14.02.2012

Sel səni basdı!

 İbrahim Sel
Professional Oxucu Liqası

Əlzada Nurinin “Şeirlə dolu yəhər”i üzərində ədəbiyyat söhbətləri

I söhbət: Redaksiya Əlzada Nuriyə bir daha və bir daha xatırladır ki, əgər deməyə sözü varsa, ona yer ayırmağa hazırıq


 Maşallah, Azərbaycana indi elə tibbi aparatlar gətiriblər ki, pulun varsa bütün xəstəliklərdən, mərəzlərdən qurtulmaq üçün müraciət edə bilərsən. Pulunu mütləq alacaqlar, qurtulub-qurtulmadığın qalır Allaha. İpin üzülməyibsə yaşaya, hətta sağala da bilərsən. Amma bir mərəz var ki pulunu da versən, pəhrizini də saxlasan, imaləsini, zəlisini, bankasını, küpəsini də qoysan, lap gecədə 5 dəfə tərlətsən də, candan çıxan deyil ki deyil. Bu mərəzin adı anlamazlıqdır. 

 Mənə təsir eləyən adını ziyalı, yazar, şair qoyanlarımızın ədabazlığı və nadanlığıdır. Nə qədər deyirsən, inandırırsan, sübut eləyirsən, anlamır. Belələrinə nə ad verəsən, bilmirsən. Nəticədə baş verənlər o qədər qəliz, o qədər məntiqsiz şəkil alır ki, adam sonrakı addımlarını proqnozlaşdırmaqda çətinlik çəkir. Bu gün yenə anormallıqlardan danışmaq istəyirəm.
 İdarə və təşkilatlardan sənəd keçirib pul qazanmaq yolu tutanlardan bəziləri məmuralara özlərini yazar kimi tanıtmaq üçün şairlik eşqinə tutulublar,- nəticə etibarı ilə nə qədər ağrılı olsa da, biz həqiqi yazarların belələri heç vecimizə də deyil. Yan-yörəmizdə fırlanırlar, darıxmağa qoymurlar, başımız qatılır. Ədəbiyyatda Sülənənlər Sinfi yaranıb. Həqiqi ədəbiyyatçılar bu tip adamlara kloun kimi baxırlar. Bədbəxtlər sayıqlamaq dərəcəsində yazmağa girişiblər, xüsusən şeir yazmaq eşqinə tutulublar. Neyləsinlər, bunlar da adamlıqdan çıxmadan yaşamaq istəmirlər; kimisi ədəbiyyata hobbi, kimisi adrenalin, bunlarsa pul dağarcığı kimi baxır.
 Milli ədəbiyyatda müxtəlif nəsillər arasında ənənəvi “kommunikativ nüfuzetmə” kanalları tutulub, cəmiyyətdə baş verən hadisələrə tənqidçilər kar qalanda, bədii informasiyanın daxilindəki enerji donuq kütlə halına gəlir. Fikir verin, əlzadanurilərin şeirlərində bir nömrəli məqsəd özünü “yaxçı oğlan” kimi xalqa sırımaqdır. Şeirləri ilə demək istəyir ki, guya onun “Sevən və Böyük Ürəyi” vardır. Özünü safa çıxarmaq arzusu cırıb-dağıdır. Günahsız və məzlum obrazı- Məcnun yaratmaq son məqsəddir. Məcnunu dünyaya gətirən şərtlər yaddan çıxır, hətta xırda bir təsadüfdə masştablı təhlilin predmetini təşkil etmir. Axı bəzən düz baxmaq bədii perspektivi öldürür. Bu cür eynitipli ədəbi manipulyasiyalar ədəbi prosesdə absurd vəziyyət yaradır. Nəticədə ədəbi ippodromun yeni tipi: Əlzada Nuri- ərizə formasını yazanda 17 səhv buraxan bir karikatura materialı ortaya çıxır, əlində paya boyda ruçka meydan sulamağa girişir.
