21.07.2012

SAYMAN ARUZA ATILAN DAŞLAR

AZAD QARADƏRƏLİ


Bir neçə il əvvəlin söhbətidir. Doktor Cavad Heyətlə söhbət edirdik. Həm o tayda, həm bu tayda zaman-zaman məğlubiyyətlərimizin, torpaq itkisinin səbəbləri barədə danışırdıq. Dəyərli ziyalımız qəfil dedi: "Bizə düşmənin gücü çatmaz!"
Özü də bunu elə qətiyyətlə dedi ki, mən çaşqın halda üzünə baxa-baxa qaldım. Yaşı 90-a doğru gedən bu kişidən hələ indiyəcən bircə dəfə də olsun boğazdanyuxarı söz eşitməmişdim, populizm ona yaddır. Bəs indi qəfildən niyə belə desin?

Mən bu düşüncələrimə dalmışkən doktor qəfil kəsdiyi nitqinə “zira” bağlayıcısıyla başladı. Bu isə o demək idi ki, kişi cümləsini bitirməyib.
“...zira gücümüzü düşmənin gücünün üstə qoymasaq...”
Dərindən nəfəs aldım. Və özümə gəlsəm də, üstümdən götürüldüyünü zənn etdiyim dağ  yenidən ağnadı mənə tərəf. Qaçmağa isə yer yox ki! Lap hərb vaxtı deyilən kimi: arxada vətəndir...
Əcəba, biz niyə belə məkirliyik bir-birimizə qarşı? Türklüyümüzə, kimliyimizə, torpağımıza, ad-sanımıza dəyən zərbələr azmış kimi, özümüz də bu zərbələrə qüvvət veririk, nədən? Xətai Sultan Səlim, Əmir Teymur  İldırım Bəyazid , Ağqoyunlu Qaraqoyunlu, Məmmədəmin Nərimanov davaları niyə bitmək bilmir?
Güneylə sərhədlər söküləndə ağlayan, Arazın sularına baş vuran, o tay bu tay bağıra-bağıra “qardaş heyyyy!” deyən biz deyildikmi? İndi nə oldu? Birləşdikmi? Problemimiz çözüldümü? Dərdimiz bitdimi? 
Amma hə, ikinci mənasında bitib dərdimiz, bitib nədi, lap göyərib, çiçəkləyib, düşmənin gözü aydın olmasın heç, hələ bar gətirməyə də yaxındır...
Neçə müddətdir ki, sakitcə izləyirəm. Sayman Aruz deyilən bir gənc var. Cibinin pulunu, gözünün nurunu, biliyini xalqının yolunda sərf etməkdən  vaz keçməyən bu qələm adamının üstünə min yerdən tökülüşüblər. Əvvəla, Sayman bəy bizim əziz Güneyimizdən bura pənah gətirib. (Əslində pənah-zad gətirməyib, bura da onun ata yurdudur, vətənidir) Ən azı buna görə onun üstünə belə allahsızcasına tökülüşüncən, gedin çoxdan unutduğunuz əsər yazmaq vərdişiylə məşqul olun. Axı siziə yazıçı deyirlər!
İkincisi də bir yaşınıza-başınıza baxın, o sizin oğlunuz yerindədir. Və əgər bunu da göz önünə gətirmirsinizsə, onda daha mənim sizə sözüm yox. Bir çoxunuzun yalandan, bir çoxunuzun tıxa-basa yeməkdən ara vermək xatirinə tutduğunuz o orucluq sizə qənim olsun! Elə eləməyin ki, Azərbaycan mətbuatında yeni bir səhifə də biz açaq:
- Sayman Aruzdan əlinizi çəkin!
Və sonda. Sayman Aruza atılan daşlar birlik, bütövlük ideallarımıza, 1813 və 1828-ci illərdə kəsilən yolumuza, qanadılan ürəyimizə atılan daşlardır.

Комментариев нет:

Отправить комментарий