Tədqiqatçı, tərcüməçi, şairə və ən nəhayət, gözəl qadın kimi tanınan, öz tədqiqatları ilə ictimaiyyətdə müəyyən söhbətlərə yol açan, bəzi şəkilləri ilə oxucuların marağına səbəb olan Nuridə Atəşi.. Almaniyada yaşayıb yaradıcılıqla məşğul olan bu azərbaycanlı qadının fəaliyyəti haqqında məlumat almaq istədim. Təəssüflər olsun ki, suallarımı üzbəüz verə bilməsəm də “Feysbuk(Facebook)” sosial şəbəkəsində bəzi suallara cavab almaq mümkün oldu. Düşünürəm ki, Nuridə Atəşinin haqqında çox danışmağa ehtiyac yoxdur. Təqdim edəcəyim müsahibə ətraflı şəkildə onun həyatı, fəaliyyəti haqda məlumat verir.
-Bildiyimə görə, uzun müddətdir ki, Almaniyada yaşayırsınız. Sizin uğurlarınızı 1995-ci ildən hesablamaq lazımdır yoxsa?
-Mən uğurlarımı 1993-cü ildən hesablayıram. Belə ki, Bakının Qala kəndində ər evində dustaq kimi yaşayırdım. Yazmağa, çap olunmağa ixtiyarım yox idi. Ərim çox qısqanc və cəhalət içində olan bir ailənin oğlu olduğu üçün mənə hər şey qadağan idi. Buna görə də mən “Atəşi” təxəllüsü götürərək gizlincə yazmağa davam edirdim. İlhamə Quliyevanın oxuduğu “Neylərsən mənə görən”, “Darıxmışam” və s. onlarla mahnılarım müxtəlif müğənnilər tərəfindən məşhur olanda ilk dəfə özümə inandım və daha da böyük uğurlar qazanacağıma əmin oldum.
-16 illik uğur sizi qane edirmi?
-Təbii ki, qane etmir. Mən daha böyük uğurlar əldə edə bilər və dünya miqyasında uğurlar əldə edə bilərdim. Əgər tək olmasaydım...
- Azərbaycandan gedəndə düşünürdünüzmü ki, müəyyən uğurlar əldə edəcəksiniz?
-Əlbəttə buna əmin idim. Azərbaycanda həmin vaxtlar sadəcə mənə şərait və meydan olmadı. Berlində isə bu meydan dərhal önümdə açıldı və mən savaşa başladım.
-İlk uğurunuz nə vaxt olub?
-Belə bir uğura nail olmaq Berlində mənə nəsib oldu. 2003-cü ildə dünyanın 8 ölkəsindən olan qadın şairlərin yarışması keçirildi. Mən ilk dəfə almanca şeirlərimi oxudum və ən böyük uğuru mən qazandım. O zaman bir daha özümə əmin oldum və yaradıcılığa davam etməyə başladım.
-Siz həm də Məhəmməd Əsəd bəyin həyat-yaradıcılığını tədqiq edirsiniz. Onun Azərbaycanı sevmədiyi, xain olduğu deyilir. Məhəmməd Əsəd bəyin tədqiqi nəticəsində nə yenilik üzə çıxara bilmisiniz?
-Mən tam 6 ildir ki, Əsəd Bəyi bir neçə ölkələrin arxivlərində tədqiq edirəm. Dünya mətbuatında ilk dəfə olaraq da onun arxiv sənədlərini və “Sevgidən bixəbər kişi” adlı son romanının bir hissəsini məhz onun öz vətəni Azərbaycanda “ Yüz ilin sirrləri” adlı kitabımda nəşr etdirdim.
- Sizin “Betti Bleyrə son cavab” adlı məqaləni belə tənqidi ruhda yazmağınızı şərtləndirən nə olub?
