Bakı küçələrində rastıma çoxdan görmədiyim cürbəcür tanışlarım çıxırdı. Özümü elə aparırdım ki, guya o tanışı görmürəm.
Bunu daxili monoloqumda belə izah edirdim: İndi görüşəcəyik, mənə nəsə deyəcək, mən də ona nəsə deyəcəyəm, ola bilər onun gözlədiyi kimi qızğın salamlaşmayım, ola bilər başqa anlaşılmazlıq olsun... – ondansa elə bu başdan görüşməyək, qoy hər şey olduğu kimi qalsın, belə daha yaxşıdır.
Sonra bir gün hardansa psixoloji xəstəliklər ensiklopediyası keçdi əlimə. Elə onu əyləncə kimi vərəqləyəndə birdən rastıma bu xüsusiyyətim haqqında məlumat çıxdı, adını oxuyanda diksindm: Avoidant Personality Disorder (APD). Azərbaycan dilinə çevirməyə çalışsam: yayınan, çəkinən insan psixi pozğunluğu.
Deməli bu, xəstəlik imiş. İnsan hadisə yarana bilər deyə, artıq dəfə tanışlarla danışmaqdan yayınır, nəticədə nəinki hadisə, həyat özü yaranmır. Bu, elə xəstəliklərdəndir ki, onu dərmanla sağaltmırlar, öz iradənlə şüurlu şəkildə savaşmalısan onunla.
İndi eyni xəstəliyi ölkəmdə görürəm. Hakimiyyət siyasətçilərindən, məmurlardan tutmuş müəllimlərə qədər,- işi ictimai olan adamlar tez-tez APD vəziyyətinə düşürlər. Ortalıqda görünməməyə çalışırlar.
Mövqelərinə ehtiyac yarananda “Mən yoxam” rejiminə keçir, yaxud da onları dindirən jurnalistlərə elə ümumi mücərrəd cümlələr quraşdırıb deyirlər ki, bu cümlələrdən heç bir mövqe aydın olmur, danışa-danışa susurlar.
Sanki danışsalar və ya aydın danışsalar, bir hadisə, bir təzə söhbət yarana biləcəyindən çəkinirlər. Həmin söhbət onların rahatlığını poza bilər, yaxşı nətcə verməyə bilər. Hər şeyin səhər saat 9-la axşam saat 6 arasında elə olduğu kimi qalmasını istəyirlər.
Nəticədə külli ölkədə hər şey olduğu kimi qalır. Xəbər yoxdur. Jurnalistlər onu güclə tapıb əmələ gətirməyə çalışırlar. Nəinki siyasi hadisə yoxdur, ümumiyyətlə arxasında insan istəyi, insan sözü duran hadisə, tərpəniş asan-asan baş vermir.
Hərdən adama elə gəlir ki, qəzalar, intiharlar və xarici xəbərlər olmasa, xəbər sənayesi boş qalar. Nəticədə insanlar ictimai-siyasi müzakirə aclıqlarını ən xırda detallarına qədər Türkiyənin daxili siyasətindən, seçkilərindən danışmaqla öldürürlər.
Dövlət işçilərinin itirməyə qorxduqları vəzifələri var. İdarə və kabab məclisləri arasında sakit həyat tərzi sürürlər.
Maksimum ortalıqda görünməmək onları qoruyur. Elə bil “Qoy oturduğumuz yerdə hadisə çıxarmayaq” düşünürlər, qeyri-adekvat bir şey deyəcəklərindən çəkinirlər və mümkün tənqidlərdən yayınırlar.
Ölkənin vacib insanları o yerlərdə görünür və danışırlar ki, ordan hadisə çıxmayacağından əmindirlər.
Ədəbiyyat sözün “mən”, “biz” və ya üçüncü şəxsin təkində deyilməsini çox vacib məsələ hesab edir.
Azərbaycanda “mən” dilindən danışan nadir önəmli persona taparsan. Bu, təkcə hər hansı mövzuda suallara cavab verməyi, danışmağı risk hesab edən məmurlara yox, əksər peşə sahiblərinə aiddir.
Onlara görə, “ortaq təsəvvür”dən çıxış etmək daha təhlükəsizdir, hadisə törədiciliyi qat-qat aşağıdır: “Bizim fikrimizcə” (tərəfimizdən), yaxud “Cənab prezidentin”, yaxud da “Xalqın”.
Britaniyalı yazıçı Zadie Smithin “Pinqvin” nəşriyyatında “Komboca səfirliyi” adlı unikal bir əsəri çap olunub. Hekayə “biz” dilindən danışılır: “biz baxdıq”, “biz gördük ki”. Kitabın ortalarında məlum olur ki, həmin “Biz” deyib danışan səs, eyvanında ev xalatında durub məhəlləyə baxan yaşlı bir qadınındır.
Bu qadın müşahidə elədiyi ailənin həyatını öz dilindən yox, Londonun bütün şimal-qərb məhəllələrinin dilindən nəql etmək haqqı verir özünə. Deyir, ona görə ki, mən şimal-qərb zonasında bir neçə küçənin kəsişməsində yerləşən binada yaşayıram.
...Azərbaycana heç cür izolə olunmuş dövlət demək olmaz. Ölkə cürbəcür beynəlxalq layihələrə qatılır, fəallıq göstərir, alov dillərini öz rəmzi kimi geniş təbliğ edir. Amma daxildə tikintiləri çıxmaq şərtilə, alovsuz, boz mənzərə var. İctimai simalarda xalqa münasibətdə APD xüsusiyyətləri çoxalır. Ancaq mənim vəziyyətimdən fərqli olaraq, bizim ictimai simalar üçün bu durum hərəsinin özü üçün təkbaşına aradan qaldıra biləcəyi şey deyil.
Bəzən dövlətin planları haqda, nə işlər görmək istədiyi haqda rəsmi səhifələrə qoyulmuş sənədləri oxuyuram. Onların arasında 2008-2015-ci illər üçün yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı var. Məşhur proqramdır, internetdə neçə yerdə həm ingiliscəsi, həm də azərbaycancası var. Orada iki yüzə yaxın məqsəddən, plandan danışılır: “2015-ci ilin sonunadək səhiyyə sahəsinin mükəmməlləşdirilməsi”, “2015-ci ilin sonunadək idarəetmənin təkmilləşdirilməsi və Avropa Birliyinin standartlarına uyğunlaşdırılmas” kimi böyük planlar.
Adam heyrət edir. 2015-ci ilə bir il qalmış biz məmurlar arasında xalqa münasibətdə APD xüsusiyyətlərindən danışırıq, mətbuat İranın Azərbaycan xəstələrini daşımaq üçün reysə xüsusi avtobuslar buraxdığından yazır, amma cəmi altı-yeddi il əvvəl bu proqramı yazanlar nə qədər parlaq gələcəyə ümid edirmişlər./bbc.co.uk/
Комментариев нет:
Отправить комментарий