19.02.2012

“Beynimdə bütöv virtual Azərbaycan qurmaq ideyası var"

Aydın Xan: "Pritçalarımın obrazı olan “Virtual Sufi” əslində, özüməm"

alt"Söz adamı" adlanan layihəmizin bugünkü qonağı Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.

- Siz, jurnalistərin əksər mövzularda sərbəst müraciət etdiyi ziyalılarımızdan hesab olunursunuz. Görəsən, biz niyə bu qədər əminik ki, Aydın Xan hər mövzuda suallarımızı cavablaya bilər? Əslində, bütün ədiblər belə olmalı deyilmi?
- Hesab edirəm ki, düşüncə, xüsusilə də ədəbiyyat adamı azad olmalıdır. Bu azadlıq özündə iki anlamı kəsb edir - ruhi azadlıq və intellektual azadlıq. Bunlar birləşdikdə insan kreativ təfəkkürə sahib olur. Bu cəhətdən də liberal təfəkkürlü, daha çox Avropa inkişafına meylli insan olaraq nəinki jurnalistlərin, mənə müraciət edən istənilən şəxsin sualına intellektim və biliyim çərçivəsində cavab verməyə çalışıram. 

Məncə, bütün ictimai fəal insanlar jurnalistlər üçün açıq olmalıdırlar. Təəssüflər olsun ki, Azərbaycanda hələ də düşüncə, söz azadlığının fəlsəfəsinə enə bilməmişik. Şüar formasında demokratiyanın birinci şifrəsinin düşüncə, inam və söz azadlığı olduğunu desək də, real həyatda və öz əməllərimizdə çox tez-tez təkrarladığımız bu şüarı yerinə yetirmirik. Dünya ədəbiyyatı, fəlsəfəsi və ictimai-mədəni düşüncəsi ilə ilə tanış olan şəxs kimi fikirləşirəm ki, yaradıcılıqla məşğulamsa və özümə söz, düşüncə adamı deyirəmsə, cəmiyyət üçün və onun danışan dili olan jurnalistlər üçün həmişə açıq olmalıyam.

- Siz internetdə, sosial şəbəkələrdə ən aktiv ziyalılarımızdansınız. Bir neçə il öncə bu mənada tək görünürdünüz. Bu gün isə əksər ədiblərimizi belə sosial şəbəkələrdə görmək olar. Bu mənada sizi uzaqgörən hesab etmək olar?
- Bəlkə də özümü tərifləmək kimi çıxacaq. Amma hələ 90-cı illərin ortalarında, internetlə işləmək bacarığım o qədər də olmadığı, onun əhəmiyyətini, imkanlarını elə də bilmədiyim vaxtda Azərbaycanda virtuallığı, rəqəmsal cəmiyyəti, şəbəkələri təbliğ edən bir insan kimi tanınırdım. Qəribəsi budur ki, 1998-ci ildə "Ədəbiyyat" qəzetində çap olunmuş, daha sonralar bir sıra elmi toplularda, internetdə, kitablarımda yer almış məqaləmdə göstərdiyim bir çox məsələlər artıq reallaşmaqdadır. Bu gün sosial şəbəkələrlə, internet media ilə, bloqçuluqla, ümumiyyətlə, XXI əsrin informativ-innovativ cəmiyyətə çevrilməsi ilə bağlı fikirlərim gerçəkləşir. Əlbəttə, bu fikirlər ancaq mənə aid deyildi, lakin özümün də çalar qatdığım cəhətlər var idi.
İstər futuristik, istərsə də fantastik elmi-analitik düşüncəni izləyən bir insan kimi cəmiyyətin inkişafına təsir edən bir çox amilləri öz diqqətimdə saxlamışam. Ona görə də, öz əməllərimdə, hərəkətlərimdə, televiziyada, internetdə nəyi isə təbliğ edəndə ən azı kütləvi düşüncədən 10-20 il öncəni görüb, onu Azərbaycan cəmiyyətinə təqdim etməyi xoşlayıram. Buna görə məni dostlarım arasında ideya və düşüncə mühərriki adlandırırlar. Məncə, bütün intellektualların missiyası bu olmalıdır. Bizdə bu mənada səhv fikir formalaşıb ki, intellektual Qarabağı geri almalıdır, cəmiyyətin müxtəlif problemlərini həll etməlidir, sosial, siyasi, iqtisadi problemlərlə bağlı mitinqlərə çıxmalıdır. Bu, absurd bir fikirdir. İntellektual ortaya düşüncə məhsulu qoymalıdır. Digər məsələləri cəmiyyətin müxtəlif təbəqələrində olan insanlar yerinə yetirməlidir.
İnternetdəki fəallığıma gəlincə, mən həmişə Azərbaycanın bütövlüyü uğrunda vuruşmuşam. Əlbəttə, zehniyyət və intellektuallıq baxımından. Mənə görə şimali Azərbaycan və onu 9 milyonluq əhalisi kiçik görünür. Ona görə də, 1998-ci ildən beynimdə bütöv virtual Azərbaycan qurmaq ideyası var. Bu Azərbaycan özündə mənəvi cəhətdən tarixi torpaqlarımızı dəyərlərimizi, ən əsası isə dünyaya səpələnmiş 50 milyonluq azərbaycanlını birləşdirən ideologiya olmalıdır. Düşünürəm ki, həmin ideologiya Azərbaycanı sivil millətlər kimi qloballaşan, inteqrasiyaya açıq olan dünyada tanınmış dövlətlər sırasında saxlaya bilər. Biz yazıçıların, kulturoloqların dünyada gedən qlobal proseslərə təsirimiz yalnız cəmiyyətimizi həvəsləndirmək, tanıtmaq, maarifləndirmək, dünyada baş verən hadisələri Azərbaycana gətirmək və Azərbaycan üçün məqbul olan bir formatı ortaya qoymaqdır ki, mən də indiyə qədər bu işlə məşğulam.

