15.07.2012

BU GECƏDƏN BİR ADDIM O YANA SƏNSƏN

Elçin Aslangil


Bu gecə göylərdən mələklər enməycək bilirəm...
Bu gecə bir ağızdan susacaq yağışlar,
Adamlar çəkiləcək küçələrdən,
Adamlar yığışacaq evlərinə,
Adamlar çəkiləcək özlərinə.,
Bircə mənim siqaretimin közərtisi
gözlərini döyəcək qaranlığa.
Ayağım yerdə olmasaydı,
Məndən adam olmazdı..
Məcburam adam olmağa.
Soruşa-soruşa,
Danışa-danışa,
Barışa-barışa,
Məcburam adam olmağımla razılaşmağa.

Bu gecə yerdəkilər qanadlarını açmayacaq,
Uçmayacaq adamlar,
Ölməyəcək saatlar.
Ayaqları qırılacaq sərçələrin,
Boş qalacaq ağacdakı budaqlar,
Boş qalacaq budaqlarda yuvalar..


Bir kəndir istəyirəm göylərdən sallanmağa.
Mənə yalvarmağa,
Ayaqlarımı qucaqlamağa,
Evlərinə çəkilən adamları haraylamağa
O gözəli istəyirəm göylərdən...


Bu küçədən,
Bu gecədən bir addım o yana sənsən,
Ölmümdən o yana sənsən.
Günəşin doğmağına 5 dəqiqə qalıb,
5 dəqiqədən o yana sənsən.
Sənə gəlmək istəyirəm,
Özümə gəlmək istəyirəm...


Göylər şair oldu əzizim.,
Bulutlara söz-söz,
Ulduzlara heca-heca bu şeiri yazdı göylər.
Bu şeirlə məni aldı göylər,
Bu şeirlə məni oğurladı göylər..
Kəpənək oldu dünya,
Uçdu,uçdu tozu qaldı.
Kəpənək oldu xatirələr,
Uçdu,uçdu,bu gecədə izi qaldı...

Комментариев нет:

Отправить комментарий