05.02.2012

Regionda yeni güc birlikləri

İlqar Salmanlı
“Yeni xəbər” qəzeti

Birlik çəkiləcək neft kəmərlərinə, xarici investisiyalara, güclü işçi qüvvəsinə, sülh və əmin-amanlığa əsaslanacaq

 Son zamanlar, Azərbaycan, eləcə də dünya mediasının aktual mövzularından biri də Rusiyanın Baş naziri Vladimir Putinin 2012-ci ilin mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi açıqladığı planlarıdır. Putinin gələcək planlarından biri mart seçkilərində qələbədən sonra mütləq gerçəkləşdirəcəyi “möhtəşəm” Avrasiya Birliyi proyektidir. Bu layihə istər dünya ölkələrinin siyasi arenasında, istərsə də Rusiyanın özündə hər nə qədər birmənalı qarşılanmasa da, Baş nazir tutarlı dəlillərlə və real yanaşmalarla bu işi davam etdirir. 

Avropa Birliyinə alternativ yaradılan bu proyekt keçmiş sovet dövlətlərini bir araya gətirəcək. İqtisadi təşkilat kimi planlaşdırılan bu Birlik, əslində iqtisadiyyat termini adı altında çox gizli, daha doğrusu, artıq bəlli olan siyasi məqsədləri güdür. Putin Avrasiya Birliyini belə xarakterizə edir: “Biz millətçilikdən uzaq, yeni, çox güclü bir model təqdim edirik. Bu qurum Avropa ilə Asiya-Sakit Okean regionu arasındakı əlaqələri daha təsirli edəcək və müasir dünyanın əsas qütblərindən biri olacaq”.
 Avrasiya Birliyinə ilk olaraq Belarus və Qazaxıstan qoşulacaq. Yeni üzvlər üçün də yaşıl işığın yandığı bu birlik, görünür, Sovetlər Birliyinin yeni formasıdır. Birlik çəkiləcək neft kəmərlərinə, xarici investisiyalara, güclü işçi qüvvəsinə, sülh və əmin-amanlığa əsaslanacaq. Siyasi müşahidəçilər qurulacaq birliyi Avropa Birliyinin yeni rəqibi olacağını bildirirlər. Putin Minskdən Asiyanın mərkəzinədək çoxlarmızın nostalji hissi ilə xatırladığımız həmin o SSRİ-ni yenidən dirçəltmək istəyir.

QAZQAZDA VƏZİYYƏT

 Dünya coğrafiyasının ən qaynar nöqtələrindən biri də Qafqaz, xüsusən Cənubi Qafqaz regionudur. Regionun aparıcı dövləti də təbii ki Azərbaycandır. Bölgədə hər hansı bir siyasi birliyik və yaxud hərbi ittifaqın yaradılmasına zərurət varmı? Regionda təhlükəsizlik baxımından hər hansı bir birliyin yaradılmasına əlbəttə ciddi zərurət mövcuddur. Eyni zamanda bu, ancaq İran Türkiyə, Azərbaycan və Rusiya arasında yarana bilər.
 Regionda birliyin formalaşması üçün hər üç ölkə siyasətində dəyişiklik etməlidir. İlk olaraq Azərbaycan daxili və xarici siyasətində kəskin dəyişiklik etməlidir. Çünki, bu cür kolonial sistemlə biz heç kimə lazım deyilik. Vikilleks açıqlamalarından da məlum olduğu kimi neftimizi BP şirkəti daşıyıb aparır və əvəzində pul ödəmir. Azərbaycan aclıq və səfalət içində çabalamasının əsas səbəblərindən biri də budur. İlk növbədə kolonilal nökər olmaq Azərbaycan xalqına lazım deyil. İrana gəldikdə, onların apardığı siyasət Qərb ölkələrini kəskin qıcıqlandırır. Türkiyənin də ciddi problemləri var.
 Avrasiya birliyi kimi bir təşkilatın mövcudluğu və ölkəmizin həmin birlikdə təmsil olunması taleyüklü məsələlərdən biridir. İlk növbədə təhlükəsizlik və sülh möhkəmlənəcək, mövcud münaqişənin həlli sürətlənəcək və xarici qüvvələrin regiona qarşı hədələrinə son qoyulacaq. Eyni zamanda dünya güclərini qıcıqlandıran amillərin qarşısı da alına bilər.

