"Kuba müstəqil dövlət deyildi. Yanlız ABŞ səfirinin rəhbərlik etdiyi müstəmləkə idi. İndi bir dənə də xarici səfirlik bizim ölkəyə, xalqımıza rəhbərlik etmir və edə də bilməz. Xalq özü özünə rəhbərdir!"
Söhbət konkret olaraq 26 sentyabr 1960-cı ildə Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasında qurumun tarixindəki ən uzun nitqin səslənməsindən gedir. Nitqin müəllifi Kubanın o zaman baş nazir postunu tutmuş gənc lideri Fidel Kastro olmuşdu. O, 4 saat 29 dəqiqə ərzində Amerika imperializminin loru desək, qabırğasına döşəməklə həm də Ginnesin Rekordlar Kitabına düşməyi bacarmışdı.
Qeyd edək ki, sözügedən çıxışın səslənməsi heç də asanlıqla başa gəlməmişdi. Gənc Fidel ali tribunaya çıxanadək çoxsaylı çətinliklərlə üzləşmişdi. Mövcud durumu şərtləndirən tarixi proses 1960-cı ildə ABŞ-la Kuba arasında münasibətlərin gərginliyinə görə tam arzuolunmaz şəkil alması idi. Buna görə də Amerikanın hakimiyyət nümayəndələri «saqqalı»nı ölkələrində görmək istəmirdilər və hər vəclə çalışırdılar ki, baş nazir Baş Assambleyanın ali kürsüsündə görünməsin.
Xoşagəlməzliklər isə kubalıların Nyu-Yorka ayaq basdıqları ilk dəqiqələrdən başlamışdı. Əvvəlcə hava limanındakı yükdaşıyanlar onların yüklərini daşımaqdan imtina etmişdilər. Sonra bilinmişdi ki, Vaşinqtondan verilən göstərişlə qonaqların bütün təyyarələri, o cümlədən Kastronun gəldiyi təyyarə müsadirə olunub. Hətta Fidel sonradan vətəninə SSRİ-nin «İl-18»i ilə qayıtmaq məcburiyyətində qalmışdı.
Kubalılar Nyu-Yorkun mərkəzindəki «Şelborn» hotelində gecələməli idilər. Polislər və nümayişçilər ərazini dövrəyə alıb səs-küy salanda isə hotelin sahibi «narahatçılığa görə» müştərilərdən ödənilməsi mümkün olmayan qiymət tələb etdi.
Beləcə amerikalılar Kastronun ölkəni tərk etməsi üçün hər şeyi edirdilər. Amma Fidelin geri çəkilmək niyyəti yox idi. İnadkar lider o zaman BMT-nin baş katibi postunu tutmuş Daq Hammerşeldin otağına daxil olaraq bəyan etdi ki, əgər ev sahibləri «oyunlarını» dayandırmasalar, Kuba nümayəndələri mənzillə təmin olunmasalar, heyət BMT-nin mənzil qərargahının qarşısında düşərgə salaraq gecələyəcək. Bundan sonra kubalılara Harlem rayonunda qalmaq üçün yer tapıldı. Ancaq burada da dinclik yox idi.
Vəziyyət barədə danışmış keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşı, BMT-nin Baş Assambleyasının iclasına qatılmış Sovet lideri Nikita Xruşşovun mühafizə dəstəsinin rəhbəri Nikolay Saxarov xatırlayır: «Biz «Tereza» mehmanxanasına çatanda ətrafda beş minlik kütlə var idi. Səsdən qulaq tutulurdu. «Kastroya ölüm!» sədaları ətrafı bürümüşdü».
F.Kastro bütün bunların cavabını çox layiqli şəkildə verdi. Vurğuladığımız kimi, tribunaya çıxaraq amerikalıları düz 4 saat 29 dəqiqə ona qulaq asmağa, özü də Birləşmiş Ştatlar əleyhinə kəskin tənqidləri eşitməyə məcbur etdi. «Kuba müstəqil dövlət deyildi. Yanlız ABŞ səfirinin rəhbərlik etdiyi müstəmləkə idi… İndi bir dənə də xarici səfirlik bizim ölkəyə, xalqımıza rəhbərlik etmir və edə də bilməz. Xalq özü özünə rəhbərdir!.. Amerikalılar nahaq yerə belə düşünürlər ki, SSRİ Kubaya görə nüvə silahına əl atmaz»,- deyən Kastronun xüsusən də sonuncu fikri Sovetlər Birliyinin rəhbəri Xruşşovu da yerindən tərpətdi.
Əlbəttə, ABŞ Kastronun «kobudluğunu» bağışlamayacaqdı və ona qarşı 40 sui-qəsd cəhdi də bunun nəticəsi sayıla bilərdi. Tezliklə Amerika Kubaya hücum çəkmək istədi, ardınca isə məşhur Karib böhranı yaşandı, dünya üçüncü cahan savaşının bir addımlığında dayandı.
Bunlar öz yerində. Amma həmin hadisədən sonra Fidel daha çox danışmağa başladı. Məsələn o, Kuba Kommunist Partiyasının üçüncü qurultayında 7 saat 10 dəqiqə nitq söylədi. Amma demək olmaz ki, çox danışmaqda Fidelə rəqib yoxdur. 1957-ci ildə Hindistanın müdafiə naziri Krişna Menon BMT Təhlükəsizlik Şurasının iclasında Kəşmir məsələsi barədə səkkiz saat danışmışdısa da, bunu necə deyərlər, birnəfəsə bacarmamışdı. Çıxışının ortasında onun huşu itmiş, özündən getmişdi. Maraqlıdır ki, Krişna xəstəxanaya aparılıb müvafiq tibbi xidmət göstərildikdən sonra iclas zalına qayıtmış və həkimlərin nəzarəti altında nitqinə davam etmişdi.
Kuba liderinin çıxışına gəlincə isə, həmin məşhur nitq SSRİ-də ayrıca 64 səhifəlik kitabça halında çap edilmişdi...
Ramal Ahmedov 168.az
Комментариев нет:
Отправить комментарий