Əlisa Nicat: “Azərbaycan bir tərəfdən ərazi işğalına, bir tərəfdən siyasi işğala, üçüncü tərəfdən isə iqtisadi işğala məruz qalıb”
Onun 75 yaşı tamam olur. Azərbaycanın yaşayan əfsanələrindən biridir. Canlı ensiklopediyadır. Yaşadığı mənalı ömürdə yüzlərlə kitab tərcümə edib, yazıb, tövsiyə edib, qəzet-jurnal çıxarıb, Milli oyanışın təntənəsi üçün əlindən gələni edib. Əlisa Nicatdan bəhs edirik. Ömrünün bu çağında bir çayın qırağında bir koma həsrəti ilə yaşayan Azərbaycan müdrikindən. Onun bu qədər işlərinə baxmayaraq, dövlət ona nə çay qırağı vermədi, nə də koma. Üstünə üstlük, heç gündə min adama verilən «Prezident təqaüdü» belə ona qıyılmadı. Prezident Administrasiyasında əyləşən və ziyalılarımızın gününü qara edən hörmətli Fatma Abdullazadənin sayəsində heç ad da almadı Əlisa müəllim. İndi, budur, Azərbaycanlı müdrikin 75 yaşı tamam olur.
75 yaşının tamam olması münasibətilə Əlisa Nicatı danışdırdıq…
- Əlisa müəllim, deyirsiniz ki, Azərbaycan xalqının bəxti gətirmədi. Bu işdə təbii amillər, qanunauyğunluqlar varmı?
- Heç şübhəsiz. Bəxt bir sıra komponentlərin cəmidir. Bəxtə ilk növbədə siyasi azadlıqlar, maddi firavanlıq, mənəvi prinsiplər, ədəbi və mədəni yüksəlişlər daxildir. Bütün bunlar məsələn fransız, alman, çex və s. xalqların həyatında mövcuddur. Bütün bu xüsusiyyətlər təmin olunubsa, həmin xalqı xoşbəxt hesab etmək olar. Bəs bizim nəyimiz var? Həqiqəti qismən də olsa yaza bilən üç-dörd qəzetin varlığından – yəni nisbi söz azadlığından başqa nə var? Almaniya və Fransada küçə təmizləyənlər ayda 2000 avro, Azərbaycanda orta məktəb müəlimi ayda 120 manat, ali məktəb professoru ayda 250-300 manat maaş alırsa, hansı firavanlıqdan danışmaq olar? Bir var dövlətin buna imkanı olmaya, bir də var gəlir başdan aşa, necə ki bizdə belədir. Bəli, siyasi çevrilişlərdə bəxtimiz gətirmədi. Niyə? Çünki buna biganə qaldıq. Biganəliyin də səbəbi var. Sözün hərfi mənasında acından ölən yoxsa, bu bizi təmin edir. Aylarla, illərlə kartof-çörək, soğan-çörək, horra yeməklə barışırıq. Ona görə də xalqın uşaqları, qocaları və əhalinin onda birini təşkil edən müəllim, həkim və başqa ziyalı zümrəsini çıxsaq, 60-70 faizi kiçik alverlə və sürücülüklə məşğuldur. Bu peşənin sahiblərinin isə acından ölməməyə çətinliklə gücü çatır. Vaxtilə dünyaya səs salan Azərbaycanın musiqi nailiyyətləri sıfra enib və olub-qalan musiqiçilər xaricə qaçmağa məcbur olublar. Beləliklə, respublika bir tərəfdən ərazi işğalına, bir tərəfdən siyasi işğala, üçüncü tərəfdən isə iqtisadi işğala məruz qalıb.
- Əlisa müəllim, niyə Azərbaycanda kütləvi savadsızlıqdır. Cavanlar, elə ahıllar da qətiyyən kitab oxumurlar. Kitab mağazalarına heç kim gəlmir və heç kim kitab almır. Niyə belədir? Axı sovet dövründə bizdə ən ortabab səviyyəli kitabın belə tirajı on minlərlə idi. Bəs niyə indi 500 və hətta 100-ə enib?
