01.02.2012

Bakıda “şəbəkə marketinqi” fırıldaqçılığı tüğyan edir

Bakıda “şəbəkə marketinqi” fırıldaqçılığı tüğyan edir
“Xarici şirkətə işçi tələb olunur. Yüksək maaş, getdikcə yüksələn karyera. Sizdən diplom, xarici dil və kompüteri bilmək tələb olunmur. Yaş məhdudiyyəti yoxdur. Sadəcə şəxsiyyət vəsiqənizi götürüb gəlin”. 


Yəqin ki, bu tipli elanlara şəhərin küçələrində, metroda çox rast gəlirsiz. Bu elanlar hara aparıb çıxarır və şəbəkə piramidalarında qazanmaq realdırmı?
Bu barədə bir az sonra daha ətraflı...
Bu günlərdə rəfiqələrimdən biri məndən 500 manat borc istədi. Səbəbini isə belə izah elədi ki, xalası bir şəbəkə şirkətinə işə düzəlib. Və istəyir ki, o da həmin şirkətə işə getsin. Amma orda işə başlamaq  üçün 500 manat ödəmək lazımdır. Bu pulun müqabilində isə biodisk, qızıl saat və digər zinət əşyaları götürə bilərsən.

Əvəzində şəbəkəyə cəlb olunan hər yeni cütlüyə görə bonus ($ 250) alacaqsan. İki ildən sonra isə şirkət səni pensiyaya çıxaracaq (?!-bu maraqlı müddətdir-m.). Xalası rəfiqəmi şəbəkəyə qoşub və ona daha iki nəfəri bura cəlb eləməyi tövsiyə edib. Rəfiqəmdən soruşuram ki, onun 500 manat ödəmək qabiliyyətinə malik olan namizəd cütlüyü kimdir. Məlum olur ki, biri mənəm. Mən isə 500 manatı verəndən sonra növbəti cütlüyü hərifləyib o şəbəkəyə qoşmalıyam. Beləcə, qlobal bir fırıldağa öz töhfəmi vermiş olacağam. Bəlkə də şirkətin hesabına yatırdığım 500 manatdan əlavə nəsə qazanacağam. Amma günlərin birində eşidəcəyəm ki, kimlərisə bədbəxt eləmişəm və müflisləşdirmişəm. Mən özüm də bilmədən fırıldaqçıya çevrilmişəm və öz yaxınlarıma, mənə etibar edən dost və qohumlarıma qarşı xəyanətkar mövqe tutmuşam. Piramidanın başında oturan adamın milyonlar qazanması üçün öz yaxınlarım arasında etibarımı, onların isə külli miqdarda parasını itirmişəm. O da var ki, 500 manat ödəməklə çoxlu para qazanacağına ümid edən adam yəqin ki, mütləq kasıb və sadəlövhdür. Eynilə mənim 500 manatı borc alacaq qədər imkansız olan rəfiqəm kimi. Etiraf edim ki, rəfiqəmə 500 manatı vermədim. Ona izah elədim ki, bu şəbəkə fırıldaqçılığından başqa bir şey deyil. Başqa bir iş üçün istəsəydi 500 manatı gözümü yummadan ona verərdim. Amma göz görə-görə uşağına çəkmə almağa imkanı olmayan, illərdir iş axtaran, lakin əlində heç bir sənətinin olmamaması ucbatından onu tapmağa nail olmayan, ərinin gündəlik qazancı ilə dolanan rəfiqəmin hansısa fırıldaqçıya görə, 500 manat borclu qalmasına da razı ola bilməzdim. Həm də istəmirdim ki, onu tanıyanlar arasında kifayət qədər vicdanlı və təmiz insan imici olan rəfiqəm bir müddət sonra hamının gözündən düşsün və fırıldaqçı statusunu qazansın. Təəssüf ki, rəfiqəmin mənə müraciətindən 2 gün sonra onun artıq kimdənsə borc götürüb və aparıb 8-ci kilometr qəsəbəsindəki Lotos Ticarət Mərkəzinin arxasında yerləşən həmin «Quest net» şəbəkə şirkətinə