Həyat dərsləri keçənlər yaxşı bilir ki, “həqiqət axtarmaq” hikkəsi, çox mücərrəd, anlaşılmaz, bəlkə də mənfi yüklü yekəbaşlıqdan başqa heç nə deyildir. Ciddi işlər, nəxşələr, mətləblər bilirsən nə vaxt başlar? Həqiqət özü gəlib səni axtaranda…
Qısası, gərək biləsiz – “həqiqəti axtarmaq” sadəlövhlüyüm indi uzaq keçmişdədir. İndi, düzü, həqiqət özü gəlib axtarır məni. Həmin bu sırada ilk süftəni, nümunəni mənə Azərbaycanın qədim mumiyaları göstərdi.
Günlərin birində…
***
“ANS” telekompaniyasının dar-düddək, cıqqılı “Damas” mikroavtobusları barədə söz düşərkən sürücülər, adətən kinayə ilə birağızdan eyni cümləni təkrarlayardılar həmişə:
– Çində, qarışqa yuvasını xatırladan Honkqonqda bu cırtdan mikroabtobuslardan ancaq şəhərdaxili narkotik trafikində istifadə olunur haaa, biləsiz…
İndi, biz- “Gizli Azərbaycan” verilişinin yaradıcı heyəti, belə bir dar, rahatsız mikroavtobusda əyləşib, gül-çiçək ətirli Cəlilabadın dərə-təpəlikləri boyu hədəfimizə doğru aramla irəliləyirdik. Sürücümüz, rəhmətlik İsmət Əhmədov, nəqliyyat vasitəmizin ancaq şəhərdaxili narkotrafiqə yaradığını növbəti dəfə hamıya xatırlatmağı özünə borc bildi. Aradabir süjeti inkişaf etdirdi hətta:
-Bizə indi qalır narkokuryeri tapmaq, yükü cəld qəbul edib, yallah, güllə kimi yerimizdən tərpənmək.
Bax beləcənə, zarafatlaşıb gülə-gülə, özümüzü narkodilerlərə oxşada-oxşada, Cəlilabadın ucqar, sərhədyanı Dədəli kəndinə nə vaxt gəlib yetişəcəyimizi səbirsizliklə gözləyirdik. Yolun ən uzaq nöqtəsində bir başqa nəqliyyat vasitəsi görünüb qaralınca İsmət:
-Tez, şüşələri qaldırın…Yoxsa indicə burda toztorpaq aləmi başına götürəcək – deyib, sürəti mümkün qədər artırdı. Qəfil, mühərrikin istisi üzümüzü yaladı. Böyrümüzdən sürətlə ötən gülərüz sürücü, şüşə arxasından belə bizlərə əl sallamağı unutmadı.
Rejissor Həbib Cəbrayılov ağzını tam aralayıb:
-Acalmışam yaman. Zəhər də olsa, yeyərəm, vallah. Kəndə hələ çox var? – deməsi, hamının ürəyincə oldu.
Vallah, uzun yol boyu ağzımıza bircə gilə su da dəyməmişdi, axı. Sürücünün başı üzərindəki güzgüdən də görürdüm ki, dodaqlarım lap quruyub. Ətrafları ağ qaysaq bağlayıb.
-Ağzın faldı, Həbib… – sürücümüz, sürəti azaldaraq əl atdı cırıltılı maqnitafonun batıq düyməsinə. – Kəndə çatdıq artıq.
ANS çəkiliş dəstəsinin kəndə gəlişi, anında şad xəbərə çevrilib bütün kəndi həyəcanlandırdı. Qapılar cırıldayıb aralandı. İtlər başladı durmadan, dayanmadan hürüşməyə. Az qalırdı ağır zəncirlərini dartıb yerindən çıxarsınlar.
Həmişəki kimi böyüklərün üstünə küçüklər hürürdü, balacaların ünvanına isə iri, yekə “alabay” köpəklər.
Lap axırda, qulağımıza dəmir çarpayıların cırıltısı da gəldi. Hiss etdik ki, köhnə yataq xəstələri də gəlişimizə agah olurlar.
Mikroavtobumuzu, qədim çinarın etibarlı kölgəsinə tapşırıb, gəlib yetişdik vahiməli, laldinməz bir ünvana.
