28.07.2011

Babək Xürrəmi- Qutsal İdealların Böyük Sahibi

Elmi-fəlsəfi tarixi monoqrafiya


Azərbaycan tarixində ən mühüm kəsimlərdən olan Hürrəmilər Hərəkatı dövrü xalqımızın qəhrəmanlıq səlnaməsində ən şərəfli yerlərdən birini tutur. Bu dövr haqda etibarlı və ədalətli tarixi mənbələr isə demək olar ki, yox dərəcəsindədir.



“Islam dövrlərində əsərlər yazan ərəb və fars tarixçiləri bəzi hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”.
                                                                                  İran şərqşünası Səid Nəfisi
-
P R O L O Q
-
Ərəb işğalından çox minillər qabaq Azərbaycan Zərdüştlüyün mərkəzi olmuş, ilk Müqəddəs Kitab- “Avesta” Tanrı tərəfindən bu torpağa göndərilmiş, on min ildən çox yaşı olan ən qədim təktanrıçılıq dininin əsas məbədləri burada tikilmiş, Zürdüştlüyün kahinləri- müqəddəs maqlar burada yaşamışlar. Minillər boyu möhtəşəm mədəniyyət nümunələri yaradan, ilk əlifba və dilin, ədəbiyyatın, incəsənətin, memarlığın, saz, muğam kimi ilahi musiqinin, idman oyunlarının, teatrın və kütləvi el şənliklərinin təşəkkül tapdığı Odlar Yurdunun əryan köklü sakinləri, bəşər sivilizasiyasının beşiyi hesab edilən Azərbaycanda tarix boyu unudulmaz qəhrəmanlıq nümunələri nümayiş etdiriblər. Belə nümunələrdən ən möhtəşəmi VIII əsrin ortalarından IX əsrin ortalarınadək yüzillik tarixi əhatə edən milli-mənəvi azadlıq mübarizəsi- Hürrəmilər Hərəkatı- dövründə göstərilib.
Hürrəmilər Hərəkatı xalqımızın milli-mənəvi, tarixi-mədəni kökləri üzərində form alaşan müstəqil dövlətçilik ənənələrinin, eləcə də milli mədəniyyətin, dini-fəlsəfi ideologiyanın yenidən bərpa olunmasına gətirib çıxaran, azı 1 milyon kv.km.-lik nəhəng tarixi ərazimizi əhatə edən və təxminən 1 əsrlik zaman müddətində davam edən möhtəşəm bir milli qəhrəmanlıq tarixidir. Bu zaman kəsiyinin son 22 ili- Babəkin hakimiyyəti dövrü- Hərəkatın pik nöqtəsi hesab edilir.
Hürrəmilər Hərəkatı dövrü tarix elmi üçün sanki qaranlıqla dolu sirr pərdəsinə bürünüb. Uzun əsrlər Azərbaycan müxtəlif imperiyaların işğalı altında olduğundan tariximizi də məhz düşmənlərimiz yazıblar. Dövrün mənbələrinin isə, böyük əksəriyyəti ərəb tarixçilərinin yazdıqları cəfəngiyyatlardan ibarətdir və bu mənbələrdə qərəzlilik, saxtalaşdırma cəhdləri açıq-aydın hiss olunur.
Burada bir məqsəd olub- bu millətin bütün böyüklərini, qəhrəmanlarını ləkələmək, milli-mədəni tarixini saxtalaşdırmaq və qədim mədəniyyətindən ayrı salmaq. Sanki, hansısa sehirli əl uzun əsrlər boyu bu tendensiyanı idarə edib və proses indi də davam etdirilir. Bizim məqsədimiz isə, əlimizdə olan faktlar və məntiqi dəlillərlə əsil tariximizi ortaya qoymaqdır. Hər halda buna cəhd etdik.
-
I FƏSİL
QOCA ŞƏRQİN CAVAN İSTİLAÇISI
-
VII əsrdə Ərəb Xilafəti hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün işğalçı yürüşlərə başlamışdı. Xilafət ordusu 633-cü ildə İraq tərəfdən Sasani imperiyasının sərhədlərini keçmiş, təxminən 5 il davam edən qanlı savaşlardan sonra 638-ci ildə bu imperiyanı məğlubiyyətə uğradaraq işğal etmişdi.
Ərəblər türk torpaqlarına yürüşlər zamanı İraqda üç dəfə: Nəmarik, Səqatiyyə və Baqisqas adlı yerlərdə Arran (İran) ordu birləşmələrini məğlubiyyətə uğratmışdılar. Əsas Sasani ordusu isə, Bəhmən Caduyə adlı sərkərdənin başçılığı altında Fərat çayı hövzəsinə gələrək çayın sağ sahilində Məhurə adlı yerdə düşərgə qurmuşdu.
Əvvəlki döyüşlərdə sağ qalan döyüşçülər öz vətənlərini yadelli düşməndən qorumaq üçün Calinu adlı sərkərdənin başçılığı ilə Məhurəyə gəlmişdilər.Bir müddət sonra ərəb ordusu da həmin yerə gəldi və Fərat çayının sol sahilində düşərgə qurdu. İbn Kəsirin məlumatına görə, 634-cü ilin noyabrında ərəblər və türklər arasında şiddətli döyüş baş verdi.
Çayın üstündəki taxta körpüdən keçib türk ordusuna hücum edən ərəblər, tezliklə “burunları ovularaq” geri otuzduruldu. Düşmən süvarilərin atları Arran ordusundakı fillərdən ürkdü və döyüş nizamının pozulması sayəsində müsəlmanlar pərən-pərən düşdülər. Bu döyüşdə ordu komandanı Əbu Ubeydə ibn Cərrah başda olmaqla müsəlmanlar ağır məğlubiyyətə uğradılar və çox sayda ərəb döyüşçüsü məhv edildi.
Körpü savaşından sonra bir il ərzində ərəblər özlərinə gələ və türk torpaqlarına yürüş edə bilmədilər. 635-ci ildə xilafət ordusu Cərir ibn Abdullah əl-Bəcəlinin komandanlığı altında Mədinədən qədim şumer-türk torpaqlarına- İraqa hərəkət etdi. İraqda Müsənna ibn Harisənin qoşunu da ərəblərə qoşuldu. Birləşdikdən sonra daha da güclənən bu ordu 635-ci ilin yayında Fərat çayı hövzəsində yerləşən Buveyb adlı yerdə Sasani ordusunu məğlub etdi.
Döyüş meydanında cəsədlərin sayı-hesabı yox idi. Öldürülənlərin arasında Sasani sərkərdəsi Mehran Mehrbəndzadə də vardı. Buveyb döyüşündən sonra ərəb qoşunları Fərat çayı sahili boyunca Hirədən tutmuş Kəsgər və Əynut-Təmrə qədər olan əraziləri nəzarət altına aldı.
Bu hadisələr cərəyan edən zaman Sasani İmperiyasında iğtişaşlar baş verirdi. Şah II Xosrov Pərvizin bizanslı a rvadı Şirin bu sülaləyə mənsub olan bütün oğlan uşaqlarını öldürtdüyündən şah taxtına oturmaq üçün sülalədən bir oğlan uşağı belə tapılmırdı. Nəhayət Arranlı sərkərdələr Rüstəm və Firuzan, anasının hər kəsdən gizlədərək böyütdüyü Sasani nəslindən olan Şəhriyarın 21 yaşlı gənc oğlunu tapıb 632-ci ildə III Yəzdigərd adı ilə taxta çıxartdılar (mənbə- İbn Kəsir, əl-Bidayə). Bu dəyişiklik qoca imperiyanı dirçəltməyə imkan yaratdı.
Ölkədə iğtişaşlara son qoyuldu. Fərat çayı hövzəsində hərbi əməliyyatlar aparan Sasani ordusu itirilmiş bəzi şəhər və qalaları ərəblərdən geri aldı.
Zərrinkub yazır ki, bu hadisədən sonra Ömər ibn Xəttabın əmri ilə müxtəlif ərəb qəbilələrindən toplanan ordunun komandanlığına məşhur sərkərdə Səd ibn Əbu Vəqqas təyin olunaraq Mədinədən İraqa göndərildi. 635-ci ildə 25 min nəfərlik ərəb ordusu İraqın Qədisiyyə adlı mövqeyində Rüstəmin komandanlıq etdiyi Sasani ordusunu məğlubiyyətə uğratdı. Bir neçə gün çəkən qanlı savaşlarda xilafət ordusu 6000-dən çox döyüşçü itirdi, Sasanilər isə 10 min şəhid verdi. Arran sərkərdəsi Rüstəm də bu döyüşdə şəhid oldu.
Albaniya hökmdarı Varaz Qriqor da III Yəzdigərdin xahişi ilə ərəblərə qarşı vuruşmaq üçün qoşun göndərmişdi və bu qoşuna sərkərdə ikinci oğlu Cavanşiri təyin etmişdi. Döyüşdə üç dəfə yaralanan Cavanşir sağ qaldı. Onun başçılığı ilə Sasanilər tərəfində döyüşən Albaniya ordusu bu imperiyanın süqutundan sonra öz ölkəsinə qayıtdı.
Bu döyüşlərdən sonra Əbu Vəqqasın ordusu Dəclə çayını keçib Sasanilərin paytaxtı Mədain şəhərini mühasirəyə aldı. Şəhərdə qoşun olmadığından ərəblər Mədaini demək olar ki, müqavimətə rast gəlmədən aldılar. Sasani imperiyasının 3 trilyon dirhəmlik xəzinəsini də ərəblər talan etdi.
Daha sonra İyaz ibn Ğanəm Osman ibn Əbul-Əsinin başçılığı ilə xilafət ordusu Bidlisin dağ keçidlərindən keçərək Van gölünün şimalından Azərbaycan torpaqlarına girdi (mənbə- Vaqidi, Fütuh-uş-Şam).
Sasani ordusu üzərində qazanılan qələbələr xilafət başçılarını şirnikəndirmişdi. Təbəri qeyd edir ki, əvvəllər xəlifə müsəlmanların Arranın mərkəzi əyalətlərinə girmələrinə izn vermirdi. O, xilafəti təhlükəyə atmaqdan ehtiyat edirdi. Amma müharibələrdə ələ keçirilən saysız-hesabsız qənimətlər bədəvi ərəb qəbilələrini qədim Arranın mərkəzi və şimali əyalətlərində işğalçı yürüşlərini davam etdirməyə təşviq edirdi.
-
II FƏSİL
SASANİ İMPERİYASININ SÜQUTU
-
Sasani hökmdarı III Yəzdigərd İsfahandan imperiyanın hər tərəfinə məktublar göndərərək xalqını qurtuluş savaşına çağırırdı. İmperiyanın müxtəlif bölglərində artıq hərbi birləşmələr yaradılırdı. Bu xəbərləri eşidən Xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu topladı və bu ordunun başına Neman ibn Muqərrini təyin etdi. Sasani ordusuna isə məşhur sərkərdə Mərdanşah Hörmüz başçılıq edirdi.
Numani yazır: “642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında 3 gün davam edən misli görünməmiş qanlı döyüş başladı. Bu döyüşdə qan su yerinə axırdı. O dərəcədə ki, insanlar və atlar döyüş meydanındakı qan selindən ayaq üstə dayana bilmir, sürüşüb yıxılırdılar. Sayca xeyli üstün olan ərəb ordusunun qələbəsi ilə bitən döyüşdə 50 mindən artıq döyüşçü həlak oldu…”
Sasani ordusu 30 minədək şəhid vermişdi. Xilafət ordusunun baş komandanı Neman ibn Muqərrin də başda olmaqla 20 minədək ərəb döyüşçüsü məhv edilmişdi.
Numani yazır ki, Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və nəhəng imperiya sürətlə yıxılmağa başladı. Arranlılar qalalara qapanaraq müqavimət göstərməyə başladılar.