verdiyini eşitdim... «Quest net» barədə ətraflı məlumat almaq üçün on-layn sistemində araşdırma apardım. Faktlar ilgincdi. Sən demə, hələ 2009-cu ilin fevralında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi mütəşəkkil transmilli cinayətkar qruplaşmanın üzvlərini saxladığı barədə xəbər yayıb. Bakıda və ölkənin bir neçə rayonunda fəaliyyət göstərən bu fırıldaqçı «Quest net» şəbəkəsinin üzvləri aldatma yolu ilə çoxsaylı insanları 3 qrama qədər çəkisi olan qızıl əşyaları on qat baha qiymətə - $800-1500 manata satmaq işinə qoşub. Həndəsi yolla genişlənən bu fırıldaqçı şəbəkənin ofisində daha çox vətəndaşı bura cəlb etməyin yollarını öyrətmək üçün seminarlar və praktiki məşğələlər də keçilirmiş. Bu şəbəkənin mərkəzi ofisi Çin Honkonqunun offşor zonasında yerləşirmiş.  Şirkətin Azərbaycandakı filialının rəhbəri isə əslən Saatlı rayonundan olan Valeh Ağayev aldı şəxs imiş. Bu şirkət həmin vaxta qədər 20 mindən artıq adamı öz toruna sala bilibmiş, onlardan 5100 nəfərə qızıl əşyalarını aldırmağa nail olubmuş. Yerdə qalan 15 min adam isə aldadılıbmış. Valeh Ağayev qiyməti 5 dollardan 96 dollara qədər olan zinət əşyalarını ölkəyə gətirib on dəfələrlə baha qiymətə vətəndaşlara sırıyırmış. Toplanmış vəsaitlərin bir hissəsi Honkonq bankının hesabına toplanırmış, qalanlar isə Almaniyadan ucuz zinət əşyalarının alınmasına sərf edilirmiş. DİN-nin əməliyyatı zamanı 41 nəfər saxlanılıb və 23 satış məntəqəsinin fəaliyyəti dondurulubmuş. Qəribədir ki, sözügedən fırıldaqçı şəbəkə yenə də fəaliyyətini davam etdirir və yeni-yeni adamları öz qlobal toruna salmaqla məşğuldur...
Tanışlarımdan biri isə iş axtara-axtara Bakıda, “28 may” metrostansiyası yaxınlığında fəaliyyət göstərən «Worldvision» şəbəkə şirkətinə gedib çıxıb. O şirkətdə ona camaata bahalı və “geydirmə” dərmanları sırımağın sirlərini öyrədiblər. Bu dərmanları alıb onun faydasını görməyən şəhər sakinlərinin hədəfi isə, təbii ki, «Worldvision» deyil, tanışım olub. Tanışım «Worldvision»dan baha qiymətə aldığı dərmanı kimlərəsə sırımaqla, yaxud da kimlərisə bu şəbəkəyə qoşmaqla şirkətdə ona vəd edilən milyonları və dəbdəbəli həyatı qazanmaq istəyirmiş... 
Bu yazını yazmağa bəndənizi vadar edən də elə rəfiqəmin və tanışımın yaxa qurtarmağın müşkül olduğu tora salınmasıdır. Biz bu yazını yazmaqla, sözügedən qəbildən olan şirkətlərdən xəbəri olmayan, lakin iş araya-araya onların toruna düşmək ehtimalları yüksək olan oxucularımızı qısaca da olsa, məlumatlandırmaq istəyirik.
“Xarici şirkətə işçi tələb olunur. Yüksək maaş, getdikcə yüksələn karyera. Sizdən diplom, xarici dil və kompüteri bilmək tələb olunmur. Yaş məhdudiyyəti yoxdur. Sadəcə şəxsiyyət vəsiqənizi götürüb gəlin”. Yəqin ki, bu tipli elanlara şəhərin küçələrində, metroda çox rast gəlirsiz. Bu elanlar hara aparıb çıxarır və şəbəkə piramidalarında qazanmaq realdırmı?