Qarşımızda qara pişiyin peyda olub, cəld qonşu evin damına sıçramağı, diqqətimizdən yayınmadı. Sürücümüz İsmət anında düşdü qədim xurafatın iti caynağına:
-Mütləq bu pişik elə qarşımızdan ötməliydi, hə?
Damda ağaran göyərçinləri əvvəlcə mən görüb, sonra İsmətə nişan verdim.
Bu şirin, sakit mənzərədən təsirlənib axır rahat nəfəs aldıq. Qarşımızdakı açıq darvazadan ehtiyatla adlayıb, iri, yam-yaşıl həyətə daxil olduq.
***
Xalq təfəkkürü, ancaq fövqəlşüuru qəbul edir, adi şüura pişiyini belə etibar etmir. Şüura, məntiqə etibarı azdı xalqın.
Dədəlidə bu, hər an gözə girirdi. Kəndin öz məntiqi, öz möcüzəsi, öz sirri-sehri vardı – Zərifə idi bu möcüzənin adı.
Zərifədən əvvəl gördüyümüz oğlu Savalan, həyətdəki məcnun söyüdün altında bizimçün bir süfrə açmışdı ki, gəl görəsən. Tanışlığımız əvvəlcə başladı süfrədəki qədim samovardan:
-Nənəmin yadigarıdır. O rəhmətlik də bir başqa aləmiydi, vallah…
Günəş zirvədə, lap dikdəydi deyə, kölgələrin kənarları çox itiydi. Lakin məni, cisimli kölgələr deyil, cisimsiz kölgələr dünyası maraqlandırırdı indi burda. Uşaqların biri cürətlənib videokameralarımıza əl vurdu. Bunu bir işarə bildim. Gəlişimizin səbəbini aşkarladım:
-Nə baş vermişdi, yaxşı, deyin burda 1959-cu ilin ilk baharında?
***
Süfrədəki çayı dadmadan mətləbə keçməyim, masa arxasındakı digərlərinin heç də ürəyincə olmadı. Sifəti, qayış kimi çəkilmiş, almacıq sümükləri bülöv kimi ərimiş yaşlı bir kişi, altlndakı stulu arxaya tərpədərək, öz varlığını bizlərə bir daha nişan verdi. Gənc Savalanı ustalıqla tamadalıqdan kənara itələyib, keçdi ənənəvi söhbətlərə:
-Əvvəlcə bir qismət çörək kəsin bizlərlə. Sonra danışarıq.
Neynək, kişi düz buyururdu. Əl atdıq süfrədəki nemətlərə. Sərin ayran, incə qədəhləri tərlətdi. Uzaq küncdəki zəncirli köpəklərin, burunlarını yuxarı qaldırıb kabab tüstüsünü hərisxəsinə udması gözlərimdən yayınmadı.
Bir başqa ağsaqqal məni azca pərt etdi bu an:
-Diqqətinizi saxlayın bir başqa möcüzələrçün. İt-köpəklərə çox da fikir verməyin.
Mənə də elə bu lazımdı. Kababı yemişdik, süfrəyə pürrəngi çay gəlirdi. Havada qalmış sualımı bir daha təkrarladım:
-Yaxşı, nə baş vermişdi burda, deyin axır, 1959-cu ilin baharında?
Süfrə arxasındakıların hamısı, bizdən savayı, azca geriyə çəkilib, bir başqa ağsaqqalı önə çıxartdılar. Düzü, əvvəlcə onun papağını, qara təsbehini, gümüş üzüklərini gördüm, lap axırda dünyagörmüş əzablı sifətini.
Süfrəyə çay dəstgahı qonunca, bu kişi bir qənd parçasını, həq-həqiqət danəsi kimi, iki barmağı arasında sıxıb bizlərə nümayiş etdirdi. Qəndi, ağzına atınca, başladı öz uzun, fasiləsiz, ancaq maraqlı söhbətinə.
***
– Bizlərdə gecəykən, ay işığında durub gəzənlərə “Qəmər xanım” deyərlər, yadda saxlayın -ağsaqqalın çayı soyuyur, söhbəti qızışırdı.
Fəlsəfi məclisimizin bu ilk cümləsinə, səbirsizlik göstərib, öz əlavələrimi artırdım:
– Elmdə belələrinə “somnambula” da deyərlər… bir çox…
Ağsaqqalın gümüş üzüklərindən biri, ən yekəsi, bu vaxt cəmi bircə dəfə parıldayıb tez də söndü. Ancaq, iti şüası elə mənə bəsdi. Bildim ki, daha bu ağsaqqalın sözünü kəsməməliyəm.
-Bizim Zərifə, belə “Qəmər xanım”larımızdan biri, siz deyən o 1959-cu ildə, gecəykən qəfil yerindən qalxır. Özündən bixəbər çıxır eşiyə…
Ağsaqqalın sönük gözləri həyətdə xüsusi bir marşrut cızdı. Gəlib dayandı qarşımızdakı bağlı qapının önündə.
-Zərifə, on iki yaşlı qızcığaz, gəlib dayanır bax bu indiki qapının arxasında. O vaxt bu tikililər yoxdu. Ətraf çöllü-biyabanlıqdı. – söhbətin gərginliyi artdıqca ağsaqqalın səsi başlayırdı xırıldamağa. – Donub qalır bu yerdə. Bir addım belə kənara çəkilmir.
Səmt küləyinin indicə gəlib burdan keçəcəyini bəri başdan hiss edən ağsaqqal qəfil susdu. Şairliyini gizlətmədi. İmkan verdi səmt küləyinə məcnun söyüdün saçlarını yaxşı-yaxşı darasın.
-Atası səhər obaşdan mal-heyvanı eşiyə çıxaranda görür, bıy, bəs qızı nə vaxtı bircə nöqtədə mıxlanıb qalıb. Deyir, bəs qızım burda neynirsən? Cavab gəlir ki, bəs atacan, buranı qazın… Altındakılar diridi… İmam övladlarıdırlar.
Rejissorum Həbib Cəbrayılov, görürdüm, artıq çəkəcəyi kadrların ardıcıllığını hesablayırdı. Operatorumuz Qadir, videokamerasının gözünü təmizləyib, həyətə baxır, aradakı məsafələrin dəqiq ölçülərini öyrənirdi.
Bu vaxt o bağlı qapı qəfil arxadan açılıb şarrappıltıynan divara çırpıldı. Özünü eşiyə atan bir qoca qadın, o bu bilmədən, dəli kimi, düz üstümüzə cumdu.
***
“Kazbek” üfürənlər, havaya uçan hər tüstüyə heyifsləndiyi qədər, mən də, lentə almadığımız bax bu canlı kadrlara acıdım. Gözlərimlə Həbibə, operatorumuz Qadirə lal bir işarə ötürdüm ki, bəs bunları lentə alın da, ey kəmfürsətlər…
-Camaat töküldü gəldi. Heç toyda, yasda bu qədər bir yerə cəm olmazlar ey…- qarı, yaşmağınımı üzündən aşağı endirirdi bu zaman? Yoxsamı bir sehrin ipək örtüyünü?
Bilinmədi.
-Aşkarladıqlarımız imam övladlarıydı… Elə bil dünən yuxuya getmişdilər… Üçünün də üzündə nur vardı…
Qarı, ancaq indi, önündəki kənd ağsaqqallarına fikir verdi. Diksindi xeylax. Səhvini ancaq indi aşkarlayıb, cəld geriyə qayıtmaq istədi… Gördü gecdi daha… Baxışları bir nöqtədə donub qaldı… İzlədi məni xeylax. Gözləri mən tərəfə getdi qayıtdı… Getdi qayıtdı…
-Səfehəm də… de, get öp də qəriblərin nurundan… üzünü, ayaqlarına süüüürrrrrtttttt… Day, bir də aralanma bu dirilərdən…
Kişilərin söz demək vaxtı gəlib yetişdi. Ağsaqqalın təsbehi səsləndi. Stəkan nəlbəkiyə toxundu.
-O vaxt SSRİ sərhəddiydi bura… KQB… Moskva generalları tökülüb gəldi… Ətrafı mühasirəyə aldılar…
Bir başqası, nisbətən cavanı, mövzunu dəqiqləşdirdi:
-Yəni bax bu həyəti…
Ağsaqqalın stəkanı, sap-sağlam dişlərə toxunub, bu dəfə bir başqa cür cingildədi:
– Bizi qovdular burdan… İmam övladlarını torpağa elə təzə qaytarmışdılar ki, gördük, yoooooxxxx. bu, nəysə başqa… Bəs, uzaqdan bir burulğan, elə biləsən hava dəyirmanı, gəlir eyyy bura düz üzübəri…
Əllər, ovuclar getdi saqqalların üstünə, salavatlar çevrildi bu vaxt.
