05.02.2012

Oğuz Eyvaz: “Oğurluq” (hekayə)


Səkinə arvad başı şallı, uzun don geyinən kəndli qadınlardandı. Əri ölmüşdü. Rəhmətliklə yaşadığı vaxt uşaqları olmadı. Sonra da araya bu qəza düşdü. Hamı onun ərindən sonra atası evinə gedəcəyini gözləyirdi. Onda cavandı. İkinci dəfə ailə qura bilərdi. Ancaq hamının gözlədiyinin əksinə Səkinə ər evindən kənara çıxmadı. Bir-iki dəfə ona elçi düşən dul kişilərə də sərt cavab verib yola saldı. Elə o gündən bu məqsədlə onun qapısını döyən olmadı. Bütün gün həyət-bacada çalışırdı. Toyuq-cücə saxlayar, göy-göyərti əkər, onları bazarda satıb un, şəkər alardı. Tək arvad olduğuna görə güzəranı pis deyildi. Hətta onun qapısına borca gələn qonum-qonşunun da əlindən tutardı. Ona görə də kəndin adamlarının yanında hörməti vardı.

Bir az yaşlaşanda xəstələndi. İynə-dərmandan sonra halı yaxşılaşsa da əvvəlki kimi qoçaq deyildi, işləyən kimi nəfəsi tıncıxır, bir az dincəlib yenidən işə girişərdi. Amma başa düşdü ki, ona kömək-kölgə lazımdı. Ona görə də gedib qonşu kənddən qardaşı qızı Əminəni yanına gətirdi. Əminə sadəlövh bir kəndli qızı idi.
Səkinə arvadın evi kəndin qırağındaydı. Evin qarşısında ensiz, balaca bir bağ vardı, orada xırdaca bir dirrik salmışdı. O dirriyə əlindən gələn hər şey əkib-səpmişdi. Dirrikdə kartof, xiyar, pomidor və badımcan yetişdirirdi. Evin səliqə-sahmanına söz ola bilməzdi.
Bir gün onların əkdiyi məhsulların hamısını dərib apardılar. Oğurluqdan xəbər tutan Əminə bibisinin yanına qaçdı. Səkinə arvad cəld özünü həyətə saldı. Dirrikdəki göy-göyərtini dərmişdilər, hər yanı tapdaq-tapdaq eləmişdilər. Əvvəlki səliqə-sahmandan əsər-əlamət qalmamışdı. Arvadın dizi əsdi. Elə bil onun bir qolunu kəsmişdilər. Eləcə torpağa çöküb oturdu. Bu vaxt Əminə qaçıb tövlədəki inəyin də oğurlandığı xəbərini gətirdi. Arvad özünü tövləyə saldı. İnək yoxdu. Axur bomboşdu. Başı fırlandı. Səsi gəldikcə bağırıb saçını yola-yola ağlamağa başladı. Səs-küyə qonum-qonşu cəm oldu. Hamı oğrulara qarğış tökməyə, Səkinə arvadı sakitləşdirməyə başladı. Kişilər məsləhət gördü ki, o polisə gedib inəyinin oğurlanması barədə məlumat versin.
Səkinə arvad lal-dinməz durub qonşuların üzünə baxırdı. Şikayətə-zada getmək, divan-dərə ilə danışmaq onluq deyildi.
Onlar gecələr qorxularından yata bilmirdilər. Bu oğurluq hadisəsi qonşulara da yayılmışdı. Əli adlı bir qonşuları var idi. O məsləhət gördü ki, mütləq bir it alıb qapıya bağlamalısınız. Səkinə xanım isə itdən zəhləsi getdiyini söylədi. Söhbətə qulluqçusu da qarışdı ki, neyləyək, başqa çarəmiz yoxdur.
Səhər açıldı. Hava tutqun idi. Buludlar günəşin görünməsinə mane olurdu. Bir yandan da külək əsirdi. Bizim o tərəflərdə belə havaya ayam pisdi deyərdilər. Daşlı, tozlu, yol boyu uzanan çinar ağacları az qala yerə dəyirdi. May ayı idi. Havalar küləkli olsa da, isti idi.
Qapı döyüldü. Qulluqçu tez qapını açdı. Qonaq Rüstəm kişi idi. O, xidmətçidən Səkinə xanımı soruşdu. Əminə bu saat çağıraram dedi, bir neçə dəqiqəyə Səkinə xanım gəldi. Rüstəm kişi ayağa durub xanımla salaməleyküm etdi. O, oğurluğu eşitdiyini dedi.
- Heyif, gör işə baxıb, qıt-qanat yaşayırdız, malları apardılar…
- Hə, sən hardan bilirsən?
- Qonşulardan eşitmişəm. Niyə qapıda it saxlamırsız? – deyə o soruşdu.
- Saxlamaq istəyirik.
- Məndə bir çoban iti var.
- Hə yaxşı razılaşdıq.
Beləcə Səkinə xanım Rüstəm kişidən bir it alıb saxlamağa başladı. Həmin gün Səkinə xalanın evinə oğrular hücum çəkdi. İtin zingiltsi işə yaramadı.

Комментариев нет:

Отправить комментарий