Əgər bir gün evinizin qapısında belə bir elan oxusanız ki, «inkişaf edən şirkət işçi axtarır, maaş 300-600 manatdan başlayır», deməli söhbət şəbəkə marketinqindən gedir.
Burada ticarət «əldən ələ» prinsipi əsasında qurulur və piramidaya cəlb olunan yeni adamların hesabına komisyon hesab yığılır. Kim iş axtarırsa, bilir ki, hər on iş təklifindən doqquzu bu cür firmalardan gəlir. Hazırda, məsələn, Rusiyada 3 milyon adam bu işlə məşğuldur. Azərbaycanda isə onların dəqiq sayı məlum deyil.
Dünyada «əldən ələ» prinsipi ilə ticarət edən 4 minə yaxın iri şirkət var və onların dövriyyəsi 300 milyard dolları ötüb keçir. Bu yolla çox asan şəkildə mətbəx oyuncaqları, ucuz kosmetika və bijuteriya, kitablar, ev xanımları arasında çoxişlənən mallar satılır. Bu geniş yayılmış xidmətlərdən ənənəvi biznesin «akula»ları Microsoft, Coca-Cola, Palmolive, Colgate və digərləri də çəkinmir. Dünya təcrübəsi göstərir ki, şəbəkə marketinqi təhsilli «ağ yaxalıqlı» işsizlərin sayının  çox olduğu ölkələrdə geniş yayılıb. Bir təsəvvür edin, Azərbaycanda nə qədər ali təhsilli, işsiz-gücsüz ortalıqda dolaşan, yarı qarnı ac, yarı qarnı tox olan adam var?
Reallıq nədən ibarətdir? Məsələn, siz, «Orifleym» firmasından satmaq üçün kosmetik əşyalar ala bilərsiz. Azərbaycan reallıqları ilə müqayisədə bu firmanın satış qiymətləri xeyli yüksəkdir. Baxmayaraq ki, o firmanın məhsulları  dünyada heç də prestijli sayılmır. Lakin siz, əlinizdə firmanın məhsullarının reklamının yer aldığı jurnalı tutursunuz və hərifləmək istədiyiniz adamlara onu göstərir və firmanın məhsullarını tərifləyirsiniz. Əvvəlcə adamı inandırırsınız ki, onun bütün kosmetik dərdlərinin əlacı bu firmanın məhsullarındadır. Bir müddət adamı əlinizdə saxlamaq üçün deyirsiniz ki, siz 1 ay bu lasiondan, sonrakı ay bu kremdən, ardından da bu biri kremdən istifadə etməlisiniz. Sonra isə tədricən bu pudradan istifadə vacibdir. Əks təqdirdə əvvəlki kremlə müalicənin heç bir effekti olmayacaq. Beləliklə bir neçə ay, müştəri heç bir effekt olmadığını hiss edənə qədər onu daim öz təsiriniz altında saxlayırsınız. Eyni zamanda onu inandırırsınız ki, o sizin firmanın məhsullarını satmaqla bu kosmetikanı daha uğuz qiymətə əldə edə bilər. Beləliklə bu adamı da həmin şəbəkəyə qoşub «xoşbəxt» eləyirsiz. Siz firmanın bir neçə məhsulunu nisyə götürürsünüz. O pulları firmaya qaytarmaq məcburiyyətindəsiniz. İşsiz, digər gəliri olmayan adam üçün kifayət qədər bahalı hesab edə biləcəyimiz kosmetik əşyaları nə yolla olursa olsun satmaq zorundasınız. Çünki əks təqdirdə onun pulunu cibinizdən ödəməli olacaqsınız. Ayrıca siz bəzən firmanın məhsullarını nisyə, ya da hissə-hissə ödəmə yolu ilə satırsınız. Beləliklə də sizin əlinizə birdəfəlik pul gəlmir. Siz sadəcə Əlinin papağını Vəlinin, Vəlininkini də Əlinin başına qoymaqla dolanırsınız. Davamlı olaraq