26.03.2014

Elnur Aslanovla bağlı sərəncamın gizlədilməsi

Prezident İlham Əliyevin Elnur Aslanovu işdən çıxarması ilə bağlı martın 17-də verdiyi sərəncamın dərc edilmədiyi media orqanları barədə müzakirələr səngiməyib. Məlumdur ki, sözügedən xəbər Prezident Administrasiyasının mətbu orqanı olan “Xalq qəzeti”ndə, habelə “Azərbaycan” qəzetində dərc olunmayıb, AzTV-nin əsas xəbər buraxılışlarında səsləndirilməmişdi. Eləcə də E. Aslanovun nəzarətində olan mətbuat orqanlarında - “1 news.az”, “gün.az”, “Baku Post.az” və “Yurd.tv”də prezidentin sərancamı çox gec və görünməyən yerdə yerləşdirilmişdi.
AzNews.az saytı sözügedən media orqanlarından bəzilərinin təmsilçilərindən bu xəbərlə bağlı mövqelərini öyrənmişdi. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, artıq bir neçə ildir kadr dəyişiklikləri ilə bağlı sərəncamlar barədə efirdə məlumatlar verilmir. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə xəbərin dərc edilməməsini onun redaksiyaya göndərilməməsi ilə izah edib. “AzərTAc”ın baş direktorunun birinci müavini Dağbəy İsmayılov isə B.Sadıqovu təkzib edərək bildirib ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu, artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə vermədin”.
Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında yaranmış bu durumu şərh edib. O, deyib ki, əslində bu cür situasiyalarla bağlı yazılmış qayda yoxdur: “Sadəcə, mən öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, həmin vaxt bu, ənənə kimi formalaşmışdı. Ənənə də belə idi ki, prezidentin kadrlarla bağlı sərəncamı televiziya kanallarına, eləcə də ”AzərTAc"a göndərilirdi. Bu, rəsmi qanunla, daxili sənədlərlə tənzimlənən məsələ deyil. Ənənəni hakimiyyət orqanları istədikləri kimi dəyişə, istənilən formada icra edə bilərdilər". 
E.Namazovun sözlərinə görə, sözügedən sərəncam dövlət qəzetlərinin heç birində yayımlanmasaydı, bu, anormallıq olardı. Müsahibimiz deyib ki, ən azı dövlətin aparıcı media orqanlarında prezident sərəncamı öz yerini almalı idi: “Rusiyada rəsmi dövlət mətbuatı var. Orda prezidentə aid olan bütün sərəncamlar öz əksini tapır. Bəzi ölkələrdə prezidentin və ya ayrı-ayrı nazirliklərin saytı olur. Orda məxfi sərəncamlardan başqa, hamısı dərc olunur”. /strategiya.az/

Комментариев нет:

Отправить комментарий