09.12.2012

Hilal Məmmədovun ona qarşı irəli sürülən şər ittihamlarla bağlı bəyanatı

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə, mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Qurban Səfərov tərəfindən tərtib edilmiş və imzalanmış  "Təqsirləndirilən  şəxs qismində cəlb etmək haqqında” QƏRAR  23 noyabr 2012-ci il, saat 13:00-də vəkil Xalid Bağırovun iştirakı ilə mənə istintaq qrupunun üzvü Qasım Məmmədov tərəfindən elan edildi.
Həmin qərar 03 iyul 2012-ci tarixdə mənə elan edilən qərarın mətnindən və ona 2 səhifəlik əlavədan ibarətdir. Məlumdur ki,  04 iyul 2012-ci il tarixdə, yəni, istintaqın yenicə başlanmasına baxmayaraq Daxili İşlar   Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə bəyanətıyla 03-07-2012-ci il tarixli qərar mənim təqsirsizlik prezumpsıyası hüquqlarımın kobud şəkildə pozulması ilə yayımlanmışdır. İstər ilkin (03.07.2012) istintaq qərarında, istərsə də DİN və Prokurorluğun  bu birgə bəyanatında barəmdə iddia olunan bütün fikirlər sırf cəfəngiyyat, yalan, şər olub və ən əsası isə açıq-aşkar təqib, böhtan və iftira olduğundan, bu barədə Sabail Rayon Məhləməsinə və 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə İddia ərizəsiylə müraciət etsəm də, bu barədə bir tədbir görülmədi. Bu, bir daha həbsimin və ünvanıma yaxılan qara ləkələrin sifarişli olduğuna qətiyyən şəkk yaratmır.

Bəs, bu 2 səhifəlik əlavə nədir?
Cavab: 2007-ci ildə, hüquqlarını müdafiə etdiyim prof. Novruzəli Məmmədovun ünvanına  deyilən ittihamların  nöqtə-vergülünə toxumadan bu   dəfə mənə şamil edilməsi  və əlavə olaraq barəmdə 2-3 cəfəng, lakin bir daha istintaq orqanlarının antibəşəri və antimilli siyasətini əks etdirən fikirlər...  Məsələn, güya 2008-ci ildə hardasa "erminilərin də talışlar kimi hind-avropa xalqlarının İran qoluna mənsub olmaları”, "ermənilərin talışların qan qardaşı olmasının” və i.a. fikirləri səsləndirməklə "dövlət hakimiyyətinə xəyanət” etmişəm. Saniyən, "15.05.2008, 21.06.2008, 23.08.2008, 07.10.2009-ci il tarixlərdə və ondan sonra mütəmadi olaraq İran İslam  Respublikasının "Səhər-2” telekanalı üzrə efirə gedən "Kompas” verlişində guya   Azərbaycanda hakimiyyətin yeritdiyi  düşünülmüş siyasətin bir nəticəsi olaraq talışların ağır vəziyyətdə yaşamaları, hüquqlarının pozulduğu, assimiliyasiya olunduqları barədə yalan və qərəzli musahibələr vermiş, informasiya daşıyıcılarında yaymaq üçün yazıb yerləşdirdiyi ,məzmununda dövlət yaratmağı əks etdirən məlumatlar  olan müraciətlər” hazırlamışam.
Qərarın digər məğzini isə eynən prof. N.Məmmədova qarşı irəli sürülən aparteid  iddiaların orada yer alması təşkil edir: Guya bilavasitə İran Xüsusi Xidmət orqanlarından  "Talış Mədəniyyət Mərkəzinə bina alınması”; "talışların kompakt yaşadığı Astara, Lənkəran, Lerik, Masallı rayonlarında mərkəzin filiallarının açılması”, "Bakı şəhərində talışların etnos məsələsinə dair beynalxalq konfrans keçirilməsi, bu konfransa İran, Russiya  və Avropadan alimlərin dəvət olunması”, ... , "Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarına, əsasən də Xarici İşlər, Müdafiə  və Milli Təhlükəsislik nazirliklərinə talış milliətindən şəxslərin işə düzəldilməsini, Milli Məclisə deputat seçilmələri təşkil etməli olduqlarını” ... və i.a. tapşırıqları almışam...