Zərrinkubun yazdığına görə, xilafət tarixində Nəhavənd döyüşü “zəfərlər zəfəri” adlandırılmışdı. Belə ki, bu döyüşdən sonra ərəblər qədim və zəngin imperiyanı zəbt etmişdilər. Ömər ibn Xəttab III Yəzdigərdin müqa vimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün ərəb ordusuna Arranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdigərdə kömək etməkdən çəkindirməyi əmr etmişdi.
Nəhavənd döyüşündən sonra Ömər ibn Xəttab sərkərdə Huzeyfə ibn-ul-Yəmana Azərbaycan üzərinə hərbi yürüşə çıxmağı əmr etdi. Nəhavənddən hərbi yürüşə başlayan Huzeyfə ibn-ul-Yəman Azərbaycanın cənub-şərqində yerləşən Ərdəbil şəhəri ətrafına gəldi. O dövrdə Ərdəbil Cənubi Azərbaycanın əsas mərkəzi idi. Belə ki, Sasani canişini bu şəhərdə yaşayırdı. Canişin Bacərvan, Şiz, Miyanəc və.s şəhərlərdən topladığı ordu ilə Huzeyfə ibn-ul-Yəmanın ordusunu qarşıladı. Ərdəbil yaxınlığında baş vermiş müharibə müsəlmanların qələbəsi ilə başaçatdı.
Xilafət ordusu Ərdəbildən Xəzər boyunca şimala doğru hərəkət edərək Muğana gəldi, Azərbaycanın şimalında daha ciddi müqavimətə rast gələn ərəblər sonda yerli əhali ilə saziş bağladı.
Tezliklə xilafət ordusu İsfahana yaxınlaşdı. İsfahan hakimi Fədusfan xalqı qırğına verməmək üçün qaladan çıxıb ərəb komandanı Abdullah ibn Abdullah əl-Ənsari ilə saziş bağlayaraq İsfahanı düşmənə təslim etdi. Sazişə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlmanlaraveriləcəkdi.
Həmədan şəhərinin əhalisi az sonra üsyan qaldırdılar. Xəlifə Ömər Nueym ibn Muqərrinə məktub yazaraq öz ordusu ilə Həmədana getməyi əmr etdi. Nueym 12 minlik ordu ilə Həmədana yürüş etdi. Yenidən sülh müqaviləsi bağlandı.
Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycanın digər cənub əyalətlərinin əhalisi ərəblərlə vuruşmaq üçün öz qüvvələrini birləşdirərək savaşa hazırlaşırdılar. Azərbaycan ordusuna İsfəndiyar Fərruxzad komandanlıq edirdi. Həmin vaxt bizanslılar da Azərbaycana köməyəgəlmişdilər.

643-cü ildə Vaci Ruz adlı yerdə türk və ərəb orduları qarşılaşdılar. Şiddətli vuruşma baş verdi və döyüş xilafət ordusunun qələbəsi ilə bitdi. Vaci Ruz döyüşündən sonra Ömər ibn Xəttabın əmri ilə Nueym ibn Muqərrin Rey şəhərini mühasirəyə alaraq zəbt etdi (mənbə- İbn əl-Əsir, əl-Kamil fit-Tarix).
III Yəzdigərdi təqib etməyə çalışan ərəblər onun yerləşdiyi şəhərləri zəbt etməyə cəhd edirdilər. Həmədan və Reyin işğalından sonra Sasani şahının şimala gedərək Xəzər xaqanının yanında sığınacaq tapma ehtimalı da aradan qalxmışdı.
642-644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin işğalı ilə qədim və zəngin Arran ölkəsi demək olar ki, tamamilə xəlifənin əlinə keçmiş, beləcə möhtəşəm Sasani imperiyası da tarix səhnəsindən silinib getmişdi (mənbə- Kitapçı).
Ümumiyyətlə, Ömər ibn Xəttabın xəlifəlik müddəti xilafət tarixinin ən çox istilalarla yadda qalan dövrüdür. Belə ki, İraq, Suriya, İordaniya, Misir, Gürcüstan, Arran və Azərbaycan, həmçinin Şimali Afrikadakı məmləkətlər məhz onun dövründə işğal edilərək ərəb dövlətinin ərazisinə daxil edildi.
639-cu ildə xəlifə Ömərin əmri ilə Utbə ibn Fərqəd Fərat çayı boyunca şimal istiqamətində hərəkətə keçərək çayın qərb və şərq sahillərini və Mosulşəhərini ələ keçirmişdi. Oradan şimal-şərqə istiqamət alan Utbə ibn Fərqəd Azərbaycanın daha iç ərazilərinə daxil olmuş və Urmiya şəhərini zəbt etmişdi. Urmiya gölünün qərb sahili ilə şimala irəliləyən İslam ordusu Səlmas və Xoy şəhərlərini də ələ keçirmişdi. (mənbə- Bəlazuri, Fütuh-ul-Büldan).
Hələ 639-cu ildə Ömər ibn Xəttab Sasani əsgərlərinin harada olursa olsun təqib olunması və qətlə yetirilməsi haqqında ərəb sərkərdələrinə fərmanlar göndərmişdi. Bu əmrlərə əsasən Kufə və ətrafında yerləşən ordu hissələri İsfahan və Rey istiqamətində hücuma keçmişdilər (mənbə- Təbəri, Tarix-i Təbəri).
-
III FƏSİL
AZƏRBAYCANA ƏRƏB TƏCAVÜZÜ
-

Beləliklə, VII əsrin ortalarında xilafət orduları Azərbaycana soxulmuşdu və ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətləri tamamilə işğal olunmuşdu. Bundan sonra ərəblərlə Azərbaycan türkləri arasında 60 ilə yaxın davam edən lokal savaşlar dövrü başlamışdı.
705-ci ildə ərəblər uzun sürən savaş və qırğınlardan sonra, bu vaxtadək müstəqilliyini saxlaya bilmiş Şimali Azərbaycan dövlətinin- Albaniyanın da müstəqilliyinə son qoymuşdular. Bundan sonra Azərbaycan əraziləri üstündə dəhşətli dağıntılar və fəakətlərlə müşayiət olunan ərəb-xəzər müharibələri ölkəni xarabazara çevirmiş, əhalini dilənçi kökünə salmışdı.
Azərbaycanın əksər ərazilərini qılınc gücünə işğal edən, yüzminlərlə yerli sakini qətlə yetirən ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə və yaşam tərzinə kobud müdaxilə edir, öz dillərini, mədəniyyətlərini, milli adətlərini və ideologiyalarını zorla qəbul etdirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Dini dözümsüzlük islamın mənəvi dəyərlərinə zidd olsa da, əryan köklü Azərbaycan Türklərinə məxsus qədim məbədlər amansızlıqla dağıdılır və ya xristianlara (məs. ermənilərə) peşkəş olunurdu.
Ərəb işğalçıları məbədlərin üzərindəki qədim simvol və nişanələri (müxtəlif tipli xaç, günəş, od işarələri, şumer-alban-türk yazısı ilə həkk olunmuş müqəddəs mətnlər və s.) həmçinin qiymətli incəsənət nümunələrini məhv edirdilər. Bundan əlavə bütün dini-fəlsəfi, elmi kitablar yandırılır, incəsənət əsərləri Xilafət paytaxtına daşınır, alimlər və ruhanilər öldürülür və ya sürgün edilir, milli sərvətlər (həmçinin yerli əyanlar və tacirlər) qarət olunur, islamı qəbul etməyən əhali üzərinə ağır vergilər qoyulurdu.
Bu haqda yazılı tarixi mənbələrdə qeyd olunur ki, “…ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”. (Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”).
Orta əsr mənbələrdə qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini “qeyri-kitab əhli” (?) və ya “kafir” (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışırdılar. Maraqlıdır ki, “kitab əhli” saydıqları xristian və yəhudilərə qarşı bunu etməyən ərəblər, ən qədim Müqəddəs Kitabın- “Avesta”nın mənəvi sahibi olan Azərbaycan tüklərnə qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər.
Halbuki, “Zərdüştün müvəhhid və təkallahlı olmasını ilk dəfə Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri- müəllif), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (mənbə- İsmayıl Şəms, “Avesta”). Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara Kitab və Peyğəmbərgöndərilib”.
Bu gün dünyanın əsas problemlərindən olan, bəşəriyyəti xilasa aparacaq tolerantlıq məsələsi hələ çox minillər qabaq Tanrının Müqəddəs Kitabı “Avesta”da təsbit olunmuşdu: “Ey Mazda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin” (“Avesta”-Yasna 31-ci hat, “Ahnavaydqat”-11). Xalqımızın qədim dövrlərdən bu günədək qoruyub saxladığı mənəvi dəyərləri, o cümlədən, milli və dini dözümlülüyü indi də dünyanı heyran qoymaqdadır…
Azərbaycan türklərinin ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər. İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”. Amma xilafətin Azərbaycana qarşı həyata keçirdiyi siyasət artıq milli genofonda və qədim ənənələrə təcavüz olduğundan yüksək mədəniyyətə, ulu dilə, mükəmməl elmi-fəlsəfi biliklərə malik Azərbaycan xalqı buna dözməyərək ağır və qeyri-bərabər mübarizəyə qalxdı.
Beləliklə, Hürrəmi Hərəkatının əsasında duran işğala və ideoloji əsarətə qarşı milli-mənəvi azadlıq hərəkatı VIII əsrin ortalarından başlamışdı. Hələ Babəkdən 70 il qabaq Hürrəmilər ərəb işğalı və zorla islamlaşdırma siyasəti ilə mübarizəyə başlamışdılar. 748-ci ildə başlayan I və 778-ci ildə başlayan II Hürrəmi Hərəkatları nəticəsiz qurtarmışdı. 808-ci ildə vüsət alan III Hürrəmi Hərəkatına isə Cavidan başçılıq etmişdi. Cavidanın dövründə Cənubi Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz şəhəri isə Hürrəmilərin paytaxtına çevrilmişdi.
VIII əsrin sonuna yaxın Azərbaycanda ərəb zülmü artıq xalqın həyatında dəhşətli faciələrə gətirib çıxarmışdı. Bütün bu qeyd olunanları nəzərə aldıqda, IX əsrin başlanğıcında, sonradan böyük bir sərkərdəyə, xalqın mənəvi atasına və dövlət rəhbərinə çevrilən Babək Hürrəminin başçılığı ilə aparılan hərəkatın xalqın əski inamlarının, milli ənənələrinin və öz dini-fəlsəfi ideologiyasının, eləcə də, çoxminillik müstəqil dövlətçilik sisteminin bərpası tələbləri ilə islama qarşı şüarlar altında başlaması heç də təəccüblü görünməməlidir.
-
IV FƏSİL
ƏBƏDİ DİNİN YENİ ADI –HÜRRƏMİLİK
-
Hürrəmi ideologiyası Zərdlüştlük və Məzdəkizmin ehkamları üzərində qurularaq, həm maddi dünyada, həm də insanın daxilində qaranlıq və işıq, xeyir və şər timsalında iki qüvvə arasında mübarizə getdiyini və bu qüvvələrin Tanrının iki müxtəlif enerjisi olduğunu iddia edirdi. Onlar Uca Tanrının insanabənzər formalı Ali Şəxsiyyət kimi əbədi mövcudluğuna inanırdılar.
Bu haqda görkəmli tarixçi, akademik Ziya Bünyadov ərəb tarixçilərinə istinadən yazır: “Birincisi, o özünün Babək adını bərpa etdi, ikincisi, Tanrının insan surətində təcəssüm nəzəriyyəsini elan etdi, üçüncüsü, ruhun bir bədəndən başqa bədənə köçməsinə inanırdı, dördüncüsü, bu əqidədə idi ki, imamın qeyb olan ruhu çox sonralar qayıdacaqdır.”