firmaya borclu qalırsınız. Çünki müştəriləriniz sizə borclu qaldığı kimi, siz də firmaya borclu qalırsız. Beləcə çevrilib firmanın kobud desək, «kəbinli arvadı» olursuz. Ya ondan ayrıla bilmirsiz, ya da qazanc götürə. Siz eyni zamanda keyfiyyətsiz məhsulları, özü də baha qiymətə sırıdığınız üçün, bəzənsə şəbəkə marketinqinə cəlb etdiyiniz üçün tanışlarınızın və sonradan tanış olduğunuz insanların hədəfinə çevrilirsiniz. Onlar sizi fırıldaqçı kimi tanımağa başlayırlar. Siz isə tədricən ətrafdakı bütün adamlara potensial hərif kimi baxmağa başlayırsız. Sizi küçədə, marşrutda, lap elə ailə məclislərində, qonaqlıqlarda, baş vurduğunuz gözəllik salonlarında, çörək aldığınız mağazada belə yalnız bir şey məşğul edir: kimi və necə hərifləməli. Beləcə şəbəkə marketinqi sizin həyat tərzinizə çevrilir. Uzun illərdən sonra görürsünüz ki, artıq ətrafda hərifləməyə adam qalmayıb, sizin isə bütün imiciniz korlanıb və siz hələ də varlanmamısız. Sizin bütün zəhmətinizin, işlətdiyiniz kələklərin, həriflədiyiniz adamların, korladığınız imicinizin müqabilində yalnız və yalnız firma qazanır. Daha doğrusu, firmanın başında dayanan adamlar - piramidanın başındakı adam. Obrazlı desək, Misir piramidalarının sirrində olduğu kimi, minlərlə qul ağır daşları üst-üstə qoyaraq yalnız ona görə piramidanı tikir ki, onun başından fironun ruhu göyə asanlıqla çıxa bilsin. 
Siz yəqin ki, Bakıda hər addımda qramla satılan ətirlərə rast gəlirsiz. Sizə «Şanel», «Versace» və ya «Hyuqo Boss» kimi məşhur markaların ətirləri təklif olunur. Vitrinləri “orijinal fransız ətirləri” reklamı bəzəyir. Qramla ətir almaq sizə daha sərfəlidir. Ona görə almağa cəhd edirsiz. Əslində həmin ətirlər ölkəyə çəlləkdə gətirilir. Və onların orijinal olması da böyük sual altındadır. Çünki məşhur firmalar öz məhsullarını yalnız müxtəlif nəfis qablaşdırmada alıcılara təklif edirlər. Bu onların firmasının imicinin qorunması naminə belə edilir. Bu firmalar hətta onların məhsullarının saxta etiketlərlə satılmasından da son dərəcə narahat olurlar ki, saxta məhsulların hesabına firmanın məhsulları nüfuzdan düşməsin. Odur ki, məsələn, «Şanel»in öz ətirlərini tibbi şprislə çəkilib qeyri-standart eybəcər şüşələrdə satışa çıxarılması üçün çəlləkdə ixrac etməsi heç bir ağıla, məntiqə və fakta söykənmir. Məlum olur ki, «Şanel»in adı altında ətirləri «İnterneşnl» adlı bir şirkət sırıyır. Bəs necə olur ki, çəllək ətiri satılır? Metroda təsadüfən belə bir elana rast gəlirsiniz. «Firmaya psixoloq tələb olunur». Həmin firmanın telefon nömrəsini cırıb özünüzlə götürürsüz. Zəng edib onların ofisinə gedirsiz. Baş vurduğunuz bu şəbəkə markentinqi ilə məşğul olan firmada sizə ətir satmaq təklif olunur. Sizin psixoloq olmanız isə o firmaya ona görə lazımdır ki, onların təklif etdiyi məhsulları tərəddüd edən alıcılara daha yaxşı sırıyasız.