- Çünki dövlət, hakimiyyət bunu təşviq edir. Hakimiyyəti rejimi saxlamaqdan, siyasətini davam etdirməkdən, istədiyini etmək istəyindən başqa heç nə ilə maraqlandırmır. Bu istəyə, bu siyasətə köməyi olan hər şeyə və hər kimə sərbəstlik verilir və hətta yardım edilir.
- Belə çıxır ki, xalqın savadlanması rejimə mane olur.
- Şübhəsiz. Hər halda rejim belə düşünür.
- Axı heç kim adamların kitab dükanına girməsinə mane olmur. Burada rejimin nə günahı?
- Əvvələn, xalq, əhali ağılsız bir sürüdür. Polis niyə yaradılıb? Xalqın bir-birini qırmasına, dava-dalaşa, zorakılığa və s. mane olmaq, asayiş, nizam-intizam yaratmaq üçün, deyilmi? Deməli, xalqı heç vaxt heç bir şəraitdə özbaşına buraxmaq olmaz. Hələ çoxminli polis ola-ola türmələr, həbsxanalar doludur, indi gör polis olmasa nə olar? Aydındır ki, təhsil ona görə verilmir ki, uşaqlar, cavanlar qayda-qanuna əməl edən, tərbiyə və əxlaqa zidd olan, imkan düşəndə belə zorakılığa əl atmayan mədəni, tərbiyəli, intizamlı vətəndaşlar olsunlar. Yox, çünki bu mümkün deyil. Qanunsuzluq edən, rüşvət alan, əxlaqsızlıq edənlərin böyük əksəriyyəti təhsilli adamlardır. Təhsil sadəcə ünsiyyət vasitəsi, əlaqə mexanizmi kimi bir şeydir. Ona görə sovet dövründə savadsızlıq necə zorla ləğv edilirdisə, indi də məktəbdən, təhsildən əlavə savad, bilik – ədəbi və elmi təhsil dövlətin marağında olmalıdır. Valideynlər, müəllimlər məcbur etməsə, heç bir uşaq məktəbdə öz xoşuyla dərs oxumaz. Buna görə də dövlət kitabı geniş təbliğ etməli, televiziya proqramlarında hər gün bu məsələyə yer verilməli, yaxşı, faydalı kitablar təbliğ olunmalı və nəhayət, dövlət başçıları heç olmasa ayda bir dəfə kitab mağazalarına baş çəkib özləri oradakı yeniliklərlə, xüsusilə bədii ədəbiyyatla tanış olmalı, ilin ən yaxşı romanı, povesti, hekayəsi, şeiri və tərcümə əsəri üçün mükafatlar təyin etməlidir. Bu, bütün Avropa ölkələrində, hətta qonşu Gürcüstanda da var. Tək bizdə yoxdur. Niyə? Çünki dövlət və onun başçıları zərrə qədər də bunda maraqlı deyillər və yeni çap olunan roman və ya yaradılan opera barədə düşünmək yuxularına da girmir. Fransada prezident yeni, maraqlı roman müəllifi ilə görüşməyi, onun əlini sıxmağı özünə fəxr bilir. Bizim rəhbərlər isə təzə, güclü romançını heç adam yerinə saymır. Bunun nə demək olduğunu bilirsizmi? Burada tənqid, qınaq, gülüş obyekti əlbəttə, ikinci tərəfdir. Bizdə isə həmin tərəf heç bir rüsvayçılıqdan çəkinmir.
İkincisi, ədəbi oxu, erudusiyanın səviyyəsi birbaşa firavanlıqla, iqtisadi həyatla bağlıdır. Kitab alıb oxuyanlar əsasən müəllimlər, həkimlər – ziyalılardır ki, prezident aparatında belələrindən zəhlələri gedir. Ayda 120-130 manat əməkhaqqı alan bu potensial
Oxucular kitaba 10 manatı haradan versinlər? Pul sel kimi axıb gəlir, amma “çernaya dıra” evlərin fasadları, villalar, yollarda əlindən tərpənmək olmayan maşınlar – hamısı puldur. Bir də ki, guya neft fondundakı pullar gələcək nəsillər üçün yığılır. Gülməli deyilmi? Onu gələcək nəsillərə kimdir verən? Hamısı yeyilib, oğurlanıb gedəcək. Elə deyilmi? Belə olan tərzdə Əli və ya Mamed kitab oxumağı neynir? Axı kitab oxumaq prestij deyil. Prestij bizim bəzi nazirlər kimi bir vəzifədə 20 il oturmaqdır. Və ya eyni bir adam dörd-beş çağırışda da deputat olar? Yazıqlar hətta şikayət edir ki, deputat olmaqdan bezmişik, amma neyləməli, məcburuq.
