01.02.2012

Ağdam Çörək Muzeyi

Profil Şəkli
Könül Səid

Müəllif yaratdığı canlı tablo ilə insanın qəlbinə, ruhuna təsir edə bilir və bir titrəyiş yaradır, əsərin hər məqamına bir sevgi, qayğı da qata bilib

“Ağdamsız illərdən Ağdamlı günlərə boylanmaq hər bir ağdamlı üçün ağırdır. Əgər bu gün Azərbaycan çoxsaylı övladlarından bir neçəsini itirmiş ataya bənzəyirsə, ağdamlıları, əksinə, gənc atası müharibədə həlak olmuş körpə övlada oxşatmaq olar. Övlad bir də olar, çox da, ata isə bütün hallarda tək olur”... Vüqar Tofiqli 

Ağdam Azərbaycanın qədim, füsunkar təbiətli və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam şəhəri həm iqtisadi, həm elmi potensialına, həm də insanlarının fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.

Amma indi bu gözəllik və möhtəşəmlik işğal altındadır. Ağdam haqqında daim yazılar yazılıb, kitablar nəşr olunub. Həmçinin də zaman-zaman müxtəlif ölkələrin insanlarının, jurnalistlərinin, elm adamlarının ,yazıçıların, tarixçilərin, siyasətçilərin maraq dairəsində qalıb. Onlar düşündüklərini həssaslıqla qələmə alıblar.
Zaman hər dərdin və acının dərmanı ola bilər deyirlər , amma nədənsə ildən-ilə bu dərd daha da ağırlaşır. Elə bir ağır dağa , qayaya çevrilir ki , sanki qıraqdan bu dağı , qayanı aşmaq mümkünsüz kimi görünür . Bəlkə də biz bu həyatda mümkünsüz görünənlərə yazılarımızla , ən kəsərli olan sözümüzlə bir zərbə endirə bilərik. Bu mümkünsüz kimi görünəni söz adlı silahımızla dağıda bilərik. Düşünürəm ki, Vüqar Tofiqlinin «Ağdam Çörək muzeyi: dünəni, bu günü və sabahı» adlı kitabı bizim üçün ağır bir dərdə çevrilən, zamanın ağır sınaqlarında boğulan Ağdam haqqında çox gərəkli və iti bir sözə, silaha çevrilə bilən bir əsərdir. Bu kitab təkcə Ağdam Çörək Muzeyi, onun yaradılması və dağıdılması, məhv olması barədə deyil, həm də Ağdamın tarixi, onun mədəniyyəti, iqtisadiyyatı, coğrafi mövqeyi, abidələri, insanları, təsərrüfatı barədə də çox dəyərli və layiqli bir tədqiqat əsəridir . Bu kitabda Vüqar Tofiqli, Ağdam haqqında bir detalı belə unutmamağa çalışıb, Ağdamın hər anını, istər çətin , ağır olan günlərini , istərsə də xoş günlərini belə qələmə alıb. Ağdamın ağır günlərini , işğal dövrünü , çətinliklərini də ürək ağrısı ilə əks etdirə bilib. Ağdam şəhərinin tam tablosunu yarada bilib. Bu kitab çox sanballı və dəyərli bir tədqiqat əsəri sayıla bilər.
