23.03.2014

Türk tarixi -3

III hissə: Qıvvətli olanda hücum edirik, zəif olduğumuzda bozqırlara geri çəkilirik

 680-cı ildə Aşina ailəsindən olan Göktürk başbuğu Qutluq istiqlal üçün gizli bir cəmiyyət qurub, az bir müddətdə beş min nəfər ətrafına yığa bildi. Bunların arasında böyuk siyasət adamı Tonyukuq da vardı. Qutluq Çinin şimalına hücum edib çoxlu qənimət ələ keçirəndən sonra, türklərin müqəddəs mərkəzi olan Otugenə hücum etdi. 
 Bu zamanda bölgənin oğuzları xotanlar və çinlilərlə birləşib göktürklərə qarşı gəldilər, lakin məğlub oldular (682). Qutluq Otugeni alıb xaqan elan edildi və İltəriş (el və dövləti yığan) adını aldı. Bu zaman Qutluğun qardaşı qapqanşad (səltənətin naibi), Tonyukuq isə baş vəzir və məclis rəisi (ayğuçu) oldu. Ordu və siyasət Tonyukuqun öhdəsinə buraxıldı. Sonra onlar azuqə, paltar və at ələ keçirmək üçün Çinə hücum etdilər, Pekin ilə Qaansu arasındakı şəhərləri aldılar və Çin ordusunu məğlub edib dağıtdılar. 
 İltəriş dəfələrlə xotanlar və oğuzlarla savaşdı, onları özünə tabe etdi. O, 692-ci ildə Otugendə Göktürk bayrağı altında öldü. İltərşin iki oğlu- Bilge 8 yaşında və Gül Tekin 7 yaşında idilər. Onun qardaşı Qapağan (37 yaşında) xaqan oldu. Tonyukuq da baş vəzir qaldı.
 Qapağan Göktürk xaqanlarının ən siyasətçilərindəndir. Onun siyasəti üç əsasa dayanırdı:
1) Çin basqı altında saxlanmalıdır ta ki, türk dövləti rahat olub azuqə ilə təmin olunsun;
2) Çində pərakəndə şəkildə yaşayan türklər ana yurdu Otugenə qayıtmalıdır;
3) Asiyada nə qədər türk varsa, türk xaqanının bayrağı altında yığılmalıdırlar.
 Qapağan fikir və arzularını həyata keçirmək üçün əvvəlcə Çinə hücum etdi (693). Ling-çu və Ordos əyalətlərini aldı. Sonra Çin imperatriçəsi Vuya yardım etmək üçün xotanlara hücum edib onları məğlubiyyətə uğratdı və Çin məlikəsinə azuqə, dəmir, kənd təsərrüfatı vasitələri göndərib, türkləri öz yurdlarına qaytarmağını istədi. Qapağan sonra Yenisey çayı ətrafındakı qırğızlara hücum edib onları təslim etdirdi.
 Barat, Təriş, Ceyhun, Elsevər, Gültəkin, Bikə, Uruğ, Oktay, Ulduzxan, Orxan, Altay, Tərxan, Qaraxan, Cəbi, Sabutay- bu adlar əsl türk mənşəli adlardır.
***
 Tonyukuqun müdrikliyi sayəsində türk elləri bir bayraq altında birləşdirildi, dövlət möhkəmləndi və hüdudları böyüdü. Onun baş komandanlığı və Qapağanın oğlu İynal və Bilgenin iştirakı ilə Göktürk ordusu Altay dağlarını aşaraq Cunqariyaya girdilər. Bu zaman xaqanlığın Qərb hüdudu Fərqanəyə çöndü. Dəmir qapıya qədər qabağa getdilər və çoxlu qənimət ələ keçirdilər. O vaxtdan türk ellərinin Qərbə axını başladı.
 Tarixçilər Monqolustan çöllərindən köçlərə səbəb kimi azuqə ilə təmin olunmaq ehtiyacını da göstərirlər.
***
 Qapağan tədricən çox sərt və bədxah olmuş, bu da daxili iğtişaşlarla nəticələnmişdi. Məsələn, türkişlərin (711) və qarluqların narazılıqları daxili savaşa, çoxlu adamın ölümünə səbəb oldu (713). Bir il sonra oğuzlar üsyan etdilər və xaqanla müharibədə məğlub olduqdan sonra Çinə sığındılar. Xaqan Otugenə dönərkən oğuzlar tərəfindən öldürüldü (716). Oğuzlar xaqanlığın əsas qismini təşkil etdiyinə görə, onların iştişaşları xaqanlığın zəifləməsinə gətiib çıxardı. Bu məsələ Orxon daş yazılarında da nəql edilmişdir.
