08.07.2012

YUMRUQ

Akif Abbasov


İmran can üstə idi. Həkim gəlib baxmış, başını bulayaraq getmişdi. Oğul-qız İmranın başının üstünü kəsdirib durmuşdular. Danışdırırdılar, dinmirdi. Nitqi kəsilmişdi. Onların sifətinə baxır, nəsə demək istəyir, fəqət ürəyindən keçənləri dilinə gətirə bilmirdi. Ətrafdakılar da heç nə anlamırdılar. Dayanlb baxırdılar. Onlar artıq İmrandan əllərini üzmüşdülər. Amma ümidlərini kəsməmişdilər. Odur ki, Qızpəri soruşdu:
-Ata, bir söz de. Puldan-paradan nəyin qalıb, haradadır?

İmran əlini yumruq kimi büküb nəyisə başa salmaq istədi, ancaq başa sala bilmədi.
 Ağagül   irəli yeriyib dedi:
-Dədə, bəlkə pulların yerini deyəsən...
İmran yenə yumruğunu qaldırdı.
Ağasəf deyindi:
-Zalım oğlu, elə bil Lenindir, əlini, yumruğunu qaldırır. Nenəyirik yumruğunu, səndən sonra yumruğunu yeyəcəyik???
Zalxa arvad düşündü ki, İmran onun ömür-gün yoldaşıdır, uşaqlardan pulların yerini gizlətsə də, arvadına  hər halda sirr gələr, neçə il bir yastığa baş qoyublar, can deyib can eşidiblər. Ondan heç nə gizlətməz. Odur ki, inamla dilləndi:
-A kişi, onlara demirsən-demirsən, barı mənə de. Balta kəsməz pullarını haralarda gizlətmisən?
İmran yenə yumruğunu göstərdi. Zalxa deyindi:
-Üzünü mürdəşir yumuşu bir görürsən sən allah! Bir maşın pul Allah bilir kimə qismət olacaq, bundan sonra haralarda çürüyüb gedəcək! A kişi, özündə-sözündə olanda pulların yerini soruşmadıq ki, xətrinə dəyər, pisinə gələr. Fikirləşərsən ki,  “Keçi nə hayda, qəssab piy axtarır”.
İmran baxışlarını arvadının sifətinə dikərək, onun nə mərifət xərc edəcəyini gözləyirdi. Zalxa sözünə davam etdi:
-Daha köçünü  bu dünyadan çəkirsən, ağıllı ol, de pullarının yerini, qızılların yerini. Tez-tez  yerini dəyişdiyin pulları, qızılları deyirəm.
İmran yavaş-yavaş yumruğunu havaya qaldırdı.
-Bəlkə tavanı sökək, damda gizlədib, nədir?!
Bunu Ağagül dedi.
İmran gözlərini yumub hərəkətsiz qaldı.
-Öldü nədir?
Bu sözlər də  Ağasəfin dilindən çıxdı. Qızpəri onun nəbzini tutub:
-Ölməyib... Tələsirsiniz nədir? Daha bəsdir kişini sorğu-suala tutdunuz. Onsuz da huşu özündə deyil. Ağlı başından çıxıbsa, heç yadına düşər ki, pullar haradadır. Pullardan əlinizi üzün.
Qızpərinin atasına yazığı gəlirdi, yoxsa qardaşlarının başının altına yastıq qoymaq istəyirdi, bilinmədi.
Bir neçə gün keçdi. Qardaşlar evin damına da baxmışdılar, zirzəmiyə də. Pullardan əsər-əlamət belə yox idi. Arvad-uşaq İmranın yanından əl çəkmirdilər. Birdən çaşıb pulların yerini deyər. İmrandan gözlərini çəkmirdilər. Axır zamanlar elə bil İmran bir az özünə gəlmişdi. Arada sudan, çaydan, toyuq  supundan içirdi. Əvvəllər hər dəfə gələndə “İmran dünən bu günkündən yaxşı idi” deyən həkim indi hər dəfə xəstəyə baş çəkib gedəndə “bu gün dünənkindən yaxşıdır” deyirdi. Rayon həkiminin məsləhəti ilə İmranı “Təcili yardım maşını”na oturdub Bakıya – Tibb unversitetinin 14 mərtəbəli klinikasına gətirdilər. Bir il olardı ki, bu tibbi klinika istifadəyə verilmişdi və  müalicə imkanlarına və tibbi avadanlıqlarına görə analoqu olmayan bir xəstəxana idi. Həkimlər on günün içində İmranı ayaq üstə qoydular.
İmranı Ağagülün maşınına oturdub evə gətirəndə arvad-uşaq dözə bilməyib elə yoldaca ondan xəbər aldılar:
-A kişi, şükür Allaha özünə gəlmisən! İndi soruşmaq olar: biz pulların yerini xəbər alanda sən hər dəfə yumruğunu göyə qaldırırdın. Pulun harada olduğunu demək istəyir, fəqət deyə bilmirdin?
Qızpəri əli uşaqlı olduğndan onlarla gəlməmişdi.
İmran uğunub getdi:
-Mən Sizə fikir verirdim. Görürdüm ki, məndən daha çox pulların, qızılların hayındasınız. Ona  görə də qərara aldım ki, kəfəni yırtıb ayağa qalxım.  Yumruğumu qaldırmaqla heç nəyə işarə etmirdim. Sadəcə, heyim qalmamışdı ki, baş barmağımı şəhadət barmağımla orta barmağımın arasına keçirim ... Bilirsiniz bu nə demək idi? Çox özünüzü üzməyin, pulların, qızılların yerini deməyəcəyəm...

Комментариев нет:

Отправить комментарий