08.07.2012

Rövşən Yerfi. İNSAN

Şübhə yoxdur ki, sayı bilinməyən qalaktikalar, o cümlədən bizim dünya - hüdudu olmayan məkana və zamana sığmayan nəhəng fövqəlenerji ümmanında üzür. Bütün canlılar və cansızlar, yerin tərkindən göylərədək, yaranışından məhvinədək o enerjinin birbaşa təsiri və ya daxili qanunauyğunluqları ilə tənzimlənir.
Biz insanlar Tanrının mələkləri hesab etdiyimiz - gözlə görmədiyimiz, hiss edə bilmədiyimiz miqdarı, sayı sonsuz, müxtəlif ölçülü qüvvə tezlikləri ilə dolu dalğalar selində yaşayırıq. Bir həqiqətdir ki, həmin enerjinin bir damlası olan ruhumuz o dalğalardan aldığı impulslarla bizi düşündürür və daim idarə edir. Insan oğlunun dərk etməyə qadir olmadığı bu elm Tanrının elmi adlanır. Tanrı heç razı olarmı ki, qulu Onun elmini bilsin? 
***  
Tanrının ucsuz-bucaqsız böyük kainatı, əmrlərin sözsüz, şərtsiz itaətlə yerinə yetirən saysız hesabsız mələkləri, cinləri ola-ola "faili-muxtar" sayılan insanı görən, o müqəddəs, hansı zərurətdən yaradıb? Bu qərara gələndə mələklərin sarsılmayan səadətindən, dəyişilməyən itaətindən yorulmuşdu, olmaya? Yoxsa hər şeyin qədərində olmasından usanmışdı? Darıxıbmış yekrənglikdən, eynilikdən, təyinatlı, üzüyola mələklərindən. Bəlkə də təzadlı müxtəliflik, rəngarənglik düşübmüş könlünə. Xislətində hərislik, nanəciblik, naşükürlük daşıyan, qadağalara məhəl qoymayan, qaydasızlığı azadlıq sayan, günahını anlayanda tövbə edən, yalvaran qulunun olmasını istəyibmiş yəqin. Bax, onda Tanrı insanı yaradıb! Bilə-bilə pisləri, yaramazları, acgözləri, şərəfsizləri paylayıb yaxşıların ətrafına. Lazım bilməmişdi hamısı yaxşı olsun, Yaradanını tanısın. Çünki onları insan yaratmışdı, mələk yox! Ruhu daim maddiyatın məngənəsində sıxılan, əzablarla sınanan insan... Ona belə gərək idi. Külli aləmin düzənini aparan fövqəlqüvvə nə etdiyini yaxşı bilirdi…

Комментариев нет:

Отправить комментарий