Gözüm, bayaqkı pişiyi, divar üstə seçdi.
Kameramız artıq onlayn rejimə düşüb önümüzcə irəliləyirdi. Hamımız düşdük bu videokameranın dalısıca. Qapının arxamca anında örtülməyi, məni qorxutdu əvvəlcə. Dedim bəlkə bu qapı bir də gördün üzümə heç açılmadı sonra…
***
Kamera öndə, biz arxada, qaranlıq dəhlizlər boyu bir xeyli məsafə qət etdik. Axırıncı otaq nisbətən işıqlıydı elə bil. Gördük divar dibində çadralı, üzü niqablı kimsə var…
Qadir, arxadan pıçıldadı qulağıma:
-İşıqları quraq? Başlayımmı çəkilişə?
Zərifəydimi bu? Yoxsa həmin üç mumiyadan biri?
Buna bir o qədər fikir vermədim. Çadranın altından, növbəylə, bir-iki xəfif titrəyiş dalğası ötdü.
-Xoş gəlibsiz…Səfa gətiribsiz…
Ətrafıma ancaq indi göz gəzdirməyə cürət edirdim. Nəhəng otağın içində bir xeyli kənd sakini vardı. Orda-burda kut-kut cəmlənmişdilər.
-Əsgərlər “üç kimsənə”ni torpağa qaytararkən nə baş verdi orda? – sualım, dodaqlarımdan güclə qopdu.
Çadralı mumyadan çox ləng cavab gəldi:
-Burulğan gəldi sərhəddin o tərəfindən. Göz görə-görə torpağı sovurdu göyə, imam övladlarını bir də aşkara çıxardı… Sonra…
Səbirsizliyim yenə düşdü önə:
-Sonra noooldu bəs?
Hamının üzü, eyni təəccüb ifadəsində donub qalmışdı. Mumiyanın üzündəki nazik ipək niqab, bizi xeyli intizarda saxladıqdan sonra astaca titrədi:
-Həmin torpağı o burulğan aparıb tökdü təzədən sərhədçilərin başına… Aləm qarışdı yenə… Atamla məni tutdular sorğu-suala… Uşaqdım o vaxt… Başladım ağlamağa…
Sonrakı suallarımızı başqaları cavablandırdı. Mumiya, kürəklərini arxasındakı taxta sütuna dirənib day bir də dillənmədi.
Hamı tələsirdi videokameramıza Zərifənin sonrakı həyatını danışsın. Biri deyirdi ki, bəs Zərifə o vaxtdan bu yerdən aralanmır. Üzünü niqabla örtüb xəlvətə qapanıb. Digəri israr edirdi ki, bəs bu xanım indiyədək bir məclisdə görünməyib – nə şərdə, nə xeyirdə. Ərə getsə də, həyətdəki “üç kimsənə”yə daha çox qulluq edib, nəinki öz ailəsinə.
“Üç kimsənə”ni qoruyan dəmir çərçivəyə yaxınlaşıb, üzərindəki “Yunus, Sədiqə, Əbdül” kəlmələrini oxuduqdan sonra əl atdım masa üzərindəki Qurana. Niyyət tutub Quranı açanda qarşıma “Yunus” surəsi çıxdı… Sonra müsahibə aldığımız çox əcaib bir qadının adı neyçünsə məhz Sədiqəydi… Əbdülü çox çəkmədən gördük… Kəndin qədim yerlərini məhz o nişan verdi bizə…
Sanki bütün hadisələr adi məntiq zəncirindən qopub bir başqa, mistik rəng qazanmağa başlayırdı.
Vaxtiylə, məşhur psixiatr Qustav Yunq bu cür kor, mistik təsadüfləri “sinxronizm” adlandıraraq dərindən tədqiq edib. Dədəlidən ayrıldıqdan sonra mən Yunqun bu barədəki kitabçasını bir daha oxumaq istədim.
***
Mumiyalarda həyat işartıları sonadək sönmür. “Anabioz” faktoru işə düşür, cəsədlər bəzi dirilik əlamətlərini qoruyub saxlayır. Misal üçün, qarlı Buryatiyada qorunan rahib İtilelovun mumiyası bəzən ağlayır sanki. Hətta… hətta tərləyir də bəzən…
Bu cür möcüzəli hallara dünyanın bir çox yerlərində rastlanır.