Qərarın sonrakı hissələri də eynən bu kimi fikirlərdən ibarətdir...
Təbii olaraq bir neçə əsas suallar ortaya çıxır:

1) məgər Talış Mədəniyyət Mərkəzinin və filiallarının, ofislarinin açılması bilavasitə Azərbaycan Dövlətinin vəzifə borcu deyildimi?
2) Bakıda Taliş konfransını keçirtmək cinayət sayıla bilərmi?
3) Milli Məclisə, MTN, Müdafiə Nazirliklərinə və i.a. dövlət orqanlarında talışların işə düzəldilməsi: a) cinayətdirmi?; b) əgər bu orqanlarda talışlar işləyirsə, demək bu İran Xüsusi Xidmət orqanlarının vasitəciliyiləmi baş tutmuşdurmu?!
4) ermənilərin doğrudan da hind-avropa dil qrupuna aid olması və ya İran mədəniyyətinə, o cümlədən dilcə talışlara yaxınlığını irəli sürmək (hərcənd ki, bu barədə heç vaxt dilimdəm nəsə deyilməyib və ya yazılmayıb), "dövlətə xəyanət” hesab edilə bilərmi?  Əgər elədirsə, 1978-ci ildə rəhmətlik Heydər Əliyevin Stepan Şaumyanın 100 illik yubileyi münasibəti ilə erməni xalqının, o cümlədən, "gələcək Azərbaycan gənclərinə də nümünə olacaq S.Şaumyanın” şəninə deyilən təntənəli sözlərə  görə bu gün o, tənqid və ya mühakimə edilə bilərmi? Dünən, SSRİ dağılanacən, ermənilərlə can deyib, can eşidən və bu gün də ailələrində erməni əsilli ana və xanımları olanlar nə əcəb "vətən xainləri "sayılmırlar?
5) tarixləri qeyd edilən vaxtlarda "Kompas” verilişindəki bütün video-rolikləri şəxsən özümüz və yaxın dostlarımız youtube-da yerləşdirməklə, şəffavlığı qorumaq niyyətiyylə, geniş internet-istifadəçilərinin nəzərinə çatdırmaq cinayət sayıla bilərmi? Görəsən, həmin müsahibələrdə hansı söz və ifadə dövlətçiliyimizin əleyhinə olmuşdur? Yoxsa, qərarda bildirildiyi kimi, ”hakimiyyət əleyhinə fikirlər səsləndirmişdir” o deməkdir ki,  biz dövlətçiliyin əleyhinəyik? Əcaba, nə vaxtdan hakimiyyətə qarşı tənqidi fikirlər dövlətçiliyə qarşı "cinayət” kimi qəbul olunmalıdır? Yoxsa bu hakimiyyət bu dövlətimizi şəxsi əmlakı sayır?
6) fleş-kartımda (21.06.2012-də götürülmüş ) qeyd edilən bir yazımda dərs dediyim tələbələrə müraciət edərək, onları yüksək təhsil almağa, azadfikirli olmağa,  rüşvət və korrupsiyaya qarşı qətiyyətlə mübarizə aparmağa və i.a. çagırmaq dövlətə xəyanətdirmi?
7) yoxsa, həmin  fleş-karta  bilavasitə ekspertlər və ya istintaq orqanları tərəfindən əlavə edilmiş  "talış xalqına müraciət”də onları guya muxtariyyət uğrunda mübarizəyə çağırmaq (həm Azərbaycanda, həm də İranda ) cinayət  sayıla bilərmi? Saniyən,  fleş-karta o əlavəni edən bisavadlar nədən vəkillərin iştirakı ilə bu kartı açmadılar? Bəlkəm bu bisavad  SAXTAKARLAR məni – riyaziyyatçi alimi, informatika-informasiya sistemləri üzrə dərs deyən bir müəllimi aldatmaq, lağa qoymaq istəyilrlər? Əcaba, bu bisavadlar dərk etmirlərmi ki, etdikləri əlavədə tarixi geriyə döndərmək internet sistemində qeyri-mümkündür və bu səbəbdən də, şəxsən mənə və vəkillərimə bir daha onların hər söz və ifadəsini nə vaxt əlavə etdiklərini müəyyən etməyə nədən qoymurlar?
