22.03.2016

İlahiyyatçı “nurçular”ı öz kitabları ilə susdurdu

Novruz  haqqında verdiyim müsahibəyə (Adı: “Quran deyir Novruz var bəs siz nə deyirsiniz?”) bir sıra yersiz iradlar oldu. Yersiz ona görə deyirəm ki,  çünki nə əqli, nə nəqli və nə də məntiqi heç bir şey yox idi. Sadə bir misal çəkim. Mənə deyirlər ki, “filan ayə ki yazmısan orada heç “Novruz” sözü yoxdur.”  Bu cümlə özü qarşı tərəfin elmsizliyinə dəlalət edən ən böyük bir dəlildir. Hər şey ayənin zahiri tərcüməsində var idisə bəs onda təfsir elmi, ayələrin nazil olma səbəbi bütün bunlar nəyə lazım idi? Müsahibədə qeyd edib demişik ki, TƏFSİRƏ BAXIN. Siz hələ də təfsir ilə tərcümə arasındakı fərqi bilmirsiniz? Eybi yox. Bilməmək eyib deyil, öyrənməmək eyibdir.

Öyrənib gələrsiz...

Bu müsahibəmə həm şiələr, həm əhli sünnələr və nurçular etiraz etdi. Etiraz və qınaqdan heç vaxt çəkinməmişəm. Əksinə o etirazlar məni daha da gücləndirib və araşdırmaya sövq edib. İstəyirəm bu gün nurçulara Novruzu öz alimlərinin dili ilə isbat edim. Qurana imanınız yoxdursa, ən azından aliminizin sözünü dinləyin ki, zahirdə də olsa sizə rahat şəkildə “nurçu” deyə bilək.

Səid Nursi: “Novruz bayramı şirk deyil”

Özlərini Səid Nursinin ardıcılı kimi qələmə verənlər sən demə heç Səid Nursinin həyatını belə mütaliə etməyiblər. Əgər öz aliminizdən xəbərdar olsaydınız onda görəcəkdiniz ki o sizin kimi bədbin deyil. O Novruz haqqında çox nikbin danışır. O sözlərə keçməzdən öncə bunu da qeyd etmək yerinə düşərdi. Səid Nursinin rəsmi internet saytında maraqlı bir nüansla rastlaşdım. Sayta oxucular tərəfindən 24.08.2010 –cu ildə bir sual daxil olub.
Sual: “Səid Nursinin Novruzu qeyd etdiyi söylənilir...  Nə dərəcədə doğrudur? Ustadın Novruzu qeyd edib etmədiyi barədə məlumat varmı?”
Sualda və verilən cavabda xüsusi bir məqam var ki,onu tam yazmadım və  onu ayrıca qeyd edəcəyik. Verilən cavabda bu hissəyə diqqət yetirin. “Novruz bir zamanlar məcusilik bayramı kimi bilindiyi üçün o dönəm alimləri avam camaatı bu işdən çəkindirmək üçün Novruzu qadağan etmişlər. Amma daha sonralar bu müstəqil bayram şəklinə çevrilmişdir.  Novruz zatında şirk olduğu üçün deyil, məcusiliyə oxşadılıdığı üçün qadağan edilmişdir. Və sonra bu hökm ləğv olunmuşdur...” (Səid Nursinin rəsmi sual-cavab bölməsindən bunu özünüz də izləyə bilərsiniz. Link: http://www.bediuzzamansaidnursi.org/merakedilenler/uestadin-nevruz-bayrami-kutladigi-soyleniyor-ve-imami-gazali-der-ki-kim-nevruz-ya-da-)

Novruz bayramı Səid Nursinin dili ilə

İndi keçək əsas mətləbə. Səid Nursi haqqında bir kitab yazılıb. Kitabın adı “Son şahidlər”dir. 1977-ci ildən ilk cildi çap olmaqla sonuncu, 6-cı cildi isə 2007-də çap olunmuşdur. Səid Nursini yaxından tanıyan və daim yanında olan şəxslər Səid Nursi haqqında öz xatirələrini qeyd ediblər. Onlardan biri Muhsin Alev adlı şəxsdir ki daim Səid Nursi ilə birgə olan şəxslərdən olub. O yazır: “Ustad gəzməyi xüsusən bahar fəslində yaz aylarında təbiət qoynunda gəzməyi çox xoşlayardı. Məxluqatla, mövcudatla baş-başa qalıb dərin təfəkkürə dalardı. İstanbulda Novruz günü (21 Mart) çölə gəzməyə gedərkən bizi də yanında apardı. Bu gün məxluqatın bayramıdır deyib, Novruzun önəmini bizə anlatdı. Çöldəki itlərə çörək qırıntıları atdı. Bu Novruz bayramında bir köpəyin belə qisməti vardır dedi. Bahar məxluqatın bayramıdır. Biz də onların bayramında iştirak edək. Novruz günü çox sevincli halda idi...” (Son Şahitler 4-cü cild)
Ay nurçular! Buna cavabınız nədir? Sizin ardıcılı olduğunuz Səid Nursi bayram edir amma siz deyirsiniz ki, bayram edən kafirdir, olmaz filan.  Deməli Səid Nursi kafirdir? 
Biz sizə öz kitabınızdan dəlil gətirdik. Əgər sizdə doğru dediyinizi iddia edirsinizsə onda Quran deyən kimi dəlil və sübutla irad bildirin.
“De: Əgər doğru danışansınızsa, dəlil və sübutlarınızı gətirin.” (Bəqərə 111)

İlahiyyatçı yazar Mahir Şəkərov

Комментариев нет:

Отправить комментарий