04.02.2012

Qar


 Cavidan

Bu qar niyə yağır axı?
Tutub yolu, bərəni,
Segah üstə,
Ağlar-ağlar,
Muğam kimi yağır bu qar…
Dəli qardaş kimidir,
Xain ər kimi…
Ürəyimi donduracaq az qala

Bu qar
Niyə yağır belə?
Bir addımlıq ümidimi,
Bir nəfəslik arzumu
Ağ ölüm tək boğur…

Kimsənin anlamadığı
Mentalitet kimidir,

Hamının dilindən yağır,
Hamının başına tökülür…
Ağsaqqal qar,
Ağbirçək qar…
Böyüklərə ağ olan
Gözlərim qədər ağ qar…

Istəmirəm!!!
Nə şaxta babayla,
Nə qar qızla aldatmayın başımı!
Artıq
Şaxta babanın
Pedifil qoca,
Qar qızın
Gerontofil fahişəcik oluğunu
Anlayacaq qədər böyümüşəm…

Küçələrdə maşın yox,
Dərsə gedən uşaqlar
Yıxıla-dura söyürlər:
- Az qalıb ömrün sənin…!
Mənim
Nə qədər ömrüm qalıb görəsən?
On ilmi?
Otuz ilmi?
Hamısı da
Qar içində keçəcək…
Bəlkə də əriyəcəm
Elə gələn yayadək-
Elə qar tək…

Bu qar
Niyə yağır axı?..
Lap darıxdım…
Durum
Qara bulaşım.
Qar adamı olum
Bapbalaca bəbələr
Sevinib oynasınlar ətrafımda…
Lənət şeytana!
Bu qardan
Bir xeyir
Gəlməlidir, ya yox…

2006

Комментариев нет:

Отправить комментарий