8) əcəba, nədən talışa aid fars dilində yazılmış bu və ya digər bir kitabın Azərbaycan türkcəsinə tərcümə etdirməyi kimdənsə xaiş edilməsi xəyanət sayılmalıdır?
9) nədən fransız  aliminin talışlar barədə kitabını da tərcümə etdirmək cinayət hesab edilməlidir?
10) əcaba, mən qəzetə yalnız prof. N.Məmmədov vəfat etdikdən sonra, bilavasitə onun vəsiyyəti və Talış Mədəniyyət Mərkəzinin rəsmi yığıncağında baş redaktor seçildiyim 2009-2011-ci illərdə cəmi  10-12 sayı nəşr etdirə bilmişəmsə: a) nədən "2008-ci iləcən" yüzdən artıq nömrəsini çap etdirmiş və İrana göndərmişdir”; b) "bu vaxtacən bu qəzetdə dövlətçilik əleyhinə yazılar” yazmışam uydurması irəli sürülmüşdür??? Axı, mən yalnız rəhmətlik N.Məmmədovun vəfatından sonra orda nəsə yazmış və qəzetə rəhbərlik etmişəm...
11) əcaba, mənmi S.Peterburqda "Talış” və "Talışskiy Vestnik” nəşr etmişəm? Bəs "İranın maddi yardımı hesabına Sankt-Peterburq şəhərində "Talış”və "Talışskiy Vestnik” qəzetlərini çap etdirdiklərini, bu qəzetləri Rusiyada yaşayan talışlar arasında yaydıqlarını və İrana göndərdiklərini...” iddia edən vicdan hissini itirmiş müstəntiq heç olmazsa, o qəzetlərin axırıncı səhifələrinə baxıb, redaktorun kim oldğunu və hansı şəhərdə nəşr edildiyini belə səhih öyrənə bilməzdimi? Saniyən, əgər bu qəzetlər Rusiyada nəşr edilib (lap İranın puluna) və İrana göndərilirsə, Azərbaycan müstəntiqini, ya hakimiyyət orqanlarını narahat edən nə idi? Nədən, başqa ölkədə nəşr edilən "talış” qəzeti Azərbaycan hakimiyyətini narahat etməliydi? Bəlkəm bu xalq da özlərinin şəxsi əmlakıdır?
Bu gün bu 4 səhifəlik qərarın ən azı 100-dən artıq cəfəngiyyatına istinadən üzümü "Talışlara heç bir təzyiq yoxdur. Mən bunun bariz nümunəsiyəm, Milli Məclisdə oturmuşam. O bölgədən başqa deputatlar da var...” kimi fikirləri səsləndirən Hadı Rəcəblilərə tutub soruşuram: Bəlkəm doğrudan da ana-atası talış olub, özü türk oğlu türk olan Hacıbaba Əzimov demişkən, bəlkə Siz də İran Xüsusi Xidmət orqanlarının puluyla deputat olmusunuz? Nədən onun cəfəngiyyatlarına cavab tapa bilmədiniz? Nədən, talışlar bu və ya digər mədəni cəmiyyətlərini yaradanda "separatist” olurlar??? Nədən, dərhal Rusiya-İran barmağını axtarırsınız bu işdə???
Ay cənab Hadı Rəcəblilər, nədən prof. Novruzəli Məmmədovun, 70 yaşlı alimin barmaqlarını MTN-də sındıranda səsiniz çıxmadı??? Axı o barmaqlar hələ  keçən əsrin 60-70-ci illərindən talış dilinin lüğətini, dil və mədəniyyətini araşdırıb ərsəyə gətirmişdi. Axı dünyanın yeganə talışşünas aliminin bu barmaqları işləyəndə İranın qapıları üzümüzə elə bağlı idi ki, heç bir quş da o yan-bu yana uçmazdı? O Əli Əbdolilər heç anadan olmamışdı o barmaqlar öz xalqına xidmət edəndə??? Kim-kimi "verbovat” etdi? Əli Əbdolilərmi bizi? Axı bu sətirlərin müəllifi kimi, şəxsən özüm bir riyaziyyatçı alim olmaqla yanaşı, hələm keçən əsrin 80-cı illərində onlarla məqalələr həsr etdim xalqımın dilinə, folkloruna...