YENİ GÜC BİRLİKLƏRİ

 Avroatlantik təzyiqinə qarşı regionda artıq müxtəlif güc birlikləri formalaşmağa başlanıb. İranın "Kayhan" qəzetinin hökumətdəki mənbələrə istinadən yaydığı xəbərə görə, İran, Rusiya və Çin arasında raket əleyhinə ortaq müdafiə sisteminin qurulmasıyla bağlı müzakirələrə başlanılıb. Qəzetin yazdığına görə, Vaşinqton “raket qalxanı” proqramını İran və Şimal Koreyanın ehtimal olunan nüvə hücumundan qorunmaq məqsədilə gerçəkləşdirdiyini iddia etsə də ABŞ və müttəfiqlərinin əsas hədəfləri Çin və Rusiyadır. “Kayhan” qəzeti Rusiyanın NATO-dakı təmsilçisi Dmitri Roqozinin raket əleyhinə ortaq müdafiə sistemilə bağlı danışıqlar aparmaq üçün sentyabrın son günlərində Tehrana gələcəyini yazır. Rusiyanın “RİA Hovosti” agentliyi Roqozinin Tehranda strateji məsələlərlə bağlı müzakirələr aparacağı barədə xəbər yayıb. İranın “Mehr” xəbər agentliyi isə hərbi mütəxəssislərə istinadən “Kayhan” qəzetinin məlumatını təsdiqləyib: “Hərbi mütəxəssislər Çin, Rusiya və İranın hava hücumundan müdafiə sahəsində təcrübəyə malik olduqlarını əsas gətirərək hər üç ölkənin “raket qalxanı” qurmaq sahəsində çətinliklə qarşılaşmayacağını bildirirlər”.

TÜRKİYƏ-AZƏRBAYCAN-İRAN BİRLİYİ

 Bölgəmizdə son zamanların ən mübahisəli mövzularından hesab olunan “bir millət iki dövlət” şüarının saxta, yaxud reallığı əks etdirməsini üzə çıxaran bəzi addımlar atılmışdır. Bu addımlar həm Türkiyə, həm də Azərbaycan tərəfindən atılmışdır. Bu vaxta qədər hər iki tərəf bu şüarı mətbuat qarşısında çox sevincli halda bir-birlərinə səsləndiridilər. Lakin zaman hər iki dövlətin nə qədər sadiq olduğunu sınaqdan keçirməyə çəhd etdi. Artıq son zamanların söz-söhbətlərindən hamının xəbəri vardır. Bircə onu demək istəyirik ki, bir Türkiyə qalmışdı ki onunla olan dostluğumuz da digər qonşularımızla olan süni, zahiri “xoş münasibətlər” çərçivəsində davam etməsin. Lakin, bu da oldu. Artıq bircə qonşumuz belə qalmadı ki, onunla səmimi münasibətlərimiz olsun. İndi biz nə düşünüb nə etmək istəyirik deyə bir sual verə bilərikmi?
 Yazımızın bu hissəsində iki yaxın qonşularımzın üzərində dayanmaq istəyirik. Bunlar bölgənin söz sahibləri, sevilən qəlbləri və vuran yumruqlarıdır.

