24.07.2011

Tualet Mədəniyyəti


Ramin Deko                   ramin.deko@gmail.com
Yaxud Kiçik Mədəniyyətlərdən formalaşan Gödəniyyətlər
İstənilən bir ölkəyə gedən turist öncə həmin yerin hava limanına, daha sonra şəhərdəki tualetlərinə göz atır. Bununla da ölkə haqda ilk təəssüratını formalaşdırır. Bəzən bu ilk təəssürat sonuncu olaraq da qalır. Yəni ilk qarşılaşdığı mənzərə sonuncu günə qədər beynində həkk olur.
Təbii, Heydər Əliyev adına hava limanı onda heç bir halda pis təsir bağışlaya bilməz. Hələ demirəm ki, Heydər Əliyev adına limandan düşüb, Heydər Əliyev prospektindən ötüb, Heydər Əliyev İdman Kompleksindəki bayraqlara nəzər yetirib, Heydər Əliyevin dəfn olduğu gündən FƏXRİ XİYABAN STATUSUNU alan məkana baş çəkib gül qoyacaq, imkanı olan təqdirdə Şəhidlər Xiyabanına gülsüz gedəcək – bunlar ölkəyə qonaq qismində təşrif buyuran ŞƏXSƏ aiddir.Turist isə söylədiyim məkanların bəlkə də hamısını HƏMİN ŞƏXS kimi ziyarət edəcək. Əminəm ki, bunun fərqində olmayacaq. Onun üçün nə ULU ÖNDƏR maraqlıdır, nə də ULU ÖNDƏRİN hər addımbaşı adına olan obyektlər. O, özü üçün təəssürat TOPLAYIR.
Bəli, o, hava limanından yaxşı ovqatla şəhərin mərkəzinə doğru irəliləyir. Amma şəhərin mərkəzi ona mütləq pis təsir bağışlayacaq. Baxmayaraq ki, o, bizim dilimizi bilmir. Bununla belə, şəhərin tualetlərində gördüyü mənzərələr ona hər şeyin əyan edir. Suyun, kağızın olmaması turistə pis təsir göstərməz. Onu heyrətləndirən otaq-otaq dilimlərə bölünmüş KABİNETLƏRİN qapıları olacaq. Azərbaycan dilinin orfoqrafiyasında belə rast gəlməyən sözlərlə baş-başa qalacaq. Bizim üçün bu adidir. Ona görə yox ki, hər gün yazılanları EŞİDİR, DEYİR və nəticəsini GÖRÜRÜK. Ona görə ki, bu MƏDƏNİYYƏTİ özümüz formalaşdırıb iliyimizə yeritmişik.
Ona isə…
Ona çox təəccüblü gələcək. Axı insan beş dəqiqəlik istifadə etdiyi bir yerin qapısına kiminsə nömrəsini yaza bilər?
O, anlamayacaq ki, bütün estetik ritualları hər hansı bir ŞƏXS ora niyə həkk etdirir? Bunun səbəbini sormağa çalışacaq.
Bilməyəcək ki, hansısa bir qızla eşqi-məhhəbət dövrü yaşayıb, sonra ondan daha yaxşısına rast gəlib atan SEVGİlidən qisas almaq üçün belə bir iş görür.
O, bunları bilməyəcək. Yalnız bir şeyi anlayacaq ki, dünyanın hansısa bir bucağında belə mədəniyyət də varmış. Öz ölkəsinə qayıdandan sonra beynində bu TUALET MƏDƏNİYYƏTİnin təzahürləri hökm sürəcək… Bir çexiyalı jurnalist də hava limanından ötüb Heydər Əliyevin adına olan obyektləri görmüşdü. Və bunları qələmə almışdı. O yazını oxuyanda mən TUALET MƏDƏNİYYƏTİ adlı bir şey görmədim. Düşündüm ki, mədəniyyətimizə müəyyən korrektələr olub. Sən demə, heç belə deyilmiş. Sadəcə o daha BÖYÜK MƏDƏNİYYƏTLƏRLƏ tanış olmaq istəyində bulunub.
Amma onu da anlmaq gərəkdir ki, BÖYÜK MƏDƏNİYYƏTLƏR KİÇİK MƏDƏNİYYƏTLƏRdən törəyir. Deməli, Kiçiklər pisdirsə, Böyüklər ondan da pisdir. Ya da Böyüklər Kiçiklərə yaxşı tərbiyə verməyiblər ki, bu MƏDƏNİYYƏT formalaşıb. Yəni kiçiklər böyüklərin Özüdür.
KİÇİK MƏDƏNİYYƏTLƏRə daxil olan Tualet Mədəniyyəti ölkəyə təşrif buyuran hər bir ŞƏXSə bax bunu urcah edir.
Mədəniyyətimiz haqda yaxşı təəssürat yaratmaq üçün öncə KİÇİK MƏDƏNİYYƏTLƏRə əl gəzdirməliyik. Yalnız KİÇİK MƏDƏNİYYƏTi böyük olanların BÖYÜK MƏDƏNİYYƏTLƏRi olur.
KİÇİK MƏDƏNİYYƏTi MƏDƏNİ NİYYƏTİ olmayanların, MƏDƏ NİYYƏTİ olur. Bu isə sonda GÖDƏNİYYƏTə gətirib çıxarır. Elə bizdəki TUALET MƏDƏNİYYƏTi kimi…

Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий