06.02.2012

Qarlı və qanlı gecə

 Babək Göyüş

Son sözü demək üçün Qələbə çalmaq lazımdır
  
20 il öncə də beləydi. Havadan qar nəfəsi, bir də ölüm qoxusu gəlirdi...
İndi 2012-ci ilin fevral ayıdır. Dağlıq Qarabağ və onun ətraf rayonları hələ də işğal altındadır...
...Redaksiya pəncərəsindən görsənən Bakı küçəsi tam bom-boşdur. Tez-tez maşınlar ötüşür, onların içindəki insanlar mənim daxilən nə çəkdiyimdən xəbərsizdirər.

Xocalıdan yazı yazmaq elə bil ölümə bərabər şeydir, çünki Xocalı haqqında yazı yazan insan 613 dəfə ölməsə, cümlələrindən qan dama bilməz, 487 dəfə yaralanmasa, mübtədasının başı silkələnib ayağı şikəst qalar, 1275 dəfə əsir düşməsə, elə hey cümlələrinin sonunda üç nöqtələr olar.
Əsirlikdə olan insanlarımızın da talelələri belə müəmmalıdır...
Səkiylə gedən insanların üzündə bir yazıqlıq var, sanki öz hay-küylərini içlərində boğublar. Bəlkə bu, havanın çiskinli-şaxtalı olmasıyla bağlıdır. Bəlkə də yox. Yəqin onlar da düşünür ki, bu gecə erməni və rus tandemi Xocalıya hücum edib qətliam törədəcəklər.
İnsanlarımızda belə uzaqgörənlik hardandır görəsən?
1992-ci ilin insanlarında da belə uzaqgörənlik var idi və dəfələrlə Xocalıdan Bakıya teleqram, məktub göndərmişdilər ki, bizi ermənilər qıracaq, kömək edin. Düzdür, kömək edənlər olurdu, ancaq bu kampaniya xarakteri daşıyırdı. Düşünülmüş, hərbi taktikaya söykənən bir müdaifə planı yoxuydu.
Bu heyif o vaxt heç kimdən almadılar, heç indi də kimlərdənsə alınacağına inanmıram.
Xocalı qətliamının ssenari müəllifləri və oyunçuları isə bəllidir. Ad və soyadlarını da, hətta daşıdıqları vəzifələrini də hər kəs bilir. Düzdür, onların içində ölənləri də var, ölməyənləri isə yəqin nə vaxtsa öləcək...
Bunun özü də bir təsəllidir...

“Vətən harayı” abidə kompleksi önündə düşüncələr

Bakıda Xocalı qətliamını xatırladan bir abidə kompleksi var. Onu 1993-cü ildə inşa ediblər, ancaq zaman-zaman böyüdüb daha zəhmli bir görkəmə gətiriblər. Qəm-qüssə içində boğulan Ana ölmüş körpəsini əlində saxlayır...
Abidə kompleksinin qara və boz rəngi insanda qəribə bir duyğu yaradır. Yəqin bunu inşa edən arxitektorlar ölümlə yaşamın bağlılığını sübut etməyə çalışıblar...
Ananın təbii ki, arxitektorların bu fantaziyasından xəbəri yoxdur. Heç daşlaşan uşaq da bunları anlamaq gücündə deyil...
...Külək vurur, ayağımın addım səsini özümdən başqa heç kəs eşitmir. Heykəldə donub qalan ana da sanki yuxuya gedib. Eynən o vaxtlarda olduğu kimi. Körpəsini sinəsinə sıxaraq yatıb. Bayırdakı güllə səslərindən hələ Ananın xəbəri yoxdur. Heç olmayacaq da. Çünki güllə onu elə yatdığı yerdəcə haqlayacaq. Əvvəlcə körpəsinin kürəyinə sancılacaq və orda tab gətirməyib bayıra çıxacaq. Körpə kürəyi güllə üçün balaca məkandı. Güllələr genişliyi xoşlayır. Bayırda onu Ana ürəyi gözləyir.
Güllələr həmişə zalım olur...

“...Meşələr qışda öləziyən Günəşə odun atmaq üçündü”

Bu şeir şair Qulu Ağsəsə aiddir. Qulu da elə Xocalıya yaxın Ağdamın Abdal-Gülablı kəndində dünyaya gəlib. Yəqin bu şeiri yazanda hələ gözəl günlər imiş. Abdal-Gülablı da, Xocalı da salamat imiş. İndi isə hər ikisi “ölüb”. Elə Qulu Ağsəsin də ayaqüstə quru canı qalıb. Kəndi-obası tar-mar olan bir şair nədən ötrü yaşayır, görəsən? Bəlkə yaşayır ki, Abdal-Gülablı, Xocalı geri alınanda o şeirə yeni bir nizam versin.
“...Xocalı yazda əriyən Qarın isinməsi üçündü”

Necə də poetik səslənir. Xocalıda elə istilik hardandır, görəsən, onu öləziyib ölməyə qoymayan nədir İlahi? Bəlkə orda şəhid olan 613 nəfərin ruhudu, Xocalını üşüməyə qoymayan...

Xocalı faciəsini ilk dəfə eşitdiyim yeri unuda bilmirəm

Yenə də orda dayanıb o anları xatırlayıram.
1992-ci ilin 26 fevralında “Azərbaycan” nəşriyyatına gedirdim. Bakı Dövlət Universitetindən üzüyuxarı Mətbuat prospektinə çatanda bir jurnalist həmkarıma rast gəldim. Maşını saxlayıb yerə düşdüm və ona salam verdim. “Səhər” qəzetində çalışan həmkarım salamımı geri qaytarmaq əvəzinə üzümə baxmadan ağlamsındı:
- Bu gecə Xocalını tutublar.
İkimiz də bir anlıq donub qaldıq. Mənim verdiyim qısa sual sükunəti pozdu:
- Ölən çoxmu olub?...
- Hələ bilinmir, deyirlər ki, 2 nəfər ölüb.
Və özü öz cavabına inanmayıb başını yellədi: “Orda minlərlə adam varıydı, 2 nəfərin ölümünə inanmıram. Milləti qırıblar”.
Ondan ayrılıb nəşriyyata gəldim. Orda da dəqiq bir məlumat deyən olmadı, yalnız axşam saatlarında cəbhə bölgəsindən alınan xəbərlərdə yüzlərlə adamın öldüyü üzə çıxdı...
Həmin gün ölkə rəhbərliyi qorxudan itkini 2 nəfərə endirmişdi.
Sonra isə Xocalının ahı onları didərgin saldı...
Və indiyədək sağ qalmalarının özü bir möcüzədi...

Yenə şair ürəyi...

Onların yerinə Qulu Ağsəs ölmək istəyir. Ölüm belə şirindisə, qoy onların özləri ölsün.

Sağ-salamat ölsəydim -
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim -
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…

Sakit ol!

Və o soyqırım haqqında yenidən oxu. Oxu ki, bir daha belə qətliamlar başımıza gəlməsin.
 
Xocalı tarixi bir cümlədə

Qədim Azərbaycan yaşayış məskəni olan Xocalıda e.ə. XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyətinin ilk abidələri - daş qutu və kurqanlar tapılıb.

Soyqırıma aparan yol

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri - Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və faciəli hadisələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Badbiyar, Xatın, Liditse, Sonqimi faciələri ilə eyni səviyyədə durur. Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsiydi.
1990-cı ildə şəhər statusu alan Xocalıda 1991-ci ildə 7 min nəfər yaşayırdı. Bu şəhərdə 1988-ci ilin sentyabrın 18-də Xankəndidən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlılar, 1989-cu ildə isə Fərqanədən qovulmuş məhsəti türkləri məskunlaşmışdılar.

Dağlıq Qarabağda yeganə təyyarə meydanı Xocalıda yerləşirdi

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Xocalıya hücum ağır artilleriya hazırlığı ilə başladı, sonra tanklar şəhərə yeridildi, güclü yanğınlardan sonra şəhəri tamamilə alov bürüdü və bir neçə saat ərzində Xocalı yerlə-yeksən edildi. 
Qaranlıq, soyuq və müdhiş bir gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Çarəsiz ana öz qucağında 6 aylıq körpəsini boğdu, bir yaşlı körpə döşləri kəsilmiş anasının qanlı döşlərini acından ağlaya-ağlaya sordu, qız-gəlinlər əsir düşdülər, girov götürüldülər, meşələrdə yüzlərlər insan acından, soyuqdan həlak oldu.

613 nəfər şəhidlik zirvəsinə yüksəldi

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Xocalıda şəhid olan Milli Qəhrəmanlarımız

1. Əlif Hacıyev 22 nəfərlik dəstə ilə düşmənin hücumlarının qarşısını üç dəfə ala bildi. Vəziyyətin çıxılmaz olduğunu görən cəsur döyüşçü düşmən əlinə keçməsin deyə, son anda aeroportun dispetçer məntəqəsini partlatdı. Sonrakı döyüşlərdə onun özü qəhrəmancasına həlak oldu.
2. Cəsur komandir Tofiq Hüseynov erməni yaraqlılarına müqavimət göstərərək onlarla dinc sakinin Ağdam istiqamətində təhlükəsiz əraziyə çıxmasına şərait yaratdı. Döyüşün gedişində mərmisi bitən Tofiq sonuncu qumbarasını sinəsinə sıxdı. O, özü ilə bərabər xeyli erməni quldurunu məhv etdi.
3. Aqil Quliyev fevralın 18-dən etibarən Xocalının müdafiəsində iştirak edirdi. Könüllülərin rota komandiri olan cəsur döyüşçü onlarla erməni işğalçısını məhv etmişdi. Həmin gecə o da qəhrəmancasına həlak oldu.
Onların hər üçü  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüblər.

Qatilləri tanıyın!

Xocalı faciəsi zamanı dinc sakinləri vəhşicəsinə qətlə yetirən, evləri yandırıb qarət edən 366-cı moto-atıcı alayın erməni-rus tandemi...
Və onlara Yerevandan, Kremldən istiqamət verən generallar, Kommunist partiyasının rəhbərləri...

Son söz əvəzi

Nə qədər ki, torpaqlarımız erməni işğalçılarındadı, sön sözü deməyə ixtiyarımız yoxdu...
Nə qədər ki, Xocalıda qətlə yetirilən günahsız insanların intiqamı alınmayıb, sön sözü deməyə ixtiyarımız yoxdu...
Son sözü demək üçün Qələbə çalmaq lazımdır...

Комментариев нет:

Отправить комментарий