 Metafizik təəssüratlar, poetik yazılmalı proseslər bu şəkildə, manipulyasiya üslubunda işləndikcə, ondan sonra gələn, bu mövzulara səmimiyyətlə yanaşan gənc nəsil də problemi çözmək əvəzinə ya texniki improvizasiyalara üz tutur, ya da vəziyyəti öz xeyrinə sadələşdirir; mətləbin bədii həllini qocalanadək yazdığı ölü kupletlərə yamayıb gedir.
 “Şeirlə dolu şəhər” kitabı da “şirpotreb”in ən parlaq nümunəsidir. Həmin kitabı ədəbi camiə “Şeirlə dolu yəhər” adlandırdığından, biz də bundan sonra belə deyəcəyik. Çünki vərəqlədikcə kitabın adı mətndən çıxmır, tez-tez təkrarlansa da, ağlaşmalı hadisələrin adi təfsiri, dərdin-qəmin bezdirici nəqli, hönkürtü motivinin üfüqi xətt boyu təmassız düzülməsi mətni faciə xarabazarlığına çevirir, əsl qəbiristanlıq ab-havası yaradır. Adı çəkilən kitabda təsvir edilən bütün metafizik hadisələrin və əşyaların yalnız səthi görünür. İçi bombulum-boşdur!
 Beləliklə, hər şey bəzilərinin “Şeirlə dolu yəhər” adlandırdığı kanonik mətnlər yığınından ibarət şeirlər kitabının mütaliəsindən yaranan məyusluq fonunda başladı.
 Qabağında-qarşında duran mənəm- Oxucu! İldə əlinə bir kitab almağa vaxtı olmayan məmur, kitaba dəlixana materialı kimi baxan Bəhrəmtəpə naxırçısı deyil ki, ordan-burdan əkişdirdiyin kupletləri şeir eləyib şedevr adına sırıyasan!
 Ortada olan budur ki, “Şeirlə dolu yəhər”i oxuduqca XVI əsrdə yaşayan molla fərzullanın aşq və iztirabları, axirətdə sümük xırçıltılarından qopan nidalar eşidirsən. Ömrü boyu ancaq əzab-əziyyət görmüş, adamlıqdan çıxmış yazıq şair üçün vıyıl-vıyıl çalınan Axirət nəğməsini, İsrafil surunun səsini duyursan. İstər-istəməz min illik ruhların çığırtı və nəriltisindən savayı nəsə peyda olmur təsəvvüründə. Sizinlə birlikdə mən də ondan soruşmaq istəyirəm: özünü bu formada Cünun kökünə salmaq nəyə lazım?! Mənası varmı? Məntiqin çevik olmaması, qalüsünasiyalar, başdan qıvraq mühakimələr, hər şeyin bir ölçüyə geydirilməsi nəticəsində Əlzadanın “Şeirlə dolu yəhər”indən ağır təəssüratla ayrılırsan. Təəssüf ki Əlzadanın şeirləri ziyalı oxucuya intellekt güzgüsü tutmur və buna görə də onun şeirini oxunaqlı edəsi son imkan da -məlumat yükünün olmaması ucbatından- boşa çıxır.
 Tanış publisistlərdən biri “Şeirlə dolu yəhər”dəki şeirləri xəstə təfəkkürün məhsulları adlandırır. Əlzadanın işlətdiyi ifadələr, bənzətmələr Azərbaycan ədəbiyyatında 60-cı illərdən bəri dəfələrlə eşitdiklərimiz, oxuduqlarımızdır, yeni heç nə yoxdur. Adətən əsərə kompleks yanaşanda, onun realizmi və diskursu çox əhəmiyyətlidir. Bu kitabın isə sanki içindən bayıra doğru bir işarə oxu yönəlib: “Ey Oxucu, şeirlə dolu yəhərin üstündəsən”. Ayravani, ayravani çandrika, Kintomani kintomani işverən. Nəfəs alma, şah əsəridi!
