21.02.2012

Vəhhabilik -3

 Hafiz Mirzə

Təkcə Nəcdin deyil, ətrafdakı Hicaz və Təhamə qəbilələrinin başçıları da qarətçiliyə şirniklənib Səudun qoşununa daxil olurdular. Vəhhabilər hicrətin 1216-cı ilində ( miladi 1802-ci il) şiələrin baş şəhəri sayılan Kərbala şəhərinə  hücum etdilər. Şəhərin qala divarlarını darma­da­ğın edib, sonra qarşıya çıxan və gözlərinə rast gələn hər bir kəsi kafir qismində qətlə yetirdilər. 

Bu zaman  Kərbəla ziyərətgahı, İmam Hüseyn məsçidi talandı. Onlar hətta anaların qucağından körpəsini alıb gözünün qarşısında başını kəsir, qızları, gəlinləri atasının, ərinin gözləri önündə zorlayırdılar və bunu halal hesab edirdilər. Dörd il  sonra vəhhabilər İraqın Nəcəf-Əşrəf şəhərinə hü­cum etdilər. Amma burada onlara ciddi müqavimət göstərildi və geriyə oturduldu. Yeddi il sonra isə vəhhabilər Taif şəhərinə doğru irəlilədilər. İbni Əbdül-Vəhhabın kafir və buna görə qanı, malı və namusu onlara halal hesab olunduğu üçün  bədəvi ərəblər burada da südəmərdən tutmuş qocaya kimi hamını, o  cümlədən məsçidlərə sığınanları, hətta namaz üstündə, rüküdə olanları belə amansızlıqla doğrayır, bütün sünnü və şiyə alimlərinin, eləcə müqəddəs Quranı-Kərimi, “Səhih-Müslüm”, “Səhih-Buxarı” və digər fiqh və hədis kitablarını yığıb yandırırdılar. İb­ni Əbdül-Vəhhabın peyğəmbər elan olunmasına çox az qalmışdı. Elə bu ərəfədə, mü­səl­man­ların həcc ziyarətində olmasından da istifadə edib nəhayət Məkkəyə hücum etdilər. Əvvəlcə Məkkəyə məktub göndərib, hamını onların əqidəsini qəbul etməyə çağırdılar. İslam alimləri Kəbənin ətrafına toplaşıb bu məktubu müzakirə etdilər. Bu zaman Taifdən güclə qaçıb canıını qurtarmış bir dəstə adam Məsçidül-Hərama daxil oldu və vəhhabilərin Taifdə törətdiklərini danışdı. Bundan sonra həccə gəlmiş 4 sünnü məzhəbinin böyük alimləri  vəhhabilərin küfrləri barəsində hökm çıxartdılar. Onlar bütün müsəlmanları vəhhabilərə qarşı cihada çağırdılar. Hər bir müsəlman bu cihadda iştirak etməli idi, etməyənlər günahkar sayılırdı. Bu fətvaya hamılıqla möhür vuruldu. Onların qarətçiliyi  əvvəlcə məhz  şiə cəfərilərə qarşı başlanmış, bu zaman sünnülərdən dəstək almışlar. Amma qüdrətləndikdən sonra sünnülərin özünə qarşı da çıxmağa başladılar və onları da kafir adlandırıb, qanını, malını və mülkünü halal hesab etdilər.
ÖZ KÜFÜRLƏRİNƏ İSLAM DONU GEYİNDİRİRLƏR. Vəhhabiliyin küfr olması barədə ilk  dini kitabı Məhəmməd ibni Əbdül-Vəhhabın öz doğma qardaşı Süleyman İbni Əbdül-Vəhhab yazdı. Miladi XVIII əsrdən etibarən elə məşhur şiyə və sünnü alimi yox idi ki, İslamın içərisində yaraya çevrilən vəhhabi təriqətini alt-üst edən  kitab yazmasın. Bu sırada sünnü hənbəli alimləri də az deyildi. Şiyə alimlərindən böyük mərcəyi-təqlid ayətullah Şeyx Cəfər Kaşiful-Fitanın kitabı İslam dünyasında daha məşhurdur. O bu kitabı vəhhabi kralı Əmir Səud ibni Əbdul Əzizə də göndərmişdi. Bildirək ki, kral Əbdül Əziz indiki Səudiyyə Ərəbistanının başçısı olmuş və məhz o hakimiyyətə gəldiyi il– hicri 1344-cü ildə  şəvval ayının 08-də müqəddəs Bəqi qəbristanı darmadağın edilmişdir. Oradakı 4 İslam imamının, peyğəmbər səhabələrinin, övladlarının və çoxlu  digər övliyaların məzarüstü abidələri dağıdılmışdır. Həcc səfərində olmuş şəxslər burada “çiçəkli, ağaclı yer” mənasını verən Bəqi adının da öz mənasını tamam itirdiyinin şahidi olurdular. Bu qəbristanlıq bircə çiçəyinin, ağacının, kolunun belə olmaması ilə adi qumsal bir düzənliyi xatırladırdı. Belə ki, dünyanın hər bir adi insanı da öz ölənləri üçün  məzarüstü nişanə qoyduğu halda burada və ümumiyyətlə bütün vəhhabi məmləkətlərinin məzarıstanında qəbrin üzərinə bir tikə qara daş qoymaqla kifayətlənirlər. Bu səbəbdən mərhumun xatirəsinin yad edilməsi üçün hara gedilməsi məlum deyil. Saysız-hesabsız daş-kəssəyin arasında sənə əziz olan şəxsin məzarını necə tapasan? Həyatdan köçdükdən sonra xatirəsi ehtiramla yaşanmalı ulu şəxsiyyətlərin bu dünyada yeganə yadigarı olan məzarının nişanəsiz, naməlum və hörmətsiz qalması heç bir məntiqə sığmır. Vəhhabilər bunu guya ki, müqəddəs şəxslərin qəbrindən nicat və şəfaət istənilməməsi üçün etdiklərini və bu zaman müsəlmanın qəbri bütləşdirdiyini iddia edirlər. Halbuki, məzarüstü nişanənin, abidənin qoyulması halı İslam peyğəmbərinin və ona daha yaxın olan səhabələrin xilafəti zamanında da olmuşdur.Amma onların heç biri bunu şirk adlandırmamış, əleyhinə getməmişdilər. Çünki Allahın  vahidliyini, Məhəmməd peyğəmbərin(s.ə.v) onun elçisi olmasını, sonra Həzrət Əlinin(ə) onun varisi olduğunu  qəbul edən şəxs müsəlman hesab olunurdu. Bu olmazsa və  o daşa-kəssəyə sitayiş edərsə, daha İslama nə üçün tapınır ki? Bundan ötrü bütpərəstlik, totenizm, buddizm və digərləri mövcud idi. Əslində isə bu vəhhabilərin adi   bəhanəsindən başqa bir şey deyildi.
QƏBİRLƏRİN ZİYARƏTİ BARƏDƏ HƏQİQƏTLƏR. Vəhhabilərin əsas təlimləri Tovhid, Şirk,Təvəssül, Şəfaət, Bidət və Təfkir barədədir. Heç biri də o tərzdə qəbul ediləsi halda deyil. Şirk, Şəfaət və Təvəssülə əsasən onların ziyarət edilməsini haram qərar verdikləri qəbristanlıq əslində heç də qəbahətli bir yer yox, hər bir insanın sonunda öz cismini tapşıracağı bir yerdir. Barmağına bir iynə batırılmasını da   qəbul etməyən insan sonunda öz cismini təbii ki, murdar bir yerə tapşırmaz və tapşıracağı yeri  əziz tutar. Həmin yerdə ondan əvvəl öz nəslinin qurucuları, xüsusən də bir qəbristanda, bir məzarda əgər Allahın da əziz tutduğu insan uyuyursa, həmin yer ikiqat ehtirama layiq olar.  Amma vəhhabilər həm də heç utanmadan ölülərin məkanını əsas hədəf seçirdilər. Bu isə dirilərə gücü çatmayan acizlərin tərzidir! İslam peyğəmbəri    məzarlıq barədə gözəl kəlamlar buyurmuşdur: “Qəbirləri ziyarət edin, çünki onlar axirəti sizə xatırladır. Qəbirləri ziyarət edin, çünki  onlarda sizin üçün ibrət vardır!” Bu kəlamlar qəbirlərin Üsuliddindəki Miada xidmət etdiyini ifadə edir. Vəhhabilər isə qəbirlərin ziyarət edilməsini, burada dualar oxunmasını, bəzi ayinlərin icrasını böyük günah, onun icrasını həyata keçirdənləri öldürməyi savab, qanını və malını isə halal elan edirlər. Əgər özlərini müsəlman hesab edirlərsə, bu dinin banisi yuxarıda qeyd etdiyimiz fikirlərin müəllifi olan şəxsdir. Günah dərəcəsi olsaydı, bunu peyğəmbər də qadağan edər, kafirlik olduğunu deyərdi. Üstəlik də əzizlərinin məzarının kənarına toplaşmaq, onu gözəl sözlərlə yad eləmək, ruhunu şadlandırmaq, Allahdan bağışlanmasını və ona xatir özünün də bağışlanmasını istəmək bütün millətlərdə və dinlərdə olmuşdur. İnsanları sağlığında öz yaxın adamlarının görüşünə çəkən ruhi cazibə mənəvi xarakter daşıyır. Bu cazibə əzizinin (ailə üzvü, qohumu, dostu, övliya və sair) dünyanı tərk etməsindən sonra qəbirlərinin ziyarətinə doğru çəkir. Çünki bu cazibə ruha məxsusdur. 
