15.07.2012

Tanrının rəqsi

Halidamu


Deyirlər mistiklər zamanda seyr edən,zaman-məkan hududlarını aşan və varlığın gerçək təbiətinə nüfuz edən tanrısal ruhlardır.Məncə zamanda seyr yox,zamanda rəqs edən,"mən"ini unudan elə Tanrının özü olan sirr sahibləridir mistiklər,aydınlaşmışlar.Ümumiyyətlə varlığın əsasında duran hərəkət məfhumu elə anlayışdır ki,var olmaq yalnız onunla mümkündür və Tanrı deyilən ideya da,məhz varlığın özünü təşkil edən,daimi hərəkətdə olan,rəqs edən enerji BÜTÜNÜDÜR.Dünyanı və özünü dərkin metodlarından birinin də rəqs olması məhz buradan qaynaqlanır mənim fikrimcə.Sufi dərvişlər onunçün rəqs edirlər ki,rəqs zehni dayandırıb ruhu dövrəyə qoşur və insan bu zaman əslinə-TANRILIĞINA,ÖZÜNƏ qayıdır,bununla da gerçək halına qayıdan insanlar yaşadıqları cəmiyyətin qanunlarına tərs düşən atmosferdə yaşayır və cəmiyyət üçün qəribə,hətta dəli kimi görünürlər-Həllac,Şibli,Şəms və s kimi...
Fiziklər də təsdiq edərlər ki,əyrixətli hərəkət kainatda əsas hərəkət növüdür və bu da məncə,varlığın rəqs edərək mövcudluğu deməkdir,tanrının elə rəqs olması deməkdir.Və bu o rəqsdir ki,onun musiqisi insan varlığının qəlbində köklənmişdir.Məhz o musiqini duyanlar,o rəqsi edənlər kamillik zirvəsinə yetişmiş ariflərdir.Tanrı rəqs edir və bu rəqs dalğalanaraq görüntülər ortaya çıxarır.Təsəvvüfdə buna "Elmi surətlər" deyilir ki,deməli var olan hər şey ruhi rəqsin təcəllisidir-vahid olanın müxtəliflikdə ortaya çıxan TƏKLİYİDİR.Bu səbəbdən torpaq da,su da,od da və qısası hər cür bütün özü belə ibadət ediləcək müqəddəslik anlamı daşıyır.Bunu təsəvvüfdə "Zahir də Odur,Batin də" deyimi ilə səsləndirirlər.
Görüntüləri olan və ya olmayan bu rəqsin ən böyük sirri odur ki,onun musiqisi qeyri-müəyyən qanunlara,qeyri-müəyyən not sisteminə malikdir.Varlığın hər atomu,elementar zərrəciyi və antimaddəsi belə bu tanrısal ruhun qeyri-müəyyən rəqsinin müəyyən kimi görünən təcəllisidir.Əbəs yerə Kvant fizikasının ən mühüm qanunlarında biri "Qeyri-müəyyənlik prinsipi"adlanmır.Yəni,artıq "zərrə külün aynasıdır"ideyası mistikadan -elmə gəlir.Böyük sufi Əbdülkərim Cilli bu barədə-"Tanrı aləmin zərrələrində açığa çıxmışdır,buna görə haqqın açığa çıxdığı hər varlığa tapınmaq gərəkdir" kimi deyimi bizə qədim sivilizasiyaların tanrını hər cür formada-heyvan,daş,su,ağac və s.təsvir etmələrinin açarını verir.Əslində varlıqda bu açığaçıxmanın,bu ruhi rəqsin insanda özünü göstərməsi bütün zamalarda gizli saxlanılmışdır.Məhz buna görə də gizli öyrətilərdə Tanrı hər zaman dişi,qadın kimi təsvir və təfsir edilmişdir.Qadınlar Tanrının ən müdhiş və kefli şəkildə rəqs etdiyi ruhi sahədir.Çünki yaranışı təkrar da,seksual həzz də,dərketmənin intiusiya növünə üstünlük də məhz qadın varlığında özünü daha çox biruzə verir ki,əslində burada seksual həzz alan da,yaranışı təkraralayan da məhz -Rəqqasə-Tanrıdır.İslamda bir deyim var:"Tanrı qısqancdır"Doğrudur,çünki O özündən başqa heç kəsdən həzz alınmasına razı olmur və qadınların timsalında özü həzz alan kimi daim mövcuddur.Hindlilərin tanrıya KREŞNA-yəni,ən böyük həzz alan demələrinin də mənası heç şübhəsiz bununla bağlıdır.Çünki bütövlük bir-birindən heç bir notunun ayrılması mümkün olmayan Tanrı-Rəqsidir.Məhz buna görədir ki,dahi sufi mürşidi İbn Ərəbi "Qadın-kişi münasibətlərindən,yəni qucaqlaşmasından,böyük qovuşma yoxdur" deyirdi.Bəli,...Tanrı insanın ondan başqa bir şeylə ləzzət almasını çox qısqanır və onun üçün də qadın surətində təkrar özünü həzz mənbəyi edir.Əslində Krşnaçıların dediyi kimi-Ən böyük həzz alan Odur.Və buradan da bizə seksual enerjinin dönüşdürülməsi ilə AYDINLANMAYA gedilən yolun kodu açılır.Tanrı ən mükəmməl şəkildə qadın varlığında rəqs etmiş və özünün müqəddəs ucalığını da kişi tərəfinə onda göstərmişdir.Hətta İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını söyləmişdir.Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir.Fərqinə varsaq da varmasaq da içimizdə Tanrısal-ruhi rəqsin ən coşqun anı ehtiras anıdır.Seks Tanrısallıqla rəqsdir.Əslində Tanrı dərk olunmaqçün yox,o sirrin,o ehtirasın içində məst olmaqçün vardır ki,sufilərin sərxoş adlananları da,məhz bu zirvədədirlər.Hər kəs bu həqiqəti yaşamış,amma fərqinə varmamışdır ki,ehtirasın ən yüksək anında insan şüuru dayanır və yalnız təmiz ruhi bir hal içində,şüursuzca ruhun qeyri-müəyyən rəqsi başlayır və bu rəqs vasitəsi ilə hər an özünün dərkedilməz varlığını nümayiş etdirir.İndi anlayıram ki,nə üçün sufilər Leyli və Məcnun dastanından belə çox bəhs edirlər və əsərdəki Leyli heç şübhəsiz qadın simvolu ilə verilmiş Tanrı ideyasıdır.Yaxud Şəms Təbrizinin "Uca Tanrım məni o qədər sevir ki,istədiyim şəkildə yanıma gəlir və bu an da Kimya xatun (Şəmsin qadını) şəklində gəldi" deməsi də eyni sirrə işarə edir.Bütün bunlar Tanrının qadın olması anlamına gəlmir,əksinə var olan bölünməz bir tam olduğundan dərketmə üçün bir şey o birinə sadəcə körpü və ya qapı rolunu oynayır.Bir qadınla sevişərkən əslində Varoluşun özü ilə sevişirsən.Yəni bunlar BÜTÖVLÜYÜN bizə oynadığı ilahi rəqsdir,TANRININ RƏQSİ...

Комментариев нет:

Отправить комментарий