- Sosial şəbəkədəki fəaliyyətinizi izləyən biri kimi deyə bilərəm ki, digər yazarlarımızdan fərqli olaraq siz yazdıqlarınızı oxuculara çatdırmaqdan çox tələbələrinizin maariflənməsinə çalışırsınız. Bunu da bir növ gələcək oxucunun yetişməsinə cəhd adlandırmaq olar?
- Beş il əvvəl öz fəaliyyətimdə yenilik edib, Azərbaycanda tanınmış, ilk ingilisdilli və Balonya sistemi ilə yaradılmış Xəzər Universitetində ədəbiyyat dərsini keçməyə başladım. Mühazirələrimə başlayarkən düşünürdüm ki, bütün milləti dəyişmək çətin olsa da, ayrı-ayrı insanlara təsir etməklə cəmiyyətə müəyyən təkanverici qüvvə - yeni gənclik yaratmaq olar. Orada çalışarkən gördüm ki, Azərbaycanın təhsil sistemi düşündüyümdən də artıq bərbad vəziyyətdədir. Xəzər Universiteti ölkədə ən tanınmış ali məktəb olsa belə, orada da nöqsanlar mövcuddur. Doğrudur, biz universitet olaraq başda Hamlet İsaxanlı olmaqla rüşvətsiz sistem, Azərbaycanın kiçik modelini yaratmışdıq. Təəssüflər olsun ki, cəmiyyət buna hazır deyildi. Birincisi, az qisimdə yüksək bal toplayan gənclər daha çox xarici universitetləri və dövlət ali məktəblərini seçdikləri üçün bizim universitetə daha aşağı savadlı tələbələr daxil olur. Onlarla ünsiyyətdə olarkən başa düşürdüm ki, orta məktəbdən manqurtlaşmış halda çıxıblar. Bu manqurtlaşmış, qlobal təsirlər nəticəsində azərbaycançılıqdan çıxmış, oxumağa "allergiya"sı olan gəncləri dəyişmək bizim ziyalı, intellektual üçün ən böyük problemlərdən biridir. İndi türk serialları, rus televiziyaları, amerikan musiqisi, Avropa mədəniyyəti və digər təsirlər vasitəsilə Azərbaycan gənci artıq əlimizdən çıxıb. Mən də bu mənada təkcə real deyil, həm də virtual maarifçiliyə başladım. Digər yazıçıları deyə bilmərəm, amma mənim oxucu problemim heç vaxt olmayıb. Ən azı kitabxana.net portalının rəhbəri, internetdə, sosial şəbəkələrdə fəal olan insan olaraq, kitabları dövlət sifarişi ilə çap olunmuş şəxs kimi belə problem hiss etməmişəm. Amma düşünürəm ki, bir Aydın Xanın oxucusu ilə cəmiyyəti dəyişmək mümkün deyil. Ona görə kitabxana.net portalında dünya, Azərbaycan, uşaq ədəbiyyatını, klassikləri, dərslikləri, elmi kitabları topladıq, onların təbliğini isə sosial şəbəkə vasitəsilə təşkil etdik. Mən tələbələrimlə, gənc oxucularımla internet vasitəsilə hər gün təmasdayam.
Bizim universitetlərdə 3 tip tələbə var: oxumağa gələnlər (bunların sayı çox azdır və 2-3-cü kurslarda oxumayanlar tərəfindən həvəsdən düşürlər), intellektə "allergiya"sı olan insanlar, sadəcə, ata-anaları tərəfindən cəmiyyətin pis vərdişlərindən xilas olmaq, ya da hərbi xidmətdən yayınmaq üçün ali məktəbə gələnlər. Təəssüflər olsun ki, birinci qisim getdikcə azalır, digər iki qrup tələbələrin sayı isə getdikcə artır. Biz bu insanlar üçün çalışmalıyıq. Çünki əsas gənclikdir və Azərbaycanı gələcəyə onlar aparacaq.
 
