baxsaq “İtmiş zamanın axtarışında”əsərinin baş qəhərəmanı haqqında da və əlbəttə ki, Robert Muzilin əsas qəhrəmanları olan, Ulrix onun bacısı Aqata, Valter və onun arvadları Klarisse və Diotim haqqında da, Qaşekin qəhrəmanı Şveyk və Kafkanın bütün qəhrəmanları haqqında da eyni şeyi demək olar. Doğrudur Kafkanın qəhrəmanı olan Karl Rossmanı istisna etmək lazımdır, ancaq o da xidmətçi qızı hamilə qoyduqdan sonra doğulacaq uşağı həyatından silmək üçün başını götürüb Amerikaya getmiş və ardınca belə bir romanın yaranmasına rəvac vermişdir. Haqqında bəhs olunan sonsuz qəhrəmanlar heç də yazıçıların şüurlu məqsədindən doğmayıb, roman sənətinin öz mahiyyəti  (yaxud da bu sənətin şüuraltı tərəfləri) nəslin davametməsi ideyasınyla heç cür barışmır.
Haydeqqerin dediyi: “Roman ayrı-ayrı şəxsiyyətlərin yaratdığı “Yeni dövrün” təşəkkülü ilə, ortaya çıxdı” fikri hər şeyin əsasında dayanır. Romanın sayəsində Avropada insan şəxsiyyət kimi hökmünü göstərməyə başladı. Əslində, valideynlərimizin bizdən öncə necə yaşadıqları haqqında çox az şey bilirik, bizim yaxınlarımız haqqında biliklərimiz səthidir, sadəcə onların dünyaya necə gəldib getdiklərinə şahid oluruq, onlar dünyadan silinən kimi yerlərini başqaları tutur, onlar böyük bir əvəzlənmə qatarı yaradıblar. Məhz roman kütlə içindən bir nəfəri seçib başdan-başa onun həyatını, fikirlərini, duyğularını danışır, onu əvəzedilməz edir, o hər şeyin mərkəzində dayanır.
Don Kixot ölür və roman sona çatır, bu birdəfəlik sondur, çünki Don Kixotun uşaqları yoxdur, əgər uşaqları olsaydı onun həyatının bir davamı ola bilərdi, bəlkə onu yamsılayan ya da onu mühakimə edən birisi olacaqdı, bəlkə onu müdafiə edəcək ya da ona xəyanət edəcəkdilər. Atanın ölümü qapının arasını açıq qoyur, lap uşaqlıqdan başlayaraq biz dəfələrlə məhz bunu eşidirik, sənin həyatın uşaqlarında davam edəcək, sənin uşaqların, sənin ölümsüzlüyündür.  Ancaq əgər mənim həyat hekayətim, şəxsi həyatım başa çatdıqdan sonra belə davam edə bilirsə, deməli mənim şəxsiyyətim yetkin bir şəxsiyyət deyil, onda hələ başa çatmamış nələrsə var, o təklikdə tam məna ifadə edə bilmir. Belə anlaşılır ki, fərdin içində əriyib yoxa çıxdığı, öz kimliyinin unudulmağına şərait yaratdığı, ailə, nəsil, söy-kökü, millət kimi tamamilə konkret, dünyəvi şeylər var. Bu “hər şeyin əsası” olan fərdin, bir neçə əsirdir Avropanın bəslədiyi, illüziyadan, xəyaldan başqa bir şey olmadığı anlamına gəlir.
Qarsia Markezin “Yüz ilin tənhalığı” kitabının sayəsində roman artıq fərdiyyətçilik xülyasıyla vidalaşıb, indi diqqət mərkəzində ayrıca bir fərd deyil, fərdlərin bir-birini əvəz etdiyi uzun bir zəncir dayanır. Onlar hamısı özünə görə unikal, təkrarsız olmaqla bərabər əsərin axınında ötəri bir işıq zolağı kimi gözə görünüb yox olurlar, hər bir fərd unudulmalıdır və onların hər biri bu haqda düşünür, heç bir qəhrəman əvvəldən axıra kimi romanın əsas siması olmur. Romandakı qəhrəmanların ulu nənəsi olan qoca Ursula yüz iyirmi yaşında dünyasını dəyişsə də roman bu hadisədən xeyli gec qurtarır. Burada diqqəti çəkən başqa bir məqam  da var ki, bütün surətlərin adları bir-birinə bənzəyir, məsəlçün: Arkadio Xose, Xose Arkadio, ikinci Xose Arkadio, Aureliyano Buendia, ikinci Aureliyano. Müəllifin bunu etməkdə məqsədi, surətləri bir-birindən fərqləndirəcək cəhətləri dumanlı şəkildə təsvir edib oxucunun onları qarışıq salmasına nail olmaqdır. Onlar bütün cəhətləri ilə avropanın fərdiyyətçilik dövrünə yaddırlar. Bəs görəsən onlar hansı dövrə aiddirlər? Amerikanın hindu keçmişinəmi? Ya da ayrı-ayrı fərdlərin insan cinsi içərisində əriyib yoxa çıxacağı gələcəyəmi? Mənim fikrimcə bu roman, romançılıq sənətinin zirvə nöqtəsi olmaqla bərabər, ənənəvi roman dövrü ilə vidalaşmadır

(“Le Monde” qəzeti, Fransa) 29/05/2007

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий