29.03.2016

“KOROĞLUNUN ADINA QOYULAN HEYKƏL ƏSLİNDƏ BƏYLƏR ƏYYUBOVUNDUR”

Müxbirimiz maraqlı bir məsələni aşkarlayıb. Daha sonra apardığı araşdırma və danışdırdığı mənbələr hesabına aydınlaşdırıb ki, sən demə, Bakıdakı “keçmiş Çaparidze parkında qoyulan Koroğlu heykəlinin fərqli təyinatı varmış: ”Bəzi kateqoriya insanlar, xüsusilə də general Bəylər Əyyubova yaxın olan gənclər və orta yaş həddindəki vətəndaşlar iddia edirlər ki, bu, əslində Bəylər Əyyubovun heykəlidir..."
Təbii ki, bu cür məlumatların arxasında hər zaman bir mənbə dayanır. Məhz həmin mənbə müxbirimizə deyib ki, heykəllə üz-bəüz olan “Koala park”dakı restorana yığışan gənclər dəfələrlə həmin heykələ doğru əl uzadaraq “bu, Koroğlu deyil ee, Kürdoğludur”, sözlərini ucadan söyləyiblər. Mənbəmiz iddia edir ki, bütün bunlara özü dəfələrlə şahid olub: “Həmin restoran-çayxanaya əsasən özünü kürd hesab edən vətəndaşlar yığışır. Onlar da heç kimdən çəkinmədən yüksək səslə deyirlər ki, bu heykəlin adı Koroğludur, əslində isə kürd xalqının böyük oğlu Bəylər Əyyubovun at belindəki heykəlidir”. Mənbəmiz onu da deyib ki, bu cür iddialar səsləndiriləndə orada olan və bu sözləri eşidən digər vətəndaşlardan heç bir reaksiya olmayıb: “Çünki hamı bunlardan qorxur. Bu obyektdə tez-tez Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov da olur. Ondan isə rastına çıxan hər kəs çəkinir. Robertin kəsdiyi başa sorğu yoxdur- bunu bilməyən qalmayıb artıq...” 
Müxbirimiz bir neçə gün həmin ərazidə müşahidə aparıb- digər mənbələrdən də bəzi detalları dəqiqləşdirib. Onun özü qeyd olunan cümlələri eşitməsə də, başqa vətəndaşlar, adlarının açıqlanmaması şərti ilə, deyilənləri təsdiq ediblər. Müxbirimizə o da məlum olub ki, mayın 1-də bir qrup gənc Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin qarşısına yığışıb. Onlar da yaxınlıqdakıların eşidə biləcəyi bir səslə heykəli “Kürdoğlu” adlandırıblar. Mayın 3-də müxbirimiz ərazidə olarkən parkdakı ağaclara qulluq edən paytaxt sakini təsdiq edib ki, mayın 1-də Koroğlunun heykəlinin qarşısına təxminən 20-30 gənc yığışaraq şənlik keçiriblər. Onun sözlərinə görə, əraziyə gələn post-patrul xidmətinin əməkdaşları gəncləri ərazidən uzaqlaşdırmaq istəyib. Amma gənclərdən biri kapitan rütbəli polisə yaxınlaşaraq qəzəblə nəsə deyib. Bundan sonra polis əməkdaşları ərazidən uzaqlaşıblar.
Xatırladaq ki, xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb. O cümlədən abidənin yerləşdiyi Koroğlu parkında abadlıq işləri aparılıb. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib. Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb. Abidənin müəllifi, Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədovdur.
İndi dövlətin milyonlarla manat məsrəf etdiyi bir layihəyə kimlərsə sahiblənmək cəhdi göstərir, xalq qəhrəmanına qoyulan heykəlin adına “Kürdoğlu” deyir. Bütün bunlar rəsmi olmasa da, istənilən halda, yolverilməz əməldir. Bizə görə, hörmətli Bəylər Əyyubov özü bu məsələ ilə ilgilənməli və Koroğlunu, onu (generalı) sevənlərin əlindən almalıdır...

Fərahim İLQAROĞLU            musavat.com

Комментариев нет:

Отправить комментарий