16.03.2016

Mahir Şəkərov: Novruzu Quranla isbat etdilər

İlahiyyatçı yazar Mahir Şəkərov ilə Novruz bayramı ilə bağlı saytımıza müsahibə verdi

-Novruz bayramı ilə bağlı bir sıra məsələləri birgə müzakirə etmək istəyirik. İlk öncə qəbul etmədiniz amma sonra...
-Novruz məsələsi elə məsələ deyil ki, bu haqda uzun-uzadı danışıla və müzakirə obyektinə çevrilə. Amma təəssüf ki, bu məsələni o həddə çatdırıblar ki…  Hətta bəziləri Novruz bayramına haram, məkruh, bidət adını verir. Əlbəttə bu deyilənlərin heç biri əsli əsası olmayan bihudə sözlərdir. Elm bir nöqtə idi, cahillər onu artırdılar hədisindəki incə mətləb kimi...

-İstəyirəm müzakirəyə lap əvvəldən başlayaq. Bu bayamın atəşpərəstlik ayinləri ilə əlaqəsi varmı?
-Novruz bayramının atəşpərəstliklə - Zərdüştlə əlaqəsi yoxdur. O mənada ki, bu bayram Zərdüştdən və atəşpərəstlik ayinlərindən daha da qədim tarixə malikdir. Tədqiqatçı alimlər Novruzun tarixinin Nuh (ə) – la başlandığını qeyd edirlər. Bəzi mənbələrdə bu barədə oxumuşdum ki, Novruzu – Nuh ruz, yəni “Nuhun ruzisi” ya “Nuhun xoşbəxtlik və səadətə çatdığı gün” kimi qeyd edirlər. (red: Nuhun gəmisinin quruya çıxdığı gün) Bəzi mənbələr deyir ki, bu bayram eradan əvvəl 3-cü minilliyə Babilistana aiddir. Bəziləri əlacsız qalaraq deyirlər ki, bu bayram atəşpərəstlərin bayramıdır. Bu sözü deyənlərin özləri də, heç bilmirlər atəşpərəstlik nə deməkdir. Atəşpərəstlərdə od müqəddəsdir. Novruz bayramında ki, bəziləri odun üstündən atılır (bu xurafatdır) və deyirlər ki, ağırlığım, dərdim bəlam, xəstəliyim və s. bu oda tökülüb yansın. Bu əməl və sözlər atəşpərəstlərin ayinlərinin ziddinədir. Atəşpərəstlər heç vaxt bunu etməzlər. Əgər  bu gün bir atəşpərəst bunları görsə mütləq bunu inkar edər və qəbul etməz. Atəşpərəstlər oda yaxınlaşanda hətta ağızlarını da bir parça ilə bükürlər ki, onların nəfəsi oda dəyməsin. Onlara görə insan nəfəsi də odu murdarlaya bilər. Bütün bunlardan sonra kim iddia edə bilər ki bu bayram atəşpərəstliklə bağlıdır?  Atəşpərəstlərdə od müqəddəsdir. Kim öz müqəddəs bildiyini ayaqlar altına sərər hələ üstəlik üstündən o tərəf- bu tərəfə atılar? Novruzu atəşpərəstliklə əlaqələndirənlər (istər ruhani istər qeyri ruhani) bu suala məntiqli və qane edən cavab verə bilərlərmi?

-Axı bəziləri tonqal qalayıb üzərindən atılırlar...
-Şafei məzhəbinin banisi İmam Şafeinin şeir külliyyatında maraqlı bir misra var. O yazır: “İslamın özündə heç bir eyib yoxdur. Nə eyib varsa müsəlmanlardadır.” 
Çox gözəl söz və gözəl baxışdır. Sizin dediyiniz bəziləri İslam deyil.  İslam şəxslərlə, çoxluqla ölçülməz. Kimsə tonqalın üzərindən atılır deyə Novruza haram adı qoymaq səhv işdir. Əgər sabah kimsə namaza idman adı versə onda namazı tərk edək? Biz bu bayramı xurfatlardan təmizləyib gözəl şəkildə keçirdə bilərik.