Sizi kluba işə dəvət edə bilərlər. Bu sizin birbaşa piramidanın harasındasa daşı əvəz etməyinizə çağırışdır. Azərbaycana bu biznes növü müstəqilliyin ilk illərində ayaq açıb. Yəqin ki, oxucular «muncuq əməliyyatı»nı xatırlayırlar. Bu biznes-klublar əsasən anonim adlarla peyda olurlar. Bəzənsə onların «Atlantida», «Astran», «Titan», «Dirçəliş», «Feniks», «Kontakt» və sair kimi təmtəraqlı adları olur. Firmanın baş ofisində təşkilatçılar əyləşirlər. Onlar özlərinin elitarlığını göstərmək üçün təmiz, səliqəli və bahalı paltarlar geyirlər. Guya hər adamı işə götürmürlər və əfsanəvi qazanc vəd edirlər.  Bura qoşularkən sizin üçün kartoçka açırlar, guya işə qəbulunuzu rəsmiləşdirirlər. Buna görə 10-20 manat ödəyirsiz. Ardından da əhəmiyyətli məbləği 300-500 manat (bu daha çox da ola bilər) girov qoyursuz. Sonra isə «kluba» yeni üzvlər cəlb eləməlisiz. Kluba cəlb olunanların hesabına külli miqdarda pul toplanır. Şəbəkəyə qoşulanlar isə faiz götürürlər. Bir müddətdən sonra, toplanan pul astronomik məbləğə çatanda, firma yoxa çıxır. Şəbəkəyə əvvəl qoşulanlar müəyyən miqdarda vəsait əldə edə bilirlər. Və onlar bu vəsaitləri reklam edərək yeni-yeni adamları şəbəkəyə qoşulmağa şirnikləndirirlər. Lakin sonra iri məbləğ toplananda, minlərlə asan yolla daha çox qazanmaq istəyən «həris hərifin» əhəmiyyətli məbləğdəki pulu sadəcə buxarlanıb. Belə hallar Azərbaycanda bir neçə dəfə baş versə də, şəbəkənin başında duran şəxslər ya ələ keçməyib, ya da layiqincə cəzalandırılmayıb. Ciddi şübhələr var ki, o adamlar daha yuxarı instansiyalarla əlbir olduqları üçün, ələ keçməyiblər.
Şəbəkə marketinqi ideyası ABŞ-da doğulub. Məlumdur ki, adamlar adətən yaxınları tərəfindən onlara təklif olunan malları alırlar. Komisyon yığım o zaman başlayır ki, yaxınlar həmin məhsulları öz dostlarına təklif edirlər və dostlar da onu alırlar. Sonuncu da həmin məhsulu satmaq üçün növbəti adamı tapır. Bu sxemin müəllifi ötən əsrin 30-cu illərində  ilk şəbəkə şirkəti «California Vitamins»i yaradan amerikalı Karl Renborqdur.
Ötən əsrin 70-ci illərində Amerikada maliyyə piramidaları ilə mübarizə başlayır. Şəbəkəçilər həbs olunur. Həmin dövrdə Amerikanın iri şəbəkə şirkəti olan «Amway»in işi məhkəməyə düşür. Nəticədə ayırd edilir ki, şəbəkə marketinqi ilə piramida ayrı-ayrı şeylərdir.
ABŞ və Avropa ölkələrində şəbəkə firmalarının fəaliyyətini çoxsaylı qanunlar tənzimləyir.  Məsələn, şəbəkə marketinqi haqqında qanuna görə, firmanın məhsulunu satan şəbəkə üzvü «həvəssizlik dönəmi»ndə firmanın məhsulunu heç bir izahat vermədən özünə qaytara bilər. Xatırlayırsınızsa, bir neçə il əvvəl Milli Məclisdə maliyyə piramidaları quran fırıldaqçı şəbəkələrlə bağlı məsələ qaldırılmışdı. Deputatlar fırıldaq yolu ilə camaatı soyan şəbəkə firmalarının cəzalandırılmasını tələb etsə də, bu işin qanun bazasını yaratmağın zəruriliyi barədə heç nə danışmamışdılar. Bilmirik deputatların nəzərdə tutduğu fırıldaqçılar cəzalandırıldı, ya yox. Amma onu bilirik ki, Azərbaycanda şəbəkə marketinqi heç bir qanuna söykənmir. Çünki bu fəaliyyət növünü tənzimləyən qanun yoxdur.



azadmekan.org

Комментариев нет:

Отправить комментарий