Azərbaycanda oxşar möcüzəli mumiyalar demək olar ki, əksər ziyarətgahlarda mövcuddur. Mumiyalar, bu dünyayla o dünya arasındakı əlaqəni təmin edir. Öz zəvvarlarına qeybdən xəbərlər ötürür. Nardaran, Gəncə, Bibi-Heybət ziyarətgahlarında əzizlənib qorunan da məhz bu şəfalı mumiyalardı.
O rabitənin necə baş verdiyinə bir gün mən özüm də şahid oldum.
***
O gün, yaxşı yadımdadı, hava çox istiydi. Yamanca susuzdum. Zülmət gecəydi. Arxadaşlarımla gəldik Fatmayı kəndindəki ehsan bir quyunun başına… Bir də hiss etdim ki, ayaqlarımın altından torpaq necə qaçır… Üzü üstə dəydim yerə… Klinik ölüm halım iki dəqiqədən çox çəkib ətrafdakılarımı xeyli həyəcanlandırdı. Bu zaman, qulaqlarım sanki hələ bu dünyadaydı:
-Həmid, dur ayağa… Ayıbdı… Gələn-keçənlər elə bilər içibsən, sərxoşsan… Heç yaraşmaz axı bu hal sənə…
Xəbərdarlıq məni sarsıtdı. Anında dik yuxarı atıldım. Ayaq üstə durub ətrafdakılarımı xeyli sevindirdim. Səbəbi izah etdikdə, yanımdakılardan biri, eşitdiklərinə öz əlavəsini artırdı:
-Qəribədir, bu kəlmələri mən ürəyimdə dedim, dilimdə deyil. Necə oldu ki, sən ürəyimdəkiləri eşidib o dünyadan geri qayıtdın axı?
O vaxt cavabsız qoyduğum həmin suala indi yenə qayıtmaq istərdim burda. Görünür, o dünya ilə bu dünya arasında qalmışlar, yəni hələ tam ölməmişlər, bəzən öz ətraflarındakı daxili “ürək söhbətləri”ni eşitmək bacarığına malikdirlər.
Zəvvarların məhz ürəyindəkiləri oxuyur bu mumiyalar. Dodaqlarındakıları isə əsla eşitmir…
Azərbaycanda belə məşhur mumiyalardan biri, ən məşhuru Mərəzədəki Diri Baba ziyarətgahındaydı. Xəlvətiyyə təriqəti şeyxlərindən birinə məxsus bu mumiya, uzun illər bütün dünyada təəccüblə qarşılanıb. Şirvanı gəzən səyyahların bu barədə geniş xatirələri mövcuddur. Lakin, 18-ci əsrin əvvəlində Şıx Eyyub adlı bir başqa “kəşfü-kəramət” sahibi qərara gəlir ki, bəs Diri Babanı torpağa tapşırmaq vaxtı artıq gəlib çatıb.
Diri Babanı götürüb diri-diri dəfn edirlər. İsrar edirlər ki, bəs o diri deyil. Ölüdü…
Doğrusunu Allah bilər…
İndi Mərəzə tərəflərdə Şamaxı yolundan keçsən, görəcəksən ki, çox müəmmalı yol ayrıcındasan. Yolun bir tərəfində məzar daşları Şıx Eyyubun başına yığılıb. Qarşı tərəfdə isə eyni oxşar mənəzərə Diri Baba məzarı çevrəsində təkrarlanır.
Orda bax gərək sən öz seçimini edəsən. Deyəsən özünə – Diri Babalara tərəfmi gedəcəksən? Yoxsamı Ölü Babalara doğru?
Bax da… insan seçimdə azaddı…
***
Cəlilabadın “Üç kimsənə” pirində ziyarət etdiyimiz mumiyalar da belələrindən idi. O mumiyaları 1959-cu ildə aşkarlamış Zərifə xanımın özü də, zaman keçdikcə yavaş-yavaş qədim mumiyalara oxşamağa başlamışdı… Danışanda elə bil səsi məzardan, o dünyadan gəlirdi. Əti, bədənindən tökülmüşdü… Dərisi qurumuşdu…
Kim bilir? Deyirəm, bu niqab altındakı xanım bəlkə… bəlkə heç diri də deyildi.
Danışan, düşünən qədim mumiyalardan ancaq biriydi, vallah…
korrespondent.az
korrespondent.az
Комментариев нет:
Отправить комментарий