TÜRKİYƏ VƏ İRAN

 Türkiyə tarix boyu dünyada öz qüdrətilə öyünən, öz ordusunun gücünü dünyaya göstərən, bölgədə müsbət himayədarlıq rolunu oynamağa can atan və bu missiyaya müəyyən qədər nail olan bir dövlətdir. Onun əhalisinin də artıq əksəriyyət hissəsi bir qüvvə kimi bölgədə baş verən hər hansı bir hadisəyə reaksiya vermək iqtidarındadır. Türkiyənin 70 milyonluq əhalisi, dünya orduları içində 514 min 850 nəfər ordusu ilə səkkizinci yerdə olan, əhalisinin əksəriyyəti müsəlman türk qardaşlarımız və bacılarımızdır. Hər bir çətinliyimizdə yanımızda ola bilən bir qonşumuzdur. Yəni həm türk həm də yaxşı qonşumuz bizim dostumuz ola bilər.
 Son illərdə Türkiyə ilə yüksək səviyyəli əlaqələri olan İran da bizim yaxın qonşumuzdur. Bu qonşumuzun dünyadakı qüdrəti artıq hamıya bəllidir. Həm siyasi, həm də iqtisadi baxımdan irəlidə gedən bir dövlətdir. Dünyada nadir dövlətlərdəndir ki, ölkələrə qarşı ikili standar siyasəti yeridən hegemonlara “yerində otur!” demək gücündədir. 650 mindən artıq qüdrətli ordusu olan bu dövlətin, 70 milyondan çox əhalisi vardır. İran da bizim yaxşı qonşumuz və dostumuz ola bilər.
 Amma çox təəsüflər olsun ki, bu günə qədər biz qonşularımızı özümüzə yaxşı edə bilməmişik. Daha doğrusu, bizi bu addımı atmağa sövq ediblər də deyə bilərik. Xalqımızla bağlı onu deyə bilərik ki, efir məkanları blokadada olduğu üçün, eyni gündə eyni vaxta müəyyən bir məlumat insanlarımıza təhrif olunmuş formada çatdırılanda, artıq onlar da bu informasiyanın əsirinə çevrilirlər. Bunu hazırda xalqımızın İran və Türkiyəyə olan münasibətindən də bilmək olar. Bu günə qədər İrana qarşı deyilən tənqidi sözlər, indi də Türkiyəyə deyilir. Sözlər eyni, emosiyalar eyni- adam heç şübhə etmir ki, bu müsəlman qonşularımızla səmimi dostlaşmamızı istəməyən qüvvələrin dirijorluğu ilə edilir. Özləri Ermənistanla milyardlarla dollara başa gələn layihələr imzaladıqları, qondarma Dağlıq Qarabağa milyonlarla yardım ayırdıqları (bu yardımlar açıq formada rəsmi qaydada edilir) halda, qonşularımızın Ermənistan ərazisinə ayaq basmasını böyüdüb bizə xoxan kimi göstərirlər. Və insanlarımız da təbii ki bu əsassız ajiotajlara uyurlar. Nə oldu axı, bu günə kimi Türkiyə qardaşımız idi, niyə indi Türkiyənin etibarına inanmayaq?
 Bəlkə bizi inanmağa qoymurlar? Axı dövlət səviyyəsində keçirilən görüşlərdə də səmimi olaraq “torpaqlar azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq” deyiblər. Bəzən qonşularımıza qarşı atdığımızın fərqinə belə varmırıq. Son bir neçə ay müddətində heç olubmu ki, ABŞ, Rusiya, Fransa və digər Avropa dövlətlərinin bizə qarşı ikili siyasətinə görə nota verilsin? Yox, olmayıb. Amma bir ay ərzində iki dövlətin səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin qapısına çağırıldı. Bunlar türk və müsəlman qardaşlarımız olan Türkiyə və İran səfirləri idi.
 Sonda arzumuz budur ki, qüdrətli müsəlman qonşularımızla uyğun davranaq və onları sevək. Və bizdən uzaqlarda olan qara qüvvələrin uydurmalarına uymayaq.

Комментариев нет:

Отправить комментарий