Gürcüstanın Daxili İşlər Nazirliyinin ölkədə fəaliyyət göstərən bir neçə fotoqrafı casusluqda ittiham edərək tutması bu mövzunu gündəmə gətirdi. Məsələni bir qədər də maraqlı edən həmin şəxslərdən birinin – Zurab Kursikidzenin Gürcüstan prezidentnin şəxsi fotoqrafı olması idi. Məlum olub ki. həmin şəxs Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə işləyirmiş. Mövzunun kifayət qədər maraqlı olduğunu nəzərə alıb bu mövzunu geniş şəkildə araşdırmaq qərarına gəldik. Beləliklə, qəzetmizin bu sayından etibarən casusluğun tarixi, dünyanın ən ünlü casusları haqqında məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.
Dünyanın ilk casusları: yəhudilər
Tarixdə bilinən ilk casusluq şəbəkəsini Musa peyğəmbər yaradıb. Musaya nazil olmuş səmavi kitabda – ”Tövrat”da bu barədə müəyyən detallara da rast gəlinir. “…Musa Tanrının əmriylə onları Faran səhrasından Xanaan torpağına göndərərkən dedi: “Bu cənub ölkəsinə gedin, dağa çıxın və ətrafa baxın, burada hansı xalqın yaşadığını, onların güclü, yaxud zəif, azsaylı, ya çoxsaylı olduğunu, böyük evlərdə, yoxsa daxmalarda yaşadıqlarını, bu torpaqlarda ağac bitib-bitmədiyini öyrənin…” Dörd səmavi kitabdan biri hesab olunan və yəhudilərin peyğəmbəri Musaya göndərilmiş “Tövrat”dan oxuduğumuz yuxarıdakı parçadan aydın görünür ki, dünya tarixində bilinən ilk casuslar yəhudilər olub. Bəzi qədim qaynaqlarda qədim Şərqdə, xüsusilə Misirdə casusluq şəbəkəsinin olması ilə bağlı məlumatlara da rast gəlinir. Belə ki, böyük dövlətləri idarə eləmək üçün fironlar casuslardan və kəşfiyyat dəstələrindən istifadə edirdilər. Ucsuz-bucaqsız torpaqları idarə etmək üçün Misir fironlarının və sərkərdələrinin “yerli casuslar”a ehtiyacı olurdu. “Yerli casuslar”la bağlı isə bir qədər sonra…
İlk peşəkar casuslar: çinlilər
Tarixdə məlum olan ilk peşəkar casus şəbəkəsi çinlilərə məxsusdur. Çinlilər casusluğun nəzəri əsaslarına möhkəm yiyələnir, ciddi şəkildə yetişdirilmiş və təlim keçmiş casuslardan istifadə edirdilər. Qeyd etmək yerinə düşər ki, çinlilər tarixdə ilk dəfə casusluq haqqında yazılı mənbə yaradıblar. Casusluq ilk dəfə məhz Çində nəzəri cəhətdən işlənib və nəzəriyyə şəklində ortaya qoyulub. Dünya tarixində məşhur olan ilk məxfi xidmət nəzəriyyəçisi Sun Szının “13 ehkam” adlı hərbi traktatı bu gün də bu sahə ilə maraqlananlar üçün zəruri vəsait sayılır. Sun Szının traktatı sübut edir ki, qədim Çində yüksək səviyyədə formalaşmış gizli diplomatiya, strateji və taktiki kəşfiyyat dünya tarixində bir ilk olub. Çinlilər ilk peşəkar casusluq şəbəkəsinin və nəzəriyyəsinin banisi hesab olunur. Sun Szı, təxminən eramızdan əvvəl 700, yaxud 500-cü illərdə yaşayıb yaratmışdır. Sun Szı casusluq haqqında yazır: “…casuslara pul xərcləməkdən çəkinməməlisən. Qoyduğun xərc mütləq müharibədən qalib çıxdıqdan sonra sənə qayıdacaqdır”. Çin nəzəriyyəçisi Sun Szı tarixdə ilk dəfə casusları kateqoriyalara bölmüş nəzəriyyəçidir. O, casusları 4 kateqoriyaya bölüb: - Yerli casuslar – ölkə daxilində fəaliyyət göstərib daxildə baş verən hadisələr barədə məlumat hazırlayırlar; - Düşmən tərəfindən göndərilmiş və ikili casusluğa hazırlananlar. Sun Szı ələ keçən düşmən casuslarını öldürməyi məsləhət bilmir. Onları yenidən hazırlayıb qarşı tərəfə göndərməyi məsləhət görür; - “Gedər-gəlməz” casuslar – bu tip casuslar qarşı tərəfə keçib dezinformasiya verənlərdir ki, məsələnin üstü açılan kimi onlar edam olunurdular; - “Qayıdan” casuslar. Bu tipə aid olan casuslar düşmən tərəfə keçib lazım olan informasiyanı əldə edib geriyə qayıdanlardır. Belə casusların xidməti çox vacib idi. Bu tipə aid olan casuslar yüksək peşəkarlığa malik olurdular. Ümumiyyətlə, tarixə bəlli olan ilk peşəkar casuslar çin xalqının nümayəndələri idi. Onların türk ordusu və dövləti içərisindəki qurduqları şəbəkə ən güclülərdən sayılır.
Cəlil Cavanşir 24saaat.az
Комментариев нет:
Отправить комментарий