Elşən İmaməliyev eimamaliyev@yahoo.com
Azərbaycan millisi bizim ən əsas qürur və fəxarət yerimizdi! Amma bizim qürurumuz mütəmadi sarsıdılır, sındırılır, üç qara qəpiklik edilir! Susmaq isə adamın atasını yandırır. Danışacağam, yenə bəzi ağzı göyçək, başı yekə bədxahlar deyəcək ki, ay nə bilim, guya mən əsas mahiyyəti anlamıram, futbol mütəxəsisi deyiləm, ağzıma gələni danışıram... Bəziləri isə deyəcək ki, "əgər futbolçular oynamırsa, burda Foqtsun nə günahı?". Qardaşlar, axı milli komandamızın Qazaxstan ilə oyunda etdiyi uşaq səhflərini görmək üçün mütəxəsis olmağa əsla ehtiyyac yoxdu. Həmin oyunçuları komandaya cəlb edən və bivec oyun taktikası quran isə mən deyiləm, sən deyilsən, her Foqtsdu! Onu qınamayaq, gedib Liviya prezidenti Müəmmar Qəddafini qınayaq? Oyunçuları çox da qınamaq istəmirəm. Onlar ən əhəmiyyətsiz sandıqları oyun üçün nəyi bacarırdılarsa, onu da ortaya qoydular. Daha bacarıqlıları oynatmaq isə məşqçinin öhtəsinə düşürdü.
Oyundan sonra oyunçuların fiziki hazırlığından şikayət edib, klubları günahlandırmaq əvəzinə daha hazırlıqlı heyət seçmək lazım idi. Məsələn, oyun praktikasını "Tvente"nin ehtiyyat oyunçular skamyasında itirmiş Vaqif Cavadovun əvəzinə elə ilk dəqiqələrdən sürətli ilə seçilən Vüqar Nadirovu və ya oyunboyu ünvansız ötürmələr ilə yadda qalan Cavid Hüseynovun əvəzinə Rahid Əmirquliyevi oynatmaq daha məqsədəuyğun olardı. Hər halda, bu iki oyunçunun həm texnikası, həm də fiziki qüvvəsi var. Bəlkə o zaman mərkəz əldən verilməz, Rəşad Sadiqovun üzərinə bu qədər ağır yük düşməz və o da elə kobud səhflərə yol verməzdi. O zaman her Foqts da hər dəqiqə skamyadan hoppanıb, "şayse-şayse" deyə çığırmazdı və biz də ekran qarşısında oturub onun ünvanına lənətlər yağdırmazdıq.
Foqtsu komandaya cəlb edənlər isə yəqin ki, hələ də fil qulağında mışıl-mışıl yatıblar və sanki belə biabırçı oyunu heç izləmirlər də. İzləsəydilər, onlar da bir az narahat olardılar. Görəsən, axı onu niyə bu qədər əzizləyiblər? Nədi bunun səbəbi? Deyim ki, ona hörmət edirlər, o zaman belə çıxır ki, ondan qabaq işləmiş məşqçilər, əstəğfurullah, çox hörmətsiz olublar. Əsla belə deyil. Onun Şahin Diniyevdən və ya İqor Panamaryovdan nə savadı artıq deyil, nə də hörməti. Heç millimizə qazandırdığı xallar da artıq deyil. Ən azından Diniyev Qazaxstandan iki oyunun nəticəsində iki xalı söküb ala bilmişdi. Həm də həmin dövrdə Qazaxstan yığması indikindən qat-qat güclü heyətə sahib idi. Bəs elə isə AFFA niyə bu biabırçılığa göz yumur? Axı Azərbaycanda millimizin sükanı arxasına geçə biləcək gücdə olan yetərincə məşçi var. Millidə gəncləşdirmə siyasəti aparılırsa, məşqçilər korpusunu da gəncləşdirmək lazımdı.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov necədi? Qurbanın son illər Avropada qazandığı uğurlar göz qabağındadı. Düşünürəm ki, o, bu uğurları millimizdə də davam etdirə bilər. Hər halda canı canımızdan, qanı qanımızdan olduğuna görə bir səhvini görsək, o birini görməyə, qabartmaya bilərik. Bu alman "mütəxəssis" isə bizi yandırır axı! Atalar yaxşı deyib, "qaranquş gəldi-gedərdi, can qurban ver serçəyə". Mən "canımı" Qurbana qurban verməyə hazıram. Təki o millimizi bu qoca və bivec almanın əlindən alsın, bizi bu rüsvayçılıqdan qurtarsın. Fikrimcə, gənc Qurbanın iki cəbhədə çalışmağa həm gücü yetər, həm də savadı.
Qurbanın olum, Qurban, qurtar bizi bu bəladan!!!
Комментариев нет:
Отправить комментарий