Ənvər Məmmədxanlı “Babək” əsərində qeyd eləyir ki, “Hürrəmilər Tanrının nə vaxtsa “Ağ Atlı Oğlan” kimi yerdə təcəssüm edib, bütün yer üzünün insanlarını zülümdən xilas edəcəyinə inanırdılar”. Onlar “Uca Şirvinin Ruhu, Səni Gözləyirik!” dedikdə, məhz bu inama söykənirdilər. Sonralar bu ideya Şah İsmayıl Xətainin yaratdığı Səfəvi-Qızılbaşlar dövlətinin ideologiyasının əsas ehkamlarından birinə çevriəcəkdi.
Mirzə Abbaslı “Şah İsmayıl Xətai” kitabının müqəddiməsində belə yazır; “XV əsrin axırları və XVI əsrin əvvəllərinə aid əlimizdə olan bir sıra mühüm ilk məxəzlərdə, eləcə də həmin dövrlərin bəzi rəsmi sənədlərində Şah İsmayılın babası Sultan Cüneyd və atası Sultan Heydər Zərdüştlük ayininin, Hürrəmiliyin, Babəkiliyin bərpaçıları tək səciyyələndirilib”, …“Sultan Səlim də savaşa çağıran bütün sənədlərində Şah İsmayılı bir yandan “Zəmanənin Əfrasiyabı” olmaqda, o biri yandan da, “Zəndəqə və İlhadı”- Hürrəmiliklə Məzdəkizmii birləşdirməkdə ittiham edib”.
Azərbaycanda və başqa ərazilərdə fəaliyyət göstərən sufi təriqətlərinə Hürrəmilik fəlsəfəsinin əhəmiyyətli təsiri danılmazdır. Cəsarətlə demək olar ki, XV əsrdə təşəkkül tapan, bəşəriyyətə Fəzlullah Nəimi, Imaməddin Nəsimi kimi dahi filosoflar bəxş etmiş Hürufilik cərəyənı da Hürrəmilikdən (eləcə də, Hürrəmiliyin özünün də qidalandığı mənbədən- Zərdüştilikdən) qidalanmışdı.
Dövrün tədqiqatçısı, dünya şöhrətli alim V. Myur Xilafət haqqında yazdığı sanballı əsərində deyir ki, “Babəkin qəribə bir dini var idi; bu din yaxın (tanıdığı-müəllif) adamla evlənməyi, ruhun köçməsi fikrini (tənasüx) və şərq mistikasının digər prinsiplərini təbliğ edirdi”. Bu haqda Səid Nəfisinin “Babək” əsərində ərəb tarixçilərinin fikirləri verilir;- “Bu kafirlər ruhun bədəndən-bədənə keçməsinə inanır, movlanələrinə ilahi varlıq kimi baxırlar”- (Təbəri), “Onlar ruhların bədəndən-bədənə köçməyinə inanırdılar”- (Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi).
İngilis alimi C. Sell Hürrəmi ideologiyası və dini haqqında qəti bir fikir irəli sürməyərək deyir: “Hicri 201-ci ildə (816/817-ci il) Babək özünü peyğəmbər elan etdi”. Mütəhhər ibn-Tahir Müqəddəsi isə yazır: “Sənəvilər Dehsanoğlu, Şakiroğlu, Ovcaoğlu, Babək Hürrəmi və başqalarının peyğəmbərliyinə inanırdılar. Onların fikrincə, yer üzü heç vaxt peyğəmbərsiz olmayacaqdır”.
Hürrəmilər hələ indi-indi elm tərəfindən öyrənilməyə başlanan “reinkarnasiya”ya yəni, ruhun əbədiliyinə, bədəndən-bədənə köçməsinə inanır, ustada ilahi varlıq kimi baxırdılar.
Məhz ruhun əbədiliyi, ölməzliyi haqda ilahi bilik əcdadlarımızı mənfur düşmənlər qarşısında əyilməz edirdi, çünki onlar ölümün ancaq cismani bədənə aid olduğuna, ruhlarının isə əbədi yaşayacağına tam əmin idilər. Elə Babəki dəhşətli işğəncələrlə həyata keçirilən cismani ölüm qarşısında əyilməz və qorxmaz edən də, məhz bu əminlik idi. Hələ min illər əvvəl xalqımız təkcə maddi elmlərə deyil, həm də dərin ilahi biliklərə mailk idi…
Görkəmli tədqiqatçı və türkoloq Murad Acı (“Türklər və biz”), filologiya elmləri doktorları Elməddin Əlibəyzadə (“Avesta Azərbaycan Xalqının Mənəvi Mədəniyyət Tarixidir”) və Baloğlan Şəfizadə (“Azərbaycan Ədəbiyyatı Tarixi- ən qədim dövrlər”) vaxtilə türk-əryan köklü xalqların bu bilikləri uzaq Asiya, Şərq və Avropa ərazilərinə daşımaları nəticəsində orada yaşayan xalqların mədəniyyətlərinə ciddi təsir göstərdiyinə aid inkaredilməz dəlillər gətiriblər.
Məsələn, professor B. Şəfizadənin yuxarıda adıçəkilən kitabında qeyd olunur ki, Veda`lardan başlanğıc götürən brahmanizm, buddizm, mahayana, qədim hind dastanları; “Mahabharata” və “Ramayana”,- digər vedalar, qədim hind fəlsəfi məktəblərinin ideologiyası da… ilkin “Avesta” mətninin monumentallığına əsaslanır. Qədim və müasir tədqiqatçılar qeyd edirlər ki, “Avesta”nın yunan və roma fəlsəfi məktəblərinə, mədəniyyətlərinə, o cümlədən, bütün dünya dinlərinə əhəmiyyətli dərəcədə təsiridanılmazdır.
Məşhur avestaşünas Meri Boys yazır ki, “Zərdüştlüyün uca və orijinal doktrinası bütün Yaxın Şərqdə iuadizmə, xristianlığın və buddizmin əmələ gəldiyi və inkişaf etdiyi ərazilərə güclü təsir göstərib”. Eyni zamanda, “Avesta” ideyaları qədim türk sivilizasiyasının beşiklərindən hesab olunan Altay, Sibir və s ərazilərdə yaşayan xalqların adət-ənənələrində və dini dünyagörüşlərində (məs.-şamanlıq) bu günədək yaşamaqdadır.
Tarixin bir dövründə “Hürrəmilik” adlandırılan bu əbədi dinin əsas məbədlərindən dövrümüzədək gəlib çatmış Suraxana Atəşgahını, Qız Qalasını, həmçinin Yanardağ ziyarətgahını göstərmək olar. Bu müqəddəs yerlərə qədim əsrlərdən bəri dünyanın müxtəlif bölgələrindən (Hindistan, İran, Əfqanstan, İraq, Pakistan və s.) olan zəvvarların böyük marağı, yuxarıda dediklərimi və Odlar Yurdu Azərbaycanın çox qədim zamanlardan bəri Müqəddəs Torpaq kimi dini mərkəzlərdən olduğunu sübut edir.
Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” kitabında Rusiya çarının fikirlərini verir: “Məlumdur ki, kəbrlərin (zərdüştilərin- müəllif) məzhəbi Hindistanın başlıca məzhəbidir. Hindlilərin bir çoxu indiyədək Bakı ətrafındakı odlara sitayişə gedirlər. Bakını səhmana salmaqla və onunla ticarəti genişləndirməklə onu hind kəbrlərinin Məkkəsinə çevirmək olmazmı və qismən bu səbəbdən Astrabad və Həştərxan vasitəsilə zəngin quru ticarət yolu açılabilməzmi?”
Müəllif qeyd edir ki, “1797-ci ilin yazında həyata keçirilməsi nəzərdə tutulan bu planlar II Yekaterinanın ölümü ilə əlaqədar baş tutmadı”.
“Hürrəm” sözünün mənasına gəldikdə isə, tarix boyu bu söz haqqında bir çox tarixçilər fərqli versiyalar irəli sürmüşlər. Ərəb tarixçiləri əsərlərində “hürrəm” sözünün əcnəbi (qeyri-ərəb) sözü olduğunu qeyd edirlər. Onlardan bəziləri bu sözün kökünü “Hürrəm” (Bəzz yaxınlığında kənd) toponimi ilə əlaqələndirir və hərəkatın həmin yerdən başladığını güman edərək belə adlandırıldığını iddia edirlər. Bu sözü “azadlıq” (hürrəm- azadam) kimi izah edənlər də var. İbn Xəldun isə, “hürrəm” sözü haqqında belə yazır; “Cavidan” sözü “daimi”, “hürrəm” isə “sevinc” deməkdir, onlar atəşpərəst idilər”.
Bu izah sözün dilimizdəki anlamına digərlərinə nisbətən daha yaxındır. “Xürrəm” sözü hər bir azərbaycanlının anlayışında “şadlıq” və ya “sevinc” mənasını daşıyır (məs. «şad-xürrəm”). Qədim zamanlardan bəri türk, hind-avropa və s. dil ailələrinə mənsub xalqların bir çox hallarda ortaq tarixə və mədəniyyətə malik olmalarının, bu və ya bu kimi sözlərin ümumşərq sivilizasiyası kontekstində anlaşılmasının məncə sübuta ehtiyacı yoxdur.
Dilimizdə bu gün də yaşayan sözlər: çağırış mənasını daşıyan “haray”, “hurrey” (rus dilinə “urra” kimi keçmiş) və “şadlıq bəxş edən” mənasını daşıyan “ramin”,”rəmiş”, “ramiz”, “bəhram” və s. sözlər, “hürrəm” sözünün iki kökdən –“xür”-“hür” və “rəm”-“ram” sözlərindən ibarət olduğunu göstərir. Bu cür yanaşma “bayram” sözünün də etimologiyasına aydınlıq gətirir. Belə ki, “bay”- böyük, “ram”-şadlıq, yəni “böyük şadlıq” mənasını daşıyır.
Bildiyimiz kimi, həm ”Ramayana”da, həm də “Avesta”da, Tanrının “Ram”, “Rama”, “Ramana” adlarına rast gəinir. Bunları nəzərə alsaq, onda belə bir fikir irəli sürmək olar ki, “hürrəm” sözü “Tanrını haraylayanlar”, “Tanrını çağıranlar”, “Onu mədh edənlər” deməkdir. “Hürrəm” sözünün tələffüz məsələsi isə müxtəlif dil və ləhcələrdə müxtəlif ola bilərdi. Bəzi hərflərin əvəzləməsi isə, dil tarixinin problemlərinə aiddir.
-
V FƏSİL
BÖYÜK XİLASKAR
-
Babək Hürrəminin doğum tarixi dəqiq məlum olmasa da, bəzi dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu Azərbaycanın ərəblər tərəfindən tam işğal olunmasından təxminən doxsan il sonraya- 796-798-ci illərə təsadüf edir. Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş.
Lakin, müasir təqdiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub və əslində onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu köklü turk sözünə 5 min ildən çox tarixi olan Dədə Qorqud eposunda da çox rast gəlinir (məs. sağsanmı-əsənsənmi?, əhsən-alqış və s.
Babəkin uşaqlıq çağının bir mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə yazır: «Bir dəfə Babək evə gec gəlir. Bundan narahat olan anası onu axtarmağa gedir və oğlunu otardığı inəklərin arasında tamamilə çılpaq vəziyyətdə yatmış halda tapır. Anası onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər üçün gəlib və onun taleyində çox qanlar axacaq».
Qeyd etmək yerinə düşər ki, elmdə “stiqmat” adlanan bu hal bir çox yüksək ruhaniliyə malik insanlarda özünü büruzə verir, məsələn, bəzi xristianlarda bədənlərinin İsanın çarmıxa çəkildiyi yerlərindən qançıxır.
…Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması, sonralar ərəblərin nizami orduları ilə döyüşlərdə öz təsirini göstərir. Sonra Babək Azərbaycanın paytaxtı Təbrizə gedir və burada Zərdüştlük təlimi ilə daha yaxından tanış olur. O, ölkənin zorla islamlaşdırılması prosesini öz gözləri ilə görür. Nəhayət on səkkiz yaşında Babək Təbrizi tərk edir və anasının yanına- Bilalabada qayıdır. Bu səyahət və qayıdış onun həyatında çevriliş edir. Artıq onun beynində böyük və müqəddəs ideologiyanın bərpa edilməsi fikirləri yaranmışdı.
Bir neçə il keçəcək, O, böyük ordu sərkərdəsi, millətin ruhani atası və dövlət başçısı Babək Hürrəmiyə çevriləcəkdi… 22 illik möhtəşəm qəhrəmanlıq tarixi yazacaqdı. Qədim və möhtəşəm türk-ari mədəniyyətini məhv olmağa qoymayacaqdı. Bəşər sivilizasiyasının ilk təktanrıçılıq dini- bəzilərinin kor-koranə “atəşpərəstlik” adlandırdığı- Zərdüştlük təliminin ehkamları üzərində yaradılan, dolayısı ilə bərpa edilən Hürrəmilik fəlsəfəsiniyaşadacaqdı…
Bu, bir qədər sonra baş verəcəkdi. Ona qədərsə, xalqının qədim ənənələrini, dini-fəlsəfi təlimini, ilahi biliklərini- bir sözlə çoxminillik zəngin mədəni irsini öyrənəcəkdi. Acı sonluqlu və şərəfli bir taleni yaşamaq, dünyanı lərzəyə gətirən möhtəşəm bir hərəkatı yaratmaq, minillər boyu unudulmayacaq, milyonların gen yaddaşına əbədi həkk ediləcək ilahi missiyasını yerinə yetirmək üçün onun bunlara ehtiyacı var idi…
Babəkin Hürrəmi Hərəkatına qoşulması barədə dövrün müasirləri belə məlumat verir: “Bəzz şəhərində varlı vilayət hakimi, yerli Hürrəmi təşkilatına başçılıq edən Cavidan Şəhrək adlı bir hürrəmi yaşayırdı. Bir dəfə Zəncandan qayıdarkən Cavidan Bilalabada dönür və Babəkgilin evinə düşür.
Cavidan ucqar kənddəki bu kasıb gəndli evində öz yaşından çox-çox qabağa getmiş belə yüksək səviyyəli biliyə, dünyagörüşə, döyüşçü görkəminə malik bir cavanla rastlaşdığına çox sevinir. O, Babəki öz dəstəsinə dəvət edir. Səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür. (Səid Nəfisi, “Babək” əsəri.)
-
VI FƏSİL
ZİRVƏYƏ APARAN YOL
-
Babək Bəzz şəhərindəki hökmdar malikanələrinin idarəçisi işlədiyi az bir vaxtda təkcə Cavidanın deyil, həm də bütün xalqın böyük hörmət və məhəbbətini qazanır. Bəzz yaxınlığındakı dağlarda yaşayan bəzi hürrəmi icmalarına başçılıq edən Əbu İmranla Cavidan arasında baş verən toqquşmaların biri onlar üçün təktəbək ölüm-dirim savaşına çevrilir. Onlar arasında sülhü bərqərar etmək istəyən Babək araya girsə də, onun dediyinə qulaq asmırlar.
Uzunsürən gərgin döyüşdə Əbu İmran həlak olur. Ölümcül yaralanan Cavidan isə, üç gündən sonra dünyasını dəyişir. Cavidanın xanımı döyüşçülərin hamısını toplayaraq, onun vəsiyyətini çatdırır: «Hürrəmilərə xəbər ver- bilirəm ki, bu gecə ölməliyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Zərdüştün təlimini bərpa edəcək, sizin aranızdakı ən zəiflər iftixar, alçaldılmışlar yüksəliş tapacaq».
Ərəb tarixçisi Məhəmməd ibn İshaq həmin gün baş verənləri belə təsvir edir: “Döyüşçülər dedilər:-»Sağ ikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik”. Şəhər meydanına cəm olan xalq bir ağızdan “Uca Şirvinin Ruhu, Səni gözləyirik, bizi hər iki dünyada şad et!”-deyərək Babəkin varisliyini və rəhbərliyini qəbul etdilər”.
Cavidanın varisi olduqdan sonra o, Bəzzdə və ətraf ərazilərdə yaşayan Hürrəmi icmalarına başçılıq edirdi. Və bununla əlaqədar olaraq o, eyni zamanda xalqın həm hərbi rəhbəri, həm də mənəvi atası vəzifəsini daşımalı idi. Beləliklə o, bundan sonra “Babək” adlandırılır. Bu sözün kökündə duran “baba” sözü demək olar ki, əksər qədim dillərdə -“ata”, “Babək” isə “atacan”, “başçı” mənasını verir.
Beləliklə, tarixin bu dövründə azadlıq məşəlini Babək daşımalı idi. Müqəddəs İdealların Böyük Sahibi öz ilahi missiyasını şərəflə və ləyaqətlə yerinə yetirməliydi…
«Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə Zərdüştilik və Məzdəkiliklə əlaqədar qayda-qanunların bərpasına can atmışdı.» Akademik Ziya Bünyadov
Müsəlman salnaməçiləri Hürrəmilər haqqında müsəlmanlarda onlara qarşı qəzəb oyadan hər cür böhtan və iftira yazmışlar. Bu saxtakar tarixçilər bir tərəfdən yazırlar ki, guya hürrəmilər yaxın qohumları ilə nigaha girirmişlər, o biri tərəfdən isə qeyd edirlər ki, onlar ailəni rədd edərək, qadınlardan ümumi şəkildə istifadə edirmişlər.
Guya onlar bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfəraini yazır: «hər iki cinsdən olan babəkilər ildə bir gecə o dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər». Əslində isə, bu ərəb “tarixçi”sinin dediyi gecə, haqqında yəqin ki, heç bir məlumatı olmadığı xalqımızın Tanrıya həsr olunan ən müqəddəs bayramı- Novruz gecəsidir.
Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.»
Ta qədimdən möhtəşəm mədəniyyətə, geniş elmi-fəlsəfi dünyagörüşə, möhkəm dini-əxlaqi prinsiplərə və ortadoksal ideologiyaya malik olan, bəşəriyyətin ilk təktanrıçılıq dinini yaşadan bir xalqı bu cür təqdim etmək ancaq qərəzli dırnaqarası tarixçilərin xəstə təxəyyülünün məhsulu ola bilərdi. Ümumiyyətlə, dövrün hadisələri haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur.
Bu tarixçilər də xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin məlumatlarda ərəblərin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz. Öz xalqımızın içindən bu haqda nəsə yazan olubsa da, böyük ehtimalla ərəb işğalı dövrlərində onlar məhv edilib. Anoloji proses tarixin sonrakı dövrlərində- fars və rus işğalı vaxtlarında da davam etdirilib. Fars-molla rejimi bu hərəkatı pozğun quldurların mübarizəsi kimi, rus imperiyası isə sinfi mübarizə aparan kəndli üsyanı kimi təqdim etməyə çalışıb.
Bəli, bu xalqın möhtəşəm tarixi və yüksək mədəniyyəti həmişə ox olub düşmən gözünə girib. Bu səbəbdən də düşmənlərimiz Azərbaycan Türklərinin tarixini və mədəniyyətini məhv etmək uğrunda sanki yarişa giriblər. Tarixin sonrakı mərhələlərində də bu proses davam etdirilib- mənfur və vəhşi ermənilər, ruslar, farslar və s. düşmənlərimiz tərəfindən.
Amma xalqın gen yaddaşından bu izləri silmək mümkün olmayıb. Cənubda (indiki İran ərazisində) hər il milyonlarla soydaşımız bütün təzyiqlərə və təqiblərə baxmayaraq Babəkin əziz xatirəsini ehtiram və sevgi ilə yad edir, Bəzz Qalasını ziyarət edirlər. Şimalda isə son dövrlərdə bu haqda bədii və tarixi əsərlər, şifahi və yazılı nümunələr ortaya qoyulub.
Ziya Bünyadov, Ənvər Məmmədxanlı kimi ziyalılarımızın bu sahədə xidmətləri unudulmazdır. Təəssüflər olsun ki, indi tariximizin bu şanlı dövrü, dünyanın ən qüdrətli şəxsiyyətlərindən biri olan Babək Hürrəmi sanki unudulub. Paytaxtımızda düşmənlərimizin belə böyük heykəlləri ucaldığı halda, Babəkin heykəlinə yer tapılmır. Biz tariximizə, onu yaradanlara sahib çaxmağı hələ dəöyrənməmişik…
-
VII FƏSİL
İLAHİ MİSSİYA
-
Hürrəmilərin rəhbəri olduqdan sonra Babək qətiyyətli fəaliyyətə keçdi. Azərbaycanın hər yerindən könüllü döyüçşü dəstələri ölkənin hərbi, siyasi və ideoloji mərkəzinə çevrilən Bəzz şəhərinə axışmaqdaydı. O, öz Hürrəmiləri qarşısında ərəbləri qovmaq, islamı məhv etmək, əcdadlarının dinini və mədəniyyətini bərpa eləmək vəzifəsi qoymuşdu. Beləliklə, milli-mənəvi mübarizə tariximizin yeni dövrü başlamışdı.
Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz şəhəri əhatəsindəki işğalçı ərəb valilərini və onların tərəfində duranların müqavimət göstərənlərini məhv etdilər, tabe olanları isə əsir aldılar. Bundan sonra milli azadlıq hərəkatı güclü dalğa ilə ölkənin digər vilayətlərinə də yayıldı. Buradan başlayan müqavimət hərəkatı az sonra şimala- Arrana və cənub-şərqə- Cibəl və Xorasana yayıldı. Qısa müddətdə təqribən bütün Azərbaycan ərazisi Hürrəmilərin əlinə keçdi.
Azərbaycan orduları hər yerdə eyni cür hərəkət edirdi. Ələ keçirilmiş düşmən mövqeləri dağıdılır, təslim olmayan hərbi qarnizon- ərəb işğalçıları məhv edilirdi. Bütün bunların nəticəsində cəmi 2 il ərzində Hürrəmilər tərəfindən on minlərlə ərəb döyüşçüsü öldürülmüş və əsiralınmışdı.
Azərbaycanda artıq möhtəşəm və güclü bir dövlət yarandığını, milli-mədəni ənənələrin, sarsılmaz ideologiyanın bərpa olunduğunu görən Xəlifə Məmun Azərbaycan üzərinə böyük nizami ordu göndərdi. Lakin bu xalqa qarşı döyüşmək artıq asan deyildi.
(Yeri gəlmişkən hadisələri qabaqlayaraq deyək ki, Məmun dəfələrlə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərdi və hər dəfə onun sərkərdələri məğlub oldular. Xəlifə bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qaldı. Babək yenilməzlik şöhrəti qazandı.)
Məmunun Azərbaycan üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Azərbaycan və Xilafət orduları arasında ilk döyüş 819-cu ildə baş verdi və böyük üstünlüyə malik ərəb ordusu qələbə qazana bilmədi. Hürrəmi orduları bütün hücumları qəhrəmancasına dəf edib ərəb qoşunlarını geri oturdurdu. İbn Müslüm heç bir uğur qazana bilmədiyindən 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin etdi. Yeni sərkərdə öz qoşunu ilə Odlar Yurduna hərbi yürüşə başladı. Azərbaycan ordusu ərəb qoşununu ölkənin cənub sərhədlərində qarşılayaraq, darmadağın etdi.
Təbəri yazır: “Ərəb ordusu pərən-pərən düşüb qaçdığı zaman əsgərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: «-Ey Əbu Musa, hara belə?» O isə belə cavab verir: «-Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik».
