07.02.2012

Ocağın Ruhani Mərkəzində «Kutsal Ailə Günü» Mərasimi


06 Arzu günü, Köçəri ayı, 33-cü ildə (6.2.2012) İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində «Kutsal Ailə Günü» Mərasimi keçirilib.
Öncə Mütləqə İnam Bayrağı səcdə duruşunda qarşılanıb. “Ata Harayları” səsləndirilib. Atanı rəmzi qarşılama carı «Ocağımız – Dünyaya açılmış geniş gözümüz!» olub. «Atalılar Türküsü»nü Uluruh Atalı, «Təbiətdəki Mütləqlə Gündüz Təması»nı Doğma Atalı, “Ataya Günorta Ricası”nı Yolnur Atalı deyiblər.
Ocağın Ruhani Başçısı Safruhun Mərasimə sözü dinlənilib: «Hamınızı belə bir uca gün münasibətilə təbrik edirəm. Bu, tək Ocaq mərasimidir ki, ilboyu davam edir. Çünki ayda bir dəfə Ocaqda Ailə Günü toplantısı keçirilir. Ailə Günü Ata işinin mahiyyətini ifadə edir. 

Ata yazır: «Düşündük, daşındıq, cəmiyyətdən ayrıldıq, ailələşmə yolunu tutduq». Ocağımız böyük hünər göstərir. Bu hünər ümumbəşər önəmə malikdir. İnsanın ağlına qarşı çıxan dünyabaxış insana inanmır. İnsana inam olmayan yerdə insan yarada bilməzsən, insana xeyir verə bilməzsən».


Ruhani Başçı vurğulayıb ki, Ocaq fəaliyyət göstərdiyi 33 ildə cəmiyyətə böyük giriş edib: «Cəmiyyətə yeni bir axın gətirmişik. Bu axın bulanıq çaya duru, təmiz bulaq suyunun axması kimi özünü göstərir. Ocaq həmişə duru axacaq. Ocaq həmişə mütləq dəyərlə yaşamalıdır. Ocağın gedişində ağlagəlməz gözəlliklər, uğurlar var. Atanın Ocağı həyata Mütləqə İnam tələbi gətirir. Ocaq olaraq xalqı Mütləqə İnama çağırırıq. Ocağımızda həm Ocağın, həm də ümumiyyətlə, insanlığın başının tacı ola biləcək Ocaqçılarımız var. Bu adamlar ölməzdir! Tam açıq alınla, var səsimlə deyirəm!»
Mərasimdə «Ocaq halı, Ocaqçı yerişi: hara gəlib çıxmışıq? Ocağın Ruhani ailəçilik yönü nə haldadır?» mövzusunda Evladların izharları olub, Ocaq ailələrinin hesabatları dinlənilib. «Ulu Fərəh» Ailəsinin Yükümlüsü Uluruh Atalı Ailənin halı, gördüyü işlər haqqında bilgi verib: «Ocaqçı Atanın dediyi qayda əsasında yaşamalı, özünü cəmiyyətdə ardıcıl təsdiq etməlidir, həm də yalançı Ocaqçılıqla mübarizə aparmalıdır. Ruhani Mərkəzimiz – İnam Evimiz mənim üçün müqəddəsdir. Hər şeydən öncə ona görə ki, burada Müqəddəs Safruh qardaşımız yaşayır».
«Nur Yolu» Ocaq Ailəsinin Yükümlüsü Yolnur Atalı Ruhani Ailəçilik yönündə görülən işlərdən danışıb, Ocağın sabahına inamını ifadə edib: «Ocaq həm də Ruhani yöndə ailələşən şəxslərən birliyidir. Bəşər tarixində bu səviyyədə doğmalıq olmayıb. Şəmkirdə bu gün Ocaq əhvalı ciddi şəkildə yaşayır».

«Ümid» Ailəsinin Yükümlüsü Yolruh Atalı deyib: “Özünü müqəddəs saymayan həqiqi Ocaqçı ola bilməz. Özündə dünyanın eybəcərliyinə qarşı durmaq gücü görməyən, duymayan Ocaqçı ola bilməz. “Mən bir yana, dünya bir yana” Ocaqçı bu fəlsəfə ilə yaşayandır. Ocaq ruhaniyyatı hər hansı çirkin adamın “ruhaniyyatçı” adı altında gizləndiyi yer ola bilməz.”
Ocaq Yükümlüsü İşıqlı Atalı son çağlar görülən Ocaq işlərinin, ruhani Ailəçiliyin mahiyyəti haqqında danışıb: «Ruhani ailəçilik – Mütləqə İnama əsaslanan insanların ruhani birliyidir. Ruhani ailəçilik cəmiyyətin cismani ailəçiliyinin özülü, insani mahiyyətidir. Biz insani dünya istəyirik və Ailə Günü mərasimi də bu müqəddəsliyə xidmət edir».

Əlisahib Əroğul: «Ocağın cəmiyyəti ruhaniləşdirmək – insanlaşdırmaq istəyi ciddi hadisədir, çağımızda buna böyük ehtiyac var»-deyib.
Nurayaz İnamsoy Ocağa həsr etdiyi yeni şeirini oxuyub.
Evladlar Özgün Atalı, Şərqli Atalı, Uğur Atalı, İnamyurd Atalı və başqaları mərasim münasibətilə təbriklərini yetiriblər.
Safruh mərasimi sonlandırıb: «Minillər üçün doğulan yolun başlanğıcı, körpəliyi 50-100 il çəkər. Biz barımızı əkə-əkə, yığa-yığa gəlirik».
«İnama Doğru» dərgisinin son sayı Mərasimə hədiyyə olaraq sunulub.
Sonda Ruhani Başçı Safruh Evladlıq nişanələrini uğurlama sözüylə paylayıb.
Bildirək ki, ilk “Ailə Günü” toplantısı Ocağın keçmiş Evladı Özümlü Atalının hünəri ilə Cəlilabadda, Ocaq tarixi ilə 10-cu ilin Köçəri ayının 6-da (6 fevral 1990) keçirilib. Bundan sonra İnam Atanın hökmü ilə həmin tarix mərasimləşib və 11-ci ilin (1991) Köçəri ayının 6-dan ümumi Ocaq mərasimi kimi qeyd olunub.
http://asifata.com/

Комментариев нет:

Отправить комментарий