12.03.2016

Qumarxanaları himayə edən Baş İdarənin əməkdaşı kimdir?

Adı bizə məlum olan həmin şəxs Arzuman Muradlı, «Yeraz» Mehman, «Ağdamlı» İqbal və «Qara» Vəzirə obyektlər açmaları üçün lojistik dəstəklə yanaşı, maliyyə də verib

Artıq bir müddətdir JAM.AZ- olaraq Bakıda son dövrlər artan qumarxanalarla bağlı silsilə araşdırmalarımızı oxucuların ixtiyarına vermişik. Apardığımız araşdırmanın ilkin nəticələrindən ortaya çıxan məqam odur ki, mərhum prezident Heydər Əliyevin qadağan etdiyi, həmin vaxtdan bəri qüvvəsində olan bu qadağanı pozanların sayı bir neçə nəfərdir. Lakin onların arxasında dayanan adamların kimliyi isə kifayət qədər maraqlıdır. 

Qumar biznesində kimlər var? 

Qeyd edək ki, Bakıda geniş şəkildə yayılmaqda olan qumarxanaları işlədənlər arasında əsas fiqurların sayı çox deyil. Onların arasında ən aparıcıları Arzuman Muradlı, «Yeraz» Mehman, «Ağdamlı» İqbal, «Qara» Vəzir və daha bir neçə nəfər var.
JAM.AZ xəbər verir ki, adları çəkilənlər arasında Arzuman Muradlının YAP-ın Səbayel rayon təşkilatının İdarə Heyətinin üzvü olması isə kifayət qədər qəribə təəssürat yaradıb. Ona görə ki, hakim partiya adətən belə adamları öz sıralarında saxlamır. Lakin sonradan məlum olan o olub ki, Muradlını himayə edən, daha doğrusu, qoruyan və onun siyasi karyera qazanmasına yardımçı olan şəxs deputat Hüsuynbala Mirələmovdur. O Mirələmov ki, oğlu polisdə çalışır, qardaşı oğlu isə «1001 Gecə» restoranında «razborka»ya qarışaraq, həbs olunub.
«Ağdamlı» İqbal isə qumar karyerasına xeyli əvvəldən başlayıb. Və onun ilk qumarxanası Türkiyə Səfirliyinin həyətində fəaliyyət göstərib. Ardından isə proses genişlədilib və paytaxtın hər yerinə yayılıb. Bu gün isə demək olar ki, sayı 10-dan çox olan belə obyektlərə sahiblənib.
«Yeraz» Mehman isə daha çox qumarxanaların işlədilməsini şərikli şəkildə həyata keçirməyə üstünlük verir. Arxasında bir sıra qüvvələrin dayandığı da sirr deyil. Onun maraqlı fiqurların himayəsi altında olması da gizlin məsələ deyil. 
«Qara» Vəzir isə bu sahədə daha təhlükəli fiqur kimi tanınır. JAM.AZ xəbər verir ki, Bakıda onlarla qumarxananın sahibi olan bu şəxs onların işlətməsini qohumlarına, hətta kürəkəninə belə etibar edib. Lakin onun hakimiyyətdəki bəzi fiqurlarla konflikt içində olduğu da məlumatlar sırasında var. Bu barədə yaxın günlərdə geniş məlumat verəcəyik. 