- Yaxşı, axı sovet dövründə də maddi vəziyyətimiz elə ürəkaçan deyildi, bəs niyə kitabların tirajı 30 mini keçirdi, indi isə 100-ə enib?
- Əvvələn, bu haqda danışdıq. İkncisi, onda kitab nəşri və satışı dövlətin əlində idi. Təzə çapdan çıxan və milli dəyəri olan kitabın yayılmasını dövlət özü təşkil edirdi. Məktəblərə, kitabxanalara və nəhayət, şəhər-rayon mərkəzlərindəki çoxsaylı kitab mağazalarına paylanırdı. Üçüncüsü, o vaxt xalq milli düşüncənin, elmi-fəlsəfi həqiqətlərin acı idi. 1992-ci ildən mətbuata qoyulan qadağalar aradan götürüləndən sonra saysız-hesabsız qəzet-jurnallarda o qədər materiallar, əsərlər çap olundu ki, maraqlananlar ordusu boğaza kimi yeyib doydu. Dünyada daha elə şey qalmadı ki, qəzetlər yaxşı-yaman açıb tökməsinlər. Xalq qadağan olunmuşların hərisidir. Məsələn – azərbaycanlıların türkçülüyü. 70 illik qadağadan sonra bu barədə o qədər yazıldı ki, mövzu sürtülüb tamamilə ucuzlaşdı.
İndi reallıqdan bəhs edən üç-dörd qəzet qalıb ki, onların Oxucusu cəmi min, iki min nəfərə enib. Halbuki keçən əsrin 90-cı illərində “Azadlıq” qəzetinin tirajı 100.000, “Hürriyyət”in isə 30 min idi. Bu Oxucular həmin qəzetləri əsasən respublikadakı siyasi mübarizələrin işıqlandırmasına görə alırdılar. Bu siyasi mübarizələr yox olandan sonra, həmin Oxucular da qəzet almaqdan əl çəkdilər.
Kitabların yayımının və satışının təşkilinə gəldikdə isə bu işlə müəlliflərin özləri məşğul olduqlarından, tamamilə ölü vəziyyətinə düşüb. Bakıda mövcud olan üç-dörd mağazadan başqa kitab satışı ləğv edilib.
- Bu vəziyyət yəqin ki, bilərəkdən, rəsmi şəkildə təşkil edilib?..
- Heç şübhəsiz. Vaxtilə, yənu 10-15 il qabaq təkcə Bakıda bir neçə yüz kitab mağazası vardı. Hacıbala müəllim sağ olsun, hamısını ayaqqabı və paltar dükanlarına çevirdi. Əlbəttə, özbaşına yox. O kimdir ki… Əmr qulu. Deməli, kitab təqdir olunmur, tələbat məhsulu deyil. Çünki mağarada qoyunların altından yapışıb azadlığa çıxan odisseylər var.
- Axı dünənəcən bizdə az qala hamı kitab oxuyurdu? Bəs axı niyə indi demək olar ki, heç kim oxumur? Axı Bakıda iki milyondan çox əhali var. Həmin dörd-beş kitab mağazası isə bütün günü boşdur. Heç kim gəlmir. Halbuki nə qədər faydalı kitablar nəşr olunur.
- Bu xüsusi bir mövzudur və uzun söhbət tələb edir.
- O söhbəti edək də…
- Əvvələn, nəsil dəyişildi. Hazırki nəsil 1980-ci ildən sonra doğulanlardır ki, keçən əsrin 30-50-ci illərində doğulanlardan tamamilə fərqlənirlər. Bunlarda artıq elmə, ədəbiyyata, klassik musiqiyə maraq demək olar ki, yoxdur. Onlar mənasız teleşoulardan başqa heç nə bilmir və telekanallara da bütün sutka ərzində yalnız teleşoular vermək tapşırılıb.