Ağdam haqqında heç bir məlumatı olmayan və ya az məlumata malik olan insanlar üçün belə bu tədqiqat əsəri bələdçi , yol yoldaşı olacaq. Sanki doğma bir dost sizə kimi Ağdamın hər anından , hər daşın fəryadından , keçmişindən , xoş günlərindən , ağır işğal dövrünün hadisələrindən belə söz açacaq. Amma oxuyacağınız xoş anlar belə istər istəməz dodaqlarınıza kədərli bir təbəssüm qonduracaq. Bəzən bu səyahət qəlbinizə ağırlıq da çökdürə bilər , amma həqiqət həmişə acı və kədərli olur. Bu qaçılmaz bir faktdır. Amma tədqiqatçı bir detalı belə unutmamağa çalışır , çünki bir detal çatmasa, unudulsa siz yolunuzu aza bilərsiniz.
Kitabın adı “ Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” olsa da, mən düşünürəm ki, Ağdam haqqında olan çox gərəkli və gərgin bir əməyin məhsulu olan tədqiqat əsəridir. Ağdamın dünəni ,bu günü və indiki acı taleyi haqqında olan bir əsərdir. Bu tədqiqat əsəri Vüqar Tofiqlinin böyük zəhməti , səyi və əməyi nəticəsində araya-ərəsyə gəlib. Bu əsəri həm də gərgin bir əməyin məhsulu kimi də səciyyələndirmək olar. Müəllif bütün gücünü, enerjisini, ürəyini belə qoya bilib bu kitaba. Qarşısına qoyduğu məqsədinə nail ola bilib və oxucular üçün çox dəyərli bir əsər verə bilmişdir. Müəllif yaratdığı canlı tablo ilə insanın qəlbinə, ruhuna təsir edə bilir və bir titrəyiş yaradır, yaratdığı əsərin hər məqamına bir sevgi, qayğı da qata bilib. Bu sevgi və qayğı elə bir boyalarla əks olunub ki , əlinə bu kitabı alan hər oxucu istər istəməz həmin yerlərdən səyahət etsin, həmin anları yaşasın , və yaşananları görsün.
Tədqiqatçı Ağdam haqqında, onun tarixi, qədimliyi və özəlliyi barədə tam və dolğun məlumatları əks etdirə bilib. Ağdamın sahəsi, əhalisi, coğrafi ərazisi, abidələri və sairə haqqında ardıcıl məlumatları qeyd edib. Bu kitab bizi Ağdama daha da yaxın edir. Ağdamın hər daşını , qayasını öyrənməyə səsləyir. Tədqiqatçı «Ağdam» sözünün mənasını da geniş şəkildə izah edir. “Ağdam “ sözü deyilənə görə, qədim türk dilində «kiçik qala» mənasını verirmiş (qara sözünün “böyük” çaları , “dam “sözününsə “tikili” mənası bu gün də dilimizdə qalmaqdadır). Sonradan bu söz daha çox “işıqlı, ağ bina” anlamında qavranıb. Təbii ki, bunun da öz tarixçəsi var : Qarabağ xanlığının yaradıcısı Pənahəli xan XVIII əsrdə özünə ağ daşdan ev tikdirmişdi. Bu kompleks sonralar “ İmarət” adlandırılmışdı. Yeri gəlmişkən xatırladaq ki, Ağdam ərazisindəki daş karxanaları işğala qədər məhsuldar fəaliyyət göstərir, respublikanın bir sıra bölgələrinin daşa olan ehtiyacını ödəyirdi. O dövrdə Pənah xanın həmin ağ daşdan inşa etdirdiyi imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayaka çevrilmişdi. Odur ki , “Ağdam” deyəndə, bu gün göz önünə günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev gəlir.

