25.07.2011

Telefon söhbəti

Mikayıl Müşfiq


Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən
Çılğın arzuları eşqinə dair,
Mərhəmət ummayır səba əlindən.

Əvət, böylə qalmaz yarın bu ölkə
Telefon fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə,
Uzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçun bu söhbətlərin,
Nolur gözlərini telefonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər,
Açıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə
Telefon fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə,
Uzaqdan-uzağa görünər mənə.

Комментариев нет:

Отправить комментарий