-Novruz bayramında olan xurafatlar hansılardır?
-Çoxdur. Mümkündür biz burada danışa-danışa da yeniləri icad olur (red:gülür). Bir neçəsini saya bilərik. 1. Məsələn tonqalın, odun üstündən atılaraq ağırlığım, xəstəliyim dərdim bu oda tökülsun kimi sözləri demək. 2. Qulaqasdıya getmək – başqasının evini gizlicə güdmək haram bir işdir. 3. Yumurta döyüşdürmək - əgər hər hansı bir şərt olarsa və udub uduzmaq olarsa bu artıq qumar olur. Qumar da  haramdır. Amma əyləncə xatirinə və heç bir şərt qoşulmadan olsa bir eybi olmaz.  4. Papaq atmaq məsələsində də diqqətli olmaq lazımdır. Mümkündür sizin bu işiniz qarşı tərəfi narahat edə. Əgər arada narahatçılıq olsa bu da olmaz və s.

-Sözlərinizdən bu qənaətə gələ bilərik ki İslam Novruzu dəstəkləyir?
-Əgər bir adət və ənənə İslamın prinsiplərinə zidd deyilsə İslam onu dəstəkləyir. Bu bayramda da bir sıra müsbət xüsusiyyətlər var. Məsələn evlərin, həyət bacanın təmizliyi, İslamda xüsusi yeri olan qohum əqrabanı ziyarət etmək, bir-birlərinə hədiyyə aparmaq, küsülülərin barışması və s.   Yaxşı olar ki bu işlər hər zaman ola təkcə Novruzda yox. 

-Bəzən dini saytlarda Novruzun bidət olduğu qeyd olunur…
-Novruzla bağlı bir çox araşdırmalar dəyərli yazı və məqalələr, çıxışlar izləmişəm. Və bu işi görərkən heç bir dil və məzhəb fərqi qoymadan Quran deyən kimi ən gözəlini götürmüşəm. (Nəhl 25) Və nəticə aldım ki, Novruz məsələsi həm şiə və həm də əhli sünnə mənbələrində qəbul edilən bir məsələdir və bu qətidir. Bu məsələni qəbul etməyənlər isə gündə bir dona girən döyüş meydanlarından qadın paltarında qaçan, arvadını ailəsini Suriyadakı dırnaqarası qardaşlarına peşkəş çəkən sələfi-vəhhabi- İşıd  və s kimi adlarla tanınan münafiq dəstədir. Novruz bayramı ilə bağlı hədisləri topladım. Həm bu məsələyə təşviq edənləri həm də inkar edənləri... 
Novruzu təsdiq edən 1 hədisə diqqət.
Noman ibn Muhəmməd Təmimi (363 h.q) “Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: “Bu nədir?” Dedilər: “Bu gün Novruzdur”. Buyurdu: “Əgər edə bilsəniz, hər günü Novruz edin”.
Bir az öncə də dedim. Gərək hər gün bu xeyir işləri edək təkcə  Novruzda yox. Hədisdə də buna işarə edilir ki qoy hər gün Novruz kimi olsun. Hər gün hədiyyələşin və bu kimi gözəl işləri yerinə  yetirin.

-Bəs bu məsələni inkar edib haram bidət deyənlər nəyə əsaslanır?
-Dediyim kimi Novruzun inkarına dair bir neçə hədis var. O hədisləri araşdırdırqda məlum olur ki, bu hədis ya sözügedən mənbədə mövcud deyil və ya rəvayət tarixi yoxdur. Məsələn deyirlər ki filan kitabda belə bir məsələ var. Axtarırsan görürsən heçnə yoxdur. Öz sözlərini yeritmək üçün yalan danışıb hansısa kitaba və müəllifə böhtan atırlar və guya bunlar İSLAMşunasdırlar. Belə şeylər çox olur. Bir hədis oxuyurdum. Onun mətnində bir qədər qaranlıq qalan nüanslar oldu. Araşdırdım. Hədisdə adı keçən şəxs ki, o hədisi onun dilindən nəql etmişdilər, həmin şəxs həmin hadisə zamanı hələ dünyaya gəlməyibmiş. Başqa sözlə hələ ana bətnində imiş. Odur ki gərək hər sözü, hədisi araşdıraq.