Xilafətin sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmədi. Onun nəhəng işğalçı ordusu Azərbaycanda darmadağın edildi. Bu illərdə Babək öz qüdrətli hökmdarlıq səriştəsi və sərkərdəlik məharəti ilə dünya şöhrəti qazandı. Sayca ərəb ordusundan qat-qat az olan və heç də yüksək nizami döyüş təlimi görməyən qoşunu ilə böyük strateq, ölkənin coğrafiyasına dərindən bələd olmasından istifadə edərək, yeni-yeni ağıllı taktiki və strateji əhəmiyyət daşıyan genişmiqyaslı manevrlər edirdi.
Üstəlik, azəri türkləri mərdliklə və sonadək döyüşürdülər. Bunun nəticəsində Azərbaycan xalqının böyüklüyünü hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən ərəb sərkərdələri rüsvayçı məğlubiyyətə uğradılırdı.
Bütün hərbi strategiyasını Azərbaycanı işğal etmək istəyi üzərində quran və xəyalları boşa çıxan xəlifə Məmun nəhayət, götür-qoy etdikdən sonra Xilafətin əksər iri qoşun dəstələrini birləşdirərək təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd əl-Tusinin sərəncamına verdi və Odlar Yurdunu işğal edəcəyi təqdirdə onu bütün Azərbaycanın hakimi təyin edəcəyini bildirdi.
Tusinin rəhbərliyi altında nəhəng ərəb ordusu Azərbaycan üzərinə yürüşə başladı. Böyük say çoxluğuna malik ərəb qoşunlarının təzyiqi altında Azərbaycan ordusu ölkənin cənub vilayətlərini tərk edərək Bəzz şəhərinə doğru geri çəkilmək məcburiyyətində qaldı. Müqavimətə rast gəlməyən Hüməyd öz qoşunu ilə Bəzzin yaxınlığınadək irəlilədi. …829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq, Babək ən say-seçmə döyüşçülərdən təşkil olunmuş qoşunu dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutdu.
…Hürrəmi orduları sel kimi qayalardan düzəngaha endi və amansız döyüş başladı. Döyüşün gərgin çağında ehtiyat qoşunun ərəblərin arxasından hücuma keçməsi döyüşün taleyini həll etdi. Bununla da, I Həştadsər döyüşündə Xilafətin növbəti işğalçı ordusu da ağır məğlubiyyətə uğradıldı. Sağ qalanlar pərən-pərən olub qaçdı, Məhəmməd ibn Hüməyd isə məhv edildi.
Dəhşətli məğlubiyyət xəbəri alan Bağdad bu hadisədən sarsılmışdı. Daha bir istedadlı sərkərdə itirilmiş, 150 minlik ordu darmadağın edilmiş, 50 minədək döyüşçü məhv edilmişdi. Xilafət ordusu heç vaxt belə ağır məğlubiyyətə uğramamışdı. Azərbaycan isə bu qələbəni bayram edirdi…
Bir il sonra- 830-cu ildə I Həmədan döyüşündə ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də Hürrəmilərə biabırçı surətdə məğlub oldu və Azərbaycanın cənub şəhəri Həmədan da ərəb işğalından azad edildi. Bu məğlubiyyət xilafəti çökdürdü və Bağdad uzun müddət hərbi gücünü artıra bilmədi. Azərbaycanda isə, hərbi, iqtisadi və mədəni yüksəliş dövrü başlamışdı. Ardıcıl qələbələr ölkənin hərbi və iqtisadi qüdrətini yüksəldir, azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf edirdi.
Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qənimətlərin əksər hissəsini ölkənin paytaxtı və ordunun baş qərargahı statusu daşıyan Bəzz şəhərinin qalalarına aparırdılar. Bütün bunların nəticəsində paytaxtda və ölkənin digər iri şəhərlərində böyük silah-sursat anbarları yaradılmış, dövlətin zəngin xəzinəsi və ərzaq ehtiyatı əmələ gəlmişdi.
Müstəmləkəçilik zəncirindən və ideoloji əsarətdən azad olmuş Azərbaycana nəzarəti tam itirən Məmun təzə ordu toplamaq istəsə də, Bizansla aparılan döyüşlər onu Azərbaycanla savaşdan yayındırır. Babək bir müddət rahatlaşır və ölkənin daxili problemləri ilə məşğul olur. Artıq onun sərəncamında 300 minlik nəhəng Azərbaycan ordusu var idi…
Hürrəmi Hərəkatı Fars, Xorasan, İsfahan və Kuhistanda da yüksəldi. Hürrəmiliyin yayıldığı böyük ərazilərdə ərəblərə qədərki qayda-qanunlar və milli ənənələr bərqərar edildi. Kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzən, hərəmxanalarda gizlənməyən Azərbaycan qızları nəinki öz istəklərinə görə ərə gedə bilirdilər, hətta ölkənin ictimai həyatında da fəal iştirak edirdilər. Təxminən 1 milyon kv. km.-lik əraziyə malik ölkənin digər şəhər və kəndlərində də əmin-amanlıq və firavanlıq hökmsürürdü.
Tolerantlığın hakim olduğu Azərbaycanda bütün millətlər bərabər tutulur, müxtəlif dinlərə inananlar arasında heç bir ayrı-seçkilik qoyulmurdu. Ən hündür qalalarında Azərbaycann üzərində günəşin rəmzi olan qırmızı bayraqları dalğalanan Bəzz şəhərindən daim musiqi və şənlik sədaları yüksəlirdi. Hürrəmilər hətta ən ağır günlərində belə el şənliklərindən qalmır, Tanrını tərənnüm edən mahnılar oxuyur və ibadət mərasimləri keçirirdilər.
-
VIII FƏSİL
XİLAFƏTİN ƏSAS HƏDƏFİ – AZƏRBAYCAN
-
Xilafət paytaxtında isə, vəziyyət son dərəcə gərgin idi. 833-cü ildə öz taxtına qardaşı Mötəsimi əyləşdirəndən sonra xəlifə Məmun öldü. Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı: «Azərbaycana göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona yeni süvari və piyadalar, silahlar göndər. Əgər iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get. Yaddan çıxarma, türkün qənimi yalnız türk ola bilər».
Mötəsim hakimiyyət başına keçən kimi, ordunu yenidən qurmağa başladı. O, başa düşmüşdü ki, qəhrəman türk oğullarına ərəb döyüşçüləri ilə qalib gəlmək mümkün deyil. Yeni xəlifə başlıca olaraq Orta Asiya türklərindən muzdla yığılmış qoşun təşkil etdi. (Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər, sonralar Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz roloynadılar…)
Mötəsim xilafətin paytaxtını Bağdaddan türk xalqları yaşayan ərazidə yerləşən Samirəyə köçürdü. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsimin qoşunları Həmədan yaxınlığında Hürrəmi ordusu ilə döyüşə girdi. Ərəb ordusuna İshaq ibn İbrahim ibn Müsab, hürrəmi ordusuna isə Babək oğlu Buğday başçılıq edirdi.
833-cü ildə baş verən bu döyüşdə Hürrəmilər ənənəvi döyüş taktikalarını dəyişərək, açıq meydanda vuruşa girdilər. Və bu zaman onlar qeyri-bərabər say nisbətini, eləcə də qoşunların silahlanma dərəcəsindəki fərqləri nəzərdən qaçırmışdılar. Hürrəmilərin o qədər də yaxşı təlim keçməmiş süvari qoşunları, sayca üçqat üstünlüyə malik muzdlu nizami ordunu açıq çöl şəraitində yenə bilmədi və məğlubiyyətə uğradı.
Bu döyüşdə azəri döyüşçüləri qəhrəmancasına mübarizə aparsalar da, böyük say üstünlüyü öz sözünü dedi. Beləliklə, II Həmədan döyüşündə Azərbaycan ordusu 60 minədək döyüşçü itirdi. Hürrəmilər 20 minlik qoşunla ölkənin paytaxtına tərəf çəkilib yenidən toparlanmağa başladilar.
Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə, Bəzz şəhərini mühasirəyə almaq, bölgəyə giriş və çıxış yollarını bağlamaq, silah və ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verdi. Bundan sonra xəlifə Azərbaycanı yenidən işğal etmək üçün böyük qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və nüfuzlu sərkərdələrdən birini- Heydər ibn Kavus əl-Afşini gətirdi.
Eyni zamanda, onu Azərbaycan əyalətləri olan Arran, Muğan, Ərminiyyə və Cibəl hakimi təyin etdi. Afşin öz mənşəyinə görə türk zadəganlarından idi və üzdə islama itaət edirdi. Lakin, hadisələrin sonrakı gedişi də göstərdi ki, həqiqətdə o, öz əcdadlarının Mazdyasna (Zərdüştlük) dininə inanır və vətənini ərəb zülmündən qurtarmaq arzusu ilə yaşayırdı.
836-cı ilin yazında Afşin nəhəng qara ordusu ilə Azərbaycana daxil oldu. O, çətin keçilən dağları aşaraq nəhayət, Bəzz şəhərinə aparan yola çıxa bildi. Afşin işğalçı ərəb qoşunlarının Bəzz ətrafında yaratdığı mühasirə həlqəsini yavaş-yavaş daraltmaqla məşğul idi. Əslində isə onun bu taktikası, Babəkin özü ilə ittifaqda xilafətə qarşı çıxmaq üçün vaxt udmasına çalışmaqdan ibarət idi.
Ərəb tarixçilərinin yazdığına görə, “Afşinin xahişi ilə Babək onunla bir neçə dəfə Atəşgahda görüşür. Amma Afşinin həm onunla, həm də Təbəristan hökmdarı Mazyarla birləşərək çevrilişlə Xilafətdə hakimiyyəti ələ keçirmək təklifini Babək qəbul etmir” (Tomara). Bu fakt isə, Babəkin hakimiyyət və sərvət uğrunda mübarizə aparmadığını, əksinə, öz xalqının mənafeyini hər şeydən üstün tutduğunu sübut edir.
Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra, müdafiə taktikası seçən Babək açıq çöldə hücuma keçmir, qaladan çıxmadan düşməni gözləyirdi. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin hücum etməsini gözləyirdi. Gələcək hökmdarlıq xülyası ilə öz millətinin üzərinə düşmən kimi gələn bu sərkərdə bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış Hürrəmi dəstələrini məğlub edir. Nəticədə Babək minlərlə döyüşçü itirir.
Başqa bir dəfə lovğa ərəb sərkərdəsi Buğa əl-Kəbirə Afşinin dediyindən çıxaraq, Babəklə özü döyüşmək qərarına gəlir. İlk qarşılaşmada uğur Babəkin tərəfində olur. Lakin bu, özündən müştəbeh Buğaya dərs olmur. Qala ətrafında hərəkətini davam etdirən Buğa bir dəfə yolda gecələməli olur. İri qoşun dəstələrini bir yerdə yerləşdirə bilməyən Buğa qoşunu iki hissəyə bölür. Babək isə bu zaman onları müşahidə edirdi…
Hürrəmi qızları, qocalar və uşaqlar bütün gecəni ətraf dağlarda əllərində yanan məşəllər tutaraq, hücuma hazırlaşan böyük bir ordu təəssüratını yaratdılar. Səhərə yaxın Buğanın yorğun qoşunu yatışandan sonra Hürrəmi orduları iki tərəfdən hücuma keçdi.
Yarıyuxulu ərəb döyüşçüləri vahiməyə düşdü, çoxları qorxudan özlərini qayalardan atdılar. Afşinin qardaşı ağır yaralandı, Buğa isə, güc-bəla ilə qaçıb canını qurtara bildi. Beləliklə, II Həşdadsər döyüşündə Hürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar. Düşmənin xeyli canlı qüvvəsi məhv edildi, çoxlu qənimət ələ keçirildi. Bu 836-cı ildə baş verdi.
Bağdadda bu xəbər dəhşətli faciə kimi qarşılandı. Lakin işğalçılıq niyyətindən və hakimiyyət hərisliyindən qanlı qırğınlara ara verməyən xəlifə Xilafətin son döyüşçüsünə qədər toplayıb Azərbaycan üzərinə göndərmək əmri verdi. Bundan sonra Mötəsim Afşinə köməyə daha doqquz min türk döyüşçüsü göndərdi. Ərəblərin bütün güclərini toplayıb yığdıqları son qoşuna türklər İtax və Cəfər başçılıq edirdilər.
