Uzun illər Türkiyədə yaşayan və yaradan sevilən şairimiz Məmməd İsmayılı soyuq Moskva isti qarşıladı. Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcüməsində işıq üzü görən “Vmesto pisma” kitabının Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuş təqdimat mərasimi Marina Svetayevanin ev muzeyində keçirildi.
Mərasimi kitabın tərcüməçilərindən olan M.Sinelnikov açdi. O, çıxışında bir çox görkəmli Azərbaycan şairlərinin adını çəkdi: “Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Nəbi Xəzri Moskvada olublar. Bu tanınmışlarla bir sırada dayanacaq bir şair də var - Məmməd İsmayıl!
Rusiya Azərbaycana kifayət qədər diqqət və sevgi göstərmir, baxmayaraq ki, burada Azərbaycan diasporu və digər ictimai təşkilatlar fəaliyyət göstərir. Amma mənə elə gəlir ki, bu düzələndir, şairlər, yazıcılar arasında olan əlaqələr hesabına bu mümkün olacaq”.
Onun şeirlərini böyük bir həvəslə tərcümə etməsindən danışan natiq, ana dilində onu daha dərindən başa düşən həmyerlimiz şairə Afaq Şıxlıya söz verdi.
Onunla görüşə həyəcan və sevinclə hələ bir ay əvvəldən hazırlaşan şairə Afaq Şıxlı öz çıxışında əziz şairi Məmməd İsmayılı ilk baxışdan tanımadığını zarafatla söylədi. O “Məmməd müəllim, sizin doğrusevərliyiniz, cəsarət və təmkininiz qarşısında baş əyirəm. Biz sizi çox sevirik!” - dedi.
Milli Tədqiqatlar Universitetinin doktoru, Moskva hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü Xurşuda Xamrakulova da Məmməd İsmayıl şeirləri ilə yeni tanış olduğunu bildirdi. “Onun şeirlərindəki cazibə tutduğunu buraxmır” - dedi.
Jurnalist Cəfərsadıq Abbasov dedi ki, Məmməd İsmayıl 1988-ci ildə iki dildə nəşr etdirdiyi “Gənclik”, “Molodost” jurnalıyla sağlığında özünə əbədiyyət qazandıranlardandır.
Digər cıxış edənlər - tarix elmləri doktoru, Moskva Yazıçılar Birliyinin katibi Lola Zvanoreva, şair- tərcuməçi G. Kalaşnikov, “Volqapromstroybezopasnost” elmi-texniki mərkəzinin baş direktoru, texnika elmləri doktoru Rafael Qəribov, “Himalay” tikinti Şirkətinin direktoru Baloğlan Rzayev də Məmməd İsmayılın həm şair, həm də insan kimi məziyyətlərindən söz açdılar.
Mərasimdə çıxış edən şair Məmməd İsmayıl 20 Yanvar hadisələrindən sonra Moskvadan küsdüyünü xatırlatdı. Bu gün burada onu sevən və sevdirən, kitabının tərcüməsində əməyi olanlara minnətdarlığını bildirən şair “ədəbi məclis siyasi tribuna olmasa da, “Xocali faciəsi”nin 20 illiyi ərəfəsində onu yada salmaq labüddür” - dedi və bu ağrıyla yazdığı “Bu qan yerdə qalan deyil” şeirini oxudu.
Görüşdə şairin şeirlərinin pərəstişkarı, Kosmik tədqiqatlar İnstitutunun direktoru Lev Zelyenıy, jurnalist Sergey Markus, şair Viktor Qoftman və bir çox tanınmışlar iştirak edirdilər.
P.S. Şeirlərində Vətən həsrəti ilə sevgisi çarpazlaşan, işğala məruz qalan yurdlarına gah ağlayıb, gah da düşməninə üsyan edən, yanğılı və səmimi bir məhəbbətlə yurduna-ocağına bağlılığı hər sətrindən süzülüb həzin bir laylayla onu ovunduran və onunla ovunan şairi sevdirən bu hisslərdir, məncə.
Tünzalə Vəliqızı, Moskva “Yeni Səs” qəzeti
Комментариев нет:
Отправить комментарий