Tədqiqatçı kitabda Ağdamın memarlıq və incəsənət abidələrindən , təsərrüfatından da söz açıb. Ağdamın və mədəniyyətimizin bir parçası , tərkib hissəsi olan abidələrimizin tarixindən danışır . Amma təəssüf ki, indi bu abidələr ermənilərin işğalı altında əzilir, məhv edilir. Bundan əlavə, ağdamlıların bir neçə ziyarətgahları, müqəddəs ocaqları da darmadağın edilib.
Kitabda tədqiqatçı Ağdamın təsərrüfatı barədə də maraqlı məqamlara toxunub. Aydındır ki , hər bir şəhər ya kənd öz məhsulu ilə də tanına bilir . Ağdam da öz şərabı ilə tanınırdı. Yeri gəlmişkən qeyd edim ki, Ağdam təsərrüfat üçün çox əlverişli bir coğrafi ərazidə yerləşirdi. Daha sonralar, 1979-cu ildə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş Sadıq Murtuzayevin təşəbbüsü ilə yaradılan Ağdam Çörək Muzeyinin səs-sorağı bütün SSRİ-yə və dünyaya yayılıb sonradan Ağdamın simvoluna çevrildi. Bu muzey keçmiş SSRİ ərazisində yaradılan ilk çörək muzeyi olmaqla yanaşı, Şərq dünyasında bu gün də yeganə bu tipli muzey olaraq qalmaqdadır.
Kitabda müəllif dünya çörək muzeyləri barəsində də məlumat verib. Ta qədim dövrdən bu günə kimi olan tarixlərini , onların əhəmiyyətini , yaradılmasını da əks etdirmişdir . Əslində çörəyin yaşı insanlığın yaşı ilə eynidir . Odur ki , hər bir ölkənin çörəklə bağlı məqamlarının , abidələrinin, muzeylərinin olması mütləqdir. Vüqar Tofiqli tədqiqat əsərində dünya çörək muzeyləri ilə bağlı apardığı araşdırmalardan geniş şəkildə söz aça bilmişdir. Bu araşdırmalardan məlum olmuşdur ki, dünyada belə muzeylərin yaradılmasına ötən əsrin ortalarından başlanıb . Tədqiqatçı qeyd edir ki, hazırda İsveçrə, Almaniya, Fransa, Hollandiya, Latviya, Rusiya, Ukrayna, Braziliya, Moldova, İsrail, Belçika, Polşa, Portuqaliya, Yunanıstan, o cümlədən, Azərbaycan da daxil olmaqla 15 ölkədə 21 çörək muzeyi fəaliyyətdədir. 22-ci muzeyin 2013-cü ildə Belarusun paytaxtı Minskdə istifadəyə veriləcəyi deyilir.
Daha sonra hər bir ölkənin çörək muzeyi haqqında geniş bir məlumatı da qeyd etmişdir. Bu muzeyler arasında Ağdam Çörək Muzeyinin də öz yeri vardı .
Ağdam Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında istifadəyə verilmişdi. El arasında “od dəyirmanı” adlanan bu dənüyütmə qurğusu mazutla işləyirdi. Bu dəyirmanın özəlliyi onun şəhəri həm də enerji ilə də təmin edə bilməsində idi. İkinci dünya müharibəsi illərində “od dəyirmanı” şəhər sakinlərinin ümid yerinə çevrilmişdi.
Vüqar Tofiqli çox maraqlı bir məqamı da kitabda olduğu kimi qeyd edib. Kitabı oxuyanlar mütləq mənim nə demək istədiyini anlayacaq. Tədqiqat işləri ilə bağlı gərgin axtarışlar aparmış , bir çox mənbələrə də müraciət etmişdi . Amma ən maraqlı anları tədqiqatçı məhz Əli Əmirli ilə bağlayır. Onunla olan görüşündən sonra Əli Əmirlidən geniş bir məktub almış və bizə , oxuculara bu məktubu hər bir detalı ilə çatdırmışdır. Təbii ki , hər kəs bu məqamla kitabı oxuduğu zaman tanış ola biləcək.