-Betti Bleyer çox ədalətsizcəsinə Əsəd Bəyi Azərbaycanın düşməni etməyə çalışır və insanları buna çağırır. Mən Mədəniyyət Naziri olsaydım Betti Bleyeri dərhal məsuliyyətə cəlb edərdim.
-Saytlarda sizə qarşı kəskin fikirlər irəli sürülür. Səbəb kimi də şəkillərinizin açıq-saçıq formada olmasıdır. Buna nə deyərdiniz?
-Məşhur insanların arxasınca hər zaman min bir dedi qodular söylənilir. Bunlara fikir verməyə mənim heç zamanım yoxdur. Necə geyinməyim isə mənim şəxsi işimdir. Mən “Namus simvolu” olmağa çalışmıram. Özlərini cəmiyyət içərisində belə göstərən, lakin gizlində hər şeyi özlərinə icazə verən qadınları qəbul etmirəm. Mən 30 yaşıma qədər bütün yazılmamış qanunlara boyun əydim və həyatımı məhv elədim. İndi isə 16 ildir Avropada yaşayıram. Nəyin doğru nəyin yalnış olduğuna özüm qərar verirəm. Məni kimsənin yaxşı və pis qiymətləndirməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ağıllı insanlar özü-özünü tanımalı və öz dəyərlərini bilməlidirlər. Mən özümü yetərli qədər ağıllı və zəkalı qadın hesab etdiyimdən heç kimsəyə əhəmiyyət vermədən öz həyatımı mənalı yaşayır və doğru bildiyim işləri görürəm.
-Sizin “Biz amazonuq” deyə fikirləriniz gündəmdədir. Nəyə əsaslanıb Azərbaycanlıları “Amazon” adlandırırsınız?
-Amazonları 15 ildir tədqiq edirəm. Mən bizim amazon olduğumuzu nəinki Azərbaycana, hətta bütün dünyaya sübut etməyə artıq hazıram.
-Bəs amazonların 15 ilə yaxın Qafqazda tədqiqi ilə məşğul olan bir tədqiqatçı kimi sübut edə bilmisiniz ki, “biz amazonuq”?
-Mən dünyanın ən qədim savaşçı qadın qəbrinin məhz Naxçıvanda olduğu faktını artıq ortaya çıxararaq dünya amazon tədqiqatçılarını susdura bilmişəm. Tədqiqatımı digər daha samballı faktlarım ilə ən yaxın zamanda 4 dildə dünya ictimaiyyətinin ixtiyarına verəcəyim “Qafqaz amazonları”, “ Dünyanın ən qədim savaşçı qəbirləri” kitabımda davam etdirmişəm.
-Nə yaxşı, tədqiqatçılıqla məşğulsunuz? Bu sahə üzrə təcrübəniz varmı?
-15 il tədqiqatla məşğul olan bir insanın tədqiqatda müəyyən təcrübə toplamış olması məncə qəbul edilə bilən haldır. Amazonları tədqiq etmək isə mənə həyatımda çox önəmli yeri olan 3 böyük şəxsiyyət tərəfindən bir vəsiyyət, bir tapşırıq olaraq verilmişdir. İlk öncə qafqazlı atamdan, ikincisi Azərbaycanın böyük arxeoloqu- Saleh Qazıyevdən, üçüncüsü isə Berlində yaşayan türk tarixçi Osman Kurtdan.
-Özünüzü cəmiyyətə necə təqdim etməyi xoşlayırsınız - yazıçı, tədqiqatçı yoxsa tərcüməçi?
-Mən titulları heç zaman sevmədim, sevmirəm. Özümü sadəcə olaraq Nuridə Atəşi kimi təqdim etməyi sevirəm.
-Yazıçı üçün nə vacibdir?
-Yazıçı üçün ilk öncə azadlıq vacibdir. Özgürlük, asılılı olmamaq və maddi ehtiyacın və asılılığın olmaması. Bütün bunlar qadın üçün daha vacibdir.