- Deməli, millət şüurlu şəkildə mədəniyyət, ədəbiyyat və musiqidən uzaqlaşdırılır?
- Bəli, əmr və göstərişlə. İkincisi, orta və ali məktəblərdə yeni fənnlər yaradılıb və onlar da, digər ənənəvi fənnləri sıxışdırılıb çıxarıb ya da ikinci dərəcəli edib. Üçuncüsu, məktəblərdə demək olar nə dərs keçən var, nə də dərs oxuyan. İlboyu dərsə gəlmə, ya da həftədə bir dəfə gəl, amma rəhbərliyə pul ver, qiymətlərin avtomatik yazılacaq. Dördüncüsü, xüsusilə orta məktəb dərsliklərinə baxmısınızmı? Orada hər yerdə təbliğatdan başqa nə var? Beşincisi…
- Əlisa müəllim, kifayətdir. Gəlin özümüzü kənara qoyub başqalarından və başqa məsələlərdən danışaq. Hazırda dünya fəlsəfəsi, ədəbiyyatı nə yerdədir? Sənətkar və mütəfəkkirləri nə düşündürür? Hansı ölkədə mədəniyyət daha çox çiçəklənib?
- Ümumiyyətlə, durğunluq sırf elmi sahələrdən başqa bütün sahələri bürüyüb. İş o yerə çatıb ki, ənənəvi fəlsəfə xalqları olan Almaniya və Fransada belə XX əsrin dahilər pleyadası artıq gözə dəymir. İyirmi ilə yaxındır ki, fəlsəfi aləmdə titan görünmür. Bəlkə o hələ uşaqdır, təzəcə məktəbə gedir? Ancaq buna inam azdır.
- Niyə?
- Çünki tənəzzül deyəsən, çox dərinliklərdən gəlib homo-sapiensin beynindəki böyük dönüş və dəyişikliklərlə bağlıdır. Bu da görünür yer kürəsinin, günəş sisteminin özünün təkamülü ilə bağlıdır. İnsan, onun rəftarı, davranış və psixologiyası deyəsən kökündən dəyişir. Bəlkə günəş sistemi öz qalaktikaətrafı fırlanmasında yeni bir fazaya daxil olur. Ətraf cisimlərin yerə təsiri güclənir. Elektromaqnit və başqa fiziki təsirlər… Bu da insanların – xüsusilə gənclərin beyninə təsir edir, onları qeyri-normal meyllərə həvəsləndirir.
Narkomaniya, mavilik və s. kimi mənasız, zərərli şeylərə kütləvi meyllər güclənib, xəstəliklər tüğyan edir.
- Bir sözlə, dünya miqyasında axmaqlıq güclənir?
- Heç şübhəsiz. İş o yerə çatıb ki, 50 il bundan qabaq bir nəfər – hətta müqəssir həbs olunanda və ya hansı bir ölkəyəsə təcavüz ediləndə ayağa qalxıb etirazla küçələrə çıxan Paris, London və ya Nyu-York gəncləri indi gündə 100 günahsız cavan edam edilsə, ya həbs olunsa belə heç bir reaksiya vermirlər. Siyasi həmrəylik deyilən şey tamam məhv olub. Bilirsizmi, biososiologiyanın banisi, məşhur zoopsixoloq Edvard Uilson “Heyvanlıq dərəcəsi” adlı müsahibəsində bir sıra maraqlı fikirlər söyləyir. Yeri gəlmişkən, qeyd edim ki, insan cəmiyyətinin yalnız texniki inkişafı və tərəqqisi mümkündür və biz bunu aydın görürük. Lakin psixologiyada, davranışda, xüsusilə də mənəviyyatda tərəqqi – yəni müsbətə doğru dəyişikliklər baş vermir. Bu, insan beyninin neyronları və genləriylə bağlıdır. Genlərdə mənəviyyat nəzərə alınmayıb.
- Bəs nə nəzərə alınıb?
(Ardı var) “Xural” qəzeti
Комментариев нет:
Отправить комментарий