 Bir neçə il əvvəl əlzada nuri tipli daha bir şair populyar ədəbi dərgidə dərc olunaraq “Yalan dünya” adında 22 misradan ibarət bir şeirində 18 dəfə dünyanı yalan kimi qələmə vermişdir. Şükürlər olsun ki indi belə “hadisələrin” sayı azalıb. Əgər tənqidçilər, ədəbiyyatşünaslar, şairlər həqiqi olan dünyanı yalan kimi dərk edərlərsə, bəs onda yalana nə ad verə bilərik? Soruşuram, gənc nəsli nə üçün aldadırsınız?
 Oğul deyərəm ki, Əlzadanın “Şeirlə dolu yəhər”ini Coetzee-nin “Michael K.-nin həyatı” romanı ilə paralel oxusun. Cənubi Afrikada yaşanan bir insan dramıdır. Xəstə anasından başqa heç kəsi olmayan, tezliklə onu da itirib ac-yalavac dolaşan dovşandodaq Michael K.-nı başa düşmədiyi, ona dəxli olmayan bir siyasi müharibənin qarışıqlığı içində görürük. Kitabın arxasında yazılıb: “Coetzee unuda bilməyəcəyiniz bu romanda sadə kasıb adamların qarşılaşa biləcəyi haqsızlığı təsirə qapılmadan, amma təsirli bir dillə danışır”. Təsirə qapılmadan!
 Əlzadada isə məşhur şair olmaq ehtirası o qqqqədər aşıb-daşır ki, dayanmadan heca şeirinin yəhərində çapır, 60-cı illərin təsirindən bir an belə ayrı düşmür, Salam Sarvanı yamsılamaqdan ani də olsa vaz keçə bilmir. Tək o deyil, bu cür ümumi neqativ təqdimatlar ədəbiyyatımızı virus kimi başına götürüb. Məsələ yazar yoldaşlara aydındır, amma Oxuculara mən hazır qənaətimi təqdim edirəm.
 Əlzadanın özünü Salama oxşatmaq istədiyi göz önündədir. Lakin məlum olduğu kimi, Salam kiçikhəcmli bədii mətnləri ilə intellekt olaraq öz potensialını göstərməyi bacarıb. Əlzadanın isə bir şair kimi lokallığı, özünə vurğunluğu və kasadlığı yaşadığı gerçəklikləri və hadisələri bədii mətnə çevirməsinə mane olub. “Güclü təsirlə sənətkarı məhv etmək olar. İstedad az olanda ədəbi təsir hər yazını parodiyaya çevirir”- tanınmış ədəbiyyatşünas L.Ulitskaya belə yazır.
 Əslində Əlzada bir şair kimi əsl şeiri anlamadığından, həqiqi poeziyanı başa düşmədiyindən mətnlərində atdanır, hoppanır, amma lazımi kolliziyaya yüksələ bilmir. Bəsitliyi artıq vurğulanmış təsviri variasiyalar üzərində qadağlanıb qalır. “Tanrı gəl tanış olaq” desə də, Tanrıdan onun həndəvərində əsər-əlamət görünmür. Əksinə, özü də bilmədən Allahın çəkildiyi yerlərdə şeytanın fironluq etməsi ideyasının illüstrəsi üzərində dayanıb, təkrar-təkrar israr etməli olur. 
 Allah hikmətinə, Allah həqiqətinə yüksəlmək çətindir, Əlzada! Bu, hər sənin kimi yoldan ötənin işi deyil. Get özünü başqa sənət tap! Burax poeziyanı başını, o sənlik deyil! Poeziya kəhər at deyil minib çap ki çapasan!
 Sənin “Tanrı, gəl tanış olaq” kitabını da oxumuşam, heç o da bir nəmənə deyil. Necə də uğursuz bir ad! Ağıllı bir şey fikirləşə bilmədin? Deyilənlərə görə məhz bu uğursuz ada görə rəhmətlik şair Abbasağa Azərtürk səni məclisdən qovub. İçi bir şey deyil, amma əvəzində İnsan nöqtəsindən Allah həqiqətinə müdaxilə var; onu danıb-unudub-rədd edib sənin kimilər də öz daxmasında şişir, bir-iki altıvolt şeir cızıb özünü Tanrı boyda görür. Mən də elə bir çoxları kimi səndən soruşmaq istəyirəm: bu qədər hikkə, bu qədər əda səndə hardandı? Sənin Tanrıyla nə işin?