Hürrəmi Dövlətinin taleyi təhlükə altında idi. Bunu nəzərə alan Azərbaycan hökmdarı Roma imperatoru Feofilə məktub göndərir: «Ərəblərin şahı ixtiyarında olan bütün qoşununu, saray əyanlarını, hətta dərzisini və aşpazını da mənim üstümə göndərib. Əgər onun üzərinə hücuma keçə bilsən, indi heç kim sənin qarşında dayanmaz.»
Məktubu alan kimi Imperator Feofil 100 000-lik ordu ilə Xilafətə qarşı hərbi yürüşə başladı. Lakin, xəlifə Bizansla müharibədə uğursuzluqlarına və məğlubiyyətə uğrama təhlükəsinə baxmayaraq, Azərbaycandan bircə döyüşçüsünü də geri çəkmədi. (Bu fakt Azərbaycanın Xilafət üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir).
Rumlular üzərində qələbə çaldıqdan sonra isə, xəlifə Mötəsim Afşinə məktub yazaraq, ondan qarşısında qoyulmuş vəzifəni mümkün qədər tez yerinə yetirməsini tələb etmişdi: «Allah rumluları öz imanlı bəndələrinin qabaqından qaçmağa məcbur etdi. Təhlükə sovuşdu. Sən isə Babəkin məsələsinə əncam çək və işini tezliklə qurtar».
Bu təlimatı alan Afşin özünün Bəzz qalası yaxınlığındakı düşərgəsinə qayıtmağa məcbur oldu. Babək ən təcrübəli sərkərdələrindən olan Adsini on minlik qoşunla ərəb ordusunun yolunu kəsməyə göndərdi. Adsin düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən məğlubiyyətə uğrayaraq Bəzzə çəkildi.
Ölkənin paytaxtına doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələndi. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini strateji əhəmiyyətli üç dağda möhkəmləndirdi və şəhəri uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlarlahördürdü.
-
IX FƏSİL
QUTSAL İDEALLAR UĞRUNDA SONDÖYÜŞ
-
Bəzz şəhəri qədim Zərdüştlüyün müqəddəs ənənələrinə uyğun şəkildə əvvəlki qaydada yaşamağında idi. Yenə də oradan ətrafa Tanrını tərənnüm edən musiqi sədaları yayılır, sarayların və qalaların üzərində qırmızı bayraqlar dalğalanırdı. Qırmızı geyimli azərilərin şənlik məclisləri gecə yarıya qədər davam edir, hərdən də Hürrəmi döyüşçüləri qaladan çıxmağa cəhd göstərirdilər. Bu cəhdlərin hamısı uğursuz nəticələnirdi. Lakin, Cəfər ibn Dinarın qalaya hücumu da uğursuz oldu. Və bu hücumun qarşısını alan Babəkin qələbəyə ümidi artdı. O, cəsur bir addım atmağa qərar verdi…
Qısa müddətdə yeni taktiki plan hazırlandı. Bu əməliyyatın baş tutacaqı təqdirdə Afşinin bütün qoşunu məhv edilməli idi. (Nəzərə alsaq ki, həmin vaxt xilafətin bütün ordusu elə burada- Azərbaycanda idi, onda bu ərəb xilafətinin məhvi olacaqdı.)
Afşinin növbəti hücumundan qabaq Babək Adsinin başçılıq elədiyi ordunu yaxınlıqdakı dağların arxasına göndərdi və onlar meşələrdə gizləndilər. Lakin xəyanət tarixi davam edirdi. Afşin satqınlar vasitəsilə bu hərbi manevri öyrənib, gecə ikən qoşunlarını üç tərəfdən Adsinin gizləndiyi meşəyə yeritdi, Cəfərə isə, qalaya hücuma keçmək əmri verdi. Sabahısı gün Adsinin ordusu mühasirəyə salınaraq məğlubiyyətə uğradıldı. Adsin başda olmaqla son damla qanınadək qəhrəmanlıqla döyüşən bütün xürrəmilər həlak oldu.
Babək Hürrəmi Dövlətinin paytaxtı- Bəzz şəhəri uğrunda son döyüşü qaladan seyr edirdi. Şəhər ətrafındakı döyüş meydanlarında qeyri-bərabər say nisbətinin diqtə etdiyi dəhşətli bir mənzərə yaranmışdı. O, böyük əksəriyyətinin türklərdən ibarət olduğu muzdlu dəstələrin hesabına üstün gələn qara bayraqlı işğalçı ərəb ordusunun qalaya yaxınlaşdığını görəndə, vəziyyətin çıxılmazlığını anladı. Azərbaycanın uca dağlar qoynunda yerləşən paytaxtında tarixdə misli görünməmiş döyüşlər gedirdi.
Vətən uğrunda son döyüşdə kişilərlə bərabər qız və qadınların, yeniyetmə və qocaların göstərdiyi misilsiz qəhrəmanlıq, heç vaxt belə mənzərə ilə qarşılaşmamış ərəbləri dəhşətə gətirmişdi. Xəyanət nəticəsində qalib gələn ərəb döyüşçüləri Azərbaycan dövlətinin paytaxtı Bəzz şəhəri uğrunda son nəfərinə və son damla qanınadək döyüşüb həlak olan 100 000 Hürrəminin cəsədi üzərindən Bəzzə daxil olmaqdaydı. Və Babək Hürrəminin gözləri önündə Vətən tarixinin daha bir qanlı və qara səhifəsiyazılırdı…
…Babək ətrafında qalan son 5 nəfərlə birlikdə Bəzzi tərk etməyə məcbur oldu. 837-ci ilin 26 avqustunda Afşinin komandanlığı altında işğalçı ərəb ordusu Bəzz şəhərinə daxil oldu. Bu şəhərin süqutu ərəblərə çox baha başa gəlmişdi. Ərəb ordusu 100 min döyüşçüsünün qanı bahasına aldığı şəhəri işğal etmişdi. Afşin qalaların, məbədlərin, evlərin və hökmdar saraylarının kökündən uçurulması əmrini verdi.
Şəhər tamamilə yandırıldı və son tikilisinə qədər dağıdıldı. Burada ağlagəlməz miqdarda qənimət olduğunu görən Afşin xəlifədən gizlin onun əksər qismini öz vətəninə göndərdi. Təbəri yazır: «Bu var-dövlət türklərin qədim və möhtəşəm Arran dövlətinin bərpa olunması üçün başlıca fond olmalı idi. Və Afşin ömrü boyu bu arzuylayaşamışdı.»
…837-ci ilin sentyabrında artıq Bəzz şəhərində Azərbaycanın qırmızı bayraqları yerində Xilafətin qara bayraqları dalğalanırdı…
Babəkin yanında cəmisi 5 adam qalmışdı: qardaşı Abdulla, qoşun başçısı Müaviyə, anası, xanımıı və bir xidmətçisi. Keçilməz meşələrdən, dağlardan keçərək, Bizans tərəfə irəliləyirdilər. Roma İmperatorluğu ilə Xürrəmi Dövləti arasında müttəfiqlik sazişi bağlanmışdı. İmperator Babəkə ərəblərə məğlub olacağı təqdirdə qoşun və silahla yardım edəcəyinə söz vermişdi.
İndi Azərbaycan hökmdarı ölkəsini və xalqını azğın düşmənin caynağından xilas etmək üçün yardım almaq məqsədilə Rum imperatorluğuna üz tutmuşdu. Babəkin fikri belə idi ki, müttəfiqindən kömək aldıqdan sonra ölkənin hələ işğal olunmamış şimal ərazilərində yenidən qoşun toplasın və düşmənə qarşı qəti hücuma keçsin. Lakin xəyanət bu dəfə də onu məyus etdi…
…Babəkin dəstəsi uzun əzab-əziyyətdən sonra yorğun halda yerli əyanlardan olan alban knyazı Səhl Sumbatın malikanəsinə çatırlar. (Bəzi tədiqatçılar bilməyərəkdən Səhlin erməni olduğunu qeyd edirlər. Lakin bunun erməni tarixçiləri tərəfindən məqsədli şəkildə ortaya atıldığının fərqində deyillər. Gələcəkdə bunu söyləmək üçün- «baxın, erməni əyanı o torpaqlarda hakimdirsə, deməli əhalinin əksəiyyəti ermənidir və buralar tarixən bizim torpaqlar olub.)
Səhl Sumbat öz hökmdarı Babəkə bu ağır vaxtı onun yanında qalmasını təklif edir və onu öz sədaqətinə inandırır. Ərəb tarixçisi Məsudi “Kitabi-Muruc əz-Zəhəb” əsərində yazır:- “Bu zaman Səhl Sumbat artıq Afşindən namə almışdı ki, burada da Babəkin əvəzində milyon dirhəm mükafat boyun olunurdu.
Sumbat öz şansını əldən buraxmamaq üçün hər şeyi edir. O, Afşinin üstünə çapar göndərib Babəkin yerini bildirir. Afşin Səhlin malikanəsinə dörd minlik qoşun (!) göndərir. Babəki və qardaşı Abdullanı tutub Afşinin iqamətkahına gətirirlər. Səhl vali vəzifəsi, iri məbləğdə pul və hədiyyələrlə mükafatlandırılır, eyni zamanda vergidən azad edilir…”
Səhl Sumbatın onu 1 milyon dirhəm müqabilində düşmənə satdığını anlayan Babək üzünü ona tutub demişdi: “Xain, öz hökmdarını bu yəhudilərə çox ucuz satdın, mən sənə bundan on dəfə çoxverərdim…”
-
X FƏSİL
QƏHRƏMANLARIN SEÇİMİ– ŞƏRƏFLİ ÖLÜM
-
Ərəb mənbələrində qeyd olunur ki, Babək Afşinin qərargahına gətirilən zaman onun Bəzzdə saxladığı minlərlə ərəb əsiri iki cərgəyə düzmüşdülər. Və Babək bu dar sıranın arası ilə gətirilirdi. Qoşun başçılarının gözlədiyinə qarşı əsirlər nəinki onu təhqir etmədilər, əksinə onun məğlubiyyətinə ağlayaraq qarşısında baş əydilər. Bu dinindən və milliyətindən asılı olmayaraq bütün insanların ona və onun ideyalarına böyük hörmət və məhəbbətinin əyani nümayişi idi… (Bu yerdə Babəkin ordusunda ərəb və digər millətlərdən olan sərkərdələrin və döyüşçülərin olduğunu xatırlamağa dəyər. Bəzi dairələrin sifarişini yerinə yetirən tədqiqatçılar bunların müsəlman olduğunu deyərək Babəkin də müsəlman olduğunu və sadəcə Xilafətin mövcud hakimiyətinə qarşı döyüşdüyünü yazmaları taiximizə xəyanətdir. Müsəlman və ərəb anlayışları fərqli şeylərdir. Babəkin ordusunda islamı qəbul etməyən və Babəıkin dinini daha doğru hesab edən ərəblərdöyüşürdü).
Afşin Xəlifədən aman istəməsi üçün Babəkə çox yalvarsa da, o bunu qəbul etmədi. O Babəkdən gizli olaraq Xəlifədən onun üçün aman istədi və xəlifə Mötəsim yazılı aman kağızını göndərdi. Afşin aman kağızını Babəkə təqdim edəndə onun cavabı belə oldu:- “Sənin xəlifən məni heç bir şey müqabilində satın ala bilməz, çünki şərəfli ölüm xalqına və vətəninə xəyanət bahasına əldə edilən miskin həyatdan min dəfə yaxşıdır”. Və O, son nəfəsinədək seçiminidəyişmədi…
Afşinin Babəkə olan böyük rəğbətinə və onun bütün arzularına əməl etməyə hazır olmasına baxmayaraq Babək ondan çox az şey istəmişdi. Bu haqda akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabında ərəb tarixçilərinin məlumatı verilir: “Afşinin əsiri olduğu vaxt o, Babəkin hər bir arzusunu yerinə yetirməyə çalışırdi. Bu müddət ərzində Babək Afşindən yalnız iki xahiş etmişdi. Birincisi, Bəzz şəhərinin xarabalıqlarının vidalaşmaq üçün son dəfə ona göstərilməsi, ikincisi, xidmət üçün ona təhkim edilmiş adamın üstündən ət iyi gəldiyinə görə dəyişdirilməsi”.
