Rusiyalı bloqer Andrey Şipilov sensasion hadisəyə diqqəti cəlb edib. virtualaz.org xəbər verir ki, Şipilov bu günlərdə Rusiya telekanallarından birinin süjetində yer alan və çoxlarının nəzərindən qaçan faktdan bəhs edir.
Həmin süjetdə Xəzər dənizinə hava yastığı üzərində yerləşən “Murena” desant gəmilərinin göndərilməsindən bəhs edilirdi və qeyd olunurdu ki, bu gəmilər Xəzər regionunda gərəklidir.
Şipilov yazır ki, “Murena” desant gəmilərinin maraqlı xarakteristikası var. Bu gəmilər düşmənin sahilyanı ərazilərinin ələ keçirilməsi üçün nəzərdə tutulub. Göyərtəsində 140 desantçı, bir tank və iki BTR daşıya bilir.
Gəmi hava yastığı üzərində birbaşa sahilə, quruya çıxa bilir və eyni vaxtda onun göyərtəsindən desant qüvvələri və hərbi texnika da sahilə çıxır, dərhal döyüşə girir. Bununla bərabər gəminin mükəmməl Hava Hücumundan Müdafiə sistemi var, bu sistemin sayəsində “Murena” sahilə çıxarılan desantı havadan müdafiə edir, gəminin təchiz olunduğu artilleriya isə düşmənin sahildəki müqavimət ocaqlarını zərərsizləşdirir.
“Texnikanın təyinatı müstəsna olaraq hücumdur. O, ərazilərin zəbt olunması üçün nəzərdə tutulub. Və sual yaranır, bu gəmi Xəzər regionunda hansı səbəblərdən zəruridir? Xəzər dənizinin suları Rusiyadan başqa Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın sahillərini yuyur. Çox güman ki, Rusiya Türkiyənin dostu olan Azərbaycana hücum etməyə hazırlaşır”-Andrey Şipilov öz qənaətini irəli sürərək yazır.
İnternet mənbələrində yer alan məlumatlara əsasən “Murena” sürətli desant gəmiləri sovet dövründə istehsal olunub, daha sonra təkmilləşdirilib. Müasir naviqasiya və atəşin idarə edilməsi sistemləri ilə təchiz edilib.
Martın 1-dən etibarən Rusiya Xəzərdə növbəti irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu manevrlərdə 50-yə yaxın hərbi gəmi iştirak edir. Manevrlərdə qanadlı raketlərlə quru, dəniz və hava hədəflərinə zərbələrin endirilməsi sınaqdan keçiriləcək. Analitiklər hesab edir ki, bu təlimlər Səudiyyə Ərəbistanı, Türkiyə və müttəfiqlərinin Suriyaya mümkün quru müdaxiləsinə hazırlıqdır. Lakin Suriya Xəzər dənizinin sahilində yerləşmir və qanadlı raketlərlə məşqi Suriya ətrafındakı situasiya ilə əsaslandırmaq mümkün olsa belə quruya desant çıxarmaq üçün nəzərdə tutulan gəmilərin Xəzərə göndərilməsi doğrudan da ciddi suallar doğurur...
Virtualaz.org araşdırıb ki, “Murena” desant gəmilərinin Xəzərdə yerləşdiriləcəyinə dair süjeti Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı yayıb. Bir neçə gün əvvəl efirə gedən süjetdə deyilir ki, gələn ildən Xəzər donanmasının tərkibinə “Murena” desant gəmiləri də daxil olacaq. “Ekspertlərin sözlərinə görə, Xəzər donanmasının fəaliyyət göstərdiyi regionda desant gəmiləri olduqca vacibdir. Çünki tank-desant gəmiləri nəinki hərbi münaqişə zonasına desant qüvvələri və hərbi texnika çıxara bilir, eyni zamanda ona göyərtəsindəki güclü silahlarla atəş dəstəyi verir”-telekanal bildirir.
Süjetdə daha sonra qeyd olunur ki, Xəzər donanmasının hərbi potensialı ilbəil gücləndirilir. Hazırda donanmanın gəmilərinin 80 faizi yeni gəmilərdən ibarətdir. Donanmanın komandanı, kontr-admiral İqor Osipov 2020-ci ilə qədər gəmilərin 90 faizinin yenilənəcəyini deyib.
Hərbi ekspert Aleksandr Mozqovoy isə deyib ki, Xəzər donanmasının “Morena” desant gəmiləri ilə gücləndirilməsinə tutarlı əsaslar var. “Məsələ ondadır ki, region olduqca gərgindir. Orada bizim terrorçu qruplaşmaların tez-tez peyda olduğu Şimali Qafqaz respublikaları da var, yaxınlıqda yerləşən dövlətlər də”-Mozqovoy deyib.
Ekspertin bildirdiyinə görə, “Murena” desant gəmiləri Xəzər dənizi kimi məhdud su hövzələrində tətbiq olunmaq üçün çox əlverişlidir. Gəmi saatda 100 kilometr sürətlə hərəkət edir və yüksək sürəti sayəsində qısa müddət ərzində təyin olunmuş rayona çataraq desant qüvvələrini sahilə çıxarır, habelə ona güclü atəş dəstəyi verir. /virtualaz.org/
Комментариев нет:
Отправить комментарий