- Bildiyimə görə, çalışdığınız Xəzər Universitetindən uzaqlaşmısınız. Səbəb nədir?
- Rəsmən uzaqlaşmamışam, sadəcə, bu semestr işimi dayandırmışam. Bildiyiniz kimi, bu il Azərbaycanda iki möhtəşəm hadisə gözlənilir: Avroviziya mahnı yarışması və 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı. Sözügedən tədbirlərlə bağlı mənə ekspert-kulturoloq olaraq təkliflər gəlib. Təklifləri dəyərləndirdiyim üçün bu semestr dərs götürməmişəm. Müəllimlik mənim üçün bir eksperiment idi, 4 il orada çalışdım, ürəyimi, intellektimi qoydum. Bu gün hətta məni anlamayan, Azərbaycan cəmiyyəti üçün kifayət qədər liberal görünən kreativ dərslərimi əvvəlcə başa düşməyən tələbələrimin rəyindən də istədiyimə nail olduğumu görürəm.
Həm də bir az yorğunluq və universitetin bəzi müəllimləri, texniki işçiləri arasında kiçik narazılıqlar var idi. Mən azadlıqsevər insan olduğum üçün uşaqlıqdan kiminsə mənə diqtə etməsini xoşlamıram. Universitetdə isə mənə televiziyada açıq danışdığıma, "facebook"da açıq-saçıq yazdığıma, mühazirələrdəki liberallığıma görə bəzi diqtələr edilirdi ki, bunu qəbul edə bilmirdim. Əslində, ötən il oradan getməyi planlaşdırsam da, məsələ bir az gec gerçəkləşdi. Amma bu o demək deyil ki, mənim Xəzər Universiteti ilə əlaqələrim kəsilib. Mən o müəssisəni qəlbən sevən insanam və fikirləşirəm ki, belə universitetlərin sayı 10 olsa, bir çox problemlərə son qoymaq olar.
 
