Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında yeni mümkün razılaşma barədə Moskva-Bakı portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik.
- Bu yaxınlarda Baş nazir Nikol Paşinyan İrəvanla Bakı arasında Moskvanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı yeni bir sənəd hazırlandığını söylədi. Bilirsiniz ki, bundan əvvəl erməni tərəfi Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçdiyini və Sünik (Zəngəzur-red) bölgəsindəki ölkənin içərisinə 3,5 kilometr irəlilədiyini elan etdi. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə müraciət etdi və Rusiya prezidentindən hərbi yardım istədi. Bildiyiniz kimi, Moskva çox diplomatik və konstruktiv şəkildə reaksiya verərək, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları qıcıqlandırmaq üçün heç bir səbəb olmadığını bildirdi və delimitasiya komissiyası yaratmağı təklif etdi. KTMT də diplomatik reaksiya verdi...
- Demarkasiya, delimitasiya məsələləri həmişə çətindir, xüsusən də bu yaxınlarda müharibə vəziyyətində olan, diplomatik münasibətləri olmayan dövlətlərə aiddirsə. Xüsusilə, Azərbaycan və Ermənistan. Sərhədlərin dəqiqləşdirilməsi ciddi bir müntəzəm danışıqlar prosesi, kartoqrafiya işi və diplomatik əlaqələrin qurulması ilə müşayiət olunmalı bir məsələdir. Bu barədə bu yaxınlarda Dövlət Dumamıza səfər edən Ermənistan nümayəndə heyətinə danışdım. Bu cür məsələlər müharibə yolu ilə həll olunmur. Razılaşmalar yalnız danışıqlar yolu ilə əldə edilə bilər. Və son dərəcə vacib olan bu kimi məsələlərlə məşğul olanda ilk növbədə təmkin olmalıdır. Mənə elə gəlir ki, indi həm Rusiya tərəfində, həm də Azərbaycan tərəfində mövcud olan təmkin bu məsələnin həll olunmasına kömək edir. Moskvanın bu reaksiyası başa düşüləndir. Moskvanın bölgədə sülh və sabitliyə, sərhədləri yaxınlığında etibarlı bir məkana ehtiyacı var. Bu reaksiya təmkinli və eyni zamanda, bir mesajdır- danışıqlar aparın, zorla həll etməyə çalışmayın, çünki bu yol qəbuledilməzdir. Sovet dövründə Damanskiy adası ətrafında SSRİ ilə Çin arasında hərbi əməliyyatlar keçirildiyi vəziyyəti xatırlayırıq. KTMT üzvləri olan Qırğızıstan və Tacikistan arasındakı sərhəddəki son hərbi münaqişə. Və bu hallarda hər şey heç də asan deyildi. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin noyabrında imzaladığı üçtərəfli bəyanatda dinc həyatın, münaqişədən sonrakı dövrün bir çox məsələləri nəzərə alına bilmədi. Çünki bu kimi məqamlara aydınlıq gətirmək üçün daha çox vaxt lazımdır. Bu səbəbdən bu ilin yanvarında nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasına dair yeni bir razılaşma meydana gəldi. Ölkələr arasında sərhədlərin delimitasiyası barədə necə razılaşma olmalıdır. Tərəflər bu barışıq yolunda getdikcə daha çox müqavilə imzalamağa hazırdırlarsa, hamı bundan yalnız bəhrələnəcəkdir. Axı hər şey bunun üçün edildi -sülh naminə, iki xalqın dinc yanaşı yaşaması naminə ilk üçtərəfli müqavilə imzalandı- belə ki, proses bir addım deyil, addım-addım irəliləsin. Vəziyyətin yeni dondurulması isə, nəqliyyat, ticarət və iqtisadi əlaqələrin bərpasına mane olur. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı əvvəlki 30 ilə yaxın müzakirələrdə sual qaldırıldı - münaqişənin həll olunmaması kimin üçün yaxşıdır? Blokadada olması Ermənistan üçün yaxşıdır? Əlbəttə yox. İndi isə bir dəfə məsələ həll edildikdə -təəssüf ki, hərbi gücün köməyi olmadan deyil- yenə də qərar verildi, indi yalnız irəliləmək lazımdır. Düşünürəm ki, Ermənistan bunu dərk etməlidir.
- Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağ nizamlanmasının status-kvoda qalmasında əvvəlki hakimiyyət orqanlarının rolu olduğunu və bugünkü revanşist açıqlamaların ölkəyə də yaxşı bir şey gətirməyəcəyini bildirdi...
- Ermənistanda seçki kampaniyası davam edir. Və kiminsə intiqamdan, torpaqları geri götürməyin lazım olduğundan, müharibədən danışdığını eşidirik. Bütün bunlar mövcuddur və daxili auditoriyaya təsir etmək məqsədi daşıyır. Və bu cür ifadələr, fikrimcə (və burada Levon Ter-Petrosyana qoşuluram), tamamilə qeyri-ciddi və məntiqsizdir. Bu gün populizmə görə Ermənistanın kifayət qədər itki verə biləcəyini söyləyə bilərsən, amma seçkilərdə qalib gələn hər hansı bir real siyasətçi -deyək ki, bu cür populist metodların köməyi ilə də- əslində sabah reallıqla üzləşəcək, real siyasətdə Ermənistanın qisas alması qeyri-mümkündür. Bu intiqam Azərbaycana münasibətdə qeyri-mümkündür və yalnız mövcud vəziyyəti anlamayan biri bu cəhətdən aldana bilər. Və Ermənistanın özündə seçici, ən sadə sakin bunu anlamalıdır. Kimsə yenə döyüşmək istəyir, kimsə yenə də blokadada olan bir ölkədə oturub inkişaf etməmək istəyir? Mən belə axmaqların az olduğunu düşünürəm. Ter-Petrosyan münaqişənin daha əvvəl həll edilə biləcəyinə diqqət çəkdi. Putin də bu barədə danışdı. Mən bu barədə uzun illərdir- həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə görüşlərdə, həm də Azərbaycan və Ermənistan rəhbərləri ilə danışmışam. Dedim ki, bütün Amerika-Fransa vədlərinə uymağı dayandırsanız və 3 ölkə - Rusiya, Azərbaycan və Ermənistan danışıqlar masasına otursalar, münaqişə daha sürətli və müharibəsiz həll ediləcəkdir. Qarabağ məsələsi Rusiyanın köməyi ilə çoxdan sülh yolu ilə həll edilməli idi. Ancaq Ermənistanda bəzi qüvvələr “yox” dedilər və Minsk Qrupunun bu məsələ ilə məşğul olmasına icazə verdilər. Və hələ də bu vasitəçilik qrupu üçün dua edirlər... Buna heç vaxt şübhəm olmayıb. Bundan əlavə, son illərdə Rusiya ilə Qərb arasında vəziyyətin kəskinləşməsi fonunda Qərb ölkələrinin sərhədlərimizdə təhlükəsizliklə maraqlanmadığı daha da aydın oldu. Bunu Ukrayna ilə əlaqəli olaraq görürük və s. Qürur duyuram ki, bir vaxtlar belə həll formulu təklif etmişəm. Hansı vasitəçilik qrupu?! Bir zamanlar Kozırev və Yeltsin Qərbi sevindirmək üçün hər şeyi üstümüzə yükləmədilər? Əgər nizamlama yoluna qədəm qoymuşuqsa, bundan sonra qərar verməliyik. Rusiya da, Azərbaycan da buna töhfə verir və Ermənistan həqiqətən də bunun edilməli olduğunu başa düşür. Başqa yol yoxdur. Digər yol heç kimə lazım olmayan bir müharibədir.