Dünyanın ən populyar qəzet və jurnallarında bu barədə yazanda "Səhər-2”, ya Əli Əbdolilərmi var idi onda??? Bir alim və müəllim kimi, bizi tanıyan minlərlə tələbə və gənclərdən kimsə, nə vaxtsa onlardan 1 qəpik belə rüşvət aldığımızı deyə bilərlərmi??? Bütün həyat və ictimai fəaliyyətimizi HALAL zəhmət dairəsində qurduğumuz bir zaman və hətta İrana etdiyimiz qısamüddətli səfər vaxtı cibimizdəki 100 dollar pulu belə orada bir xeyriyyə işinə sərf edib, cibi boş Bakıya qayıtmağımıza kifayət qədər insanlar şahid deyilmi???
Əgər bu gün istintaq tərəfi, ya digər hüquq-mühafizə orqanları ayaqdan-başacan rüşvət və korrupsiya içərisində çapalayırsa, məgər, bu o deməkdirmi ki, digərləri də belədir??? Olkəni çalıb-çapalayanlarmı Bizi mühakimə etmək istəyirlər??? Vətən, Xalq, Vicdan anlayışlarını "Pul”, ”Vəzifə”, ”Şan-şöhrət”lər kimi anlayışlarla əvəzləmiş insanlarmı bizi – dünya malını çoxdan tərk etmiş, cibində heç vaxt 5-10 manatdan artıq pulu olmayan,”narkobaron” kimi həbs ediləndə heç bir manat pulu da cibində tapılmayan kimsəni mühakimə etmək istəyirlər???
Mən çox-çox digər sualları da ortaya qoya bilərəm... 10 ildir AŞPA qarşısında "Milli Azlıqlar barədə qanunu qəbul” edəcəyinə imza atmış (!!! ) Milli Məclisdəki talışlar nədən agızlarına su alıb orada oturublar??? Axı 2003-cü ilədək bu qanun qəbul edilməliydi?! Axı rəsmən dövlət bu sənədə qol qoymuşdu. Amma "Ev heyvanlarının hüquqlarını qorumaq barədə” Avropa konvensiyasına imza atan kimi, dərhal Milli Məclis bu qanunu imzaladı. Əcəba, bəlkəm, biz talışlar ya digər xalqlar bu ev heyvanlarından ya cinsi azlıqlardan da hüquqsuzuq??? Axı o "cinsi azlıqlar” barədə də müvafiq qanunlar verildi, amma bizə növbə çatmadımı?
Bu gün bu hüquq-mühafizə, qanunverici orqanlarda, ya digər məsul vəzifələrdə işləyən talışlara sual vermək istəyirəm: 1993-2012 illərdə, bu son 20 il ərzində talış xalqının dil və mədəniyyətinə, ya folkloruna həsr edilmiş hansı məclisdə və toplantıda iştirak etmisiz? Məhz, yalnız bircə dəfə 1992-ci ildə, məhz təşəbbüskarlardan  biri bu sətirlərin müəllifi olmaqla  "Talış folklor gecəsi” keçirilmiş və orda 1000-dən artıq insan bu xalqın milli-mədəni yaradıcılığından zövq almışdır... Bəs sonralar???
20 ildir nə Talış Mədəniyyət Mərkəzinin, nə də qəzetimizin bir ofisi yoxdur, bu barədə bir kəlmə işlətdikdə isə, dərhal İran ya Rusiya cəsusu oluruq? Niyə? Məgər Talış Mədəniyyət Mərkəzinə yardımlar barədə Avropa kürüsevərlərinə "min-bir gecə nağıllarını” söyləməkdən hələ də usanmayıblar??? Nədən, 20 ildən sonra, 13 iyun 2012-də Astarada "Talış folklor gecəsini” keçirdib, oraya Rusiyanın NTV telekanalını dəvət etdikdən sonra, mən  21 iyunda "narkobaron”, 3 iyulda isə "İran casusu” və "separatçı” oldum???
