08.02.2012

Başqa yolu yox


Rüfət Əhmədzadə

Çətinliklər

Çətin məni sevməyi öyrənərsən,
Tərəddüdlə çarpışmağın sonu yox.
“Asan” deyib ayrıla da bilərsən,
“Qal” deyib də yapışmağın sonu yox.

Çətin gələr sevmək, yoxsa anlamaq...
Bəlkə, sadəcə “dinləmək” deyəlim?
Sənsizlik asan olmasa da, ancaq...
“Sənə dözmək də inləmək” deyəlim?


Dözüləsi heç nə yoxdur əslində,
Qatlaşası bir çətinlik də yoxdur.
Özünə güvənin yoxsa içində,
Ediləsi nəsə mənlik də yoxdur.


Bir az ayrı qalmalıyıq, bəlkə də...
Ya da ayrılmalıyıq əbədiyyən...
İllər sonra rastlaşarıq, bəlkə də,
Daha çətin olar bu ötəri an.

Əlbəttə ki, ürkərsən bu sevgidən,
Saf duyğuda qərəzlər aramaqla.
Mən də bezdim xəstə şairliyimdən,
Cəmiyyətdə mərəzlər aramaqla.

Çətin öyrənərsən məni sevməyi,
Bacardığını et, çəkinmə, gülüm.
Bu kəmsavad şeirlə bitir məni,
Sevgi bir fitrətdir, olsa da zülm.

Sevgi sayıqlaması


Xəyyammı saldı beyninə meyxanə eşqini,
Yoxsa Füzulidən oxuyub yanlış anladın?
Eşqin meyi alıbsa şairlərin əqlini,
Mey eşqi nədir onda ki, sən dərinə daldın?

Məcnuna baxıb öyrənərik sevməyi, yoxsa,
Leylaya ağrıyan ürəyə mərhəmət dolar?
Bu eşqdə İbn-Səlam qədər olammadıqsa,
Əlbəttə, bəhanəmiz də “məzlumiyyət” olar.

Sevda yaşadır, ya öldürür - bilməm açmasın,
Göm hər gecə, sübhə xortlasın zülmi-məhəbbət.
Hər başlamağın bitirməyinsə macərasın,
Qoy mücrüdə əfsanə ola ülvi məhəbbət!

Dərvişin gərnəşməsi

Gülüm, səni hansı odla qızdırım?
Ömrünə  şaxtadan qaçıb gəlmişəm.
Bilməm, necə duyğularda azdırım...
Bəlkə, özüm yolu çaşıb gəlmişəm?!

Əlimdə nə isinti, nə qızartı,
Bənizimdə ölü rəngi – bozartı,
Gözlərim də bir kədərə  gözaltı
-Gülüş maskasını açıb gəlmişəm.

Tütün qoxan nəfəsimdən nə duysan?
İtib-gedən həvəsimdən nə duysan!
Gəlişim nə, gedişimdən nə duysan...
Sürünənlərlə yarışıb gəlmişəm.

Bir az fərqli idim bəlkə də əvvəl,
Düzü, xatırlamasam da müfəssəl.
Mənim üçün bir eşq vardı - ən əfzəl,
Sevib çamura bulaşıb gəlmişəm.

Saflıq dedim, çamur dedim, hər nədir..
Bu sevgidə qürur nədir, ər nədir?
Biz tərəflərdə Tanrı da bəndədir..
Səcdəsindən təzə qalxıb gəlmişəm.

Başqa yolu yox

Gedən qəlbini geridə qoyursa,
Onda qayıtmalı, başqa yolu yox!
Qürurun eşqi yox, səni boğursa,
Bəxti oyatmalı, başqa yolu yox!

Həm ağlamalı, həm gülməlidirsə,
Acı versə də, sevilməlidirsə.
Hicranda qiymətə minməlidirsə,
Bu hissi dadmalı, başqa yolu yox!
 
Nə deyərsən, nə edərsən, bilmirəm.
Ya gələrsən, ya gedərsən, dinmirəm.
Mən yazaram, sənin kimi silmirəm,
Dərdi boşaltmalı, başqa yolu yox!

Saxlamaram qəlbdə əsirim kimi,
Qoruyaram ilahi sirrim kimi.
Hara getsən, mənimsən şeirim kimi,
Eşqi yaşatmalı, başqa yolu yox!

Комментариев нет:

Отправить комментарий