Tədqiqatçı kitabda dəyirman barədə, onun ilk işlədənləri barədə də məlumat qeyd etmişdi. Bu yol heç də rahatlıqla keçilməmişdi. Hər işdə olduğu kimi bu işin də özünə görə zəhməti və çətinliyi də olub. Muzey haqqında, onun yaranması və məhv olması haqqında ardıcıl olaraq bilgi vermişdir. Oxuduqca bu muzeylə daha yaxından tanış oluruq. Onun hər anından soraq ala bilirik. Vüqar Tofiqlinin bu kitabı çox səmərəli bir bələdçi rolunu oynayır. Muzeyin hər daşından, zamanın çətinliklərindən, özəlliklərindən belə bizə məlumat verir. Tədqiqatçı muzeyin maraqlı yaranma tarixindən də söz açmışdır. Ağdam həmişə öz birincilikləri ilə tanınırdı, bu dəfə də SSRİ məkanında ilk çörək muzeyinin yaradılması ilə bağlı yaddaşlarda qalmışdı. Daha sonralar fərqliliyi ilə bağlı sorağı bütün SSRİ məkanına yayılmağa başlamışdı. Muzey bir çoxlarının nəzər –diqqətini belə öz üzərində cəmləyə bilmişdi. İldən-ilə də muzeyin fəaliyyəti genişlənir və öz yeni bölmələrini də aça bilirdi.
Daha sonra tədqiqatçı muzeydə eksponat fondunun yaradılması barədə, onun yaradılmasında xidmətləri olmuş insanlar barədə də söz açır.
Vüqar Tofiqli kitabda muzey haqqında olan yazılara da yer ayırmışdır . Burda Əbülfəz Bərəkətin “Mənim çörəkli dünyam” kitabından, Sabir Rüstəmxanlının “Ömür kitabı” ndan, Yavuz Bülənd Bakulərin fikirlərindən (dədə-babası Ağdamdan köçmüş türk şairi) çox maraqlı məqamları bizimlə bölüşür .
Xatirə kitabları hər bir muzeyin ayrılmaz bir hissəsi sayılır. Çörək muzeyindəki xatirə kitabına Rusiya , Ukrayna, Türkmənistan, Özbəkistan, Gürcüstandan gələn qonaqlar , ziyarətçilər ürək sözlərini yazmışdılar. Rəsmi qonaqlar isə Ağdam şəhərini ziyarətə muzeydən başlayırdılar. Muzeyin birinci xatirə kitabında 70, ikinci kitabda isə 69 nəfərin ürək sözləri var. Ümumilikdə xatirə kitablarının sayı səkkiz olub.
Tədqiqatçı Çörək Muzeyinin xatirə kitabından diqqətini çəkən məqamları xronoloji ardıcıllıqla kitabda qeyd edib.
Bu arada onu da qeyd edim ki, Vüqar Tofiqlinin icraçı direktoru olduğu “Söz Azadlığını Müdafiə Fondu” Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini həyata keçirmişdir. Layihənin əsas məqsədi işğal altında olan rayonların internet resurslarının yaradılması və əldə olan biligiləri ictimaiyyətə çatdırmaqdır. Vüqar Tofiqli də kitabında işğaldan zərər çəkmiş digər muzeylər haqqında da böyük bir hissə ayırmış və ətraflı məlumat vermişdir. Bu layihə çərçivəsində maraqlı olan məqamları da oxucuların diqqətinə çatdırmışdır.
Tədqiqatçı kitabda Ağdamın tarixi abidələrinin siyahısına da oxucular üçün tərtib edib, hər bir abidənin adını və dövrünü tam dəqiqliyi ilə qeyd etmişdir. Həmçinin kitabın son səhifələrində Ağdam Çörək Muzeyi ilə bağlı bəzi məqamların fotolarını da görmək olar .
İşğal altında olan hər bir torpağımız üçün belə bir tədqiqat əsərinin olmasını vacib sayıram . Azərbaycanda belə kitablara böyük ehtiyac var, olacaq da . Çünki bu kitablar bizə öz keçmişimizi unutmamağa bir təkan verir və tariximizi kitablarda olsa belə yaşadır. Vüqar Tofiqlinin tədqiqat əsərini çox gərəkli bir əməyin və məsuliyyətin məhsulu kimi dəyərləndirmək istəyirəm. Çünki müəllif bu kitaba hər bir anın yaşantılarını verib , bizə bir dəstək olmuşdur. Belə düşünürəm ki, bu səpkidə kitablar tez-tez çap olunması tariximizə yenidən bir can , ruh verəcək. Tariximizi də saxtalaşmaqda olanlara bir zərbə endirəcək. Bu kitab və bunun kimi nəşr olunan bütün kitablar müxtəlif dillərə tərcümə olunub yayılmalı, tariximizi bizə məlum olan həqiqətləri ilə dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu yolda çox gərəkli bir mövqe tutan Vüqar Tofiqliyə bu layiqli işinə görə təşəkkürümü bildirirəm. Və ümid edirəm ki, bunun davamı da olacaq.

Комментариев нет:

Отправить комментарий