- İndi sərhəddəki vəziyyətə görə Fransa və ABŞ mahiyyət etibarilə Ermənistanın tərəfini tutdular. Rusiya və digər həmsədr ölkələrin Qarabağla bağlı açıqlamalarında niyə belə bir ziddiyyət var?
- Əlbəttə ki, Fransa və ABŞ vəziyyəti gərginləşdirmək üçün vəziyyəti geopolitik maraqlarına uyğun şəkildə partlatmağa çalışacaq və daxili auditoriyanı- erməni diasporunun rolunu da nəzərə almağa çalışacaqlar. Və diaspora, belə baxanda, yaxşı formalaşıb. Onlara deyirəm: "Xaricdən insanları bir müharibəyə itələyirsinizsə, buyurun, Amerikadan ora- qapalı Ermənistana gedin və müharibəyə girin". Amerikanın ən böyük səfirliyi niyə Ermənistandadır? Orda nə edirlər? Əlbəttə ki, ABŞ öz geosiyasi maraqlarından irəli gələrək Cənubi Qafqaz amilini nəzərə alır. Onların bölgədəki sabitliyə ehtiyacları yoxdur. Bunu Çeçenistanda hadisələr olanda gördüm. Gürcüstanda hadisələr baş verəndə də. Ehtiyac olduqda Şevardnadzeni, sonra Saakaşvilini istifadə etdilər. Sonra xəyanət etdilər. Amerika Cənubi Qafqaza nisbətən hardadır? Bəli, çox uzaqda. Bəs Amerika Ermənistanda nə edir? Bunu demək əvəzinə: "Gəlin vəziyyətə sülhlə yanaşaq, bu dövlətlər bir-birini başa düşmür, sərhəddəki mülki insanlar gərgindir, amma gəlin bunu birtəhər həll edək", onlar dərhal münaqişə tərəflərindən birinin tərəfindən açıqlamalar verirlər. Və nə baş verir – biri sevinir, digəri təəssüflənir. Yaxşı, gəlin bir-birimizə müraciət edək və sonra bir-birimizə qarşı müharibə edək. Bu, 90-cı illərdə bu bölgədə baş verdi və hələ də davam edir. Lakin sonda Ermənistan dövləti, erməni rəhbərlər başa düşdü ki, bu cür şeylər sülh prosesinə yaxşı bir şey qatmır. Buna görə sakitləşməli və danışıqlara başlamalıyıq. Sərhədləri santimetr santimetr dəqiqləşdirin. Sərhəd yox idi. Bu, çox çətindir. Dəniz sahəsinin Norveçlə bölünməsi zamanı hakimiyyətimizi tənqid etdim. Buna son dərəcə mənfi reaksiya verdim. Həqiqətən, SSRİ-də 40 ildir hər santimetr üçün danışıqlar mübarizəsi var idi. Şimal qütbündən necə bir xətt çəkmək olar? Niyə belə edildi? Çünki Barents dənizində çoxlu neft, qaz və balıq var. Buna görə Sovet dövründə dövlət hər santimetr üçün mübarizə aparırdı, proses hələ də davam edən müxtəlif beynəlxalq müqavilələrlə yükləndi. Sovet İttifaqının dağılmasından sonra Rusiya bu prosesi pis davam etdirdi. Və ya başqa bir nümunə- Berinq dənizindən keçən Beyker-Şevardnadze xəttini xatırlayın- bu Amerika tərəfdən çəkildi. İndiyə qədər biz Rusiyada bu müqaviləni təsdiqləməmişik. Beyker və Şevardnadze bir müqavilə bağlayan kimi (əslində Şevardnadze o zaman SSRİ-nin mənafeyinə xəyanət etdi), amerikalılar dərhal döyüş gəmilərini gətirdilər və bütün Sovet balıqçı gəmilərini qovdular. Buna görə də, bizim kimisə dəstəklədiyimiz haqda qışqırıqlar vəziyyəti yalnız pisləşdirir.
- Ermənistanın Baş naziri sərhəd və delimitasiya ilə bağlı yeni sənədlə əlaqədar olaraq insanlara sülhə doğru getməyin zəruriliyi barədə siqnallar göndərməyə başladı. Xüsusilə, Nikol Paşinyan "erməni xalqı üçün ən vacib vəzifənin dinc inkişaf dövrü açmaq olduğunu" vurğuladı. Mesaj ondan ibarət idi ki, Ermənistan nəqliyyat kommunikasiyalarını ləğv etməyə getməsə, blokadada qalacaq. Müxalifətin açıqlamaları fonunda hazırkı baş nazirin yanaşmasında ziddiyyət göz qabağındadır...
- Daha əvvəl də dediyim kimi, seçkilərdən əvvəl hərbi ritorikadan istifadə edən ən alovlu populistlərdən hər hansı birisi Qarabağ üzərində sülhün alternativinin olmadığını yaxşı başa düşür. Paşinyan da bunu başa düşür. Rəqiblərinin indi populist şüarlar qışqırdığını, xalqın qarşısında hərbi ritorikanı nümayiş etdirdiyini başa düşür, amma sülhə alternativ yoxdur və olmayacaq. Və Paşinyan, sülhün həqiqətən Ermənistan xalqına və dövlətinə gətirə biləcəyi şey olduğunu, nəqliyyat dəhlizlərinin, yolların, sərhədlərin açılması nəticəsində iqtisadiyyatın inkişafı olduğunu başa düşür. Və tamamilə haqlıdır. Və mən onu bu işdə dəstəkləyirəm. Və başa düşürəm ki, bunu səmimi qəlbdən deyir. Axı vicdanlı bir siyasətçi xalqına bunun yalnız belə ola biləcəyini və bunun hər şeydən əvvəl Ermənistanın özü üçün yaxşı olduğunu izah etməlidir.
- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın KTMT-yə qoşulma ehtimalı ilə bağlı Rusiyanın mövqeyi ilə bağlı medianın bir sualını cavablandırarkən, təşkilatın qapılarının hər kəs üçün açıq olduğunu, ancaq bunu məhdudlaşdıra biləcək tək şeyin olduğunu vurğuladı. Təşkilatın nizamnaməsinin müəyyən müddəalarına görə, KTMT-də iştirak etmək üçün üzvləri arasında diplomatik münasibətlərin olması zəruridir. Azərbaycanla Ermənistan arasında hələ belə bir münasibət yoxdur. Qurulduqda -gec-tez bunun baş verəcəyinə ümid edirik- o zaman bu məsələ də bu və ya digər şəkildə praktik müstəvidə gündəmə gələ bilərmi?
- Bunu belə izah edəcəyəm. Yadımdadır, Pakistan KTMT-də müşahidəçi statusu almaq üçün müraciət edərkən, Ermənistan əvvəlcə razılaşsa da, onu blokladı. Bildiyiniz kimi, Ermənistanla Pakistan arasında heç bir diplomatik münasibət yoxdur. Və o zaman ermənilərə dedim və indi də deyirəm: “Dövlətlərin girişinə, təşkilatdakı statuslarına müdaxilə etməyin. KTMT həm də onun üçün yaradıldı ki, Əfqanıstan sərhədində çox böyük gərginlik var idi və bu məsələ Pakistan üçün də təhlükəsizlik məsələsidir. İndi isə Pakistanın status almasının əleyhinəsiniz. Ancaq ikitərəfli münasibətlər də daxil olmaqla vəziyyəti yaxşılaşdırmalısınız. Heç olmasa KTMT-də danışmağa başlayın. Buna görə KTMT-də status almaq imkanına münasibətim müsbətdir.
Müsahibə aldı: Nana Xoşteriya Tərcümə etdi: Elçin Bayramlı sia.az
Комментариев нет:
Отправить комментарий