-Söhbətdən öncə qeyd etdiniz ki, Novruzla bağlı Quranda ayə var. Varmı həqiqətən?
-Bəli var. Əminəm ki,  Quranda hər bir şey haqda məlumat var. Sadəcə bizim elm və savadımız bunu dərk edə bilmir və deyirik ki, filan məsələ Quranda yoxdur. Əksinə deməliyik ki, bilmirik ya rast gəlməmişik və s.  Rahatlıqla “yoxdur” demək fikrimcə düz deyil. Həmin ayələrə gəlincə; Bir neçə ayə qeyd edirəm bu haqda. Taha sürəsinin 57-58-59-cu ayələri – Əhli sünnənin görkəmli təfsir alimi Zəməxşəri Kəşşaf təfsirində bu haqda danışır. O cümlədən Sələbi özünün əl-Kəşfu bə Bəyan, Səmərqəndi özünün Bəhrul ulum,Müqatil ibn Süleyman Təfsiru Müqatil,Cəllaləddin Süyüti özünün əd-Dürrul Mənsur əsərində ayədəki zinət gününün Novruz bayramı günü olduğunu söyləyir.
Bəqərə 243 təfsirinə baxın. Bir sıra əhli sünnə alimi bu ayənin təfsirində Novruzdan danışır. O cümlədən Beyhəqi özünün “əs-Sünənul Kubra”, Xətib Bəğdadi “ət-Təbəqatus-Səniyyə”,Cəlaləddin Süyuti “Camiul əhadis” Muhəmməd ibn İbrahim Cə`əfi “ ət-Tarixul Kəbir” kitabında belə nəql edir: Novruz bayramı günü Əli ibn Əbi Talibə (ə) camın içində halva hədiyyə verdilər. Bu nədir deyə soruşduqda dedilər:Ya əmirəl möminin bu gün Novruzdur, bu da novruz hədiyyəsidir. Hz Əli (ə) dedi hər günümüzü Novruz edin!
(red: Bu ayələrin izah və təfsirinə baxmağı sizlərin öhdənizə buraxırıq. Ayələrin geniş izah və təfsirlərini bura yazmaq istəsək çox geniş bir yazı alınacaq).  
O adamlar ki, Novruz haqqında “haramdır” fətvası verir, məlum olur ki Qurandan xəbərləri də yoxdur. Bu qeyd etdiyimiz alimlər əhli sünnənin çox dəyərli və olduqca böyük alimləridir. Təəssüfləndirci haldır ki, əhli sünnə alimi bu iddianı edir amma əhli sünnə adı ilə də Novruza haram deyənlər peyda olur. Buyurun bu da ayə. Quran, hədis deyil ki onu asanlıqla rədd edək. Quran deyir ki, Novruz var, bəs siz nə deyirsiniz?! (red: Sual, Novruzu qəbul etməyənlərə ünvanlanır.)
Bu Quranın sözüdür. Bunu kimsə dərk edib qavramırsa özünə, öz naqis ağlına etiraz etsin ki, bu nurani mətləbləri qəbul edə bilmir. Fikrimcə təkcə bu ayələr, Novruz bayramı haqqında haram (məkruh, bidət) fətvası verənlərə kifayət edər. Əgər düşüncə sahibləri və təəssüfkeş əhli olmasalar...  Çünki, qeyd etdiyimiz təfsir kitabları bütün İslam müfəssirlərinin, alimlərinin təfsirlərində istinad etdikləri mənbələrdir…

-Təşəkkür edirik ki, bizimlə müzakirəyə vaxt ayırdınız.
-Siz sağ olun. Allah bu bayramı bütün müsəlmanlara xeyirli eləsin. Hər günümüz Novruz olsun (hədis).

Комментариев нет:

Отправить комментарий