 Qəribədir ki, dahilərin bir çoxu şeiri yalan sayır. Vaxilə böyük Füzuli də “Aldanma ki, şair sözü əlbəttə yalandır”- demişdi. Şairlik iki yolla- bir Allahın verdiyi ilhamdan və bir də şeytanın vəsvəsəsindən yaranır. Hansı şairin sözü Allah kəlamı, hansının isə şeytanın sözüdür, bax bunu o şairin şeirindən bilmək olur.
 Amma bu, təkcə predmetdən irəli gəlmir; hikkə də, ədabazlıq da İnsan halıdır. Səni yaxından tanıyanlar, xasiyyətinə bələd olanlar şeirlərini oxuyanda əlacsız hala düşüb hikkənə, moruna haqq da qazandırırlar: “Xasiyyəti necədir, elə də yazır...” Başa düşürəm, bu hikkəyə, hirsə və ədaya həm də poetik kasadlıq qarışmışdır; qələmə aldığı situasiyada özünü savadlı, dahiyanə göstərməyə çalışan Əlzada zaman-zaman özü də duyur ki, alınmır ki alınmır. Çapdığı atını düşdüyü çevrədən kənara çıxara bilmir. Bilməyəcək də. Mütaliənin azlığı öz işini görür və Əlzada öz qəbiristanlığında fırlanmağa məcburdur. Necə deyərlər, aşıq gərəyincə niyyətinə nail ola bilmir. Rasim Qaraca demişkən, nə qədər çox şişsə, bir o qədər bərk partlayacaq.
 Qənaətim budur ki, Əlzadanın yazdıqları bədii əsər deyil, burada çatışmayan şey məhz mövzunun bədii baxımdan həll edilməməsidir. Çünki- inanın mənə!- bu yoldaşın 6-cı sinif şagirdi qədər də litera anlayışı yoxdur! Ortastatistik məktəb şagirdi nə də olmasa, yenə inşa yazısı yaza bilir…
 Müəllif bu iradları, qəbul etsə demirəm, onlar haqqında müəyyən dərəcədə düşünsə belə, yenə də qənimətdir. Hər halda köhnə sovet kitablarından oğurladığı şeirləri konstruktiv şəkildə işləsə, plagiat deyilən o gözəl nemətdən biz deyən formada yararlansa, hətta xam materialdan nəsə yarada bilərdi. Hərçənd bunun özü də konyunkturadan asılıdır.
 O ki qaldı mənə, heç narahat olma! Mən Rasim Qaraca ədəbi, Tehran Əlişanoğlu kulturoloji məktəbinin yetirməsiyəm. Yazdıqlarıma inanıram. İnanmıram kimsə hansısa cümləm barəsində desin ki, mətləb olmadığı üçün, yaxud dolaşdığından fikir absurddur. Sənin kanonik mətnlərin barəsində isə deyirlər. Məsələn, biri elə mən. Sənin yazdıqların primitivliyinə görə bezdirir, bizim yazdıqlarımız isə aktuallığına görə özünə çəkir. Düz sözümdü. Yazdığım heç bir cümlədə bircə dənə də olsun, artıq detal yoxdur. Lap ola bilsin var, amma sən tapa bilməzsən. Elə indi də, istədiyim abzasda elə hərəkət edirəm ki, qarşı tərəf kimi sənin düşüncə məhdudluğun ortaya çıxar. Get Şilavangənin qulabanında dörddaşını oyna! Bundan əvvəlki cümlədə təhkiyənin tonu kobud oldu deyəsən, düzdü? Çünki sintaksis qısa cümlələrdə beləcə ağırlaşır, o da düzdür. Ye!

                                     (Ardı var)

Комментариев нет:

Отправить комментарий