Aslan İsmayılovun sensasiyalı açıqlaması 

Qeyd edək ki, ötən gün tanınmış hüquqşünas Aslan İsmayılov sensasiyalı açıqlama ilə çıxış edib. Modern.az saytına verdiyi açıqlamasında hüquqşünas Bakıda fəaliyyət göstərən qumarxanalardan bəhs edib. «Uzun müddətdir ki, mənə olan çoxsaylı müraciətlərdən başa düşdüm ki, ölkədəki qumarxanalar bir çox ailələri bədbəxt edib. Məhz buna görə bir müddət idi ki, Bakıda, faktiki olaraq qumarxanalar kimi fəaliyyət göstərən lotoxanalar, internet klublardakı kazinolar barədə məlumat toplayırdım. Topladığım məlumatlar əsasında gəldiyim nəticəni sizinlə bölüşürəm”.
İsmayılov qeyd edib ki, konkret orqanların, şəxslərin adları ona bəllidir, lakin bu barədə açıqlama verməyəcək. «Çünki bu mafiyanın gücünə bələdəm. İmkandan istifadə edib böhtan atmışam deyə, asanlıqla məni həbs etdirərlər. Ancaq verdiyim məlumatdan istənilən hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyində təmsil olunanlara həmin orqanlar və şəxslər aydın olacaq. Zatən əminəm ki, aydındır, çünki söhbət milyonlardan gedir”.
Hüquqşünasın sözlərinə görə, Bakı şəhərində 60-a yaxın belə qumarxana fəaliyyət göstərir və bunu bilən hüquq-mühafizə orqanları onlardan haqq alırlar. "Bakı şəhərində mərkəzi güc strukturlarına aid olan bir Baş İdarənin konkret əməkdaşı həmin qumarxanalara kuratorluq edir və hər ay lotoxanalardan 15 min manat, internet klublardan, quraşdırılımış aparatlara uyğun olaraq 5-10 manat haqq alır. Bundan əlavə, hər rayonun bir hüquq-mühafizə orqanının idarəsi də həmin obyektlərdən aylıq 5 min manat haqq alır. Bölmələrə bu işə qatılmaq qadağan olunub. Bu obyektlər onların ərazisində fəaliyyət göstərsələr də, müdaxilə edə bilmirlər. Həmin qumarxanalar KİV-lərin ağzını yummaq üçün də konkret adam vasitəsi ilə onların da haqqını çatdırır. Buna orta hesabla hər təşkilatdan ayda təxminən 3 min manat xərc çıxır. Məhz buna görə də şəhərin gur yerlərində loto və həmin obyektləri reklam edən bukletlət açıq aşkar satılır”.

Qumarxanalara himayədarlıq edən Baş İdarənin əməkdaşı kimdir? 

Aslan İsmayılovun adını açıqlamadığı Baş İdarənin əməkdaşının kimliyi ilə bağlı JAM.AZ-ın apardığı araşdırma isə kifayət qədər maraqlı məqamları üzə çıxarıb. İlk olaraq qeyd edək ki, bu şəxsin adı artıq bizə məlumdur və onunla bağlı detallı araşdırmalarımız davam edir. Lakin bu dəqiqləşdirmələr başa çatmadan adını açıqlamağı zəruri bilmədik. Amma yaxın günlərdə şəxsin adını açıqlamaqla yanaşı, geniş bilgi verəcəyik.
Baş İdarənin əməkdaşının qumarxanalarla bağlı atdığı addımların bəziləri ilə bağlı məlumat verək. JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, həmin şəxs qumar biznesində olan şəxslərlə təmas quraraq, onlarla şərikli şəkildə hərəkət edir. Onun əsas vəzifəsi qumarxanaların qurulması, məkanların seçilməsi və zəruri olan əşya və avadanlıqların alınmasını maliyyələşdirməkdir. Bəzi məlumatlara görə, sözügedən şəxs hətta özünə məxsus obyektləri də qumarxana kimi istifadəyə verdirib.
Onun bir vəzifəsi də polis və digər qurumların müdaxilələrindən qumarxanaları qorumaqdır. Əks təqdirdə, Polis Bölməsinin yaxınlığında fəaliyyət göstərən belə yerlərin bir neçəsi çoxdan bağlanmış olmalıydı.
Məsələ ilə bağlı geniş araşdırmamız davam edir və yaxın günlərdə daha sensasiyalı adların qumar biznesinə qarışdığına dair geniş yazımızla tanış olacaqsınız.

xeberman.com

Комментариев нет:

Отправить комментарий