Ruh üçün isə bitmək, qurtarmaq, zaman və məkan ölçüləri yoxdur. Sadəcə, mərhumun daha yaxşı xatırlanması üçün onun son məkanı, son mənzili daha müvafiq hesab olunur. Özünün məzarı önünə toplaşan yaxınlarının “Fatihə” və dualar oxumasını gördükdə  mərhumun  ruhu yaxınların bu lütfündən şövqə gəlir. Bunun nəyi pisdir, nəyi günahdır? Eləcə də peyğəmbərin, övliyaların, alimlərin, şəhidlərin məzarının ziyarət edilməsi daha əfzəldir. Bu həm də onların əməllərinə sədaqət və təşəkkür mənasını daşıyır. Bu isə yüksək ideyalarda ardıcıllıq, ənənənin və ideyanın davamı deməkdir. Əlbəttə, bu halda İslam daha da inkişaf edər, İslam tarixinə qədəm qoymuş böyük şəxsiyyətlər dünyadan getməklə İslam dünyası boşalmaz, haqq-ədalət tədricən bütün dünyanı bürüyər.  Quranda yalnız münafiqlər barəsində Peyğəmbərə belə buyrulur: “Onlardan hər hansı  biri öldükdə heç vaxt ona namaz qılma və qəbirlərinin kənarında dayanma; çünki onlar Allaha və Onun Rəsuluna  kafir olub fasiq halında ölüblər.”  Peyğəmbəri və imamları (əstəğfurullah) kafir hesab etmək olarmı? Beləliklə, Allah vəhhabilərin irəli sürdüyü iddianı yalnız münafiqlərə, yəni Allaha şərik qoşanlara, imanı olmayanlara, kafirlərə aid etmişdir. Peyğəmbərə, onun ailə üzvlərinə, əshabələrinə (sağlığında və ya ölümündən sonra) ehtiram göstərən adi şəxslər və ya böyük din xadimləri  nə üçün və hansı məntiqə əsasən kafir sayılmalıdır?! Bu çox böyük və günah bir ittiham deyilmi? İslam peyğəmbərinin özü gecənin bir aləmi Bəqi qəbristanını ziyarət etmək üçün evdən çıxardı. Orada peyğəmbər belə dua edərdi:“ Salam olsun sizə, ey möminlər evinin sakinləri. Gələcəkdə baş verəcəyi barədə sizə vəd  verilən şey sorağınıza gəldi. Siz ölüm ilə Qiyamət günü arasındasınız, inşaallah, biz də sizə qovuşacağıq. Pərvərdigara, Bəqi əhlinin günahlarını bağışla!”  Başqa bir mənbədə isə peyğəmbərin “Cəbrail mənə nazil olub dedi: Allah əmr edir ki, Bəqi qəbristanlığına ziyarətə gedin və  oranın əhli üçün əfv diləyin” buyurduğu qeyd olunur. Öz qəbrinin ziyarəti barəsində isə belə buyurmuşdur: “Məni vəfat etdiyim haldakı ziyarət etmək, sağ olduğum halda ziyarət kimidir. Hər bir şəxs, cisim və pul cəhətindən  imkanı ola-ola məni ziyarət etməzsə, mənə cəfa edibdir.” “Hər kəs məni sağlığımda və ya vəyat etdiyim halda ziyarət edərsə, Qiyamət günü ona şəfaətçi olaram.  İslamının yaradıcısı məzara və məzarlığa belə önəm vermişsə və özü də ziyarət etmişsə, vəhhabilərin iddialarının nə əsası ola bilər ki? Sual yaranır:  İslam peyğəmbəri kimdir; Məhəmməd salavatullah, yoxsa İbni Teymiyyə? Müsəlmanın öz peyğəmbərinə sədaqətli qalması İslamın əsas ehkamıdır! Əksi islam deyil. İbni Teymiyyə isə  peyğəmbər qəbrini ziyarət etməyin müstəhəb (bəyənilən, yaxşı əməl)  olduğunu inkar edirdi. Deməli, vəhhabilər namaz qılırsa da, “Allah Əkbər!” deyirsə də onları əsil müsəlman hesab etmək olmaz. Çünki onlar bu dinin əsas ehkamlarına və onun peyğəmbərinin ziddinə  ideyalar irəli sürür, əməllər törədirlər. Halbuki onlar özlərini Məhəmməd peyğəmbər (s) əsil ardıcılları hesab edir və sələfi adlandırırdılar. Lakin bu necə sələfçilik idi ki, onun hədis  və sünnələri qəbul olunmur, özünü müqəddəs və şərafətli hesab etmirdilər!

                                                                         (Ardı var)

Комментариев нет:

Отправить комментарий