- Yaşlı müəllimlərin təqaüdə çıxarılmasını istəyirsiniz. Yəni həqiqətən də onlar bu gün gənclərə heç nə verə bilmirlər?
- Bir müəllim ki, internetin, elektron poçtun nə olduğunu bilmir, virtuallığın bir azadlıq olduğundan xəbərsizdir, onun ali məktəbdə qalması çox böyük ziyan və təhlükədir. Təhsillə bağlı analitik məqaləmdə də göstərmişdim ki, yaşlı nəslin nümayəndələri təcili şəkildə universitetləri tərk etməlidirlər. Amma onlara indi aldıqları məvacibin ikiqatı həcmində təqaüd vermək şərti ilə. Yazımda çox kəskin şəkildə qeyd etmişdim ki, təhsil məmurlarının içində işini bacarmayan insanları lazım gəlsə, Stalin dövründəki kimi güllələməyin də tərəfdarıyam. BMT və Ümumdünya Sağlamlıq Təşkilatının hesabatlarında da var ki, 65 yaşdan sonra insan beyni sönməyə başlayır. Bu yaş həddini keçmiş insan elmdə ağsaqqallıq edə bilər, amma pedoqoji məsələlərdə çox çətinlik çəkəcək. Bu gün auditoriyadakı tələbə yaşlı müəllimin onu başa düşməməsinə görə dərsə həvəssiz yanaşır. İnsan özü də düşünməlidir ki, səni sevmirlərsə, görmək istəmirlərsə, getmək lazımdır.
Təhsilimizdə digər bir nöqsan "qadınlaşma"dır. Mən cins ayrıseçkiliyinin tərəfdarı deyiləm. Amma təbiət bizi qadın və kişi olaraq yaradıbsa, ona uyğun tərbiyələndirmə də olmalıdır. Təhsilimizdə qadınların sayının çox olması gənc oğlanlarda "maviləşmə", "emolaşma"ya gətirib çıxarır. Təklif edərdim ki, həm orta, həm də ali məktəblərdə kişi müəllimlərin məvacibi iki dəfə artırılsın ki, "qadınlaşma" prosesi dayansın.

- "Virtual Sufi" obrazına nə qədər ehtiyac var?
- Sufizmi dinlə əlaqələndirsələr də, əslində, sufi İslam intellektualı deməkdir. Çox azad, sərbəst, xüsusi qabiliyyətə malik, əlində ağ və qara magiya imkanları olsa da, yalnız ağ magiyadan istifadə edən və cəmiyyətə impuls verən, onun kiçik beyin mərkəzi olan sufizmə bu gün çox böyük ehtiyac var. Biz hər şeyi Qərbdən ixrac edirik. Daxilimizdə olan şəxsiyyətləri, beyin məhsulu verən insanları qiymətləndirməyi bacarmırıq. Pritçalarımın obrazı olan Virtual Sufi əslində özüməm. Məncə, buna ehtiyac var. Artıq düşüncə, elm, ədəbiyyat sahələrində Azərbaycanın öz intellektualları olmalıdır. Nə qədər Rusiyadan inqilab, Amerikadan demokratiya texnologiyaları, Avropadan mədəniyyət ixrac olunar? Azərbaycan milləti o günə qalıb ki, öz içindən yetişdirə bilmir? Son yazılarımın birində də göstərmişəm ki, vaxtilə iki böyük ölkədə - SSRİ və ABŞ-da elmin başında duranlar azərbaycanlı olub - kosmik idarəedicinin rəhbəri akademik Kərim Kərimov, NASA-da aparıcı alim Lütfi Zadə.
Təəssüflər olsun ki, bu gün Azərbaycan vətəndaşı anlamır ki, elitar təbəqənin insanlarını, ziyalıları dolandırmaq lazımdır. Mənim 41 yaşım və iki övladım ola-ola hələ də evsizəmsə, başqalarını düşünün. Nəzərə alın ki, hələ bir neçə yerdə işləyirəm, müəyyən qədər özümü dolandıra bilirəm.
Xaricdə imkanlı ziyalılar kitabxana, universitet, mədəniyyət ocaqları tikdirir. Biz isə hər şeyi dövlətin üzərinə atırıq. Düzdür, dövlət nələri isə həll etməlidir. Amma cəmiyyətin özü də sosial fondlar yaratmalıdır. Xüsusilə də, ədəbiyyat və incəsənətlə bağlı vəsait ayrılmalıdır ki, düşüncə adamları bundan yararlanıb cəmiyyət üçün estetik, intellektual dəyərlər yaratsınlar.

Şəbnəm Xeyrulla            gundelik-baku.com

Комментариев нет:

Отправить комментарий