Ay talış deputatlar, MTN, Prokuror, Polis və i.a. işçiləri, axı, Siz ki hamınız məni tanıyırsınız. Nə vaxtdan mən – müəllim , alim "narkobaron” oldum??? Yaxşı, niyə bir talış generalının əliylə məni həbs etdirdiniz? Nədən məhkəmələrdə talış prokuroru ya talış hakiminin qabağına çıxardırsınız??? Niyə belə edirsiniz??? Onların müti-məzlum sifətlərinə tamaşa etməkdən ötrümü???
2007-ci ildə mart ayında prof. Novruzəli Məmmədovun işi ilə bağlı MTN-də şahid qismində dindirilərkən, onlara sual verdim: axı niyə bizi bu qədər sıxır, ən adi hüquqlarımıza sahib çıxmağa imkan vermirsiniz, niyə talışlar konfransını Bakida keçirdə bilməzlər??? O vaxt müstəntiqin köməkçisi kənardakı stolun üstünə bir neçə dəfə bərk-bərk vuraraq demişdi (Allahı şahid gətirirəm!): "Hilal, niyə qoymuruq ki? Nə qədər istəyirsiz öz dilinizdə oxuyun, qışqırın, konfrans keçirdin... Amma bilirsən harada? Yalnız Yerevanda! Burada, Bakıda, ya Lənkəranda isə Sizə qətiyyən imkan vermərik, çünki sabah lap çox şey istəyərsiniz...” Mən o vaxt qəzəblənərək demişdim: cücəni payızda sayarlar, o konfransı, ya talış gecəsini keçirdəcəyik, mütləq! Məni bu sözlərdən sonra lağa qoyub,”get keçirt, baxaq, neçə talış olacaq orda” sözləriylə yola salmışdılar... Boynuma alıram ki, ”Tı kto takoy,davay do svidaniya” video-rolikini (doğulduğum kənddə - Təngərüddəki bir toy mərasimində çəkilmiş) Rusiyada "BUM” yaratması bir elmi nəticəm idi. Sonra, fürsətdən istifadə edərək, 13 iyunda Astarada talış folklor gecəsini keçirtməyə təşəbbüs göstərdim və baş tutdu. Hərçənd ki, bu gecəni keçirtməmək tələbiylə (hətta məni ölümlə qorxudaraq!) xəbərdarlıq etmişdilər. Mən yenə də Vətəni tərk edə bilərdim... Amma səbrlə qətlimi, ya həbsimi gözlədim...
Bax, belə, cənab müstəntiqlər, prokurorlar, hakimlər və cəmi talış vəzifəliləri... Bunu VİCDANIMIN tələbiylə etdim, İranın ya Rusiyanın sifarişiylə yox!!!
Odur ki, müstəntiq Qasım Məmmədov mənə son qərarla tanış olub, 1-2 cümlə ilə qeydimi bildirməyi deyəndə, həmin qərarda və digər sənədlərdə rəsmən(!!!) bunları qeyd etdim: ”Mənə təqdim edilən Ittihamlar barədə Qərar Azərbaycan Respublikasının dövlət əleyhinə olan şəxslər tərəfindən, tam yalan və cəfənglə dolu tərtib edildiyindən, mahiyyətinə qəti şəkildə etiraz edirəm! Odur ki, XALQ və VƏTƏN düşmənlərinə hər hansı bir formada ifadə verməyi şəxsiyyətimə (şərəf və ləyaqətimə) sığışdırmıram. İnşallah, Sizinlə, demokratik – hüquqi Azərbaycan məhkəməsində görüşərik (təbii ki, müxtəlif funksiyalarla)”.
İndi, bu sətirlərimi oxyuan hər bir vicdanlı şəxsə sual verirəm: kimdir "casus”, ”narkobaron” ya "separatist”, mən, yoxsa bizi mühakimə edənlər??? Sanıram onlara qarşı AR CM böyük bir fəslini - "SÜLH və İNSANLIQ Əleyhinə Cinayətlər” fəslini tamamilə aid etməyin mümkünlüyünü nəzərə alaraq, AZAD, DEMOKRATİK , HÜQUQİ AZƏRBAYCAN naminə mübarizəmizi davam etdirmək niyyətindəyik...
Ömrü verən də Allahdır, alan da!
Xalqları yaradan da Allahdır, yox edən də!

Hörmətlə:
dünyanı özünə zindan bilmiş Hilal MƏMMƏDOV

Комментариев нет:

Отправить комментарий