Afşin əsirlərlə birlikdə paytaxta yollandı. Şəhərin girəcəyinə 30 km qalmış Mötəsim, oğlu Harun və xəlifə sarayının əyan-əşrəfi onun qarşılamağa çıxdı. Xəlifə paltarını dəyişərək gizlicə Babəkə baxıb öz sarayına qayıtdı. Onlar Afşini mükafatlandırdılar, çünki o, dünyanın ən qüdrətli şəxsiyyətlərindən birini diri olaraqgətirmişdi…
838-ci il martın 14-ü gününü Məsudi belə təsvir edir: “Babəkə və qardaşına şahlara layiq, mirvarilərlə işlənmiş, qiymətli daş-qaşlarla bəzənmiş libaslar geyindirirlər. Babəki Hindistan şahının Məmuna hədiyyə etdiyi nəhəng boz filin, Abdullanı isə inəyin üstünə mindirirlər. Samirəyə uzanan yolun hər iki tərəfində bayram libası geyinmiş, qara bayraqları dalğalanan süvari və piyada qvardiyaları düzülmüşdü. Babək yol boyu düzülmüş bu ərəb döyüşçülərinə baxaraq, öz-özünə deyirdi: «Gör nə qədər bədbəxtəm ki, bu itlərin hamısını gəbərdə bilmədim».
…Nəhayət, təntənə karvanı xəlifə sarayına çatdı. Mötəsim taxtında vahimə qarışıq bir qorxu hissi ilə əyləşmişdi. Xəlifənin taxt-tacı qarşısında ənənəvi «qətl dərisi» çəkilmiş və cəlladlar əmrə müntəzir dayanmışdı. Qətllər eyni qaydada-xəlifənin gözü önündə həmin bu dərinin üzərində həyata keçirilirdi. Afşin yaxınlaşanda xəlifə onu öz yanındakı ən şərəfli yerlərdən birində əyləşdirdi.
Babək saraya daxil olduqda xəlifə özünü itirərək ayağa qalxdı. Babəkin üzündə yenilməzlik və əzəmətin təcüssümünü görən xəlifə dəhşətə gəlmişdi. (Hətta, bəzi məxəzlərdə xəlifənin ona baş sərkərdə vəzifəsini təklif etdiyi haqda məlumatlar var.) Babək xəlifənin bütün suallarını cavabsız qoydu…
Nəhayət edam mərasiminə hazırlıq başa çatdı. Babəki taxtın qarşısına gətirdilər və paltarını çıxarıb soyundurdular. Cəlladlar əvvəlcə onun cağ qolunu, sonra isə sol qolunu kəsdilər. Sonra hər iki qıçını da kəsdilər. Babəkin bədəni qan içində olsa da, o heç səsini də çıxarmadı. Amma sifətində özünün, millətinin və uğrunda şəhid olduğu ideologiyasının hər şeydən yüksəkdə durduğunu açıq-aydın göstərən bir ifadə vardı… Sonra onun qarnını yardılar, lap axırda isə başını vurdular.
Onun cəsədini dirəyə mıxlayaraq, paytaxt Samirənin ətrafında hamıya göstərirdilər. (Hətta, şəhər dağılandan sonra da, uzun müddət bu yerə «Babəkin çarmıxı» deyirdilər.) Babəkin nizəyə keçirilmiş başını əvvəlcə Bağdadda körpünün üstünə qoymuşdular, sonra isə, yeni müqavimət hərəkatına başlamaq istəyən Xorasan türklərinə görk olmaqdan ötrü oraya göndərdilər. Abdulla da eyni qəddarlıqla Bağdad əhalisinin gözü önündə vəhşicəsinə edam olundu.
Beləliklə, Azərbaycanın böyük tarixi şəxsiyyətləri arasında ən görkəmli yerlərdən birini tutan, adı xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Babək Hürrəmi xəyanət nəticəsində məğlubiyyətə uğradıqdan və Azərbaycan yenidən işğal edildikdən sonra, yerli əhali zorla islamlaşdırıldı, ərəb dili hakim dil oldu, ərəb zülmü ölkənin mədəni və iqtisadi tənəzzülünə səbəb oldu.
Maraqlı məqamlardan biri də odur ki, bir müddət sonra Afşin “ifşa” olundu və onun islama yox, öz qədim dininə tapındığı sübut olundu. Mötəbər mənbələrdə qeyd olunur ki, onun evində axtarış aparılan zaman oradan Zərdüştlüyə aid kitablar, bütlər və s. dini əşyalar aşkar olundu. Afşinin sünnət olunmadığı da məlum olduqdan sonra xəlifənin əmri ilə o, edam edildi (Z.Bunyadov, Azər. VII-IX əsr.). Onun Hürrəmi ideologiyasına rəğbətinin olduğu və Hürrəmi Dövlətinin məğlub olmamasına çalışması da maraqlı məsələlərdən biridir.
-
XI FƏSİL
ODLAR YURDU VƏ YA MÜQƏDDƏS TORPAQ
-
Ümumiyyətlə, Hürrəmi Hərəkatı məğlub olsa da, Xilafəti xeyli zəiflətdi və ərəblərin yeni işğalçılıq planlarını ciddi korrektə etmələrinə səbəb oldu. Babəkin vəhşicəsinə edamından və Azərbaycanın yenidən işğalından heç on il keçməmiş Albaniya, Arran və Cənubi Azərbaycan bölgələri işğala və ideoloji əsarətə qarşı müqavimət meydanına çevrildi. Bu müqavimət xəlifə əl-Mütəvəkkilin hakimiyyəti dövründə (847-861) daha da gücləndi.
Bu haqda görkəmli tədqiqatçı Nailə Vəlixanlı “Ərəb Xilafəti və Azərbaycan” əsərində yazır: “…Xəlifə Böyük Buğanı Qafqaza göndərdi. Burada qaldığı 4 il (852-855) ərzində o, bütün vilayətləri viran qoydu. Erməni qoşunlarının başçısı Smbat Baqratuni də ərəblərin tərəfində qafqazlılara qarşı fəaliyyət göstərirdi. Amma, qoluzorluluq gücünə yaranmış nisbi sakitlik uzun sürmədi. Azərbaycan ərazisində müstəqil və yarımmüstəqil dövlətlər yaranmağa başladı. Xeyli zəifləmiş Xilafət Bizansla və Xəzər dövləti ilə müharibələrdə uğur qazana bilmədiyindən bu ərazilərə yenidən müdaxilə edə bilmədi”.
Ərəblərin Azərbaycanın şimalına işğalçılıq yürüşləri zamanı yerli əhali qeyri-bərabər hərbi potensiala baxmayaraq şiddətli müqavimət göstərib. Muğan bölgəsində bütün kişilərin ərəblərdə döyüşdə həlak olmasından sonra ərəb qoşununun qarşısına qadınlardan ibarət ordunun çıxması haqda bəzi qədim mənbələrdə məlumatlar qalıb. “Zərif ordu”muz işğalçılara qarşı bütün qüvvələri ilə mübarizə aparıb, həm döyüşlərdə, həm də ölkənin təsərrüfat sahəsində bütün işləri öz üzərlərinə götürüblər.
Xilafət ordusu bu “uzunsaç ordu”nun qarşısında geri çəkilməyə məcbur olub. Bu yaxınlaradək azəri “amazonkalarının” bu qəhrəmanlığı və sönməz vətən sevgisi dastanlarda və şifahi xalq ədəbiyyatının digər nümunələrində yaşayırdı. (Hətta, sovetlər dönəmində bu haqda adını indi unutduğum müəllifin çox maraqlı bədii-tarixi povesti də çap olunmuşdu). Tarixin sonrakı dövrlərində də türk qadınları bu ənənəni davam etdiriblər. Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri və s. adlar bu tarixi ənənənin daşıyıcılarınaçevrilib.
İşğal dövründə ərəb ordularının dağlıq ərazilərimizə müdaxilə edə bilməmələrinin səbəbləri haqda müxtəlif versiyalar var. Bunlardan biri səhra şəraitinə öyrəşmiş ərəb döyüşçülərinin dağlıq şəraitində döyüşməkdə təcrübəsiz olmaqlarıdır. İkinci versiya haqda ətraflı məlumata isə, Nailə Vəlixanlının yuxarıda qeyd olunan kitabında (əl-Qərnatinin qeydə aldığı məlumat) rast gəlinir. Burada Qafqazın ucqar kəndlərində yaşayan sakinlərin qeyri-adi mistik qabiliyyətlərindən bəhs olunur.
O, Dərbənddə olarkən əl-Əmir Əbu əl-Məlik ibn Əbu Bəkirdən soruşur: -“Necə olub ki, bu millət islamı qəbul etməmiş və onlara cizyə və xərac verməməyə icazə verilir? O isə, cavab verir ki: -“onların sehri vardır” və dağ kəndlərində ərəb qoşunlarının başına gəlmiş hadisələrdən birini ona nəql edir: “Burada onların nə bürcləri, nə də, qalaları var idi. Mən bu kəndə birinci daxil oldum. Bu vaxt yerin altından adamlar çıxmağa başladı. Onlar silahsız idi. Əlləri ilə dağlara işarə edib nə isə dedilər. Hava dərhal dəyişdi, və göylər bizim üstümüzə qar, külək və soyuq yağdırdı. Mənə hardansa ox dəydi. Biz onların bir nəfəri ilə döyüşməsək də, qoşunumuzdan xeyli adam itirdik. Bu isə, həmin adamların yalnız sehirkarlığından ola bilərdi”.
Müəllif (N.Vəlixanlı) qeyd edir ki, “islamın Azərbaycanda yayılmağa başladığı dövrdən az qala 500 il sonra aşkar edilmiş bu fakt bu yerlərdə qədim zərdüştlük ayinlərinin hələ də qorunub saxlandığı, yerli əhalinin isə şəksiz zərdüşti olduğunu sübut edir”.
Məlumdur ki, Zərdüşt Peyğəmbərin dinində- “Mazdayasna”da (“Mazda”- Tanrı, “Yasna”- Söz) dörd mügəddəs ünsürə – Oda, Torpağa, Suya, Havaya, həmçinin Günəşə böyük ehtiram vardır. Bu gun də biz, adıçəkilən müqəddəs ünsürlərə and içir, Novruz Bayramı ərəfəsində- çərşənbələrdə- bu maddi dünyada həyatın əsasını təşkıl edən başlangıclara ehtiram bildiririk.