 Qapağandan sonra oğlu İnəl bir ildən artıq hakimiyyətdə dayana bilmədi və iki əmioğlusu- Bilge və Gül Tekin tərəfindən öldürüldü, yerinə Bilge xaqan keçdi (716-734). Gül Tekin ordu komandanı, Tonyukuq isə baş vəzir oldu. Bu arada Çin xotanlar və basmıllara türklərə hücum etmək üçün yardım etdi. Nəticədə Tonyukuq Çinə hücum etməli oldu. Çinlilər və basmıllar məğlub oldu və Beşbalık (uyğurların əzəli iqamətgahı, indi Çin Türküstanında xarabalığı qalmış şəhər) türklərin əlinə keçdi. Göktürk dövləti əski qüdrət və əzəmətini bərpa etdi. Və bu nailiyyətlər üç türk rəhbərinin- Bilge xaqan, Gül Tekin və Tonyukuqun sayəsində ələ gəldi.
 Ulu Tonyukuq 826-cı ildə vəfat etdi. O, böyük komandan və gələcəyi görən siyasətçi idi. Tonyukuq bizimçün ona görə önəmlidir ki, eyni zamanda ilk türk yazıçısıdır. Ordu və ədliyyə məhz onun sayəsində nizama düşdü. Qərb tədqiqatçıları onu göktürklərin Bismarkı adlandırırlar. Onun öyüdləri həmişə Bilge xaqan tərəfindən eşidilir və əməl olunurdu. Məsələn, Bilge xaqan çinliləri təqlid edib, böyük şəhərlərin ətrafına divar çəkmək istədiyi zaman, o mane oldu və dedi ki: «Biz bozqır milləti olmuşuq, uğurumuz da bunda olmuşdur. Qıvvətli olanda hücum edirik, zəif olduğumuzda da bozqırlara geri çəkilirik. Çinlilər bizim yüz bərabərimizdədir, əgər şəhərdə bağlı qalarsaq, onlar bizi aradan aparar». Sonra xaqan Budda və Tan məzhəblərini türklər arasında yaymaq istədikdə, Tonyukuq buraxmadı və dedi ki, bu məzhəblər insanı süstliyə çağırır və hökumət etmək qüdrətini alır.
 Tonyukuq öləndən sonra onun xatirəsinə qəbri üstə yazılı daş kitabə qoyulub. Bu kitabə Tonyukuqun özü tərəfindən yazılıb, türk dil və ədəbiyyatının qiymətli incisi sayılmaqdadır.
 731-ci ildə Gül Tekin vəfat etdi və qardaşı Bilge xaqan tərəfindən onun adına üstü yazılı daş abidə ucaldıldı. Bu kitabə Yolluq-tekin tərəfindən, Bilge xaqanın dilindən yazılmışdır. Kitabədə Bilge xaqan belə deyir: «Üçoğuzlar paytaxta hücum etdikləri zaman Gül Tekin olmasaydı, hamımız qırılmışdıq».
 734-cü ildə Bilge xaqan öldü. Bu adamın öz millətinə böyük sevgi və inamı vardı. Oğlu tərəfindən xatirəsinə yazdırılan məzar daşında öz dilindən belə deyilir: «Ey türk milləti, üstdə göy yıxılmaz, altda yer dəlinməzsə, dövlətini, törəni (qanun) kim prza bilər».
 Bilge xaqanın ölümünə hətta Çin imperatoru matəm tutdu və imperatorun istəyinə rəğmən, məzar daşının bir tərəfinə çincə də yazı əlavə olundu. Bilge xaqanın ölümündən sonra xaqanlıqda tənnəzül başlandı. Əvvəl xanədan üzvləri arasında ixtilaflar yarandı, sonra yerli xalqlar üsyana qalxdılar. Bir çox keşməkeşlərdən sonra uyğur iltəbəri (başbuğ) Qutluq Qulu xaqan elan edilir. Bu tarixdən sonra Göktürk dövləti yıxılır, Otugendə Uyğur dövləti yaranır.
 740-cı ildə Uyğur dövləti qırğızlar tərəfindən yıxılıb dağıldı. Bundan sonra uyğurların bir qismi Tarım-Turfan hövzəsinə gedib Hoçunu (Koço) mərkəz seçərək, yeni Uyğur dövləti qurdular. Bir qismi də Çinə, Kaansuya gedib, Çinə tabe oldular.
***
 UYĞURLAR. Uyğurlar Göktürklərin yerinə xaqanlığı əllərinə alanda doqquz uruq və ya uruğdan (ailə məcmuəsi) təşkil tapmışdılar. Xaqanın uruğu Yağlaqır adlanırdı. Bu doqquz uruğa doqquz oğuz boyu (qəbilə) qatılıb birlikdə on oğuz elini təşkil etdilər. Sonra qarluq və basmıl elləri də onlara birləşdi. Xaqanlıq 11 Vali tərəfindən idarə edilirdi.
 Uyğurların ilk xaqanı Qutluq Bilge Orxon çayının yuxarı axarında (Kül Orxon çayı üstündə) Ordubalık şəhərini tikdirdi və 747-ci ildə vəfat etdi. Ondan sonra oğlu Moyinçor xaqan oldu. Orxon-Selenqa çayları arasında, Şine-usu gölü yaxınlığında tapılan Şine-usu kitabəsində belə yazılmışdır: «Xaqan Moyinçor müxtəlif türk, tatar və basmıl ailələrini özünə tabe edib, oğlanlarını onlara şad və tabğu təyin etdi».
 751-ci ildə Talasda ərəblərlələ çinlilər savaşarkən qarluqlar da müsəlmanlara kömək etdilər, nəticədə çinlilər məğlub olub Orta Asiyadan çıxdılar və Tarım hövzəsi uyğurların əlinə keçdi. 
 759-cu ildə Moyinçrorun oğlu Bükü xaqan oldu. Bu zaman Çinin vəziyyəti yaxşı deyildi, tibetlilər Çinə hücum etmişdilər. Elə bu əsnada türklər Çinə yardım edib, onları qurtardılar. Ordunun başında qədim Çin şəhəri Loyanqa gedən türk xaqanı, qayıdanda özü ilə dörd Mani məzhəbli rahib gətirdi və Otugendə Mani məzhəbini rəsmi məzhəb elan etdi. Bu məzhəb türklərin savaşçılıq ruhiyyəsini zəiflətdi.
 Beləliklə, Çin səddi və din türklərin qarşısını almış, əzmini zəiflətmişdir.
***
 821-ci ildə Küçlük Bilge xaqan oldu. Qara Balqasın kitabəsini o bərpa etmişdir. İlk illərdə bacarıqlı olan xaqan, sonradan iğtişaşlarla qarşılaşaraq öldürüldü. Bir neçə il keşməkeşlərdən sonra, Yenisey məntəqəsində 25 ildən bu yana qüvvətli bir duruma gəlmiş olan qırğızlar 840-cı ildə uyğurların paytaxtı Ordubalıka hücum edib, oranı aldılar, xaqanı Hosanı və xalqı öldürdülər. Bu əsnada uyğurlar dəstə-dəstə köç edərək müxtəlif ölkələrə dağıldılar.
 Şərqi Türkistanda Mani, Budda və Nestori məzhəblər yayıldı. Əvvəlcə Budda məzhəbi qabağa düşdü, sonra İslam ümumi şəkildə yayılıb uyğurlar vasitəsilə Çində də rəvac tapdı.
***
 QARLUQLAR. Əsasən Altay dağlarının ətəklərində yaşayan Qarluqlar 764-cü ildə Cunqariya, sonra da Balasaqun və Talasda türkişlərin yerini tutub, hakimiyyəti ələ aldılar və qədim Qərbi Göktürklərin məntəqəsinə hakim oldular. Qarluqlar Otugenin üstünlüyünü qəbul edib, Balasaqunu paytaxt seçdilər və özlərinə türkmən dedilər. 840-cı ildə qırğızlar uyğurların yerinə keçəndən sonra qırğızların hakimiyyətini tanımayıb, öz yabğularına qaraxan deyərək xaqan elan etdilər. 904-911-ci illər arasında (əksər tarixçilərin fikrincə 940-cı ildə) Satuq Buğra xan müsəlmanlığı qəbul edib, islam dinini öz dövlətinin rəsmi dini elan etdi. Bununla da türklərin kütləvi şəkildə müsəlmanlaşması başladı. Bundan sonra Buğra xan Samanilərlə mücadilə etməyə başladı və bu mücadilə davam edərək, 999-cu ildə Samanilərin süqutuna səbəb oldu. Sultan Mahmud Qəznəvinin atası Sabuq Tekin də qarluqlardan idi. Qarluqlar islam tarixində mühüm rol ifa etmişlər.
 «Kitabi hüdud əl-aləm»də qarluqlar ölkəsinin sərhədləri haqqında belə məlumat verilir: «Şərqdə Tanrı dağları, quzeydə oğuzlar, cənubda yağmaların bir qismi və qərbdə Mavərənnəhr». On beş şəhər və qəsəbə adı da bu kitabda göstərilir.
 Qaraxanlı dövləti əsas qarluqlardan olmaq üzrə formalaşmışdı və uyğurlardan da təşəkkül tapmışdı. Sonralar hakimiyyət uğrunda xanədan üzvləri arasında gedən ixtilaf və düşmənçlik yaranaraq, bu dövləti zəiflətmiş və qarşısında duran qaraxitayilərin (monqolların) qüvvətlənməsinə səbəb olmuşdu, nəhayət, qaraxitayilər tərəfindən dağıdılmışdı.
***
 Adı «Came ət-təvarix»ə düşən türk tayfaları bunlardır: Kayı, Bayat, Alkar evli, Kara evli, Yazır, Dögər, Dodurğa, Yaparlı, Avşar, Kızık, Bigdeli, Karkin, Bayandur, Beçənə, Çavuldur, Çipni, Salur, Eymur, Alayuntlu, Üregir, Yığdır, Bükdüz, Yıva, Kınık. Hər birinin öz tamğası və onqunu (totem, ya müqəddəs heyvan) vardı.

İbrahim Sel                (Ardı var)

Комментариев нет:

Отправить комментарий