08.02.2012

İnsan olmasın, problem də olmasın!


 Cavidan

Stalin demiş, "İnsan yoxdur - problem də yoxdur!".
Bizim Təhsil Nazirliyinin məlum hava şəraiti ilə bağlı imzaladığı əmrə görə mən də "Uraa!" deyib bağırmışdım sevincimdən, bloqda da qeyd etmişdim, balə havada normal istilik sistemi olan məktəblər bir yana, istilik sistemi O olan məktəblərə balasını 5-6 saat ərzində donmağa və müxtəlif xəstəliklər üçün xroniki baza mənbəyi olmağa vadar edən valideynləri də bloqda yox, ürəyimdə söymüşdüm. 

Amma dünən nəhayət ki, cəsarət və bir az da ümid edib məktəbə apardım uşaqları və elə koridordaca bizi vuran buz kimi hava dalğasından beynimin içi üşüdü, həmən anda özümü də qəşəngcə söydüm!Elə bil, soyuducunun buzxanasının qapısını açıb içinə boylanırsan və səni bumbuz bir külək vurur, bax elə bir hal idi...
Uşaqlar sinif otaqlarında, mən də bir neçə valideyn və müəlliməylə məktəb bufetində düz 5 saat nəm çəkdik canımıza və indi bu gün evdə isti odun peçinin böyründə belə dünənki o soyuq çıxmır sümüklərimizdən, başıma da elə bil kubik daşı qoyublar.
Bir şeyi anlamadım getdi!
2000 nəfərə yaxın şagird-müəllim kollektivi olan nəhəng bir təhsil ocağını odsuz-işıqsız, istiliksiz qoyanların heçmi vicdanı olmaması sualı cəhənnəmə, bəs bu qədər uşağın valideynləri nə düşünür görəsən? 30-50 nəfər bir dəfə adam kimi yığışıb bircə yazının altını imzalasa və heç olmasa yerli inzibatilərdən birinə təqdim etsə, dünyamı dağılacaq?
Cavab var əslində - hamı abrına kor olub, hərə bir evin gəlinidir, hərə bir kişinin arvadıdır, bu məktəbdə əsasən rayonun seçilən ailələrinin uşaqları oxuyub həmişə, hamı da bir-birini tanıyır, üstəlik, rayonda üç adamdan ikisi mütləq qohumdur. Belə haldasa, hörmətli və özlərini aristokrat kimi tanıyıb tanıdan hansı tayfanın, nəslin ( bəli, burda məhz tayfa, nəsil kodeksləri var!) gəlini-qadını vərəq imzalayıb, imzasının dalınca "xalxın" kişilərinin kabinetlərinin qapılarına yol ölçəcək ki? O cür hallardan sonra o gəlinin-qadının mənsub olduğu tayfanı-nəsli barmaqla göstərməzlərmi? "Filankəsin kişi boyunu yerə soxsunlar, arvadı filankəsin qəbulundaydı!" deyib damğalamazlarmı?
Əslinə baxanda, heç də bəd bir hal deyil, olsun! Amma o filankəslər də böyük bir məktəbin bu dəqiqə təhsil və təlimdən daha çox vərəm və qeyri-vərəm ağ ciyər xəstəliklərinin, oğlan uşaqlarında bir sürü uroloji, qızlarda ginekoloji problemlərin, revmatizmin və s. sadalamadıqlarımın ocağı kimi fəaliyyət göstərdiyini anlamalıdırlar, heç olmasa, hər gəlin ös tayfasına, hər qadın öz nəslinə deyəydi bunları, mən bezdim artıq uşaqlarımı evdə saxlayıb hər gün 15 müəllimin deməli olduğu dərsləri evdə təkbaşıma tədris etməkdən!
Belə də ki, havalar qızmayınca, ölərəm, onları o buzxanaya buraxmaram!
Təhsil Nazirinin insafı olsa, bütün fevralı tətil elan edərdi, əvəzində iyun ayını gedərdik dərsə, eyb olmazdı məncə, bax bir fevral boyunca heç olmasa orta ümumtəhsil məktəblərində nə insan olardı, nə də problem...

Комментариев нет:

Отправить комментарий