İlkin dini mətnlərdə (“Avesta”, “Vedalar”, “Göy Tanrı”, “Şamanizm” və s.) Tanrıya dərin bağlılıq və ruhi biliklərlə kamilləşmə nəticəsində insanların təbiət qüvvələri ilə təmasda ola bildikləri haqda bir çox məlumatlar var. Bu və ya bu kimi faktlar onu göstərir ki, göstərilən ərazilərdə yaşayan əcdadlarımız heç də qələmə verildiyi kimi dinsiz və biliksiz deyil, əksinə, Tanrıya çox yaxın olduqlarına görə, ilahi qüvvələr tərəfindən himayə olunublar. Azərbaycanın indi də, digər yerlərdən fərqli olaraq təbiət qüvvələri tərəfindən irimiqyaslı fəlakətlərə məruz qalmaması heç də təsadüfi deyil…
Odlar Yurdu Azərbaycan tarixən ideologiya və azadlıq uğrunda savaş meydanı olub, xalqımız dörd bir tərəfdən öz həyatına müdaxilə edən bədxah niyyətli qonşularının təcavüzünə məruz qalıb. Bu təcavüz təkcə maddi sərvətlərimizə yox, həm də mənəvi sərvətlərimizə qarşı yönəlib. Dünyanın ən qədim ilahi biliklər xəzinəsi olan “Avesta”nın iki dəfə yandırılması, “Bilqamıs”, “Dədə Qorqut” (Qor-Od, Qut-Ruh,- Od Ruhlu) “Oğuznamə”, “Koroğlu” (əslində Qoroğlu- yəni, Od Oğlu) və s. adı bəlkə də heç bugünə gəlib çıxmayan qiymətli əsərlərimizin məhv edilib və sonradan bəzilərinin öz məqsədlərinə uyğun formada yenidən qələmə alınması, yüzlərlə məbədlərin və digər tarixi monumental memarlıq abidələrinin dağıdılması, xalqımızın yaratdığı digər maddi-mədəniyyət nümunələrinin talan edilərək öz adlarına çıxılması, musiqimizin, dil və ədəbiyyatımızın, milli adət-ənənələrimizin, o cümlədən çoxsaylı bayramlarımızın unutdurulmasına çalışmaları onu göstərir ki, bu ərazidə yaşayan xalqın böyüklüyü həmişə ona düşmən kəsilənləri qorxuya salıb.
Azərbaycan xalqının XII əsrdə formalaşması haqda mif yaratmağa cəhd edənlərdən fərqli olaraq, bir çox alimlərimiz, o cümlədən, görkəmli alim, filologiya elmləri doktoru Qəzənfər Kazımov sübut edir ki, Azərbaycan xalqı və dilinin tam formalaşıb qurtarması prosesi V əsrdə artıq başa çatmışdı. (mənbə- “Dil, Tarix, Poeziya” kitabı).
1300 il tarixi olduğu deyilən (əslində isə, 5000 ildən artıq tarixə malik olan) “Dədə Qorqut” dastanının, hindlilərin və digərlərinin də ta qədimdən buraya sitayiş üçün gəlmələrinə baxmayaraq yerli xalqa məxsus olan qədim od məbədimiz Atəşgahın, tarixi XII əsr kimi göstərilən (əslində bizim eradan bir neçə min il öncəyə aid olan) Qız qalasının, on minillərlə tarixi özündə yaşadan möhtəşəm Qobustan sivilizasiyasının izləri bu qüvvələri daim narahat edib.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “qız” sözü xalq arasında işlənən “qızmar”, “qızartmaq” və s. “qız” köklü sözlər odla bağlıdır. Qaldı ki, bu tikilinin təyinatına, şübhəsiz ki, bu zəmanəsinin ən böyük od məbədlərindən biri olmuşdu və ən azı quruluşuna görə təqdim edildiyi kimi müdafiə xarakteri daşıya bilməzdi. Maraqlı cəhətlərdən biri də odur ki, qala alov formasında (eyni zamanda buta formasında) inşa edilib və yuxarıdan baxdıqda bu daha aydıngörünür.
Müasirimiz, alim-filosof doktor T.D.Sinqh Azərbaycana səfəri zamani Atəşgahı ziyarət etmiş və bu müqəddəs məbəd haqda “Mərkəz” qəzetinə müsahibəsində belə sözlər demişdi: “Əminəm ki, Atəşgahda “aqnihotra yaqyalar” (od qurbanları- müəllif) bərpa edilsə, Azərbaycanın karması (taleyi- müəllif) sürətlə təmizlənəcək və bu qonaqpərvər xalq layiq olduğu əsl səadəti tapacaq. Qədim dövrlərdə Suraxanıya dünyanın hər yerindən zəvvarlar gəlirdi. İndi isə azərbaycanlılar özləri uzaq ölkələrə ziyarətə gedirlər”…
Bütün xalqlar özlərinin qədim tarixə və mədəniyyətə malik olmalarını sübut etməyə, ərazilərində mövcud olan tikililərin, məbədlərin qədimliyini və müqəddəsliyini sübut etməyə çalışdığı halda, çox təəssüf ki, biz bunun tam əksini edirik. Hazırda Azərbaycan ərazisində olan qədim mədəniyyət abidələri baxımsızlıq ucbatından dağılıb gedir. Qədim incəsənət nümunələrinin əksəriyyəti isə çoxdan xaricə satılıb…
-
XII FƏSİL
GEN YADDAŞI
-
Bütün bunların nəticəsində Azərbaycan xalqı minillər boyu yaşatdığı mənəvi dəyərlərdən uzaq salınıb, hətta bu dəyərlər bəzi hallarda bizimçün yadlaşıb. Sanki, bu qədim xalqa qarşı sözün bütün mənalarında bir terror siyasəti həyata keçirilib. Və bu terror siyasəti uzun əsrlər davam edib. Lakin xalqın gen yaddaşını tamamilə silmək heç cür mümkün deyil. Nizami, Fizuli, Xətai, Nəsimi kimi dühaların da məhz bu yaddaşdan qidalandıqlarının müasir tədqiqatlarda yer tapması buna sübutdur. (B.Şəfizadə, Azərb. Ədəb. Tar., E.Əlibəyzadə, “Avesta” Azərb. Xal. Mən. Məd. Tar.) Dahi filosof, alim və şair Nizami Gəncəvi “atəşpərəst”liyin mənəvi paklığına işarə edərək yazırdı:
-
Müdrikliyin qüdrəti görk elədi özünü,
Yaradanı tanıdı, dərk elədi özünü…
Vaqif oldu sirlərə, şübhələri sovuşdu,
Ülvi eşqin yolunda öz eşqinə qovuşdu.
Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
Bir Günəşin eşqindən zərrəcə məst deyilsən.
Kaş ki, hindli möbid tək dərk edəsən dünyanı,
Bu dünyaya uymadan tərk edəsən dünyanı…
-
Bu yaddaş təkcə yazılı poetik əsərləri yox, həm də, adlar, toponimlər, folklor nümunələri, dastanlar, el şənlikləri kimi mənəvi-mədəni irsimizi özündə qoruyub saxlayır. Novruz Bayramının ruhumuza doğma ən əziz bayram kimi qeyd edilməsi bunun bariznümunəsidir.
…Bəzz şəhərinin qalıqları Ordubaddan şərqdə, şimalda Araz çayı ilə cənubda Əhər arasındakı ərazidə- Qaradağ vilayətində yerləşir. Hər il Babək Hürrəminin ad günündə milyonlarla azəri türkü bu möhtəşəm şəhər-qalanı ziyarət edir, böyük türk oğlunun əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda yaşadı. Bu bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar.
Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan Dövlətinin bayrağı kimi qəbul olundu, Azərbaycan Xalq Cumhuriyyətinin ilk rəsmi dövlət bayrağı oldu. Və nəhayət Azərbaycan Respublikasının Dövlət Bayrağında bu rəng mərkəzdə- türkün qədim müqəddəs simvolları olan ay-ulduzun fonunda qərar tutmaqla əbədi olaraqrəsmiləşdirildi.
Qırmızı rəngin milli-mənəvi mədəniyyət tariximizdə tutduğu yer və rolu haqda danışmaq isə, məncə artıq olar. Zərdüşt Peyğəmbərə Tanrı tərəfindən verilmiş dünyanın ilk müqəddəs kitabı “Avesta” ilə- Mazdyasna dini ilə tanışlıq bu rəngin qutsal sayılmasının səbəblərinə aydınlıq gətirə bilər. Bu rəng tarixin sonrakı dövrlərində (Hürrəmi dövrü, Səfəvi dövrü, Cumhuriyyət dövrü və s.) təkcə milli və dövlət rəmzi kimi təsbit olunmayıb, həm də xalqımızın bu günədək yaşatdığı milli ənənələrdə öz yerini tapıb (məs. toylarda, bayramlarda və digər el şənliklərində).
Bu yaxınlaradək toylarda gəlinin qırmızı (bəyin isə ağ) paltar geyinməsi yəqin ki, hələ yaddaşlardan silinməyib. Yeri gəlmişkən ağ rəng də, qədim türklərdə müqəddəs sayılıb. Xürrəmilər də iki qrupa bölünürdülər: ağ hürrəmilər və qırmızıhürrəmilər.
Hürrəmi Hərəkatı Azərbaycanın azadlığı uğrunda 100 ilədək mübarizə apardı. Bu müddətdə Xilafətin Azərbaycanda 6 böyük ordusu darmadağın edilmiş, ərəblər işğalçıları bir milyon nəfərədək itki vermişdilər. Elə bu qədər də şəhid verən Azərbaycan Türkləri vətən uğrunda qəhrəmanlıqla döyüşmüşdü. Babəkin başçılığı vaxtı isə, Hürrəmi Hərəkatı Azərbaycanın bütün tarixi ərazilərini əhatə etmişdi.
Babək Hürrəmi 22 il ərzində, özünün qeyri-adi sərkərdəlik və idarəçilik bacarığı sayəsində nəhəng bir dövlət yaratmış, xalqımızın qədim milli və dini dəyərlərini bərpa etmiş, vətənimizi azad və xoşbəxt etmək istəmişdi. O, həm də xalqının dini rəhbəri- mənəvi atası missiyasını şərəflə yerinə yetirmişdi. Və bu gün onun idealları yaşamaqdadır- Böyük Vətənin kiçik bir hissəsində bərqərar edilən azad Azərbaycanıntimsalında…
-
Tarix xalqın gen yaddaşıdır. Azərbaycan Türklərinin yaddaşında isə, öz qutsal idealları ilə birlikdə möhtəşəm bir tarixi şəxsiyyət əbədiyaşayacaqdır.
-
Bu Babəkdir- Müqəddəs İdealların Böyük Sahibi – BabəkHürrəmi
-
E P İ L O Q
-
Azərbaycan tarixində ən qüdrətli dövlət xadimi, ən nüfuzlu strateq, azadlıq somvolu Babək Hürrəmi haqda əsil həqiqətlər hələ də tam açılmayıb, daha doğrusu xalqa təqdim olunmayıb. Sovetlər dövründə bu, başadüşülən idi. Müstəqillik dövründə isə, bu mövzu yenə də diqqətdən kənarda qalır. Halbuki, indi bizim belə bir qəhrəmana həmişəkindən daha çox ehtiyacımız var. Babək hər bir Azərbaycan Türkü üçün əsil vətənpərvərlik nümunəsidir.
Paytaxtımızda yüzlərlə heykəl və abidələr ucalsa da (onların ararsında xalqımızın düşmənləri də var), Babəkin abidəsinə hələ də yer tapılmır. Bu olduqca təəssüf doğurucu və anlaşılmaz haldır. Əslində, Babəkin heykəli çoxdur- Onun Azərbaycanda 8 milyon, dünyada isə 50 milyon abidəsi var. Bu adibələr ürəklərdə yerləşir və sayı da getdikcə artır. Təəssüf doğrucu məqamlardan biri də, bəzi ərəb və fars əlaltılarının əli ilə mətbuatda Babək və Hürrəmi Hərəkatı haqda qeyri-obyektiv, qərəzli yazıların dərcidir. Amma bundan da narahat olmağa dəyməz.
Ulu Öndər Əbülfəz Elçibəyin məşhur sözü ilə desək hər şeyin zaman ehtiyacı var. Gec-tez haqq öz yerini tapacaq və əsil tarixi həqiqətlər ortaya qoyulacaq. O zaman Azərbaycan Türklərinin tarixini ləkəmək istəyində olanlar, bu xalqın dahilərinə qara yaxanlar haqq divanına çəkiləcək. O zaman gələcək və türklərin tarixin özünü yaratdığını hər kəs anlayacaq.

Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadəedilib.

Elçin Bayramlı                               yovsan.com

Комментариев нет:

Отправить комментарий