-Alman kinorejissoru Günter Kotten deyib ki, Nuridə Atəşinin poeziyası heç bir alman şairəsinin yazmağa və söyləməyə cəsarət edə bilmədiyi bir poeziyadır. Bəs sizə görə, Nuridə Atəşini digər alman şairələrindən fərqləndirən nədir və ya nə ola bilər?
-Daha bir alman şairi Jan Veinert isə mənim haqqımda deyib ki, Nuridə Atəşi şeir yazanda ürəyini çıxarıb altarın (kilsədəki ibadətgah guşəsi) üstünə sərir. Alman şairləri, xüsusən qadın şairləri duyğularını poeziyada belə çılpaq və səmimi söyləmirlər. Mən isə tam əksinə şeirlə ən mübhəm söhbətlərimi edə bilirəm. Məncə mənim özəlliyim və sevilməyim də buna görədir.
-Müsahibələrinizdən birində demisiniz ki, “Mən köşə yazısı yazmıram. Almaniyada bir məqalə yazanda 2-3 min avro qonorar alıram”. Bəs Azərbaycan reallığını götürdükdə bir səhifə yazıya sizin aldığınız qanorardan az verilirsə, belə halda mətbuatda çıxış etmək istərdinizmi?
-Bəli, mən Azərbaycanda guşə aparıcısı olmaqdan imtina edirəm. Mən oxunduğumu bilirəm. Az dərk edilsəm də çox oxunuram və 25 illik qələm təcrübəm var. Mən qonorarsız heç bir qəzetə , mətbuata yazmayacağam. Məncə mənim qələmimə dəyər verilməlidir. Əlbəttə ki, Azərbaycan reallıqlarına anlayış göstərə bilərəm. Bizim Almaniyada jurnalist, şair, yazıçı dostlarımız arasında yazılmamış bir qanunumuz var:qonorarsız şeir oxumağa belə getmirik. Tanınmamış şair belə bir yerdə şeir oxumağa gedərsə ən azı 500 avro qonorar alır.
-Azərbaycan ədəbi mühitini necə görürsünüz?
-Bərbad. Gənc, sevdiyim qələm sahibləri çoxdur. Lakin Yazıçılar Birliyinin gənclərin inkişafını boğma siyasətini qəbul etmirəm.
-“Yüz ilin sirrləri”- sizə görə ən böyük sirr hansıdır?
-Əsəd Bəyin arxiv sənədləri, onun son əlyazması, onun dayəsinin Əsəd Bəy haqında yazdığı bioqrafiyası və s.
-P.E.N. Almaniya Mərkəzində işlər necədir?
-Mən bu mərkəzə yeni üzv seçilmişəm. P.E.N bilirsiniz ki, şüarı var və bu belədir: “Sözün vəkili”. Onlar dünyanın hər tərəfində əzilən, susdurulan, həbsə atılan jurnalistlərə, yazıçılara dəstək olan beynəlxalq bir qurumdur. Nə vaxtsa bu sahədə çox fəal ola biləcəyim mümkündür. Hazırda isə bütün gücümü amazonların tədqiqatına sərf edirəm, çünki bu çox böyük bir məsuliyyətli işdir.
-Sonda bilmək istərdim. Almaniyadan qayıdıb bir daha ora getməmək şərtilə yaradıcılığınızı öz vətənimizdə davam etdirmək istəyirsinizmi?
-Xeyr. Mən 16 ildir ki Almaniyada yazıb yaradıram. Artıq adımı, qələmimi tanıtdıra, sevdirə bilmişəm və bir çox beynəlxalq proyektlərim var. Almaniya mənim ikinci vətənimdir və balalarım həmişəlik burada qalacaqları üçün bura çox bağlıyam. Öz vətənimə isə xidmət etməyi hər zaman arzulayacağam.
Aynur BAXŞALIYEVA paritet.az
Комментариев нет:
Отправить комментарий